• şənbə, 20 Aprel, 08:11
  • Baku Bakı 14°C

Transxəzər boru kəməri reallaşa bilər

16.10.14 10:33 1060
Transxəzər boru kəməri reallaşa bilər
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının Bakıda reallaşan son iclası və orada müzakirə olunan məsələlərin təfərrüatları mətbuata bəlli olub. Məlumatlara görə, tərəflər Transxəzər boru xətti ilə bağlı vahid mövqe nümayiş etdiriblər. Türkmən və rus nəşrlərinin yaydığı məlumata görə, iki ölkə bir çox məsələlərdə ümumi razılığa gəlməyə müvəffəq olub. Rəsmi sənədlərdə bu məsələ öz əksini tapmasa da, ekspertlər istisna etmirlər ki, tərəflər Transxəzər boru xətti layihəsinə də diqqət ayırıblar.
BP-nin hesablamaları Türkmənistanı dünya qaz ehtiyatlarının həcminə görə, Rusiya, İran, Qətərdən sonra dördüncü yerdə qərarlaşıdırıb. Qaz ehtiyatları isə 17,5 trln.kub metr və yaxud dünya ehtiyatlarının 9 faizini təşkil edir. Neft qaz İnkişaf Proqramına görə, Türkmənistan 2030-cu ildə qazın nəqlini 230 mlrd.kub metrə çatdırmağı nəzərdə tutub. Rəsmi Aşqabad dünya bazarlarına istehsal etdiyi qazın çatdırılmasında ən müxtəlif marşrutların olmasında maraqlıdır. Qeyd edilir ki, Ukrayna hadisələrinin fonunda Avropaya qazın nəqlində yaranmış problem türkmən qazının Qərb istiqamətinə nəqli məsələsini aktual edir. Yaranmış vəziyyətdə bu yalnız Transxəzər qaz kəmərinin reallaşması ilə mümkündür.
Hazırda Avropa bu məsələni Rusiyadan yan keçəcək “Cənub qaz axını”nın əsas hissəsi kimi nəzərdən keçirir. Nəşrlər yazır ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, tranzit ölkə olaraq öz mövcud kommunikasiyalarını Türkmənistan və ümumiyyətlə, Mərkəzi Asiya üçün təqdim etməyə hazırdır. O ki qaldı Aşqabada, bu ölkə öz qazını sərhədləri daxilində satır və onun sonrakı taleyi ilə heç maraqlanmır da. Buna baxmayaraq, Türkmənistan artıq Avropaya çatdırmaq üçün 10 mlrd. kub metr qaz çıxarmağa hazırdır. Prezident Qurbanqulu Berdıməhəmmədov isə dəfələrlə bəyan edib ki, Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə kəmərin keçib gedəcəyi ölkələrin razılığının olmasını əsas götürür. Və bu zaman Aşqabad beynəlxalq ekoloji standartlara yüksək şəkildə əməl olunmasını tələb kimi qarşıya qoyub. Bundan da belə bir qənaətə gəlmək olar ki, Bakı və Aşqabad boru xəttinin milli sektorlar üzrə çəkilməsində elə də ciddi problem görmürlər və bunu özlərinin daxili işi hesab edirlər. İndi isə söz Qərbindir. Yerli ekspertlərin qənaətincə, əgər Avropa siyasi iradə nümayiş etdirib Rusiya və İranın müqavimətini qıra və qaz kəmərinin inşası üçün investisiya cəlb edə bilərsə, o zaman bu layihənin reallaşması şansı yaranar. Bu məsələdə isə özlərinin enerji təhlükəsizliyini təmin etmək üçün əsas etibarilə Qərb dövlətləri maraqlı olmalıdırlar. Yəni Azərbaycan və Türkmənistan onsuz da istehsal etdikləri qazı ixrac edirlər və özlərinə əlavə problem yaratmaq istəmirlər.
Yeri gəlmişkən, tədbirdə tək Transxəzər kəməri deyil, digər məsələlər də müzakirə olunub. Qeyd edilib ki, Xəzərin statusu ilə bağlı sammitin ardınca düzənlənən komissiyanın iclasında çıxış edən Azərbaycan baş nazirinin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov bəyan edib ki, dövlət başçılarının səyləri nəticəsində əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində tərəflər arasında ticari-iqtisadi sahədə konkret layihələr həyata keçirilib, iqtisadi əlaqələrin inkişafına xidmət edən çoxsaylı görüşlər və tədbirlər təşkil olunub. Həmçinin iki ölkənin işgüzar dairələri və təsərrüfat subyektləri arasında əlaqələr də genişlənib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 88,2 milyon ABŞ dolları təşkil edib. Bu baxımdan tərəflər idxal-ixrac əməliyyatlarının və qarşılıqlı xidmətlərin həcminin artırılması istiqamətində zəruri addımlar atmalıdırlar. Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toylıyev isə bəyan edib ki, son illər neft və qaz, mədəniyyət və elm sahələrində dəfələrlə ortaq tədbirlər keçirilib və bu ənənə davam etdiriləcək. Humanitar sahədə, xüsusilə elmi tədqiqatlar, habelə dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. S.Toylıyev vurğulayıb ki, özəl sektorların da əməkdaşlığa cəlb olunması məqsədəuyğundur. İclasda qeyd olunub ki, əlaqədar nazirlik və qurumlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında daşınan yüklərin həcminin artırılması ilə bağlı işləri davam etdirirlər. Tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının beşinci iclasının 2015-ci ildə Aşqabadda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Rusiya nəşrləri öz mənbələrinə istinadən yazırlar ki, görüşdə xüsusi diqqət iki ölkə arasında həllini tapmayan problemə - dəniz sərhədlərinin hələ də müəyyənləşməməsi və bu səbəbdən də iki neft yatağının kimə məxsus olmasının müəyyən edilməməsinə ayrılıb. Bu cür yanaşma tərəflərə birgə layihələri həyata keçirməyə imkan vermir. Görüşün yekunlarını şərh edən Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov bildirib ki, iki ölkə arasında ixrac-idxal münasibətlərinin böyük potensialı mövcuddur. Onun sözlərinə görə, müvafiq nazirliklər və idarələrə Bakı və Türkmənbaşı limanları arasında yük daşımalarının artırılması barədə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, bu marşrut iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Məhz bu marşrut üzrə «Şərq-Qərb» dəhlizi ilə yük daşımaları həyata keçirilir. Onun əhəmiyyəti xüsusən də 2015-ci ildən sonra, daha dəqiq desək, Bakı-Qars dəmir yolunun işə düşməsindən sonra arta bilər. Bu dəmir yolu Avropadan Çinə, Yaponiyaya və geriyə böyük həcmdə yük daşımalarının həyata keçirilməsini təmin edə bilər. İlkin mərhələdə təqribən 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulur. Onun yük buraxma qabiliyyəti isə il ərzində 17 milyon ton olacaq.
Toylı Komekovun sözlərinə görə, iki ölkə arasında humanitar və təhsil sahəsində münasibətlər yüksək səviyyədədir. Hazırda Azərbaycanda 266 Türkmənistan vətəndaşı təhsil alır. Nəzərdə tutulur ki, onların sayı yaxın vaxtlarda artırılsın. İclasda neft-qaz sahəsində birgə elmi tədqiqatların aparılması, eləcə də təsərrüfat subyektlərinin enerji və sənaye layihələrinə cəlb edilməsi məsələsinə də diqqət ayrılıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər