• cümə, 29 Mart, 01:15
  • Baku Bakı 7°C

“Transxəzər” qaz kəməri layihəsində fikir ayrılığı, yoxsa...

19.08.19 19:30 12468
“Transxəzər” qaz kəməri layihəsində fikir ayrılığı, yoxsa...
Azərbaycanın təşəbbüsü ilə inşa olunan Cənub Qaz Dəhlizi istifadəyə verildiyi gündən bu layihənin genişlənməsi imkanları barədə müxtəlif fikirlər səsləndirilib. Eyni zamanda Türkmənistan qazının Avropaya nəqlində Cənub Qaz Dəhlizinin imkanlarının geniş olduğu vurğulanıb. Bu günlərdə Türkmənistanın Türkmənbaşı şəhərində ilk dəfə olaraq keçirilən I Xəzər İqtisadi Forumunda "Transxəzər” qaz kəmərinin çəkilməsi məsələsinə toxunulub. Lakin tədbirdə Rusiya və İran nümayəndələri bu layihənin Xəzər hövzəsində ekoloji tarazlığın pozulmasına gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiriblər. Maraqlıdır ki, bu ölkələrdən fərqli olaraq, Çin bu layihəni dəstəklədiyini bəyan edib. Bəs görəsən Çinin bu mövqeyi Rusiya və İranın bəhanələrinin qarşısını ala biləcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Demokratik İslahatlar” Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirdi ki, "Transxəzər” kəməri ilə bağlı İran və Rusiyanın səsləndirdiyi fikirlər heç şübhəsiz bəhanədir: "Faktiki olaraq, onların dilə gətirdikləri ekoloji məsələlərin bu məsələyə aidiyyəti yoxdur. Əgər ekologiya Rusiyanı narahat etsəydi, niyə Qara dəniz vasitəsilə Türkiyəyə qaz kəmərləri çəkilirdi? Niyə bu ölkə dənizin altı ilə çəkdiyi kəmərin həmin bölgə üzrə ekoloji tarazlığının pozulmasından narahat deyil? Eləcə də, bu, İrana da aiddir. Burada əsas məsələ məhz rəqabətdir. Çünki onlar beynəlxalq qaz bazarlarında Azərbaycan və Türkmənistan əməkdaşlığının əleyhinədirlər. Burda məqsəd ilk növbədə Avropa bazarına türkmən qazının çıxmasının qarşısını almaqdan ibarətdir”.

A.Mollazadə əlavə etdi ki, Çinin "Transxəzər” qaz kəmərini müdafiə etməsi öz maraqları ilə bağlıdır: "Ümumilikdə bütün məsələlər məhz iqtisadi maraqlara bağlıdır və ətraf mühitin buraya aidiyyəti yoxdur. Çinin bu layihəni dəstəkləməsinə gəlincə, görək bu ölkənin siyasəti nöqteyi-nəzərdən mövqeyi nə qədər sərt olacaq. Bax, göstərdiyi dəstək bununla ölçüləcək”.


"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ötən il Qazaxıstanın Aktau şəhərində Xəzərin statusunu müəyyənləşdirən konvensiya imzalandı: "Bu konvensiyada vacib bəndlərdən biri bu idi ki, sahil ölkələri öz aralarında istənilən razılaşmanı əldə edə bilərlər. Yəni bu o demək idi ki, əgər Türkmənistan Azərbaycanla Xəzərin dibi ilə öz sərhədləri daxilində boru xətti çəkməyi razılaşdırsa, heç bir digər dövlət bu məsələyə qarışa bilməz. Doğrudur, I Xəzər iqtisadi forumunda bu məsələ qaldırıldı. İran və Rusiyadan olan nümayəndələr burada ekologiya məsələsinin olduğunu dedilər və layihənin onların ölkəsi ilə razılaşdırılmalı olduqlarını diqqətə çatdırdılar. Amma maraqlıdır ki, bu, rəsmi səviyyədə deyilən irad və yaxud fikir deyildi. Çünki bu forumda baş nazirlər, vitse-prezidentlər iştirak edirdi. Yəni Rusiyanın baş naziri Dmitri Medvedyev bu forumda iştirak edirdi və o, bu layihənin əleyhinə çıxmadı. Bu haqda Rusiyadan hansısa şirkətin və İranın təmsilçisi danışıb. Onlar da başa düşürlər ki, rəsmi səviyyədə bu layihənin əleyhinə çıxmaq olmaz. Məntiq də bunu deyir. Rusiya necə ekologiya məsələsini bəhanə gətirə, "dənizin dibi ilə boru xətti tikilə bilməz” deyir ki, faktiki olaraq, özü Qara və Baltik dənizlərinin dibi ilə boru xətləri tikib. Bunlardan biri Almaniyaya, digəri isə Türkiyəyə istiqamətlənib. Bu boru xətlərinin hər ikisi Avropaya gedib çıxır. Onda Rusiyaya sual edərlər ki, niyə ekologiya məsələsini nəzərə almayıbsan? Bu, məsələnin bir tərəfidir”.


E.Şahinoğlu bildirdi ki, Çin hələlik rəsmi səviyyədə "Transxəzər” layihəsinə dəstəyini ifadə etməyib: "Onlardan da hansısa şirkətin təmsilçisi bu haqda fikir söyləyib. Amma bunun özü çox mətləbdən xəbər verir. Belə ki, Çin "Transxəzər” boru xəttinin tikintisində maraqlıdır və bu ölkənin böyük şirkəti burada öz fikrini ifadə edib. Hesab edirəm ki, gələcəkdə belə bir boru xəttinin tikintisi barədə qərar verilsə, Türkmənistan və Azərbaycan bu məsələdə Çinlə ciddi şəkildə əməkdaşlıq etməlidir. Çünki biz bununla Çini müttəfiq kimi qazana bilərik. Amma bütün hallarda fikrim budur ki, "Transxəzər” boru xəttinin tikintisi ilk növbədə Türkmənistanın istəyindən asılıdır. Bu məsələdə Avropa, Azərbaycan, Türkiyə Türkmənistana dəstək verə bilər, ancaq son söz bu ölkənindir. Əgər Türkmənistan ortaya fikrini, iddiasını qoymayacaqsa, ümumiyyətlə, bu boru xətti tikilməyəcək. Məsələn, forumda Rusiya və İran təmsilçisi bu boru xətti ilə bağlı öz mövqelərini bildirdilər. Gözləyirdim ki, istəyi olan Türkmənistanın nümayəndəsi məhz bununla bağlı fikrini deyəcək. Lakin heç bir fikir bildirilmədi. Yəni Türkmənistan bu məsələdə öz israrını ortaya qoymayınca, heç kim onun adından qərar verə bilməyəcək. Ona görə də, Türkmənistanın istəyi olsa, düşünürəm ki, "Transxəzər” boru xəttinin tikintisi reallaşacaq. Bu məsələdə Azərbaycan da maraqlıdır, çünki qaz bizim ölkədən keçəcək və Bakını rolu bölgədə bir az da artacaq. Bu, eyni zamanda Avropaya, Türkiyəyə lazımdır. Sadəcə olaraq, Türkmənistanın mövqeyi olmalıdır. Amma çox təəssüf ki, Türkmənistan bu mövqeyini ortaya qoymayıb”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər