• cümə axşamı, 25 aprel, 19:51
  • Baku Bakı 21°C

Transxəzər hələ bir müddət də layihə olaraq qalacaq

19.08.19 18:15 13876
Transxəzər hələ bir müddət də layihə olaraq qalacaq
Xəzəryanı dövlətlərin hökumət başçılarının Türkmənistanda keçirilən birinci Xəzər iqtisadi forumunun yekunları, müzakirə olunan məsələlər medianın diqqət mərkəzindədir. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun təşəbbüskarı olduğu tədbir daha çox Rusiya mediasının diqqətindədir. Rusiya mediası yazır ki, Avaz kurortunda keçirilən tədbirin əsas "oyunçuları” Rusiya baş naziri Dmitri Medvedyev və İranın "National Gaz” qaz şirkətinin nümayəndəsi Bəhruz Namdari olub. "Rosbalt” yazır ki, forumda əsas diqqət çəkən məsələlərdən biri Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi olub. "İran tərəfi bəyan edib ki, ötən il imzalanan Bəyannamə Xəzərin statusu ilə bağlı 30 illik mübahisələrə (onu hələ də İran və Rusiya ratifikasiya etməyib - rosbalt) son qoysa da, problem həllini tapmayıb. İran tərəfi Xəzər dənizinin dibi ilə qaz kəmərinin inşası ideyasına qarşı çıxıb və bəyan edib ki, bu, regionun ekologiyasına ciddi təsir edə bilər. İran təmsilçisi qonşularına təbii qazlarını nəql etmək üçün öz infrastrukturundan istifadə etməyi təklif edib”, - deyə qəzet yazır.
Müəllif yazır ki, beləliklə, Türkmənistan və Azərbaycan, eləcə də, Transxəzər qaz kəmərinin lobbiləri xəbərdar ediliblər: bu mövzunu sakit buraxın. Ardınca da bildirir ki, Türkmənistana gəldikdə, bu ölkə onsuz da Rusiyanın dediyini deyəcək. Bakının mövqeyinə gəldikdə, deputat Rasim Musabəyov EurAsia Daily-yə müsahibəsində bildirib ki, Azərbaycana geniş mənada götürdükdə heç Transxəzər qaz kəməri gərək deyil. "Bizə bu lazımdırmı? Əvvəlcə istehsal etdiyin qazı müqaviləyə salmalısan ki, heç kim sonra gəlib qiymət söhbəti aparmasın. Biz Tranxəzər qaz kəmərinə "yox” demirik. Lakin onun baş tutması üçün köynəyimizi də cırmırıq. Avropa, sizə lazmdırmı? Türkiyə, sizə lazımdır? Lazımdırsa, gedin Türkmənistanla, İranla, Rusiya ilə razılaşın. Biz də öz ərzimizdən kəməri buraxmağa hazırıq və bununla məsələ bitir”, - deyə nəşr R.Musabəyovun fikirlərini çatdırıb. Müəllif vurğulayır ki, bu məsələdə İranın maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür. Kreml qəti şəkildə bu ideyanın əleyhinə çıxmasa da, forumda iştirak edən baş nazir Medvedyev bildirib ki, "Xəzər dənizində dəniz ətrafı ölkələrin hamısının iştirakı ilə dəqiq və ciddi ekoloji ekspertiza keçirilməlidir”.


Məqalədə forumda daha bir məsələnin də diqqət mərkəzində olduğu vurğulanıb. "Nəhayət, Rusiyanın hökumət başçısı əsas məsələdən də danışıb – Xəzəryanı dövlətlərin regionda sabitliyə məsuliyyət daşımalarından. Baş nazir bildirib ki, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, nəzarət edilməyən miqrasiya - bu siyahını davam da etdirmək olar. "Xəzər hövzəsindən o qədər də uzaq olmayan məsafədə münaqişə ocaqları var. Bu səbəbdən də bizlər Xəzəryanı dövlətlərin üzərinə hansı məsuliyyətin düşməsini başa düşməliyik. Təhlükəsizlik və sabitlik olmadan hər hansı bir layihənin inkişaf etdirilməsi mümkün deyil”, - deyə nəşr Medvedyevin fikirlərini sitat gətirib. Rusiya Xəzərin və Volqa çayının inkişafına 200 mlrd. rubl yatırmağa, Xəzəryanı dövlətlərə limanlarını Avrasiyanın nəqliyyat halqasında birləşdirməyə, region dövlətlərini qlobal iqtisadiyyatda mövqelərini möhkəmləndirməyə çağırıb. Sonra isə Medvedyev forumda iştirak edən bolqar həmkarı Boyko Borisova Xəzər və Qara dəniz regionlarının potensialını birləşdirməyi təklif edib. Əlavə edib ki, bu təklifin nəhəng imkanları var. Müəllif burada bir haşiyə çıxır ki, Moskva və Sofiya kurort məskənində olduqlarından qaz gərginliyində olduqlarını "unutmağa” qərar veriblər.

Forumda Türkmənistan prezidenti Xəzər regional logistik mərkəzinin yaradılması məsələsini də gündəmə gətirib. Onun sözlərinə görə, Xəzəryanı dövlətlər kontinental yolların ayrıcında yerləşən dənizlə Cənubi Asiya və Asiya-Sakit okean regionuna, Aralıq dənizinə, Yaxın və Orta Şərq və Rusiya ərazisi ilə Baltik dənizinə çıxa bilərlər. Onun qənaətincə, bu, bütün istiqamətlər üzrə əlverişli marşrutlar yaratmağa imkan verər. Bunun üçün isə Xəzəryanı dövlətlər öz aralarında nəqliyyat məlumatları qurmalıdırlar. Daha sonra Çinin "Bir dəhliz - bir yol” layihəsini müdafiə edib və əlavə edib ki, bu layihə Türkmənistanın maraqlarına zidd deyil. Müəllif yazır ki, Türkmənistan lideri "əsas vəzifə” kimi Xəzəryanı dövlətlərin enerji tərəfdaşlığını inkişaf etdirməyi görür. "Axı dənizin dibi karbohidrogen ehtiyatları ilə zəngindir və onların effektiv istifadəsi dənizətrafı dövlətlərin milli iqtisadiyyatlarının dinamik inkişafına gətirib çıxara bilər. Və burada qeyd etmək yerinə düşər ki, Rusiya "əsnəmir”. Türkmənistandan qaz almaqla yanaşı, onun neft və qaz yataqlarının qazılması ilə bağlı sazişlərə imza atıb. Bir vaxtlar bu ölkədən qovulan "Qazprom” indi artıq onunla əməkdaşlıq etməyə başlayıb”, - deyə müəllif gəldiyi qənaəti bölüşür.

Bir sözlə, Xəzər iqtisadi forumu kimi bir meydança dənizə çıxışı olan ölkələr üçün çox effektiv ola bilər. Belə ki, müəllifin qənaətincə, onların hər biri öz karbohidrogen ehtiyatları, geosiyasi vəziyyəti ilə yüksək risk zonasında yerləşirlər: "Demək, birlikdə xilas olmaq gərəkdir. Bu istiqamətdə dənizin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanması mühüm bir addımdır”. Məqalədə qeyd edilir ki, "beşlik” daxilində ciddi fikir ayrılıqları da var. Medvedyev vəd edib ki, Rusiya tezliklə Konvensiyanı ratifikasiya edəcək, İran isə belə bir vədi verməyib. Bu, müəyyən mənada ölkədəki daxili siyasi vəziyyətlə bağlıdır. Lakin problemin həm iqtisadi, həm də siyasi əsasları var. İran Transxəzər qaz kəmərinin reallaşması ilə qaz rəqabətinin artacağından ehtiyat edir. Bundan əlavə, Tehran dənizin cəmi 13 faizinin ona çatmasından da razı deyil. Xəzər arealının digər dövlətləri isə anlayır ki, Qərbin İrana qarşı istənilən sanksiyası bu ölkə ilə əlverişli əməkdaşlığı məhdudlaşdırır.

Məqalə müəllifinin gəldiyi qənaət budur ki, Transxəzər marşrutu qeyri-müəyyən müddətə layihə olaraq qalacaq. "Türkmənistanın başqa bir layihəsi Lazurit dəhlizinə gəldikdə - əfqan-türkmən sərhədindən Xəzər dənizi ilə Cənubi Qafqaz, oradan isə Türkiyə və Avropaya uzanacaq layihə də çətin ki, Xəzəryanı dövlətlərin qlobal inkişafına xidmət etsin. Bunlar bir növ nəticəsiz qalan TRASEKA layihəsini xatırladır”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər