• şənbə, 20 Aprel, 05:42
  • Baku Bakı 15°C

Transgenderin çıxışı Paşinyanı çətin duruma salıb

11.04.19 17:34 504
Transgenderin çıxışı Paşinyanı çətin duruma salıb
Qalmaqallar, narazılıqlar, kütləvi etiraz aksiyaları Ermənistanın inqilabçı hakimiyyəti üçün artıq adi hala çevrilib. Demək olar, ölkədə elə gün olmur ki, etiraz aksiyaları və ən müxtəlif formada qalmaqallı biabırçı olaylar baş verməsin. Bəlli olduğu kimi, erməni transgenderin parlamentə ayaq basması, hətta çıxış etməsi erməni cəmiyyətində ikitirəliyə, etiraz aksiyalarına səbəb olub. Transgender qadının Ermənistan Milli Məclisində çıxış etdikdən sonra ölümlə hədələndiyinə dair xəbərlərlə əlaqədar BMT, Avropa İttifaqı və yerli insan haqları qrupları ölkədə lezbiyan, gey, biseksual və transgenderlərə (LGBT icması) ünvanlanan "düşmənçilik dilindən” narahatlıq ifadə ediblər. Şərhçilər bildirirlər ki, bu hadisə, həm də hakimiyyətə küçə etirazlarının dalğasında gəlmiş Paşinyan və onun "Mənim addımım” alyansına millətçi və mühafizəkar qüvvələrin yaratdığı təhlükəni nümayiş etdirir. Lilit Martirosyan adlı bu qadın aprelin 5-də Ermənistan Milli Məclisində insan haqlarına həsr edilmiş dinləmədə çıxış edib. Bu iclasda millət vəkilləri, hökumət rəsmiləri və QHT nümayəndələri iştirak edirdilər. LGBT icmasının "Haqlı Tərəf” adlı qrupunu təmsil edən Martirosyan öz çıxışında cinsi azlıqların Ermənistanda üzləşdikləri düşmənçilik və diskriminasiyadan danışıb. O, özünü "işgəncəyə məruz qalmış, zorlanmış, oğurlanmış, döyülmüş, yandırılmış, bıçaqlanmış, qətlə yetirilmiş və işsiz erməni transgenderi” kimi təqdim etmişdi. Bu da bildirilir ki, müxalif "Çiçəklənən Ermənistan” Partiyasından bu iclasa sədrlik edən Naira Zohrabyan onun sözünü dərhal kəsməyə cəhd göstərib və deyib ki, bu çıxışın dinləmənin gündəliyinə heç bir aidiyyəti yoxdur. Xanım Zohrabyan deyib ki, bu gün biz burada üç məsələni: ədliyyə islahatlarını, əlillərin problemlərini və uşaqların vəziyyətini müzakirə edirik. O, gündəlikdə olmayan bir məsələnin qaldırılmasını "parlamentə və şəxsən özünə qarşı hörmətsizlik” kimi qiymətləndirib.
Aprelin 8-də millətçi və mühafizəkar qruplardan olan yüzədək aksiyaçı Martirosyanın parlamentdə çıxış etməsinə etiraz bildirib. Etirazçıların parlament binasına daxil olmasının qarşısını polis alıb. Xəbər verilir ki, "Çiçəklənən Ermənistan” Partiyası xanım Zohrabyanın mövqeyini müdafiə edib. Partiyanın lideri Qaqik Tsarukyan qeyri-ənənəvi cinsi oriyentasiyalı adamları "əxlaqsız” adlandırıb və deyib ki, belələrinin Ermənistanda yayılmasına yol verilməməlidir. Həmin partiyadan Vartan Qukasyan isə deyib ki, belə "əxlaqsızlar” ölkədən qovulmalıdırlar: "Onları Hollandiyaya göndərin. Biz qadınların qadın, kişilərin kişi olmasını istəyirik. Ar olsun”. Respublika Partiyasından Eduard Şarmazanov da bu hadisədən Paşinyanı tənqid etmək üçün fürsətlənib: "Bəli, ölkəmizdə nəsə dəyişib. Respublika Partiyasının hakimiyyəti zamanında transgender Milli Məclisdə çıxış edə bilməzdi”.
Aprelin 10-da BMT-nin Yerevandakı nümayəndəliyi baş verənlərlə bağlı dərin narahatlığını ifadə edib. Bundan bir gün əvvəl Avropa İttifaqı son vaxtlar Ermənistanda cinsi azlıqların və insan haqları müdafiəçilərinin ciddi təhdidlərə məruz qoyulmasını pisləyən bəyanat vermişdi. Ermənistandakı insan haqları qrupları Avropa İttifaqının bəyanatında səslənən tənqidlərlə bağlı cinayət təhqiqatına başlanmasına çağırıblar.
Yerevanda mənzillənmiş Məlumatlı Vətəndaşlar İttifaqının liderlərindən Daniel İoanisyan deyib ki, cinsi azlıqlara qarşı etiraz edənlərdən biri kameranın qarşısında hədələrini səsləndirir, əlindəki bıçağı çəkinmədən sağa-sola yelləyirdi. Paşinyan bu arada bildirib ki, sözü gedən Martirosyan cinsiyyətini və əvvəllər kişi olaraq daşıdığı Vaqarşak adını hüquqi şəkildə dəyişdirib və bu, Serj Sarkisyanın hakimiyyəti illərində baş verib.
Bəzi fəallar bildirirlər ki, Ermənistanda homofobiya halları sistematik şəkil alıb və hətta Paşinyan hakimiyyətə gəldikdən sonra da səngiməyib. Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib ki, hökumət insan haqlarının müdafiəsinə tamamilə sadiqdir. XİN-in mətbuat katibi Anna Naqdalyan ölkədə akkreditə olunan diplomatik missiyaların bəyanatını şərh edib. O bildirib ki, hakimiyyət insan hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edir. Yeri gəlmişkən, bəzi qüvvələr Ermənistandakı məxməri inqilabın məhz LGBT tərəfindən həyata keçirildiyini iddia edir. Ermənistanda və erməni cəmiyyətində yayılan fikirlər də bunu sübut edir. Belə ki, son zamanlar maddi imkansızlıq səbəbindən erməni gəncləri arasında əsgərlikdən boyun qaçırmaq prosesi çətinləşib. İmkansız təbəqə də dövlətin yaratdığı münbit vəziyyətdən istifadə edərək, çıxış yolunu LGBT proqramlarına qoşulmaqda görüb.
Bəziləri hesab edir ki, erməni gənclərinin cinslərini dəyişməsi onların hərbi xidmətdən yayınması üçündür. Hərbi xidmətə getməmək üçün kaminq-aut edən və ya cinsini dəyişən erməni gənclərinin sayı minlərlədir.
Beləliklə, transgenderin iştirakı ilə baş verən insident yeni məqamlar alır və bu ölkənin xarici siyasətinə də təsirsiz ötüşməyəcək. 1in.am saytı yazır ki, seksual azlıqların hüquqlarının qorunması Qərb cəmiyyətləri və dövlətləri üçün həssas məsələdir.
Beləliklə, baş nazir çox çətin bir duruma düşüb. Bir tərəfdən daxildən təzyiqlərlə üz-üzə qalıb – mühafizəkar təbəqə, dindarlar transgenderin parlamentə düşməsinə qarşı çıxır. Digər tərəfdən isə Qərb təşkilatları ölkədə insan haqlarının pozulmasından narazılığını ifadə edir. Çox güman ki, Paşinyan sadəcə, "ölkədə hər kəsin hüquqları qorunur” kimi bəyanatlar səsləndirməyə üstünlük verəcək. Lakin istənilən halda bu insident onun hakimiyyətinə çox ciddi bir zərbə vurmuş olacaq.

Azər
banner

Oxşar Xəbərlər