• cümə axşamı, 28 mart, 20:24
  • Baku Bakı 13°C

Trans-Xəzər regionu müzakirə olunub

21.05.18 10:00 783
Trans-Xəzər regionu müzakirə olunub
Vaşinqtonda 3-cü Trans-Xəzər Forumu çərçivəsində ABŞ Konqresində brifinq və nüfuzlu "Heritage” fondunda analitik müzakirələr təşkil edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ Konqresində "Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər” mövzusunda keçirilən panel müzakirələrin açılışında çıxış edən Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və bu region üzrə ABŞ-ın ən tanınmış ekspertlərindən biri olan professor Fred Star region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir etmiş və bu xüsusda, həmin ölkələr tərəfindən əldə edilmiş nailiyyətlərin ABŞ ictimaiyyətinə çatdırılması baxımından forum çərçivəsində növbəti dəfə Konqresdə belə bir müzakirələrin aparılmasının əlamətdar hadisə olduğunu qeyd edib. O, dünya okeanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin iqtisadi inkişafının davamlılığının təmin olunması üçün region ölkələrinin bir-biri ilə sıx işləməsinin vacibliyinə toxunmuş, bunun üçün regional əməkdaşlıq və ticarətin artırılmasının xüsusi önəmini diqqətə çatdırıb.
Daha sonra professor Starın moderatorluğu ilə kəçən panel müzakirələrində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin İqtisadiyyat nazirinin müavini Fatih Metin və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze çıxış edərək, regionun strateji əhəmiyyəti və rəqabətliliyini vurğulamış, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları, onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat veriblər. Nazir müavini E.Vəlizadə çıxışında həmçinin Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, mövcud və tikilməkdə olan nəqliyyat və neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Cənub Qaz Dəhlizi barədə danışmışdır. O, eləcə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində son dövrlər həyata keçirilən kompleks islahatlar və bu istiqamətdə ABŞ şirkətləri üçün yaranmış yeni əməkdaşlıq imkanları haqqında bəhs edib.
Trans-Xəzər Forumunun növbəti tədbiri ABŞ-ın hal-hazırda ən nüfuzlu analitik mərkəzlərindən sayılan "Heritage” fondunda baş tutmuşdur. Adıçəkilən fondun xarici siyasət üzrə direktoru Lük Kofinin aparıcılığı ilə "ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığında yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində tanınmış amerikan diplomatı, Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü səfir Riçard Hoqland çıxış edərək, Birləşmiş Ştatların bölgədə əməkdaşlığı inkişaf etdirməkdə daha güclü rol oynaması üçün vaxt yetişdiyini və bu xüsusda, ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığının gücləndirilməsi üçün növbəti addımları barədə tövsiyələrini bölüşüb. O, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri müstəqillik əldə etdikdən 25 il sonra öz infrastrukturlarını, iqtisadiyyatlarını və xalqlararası əlaqələrini daha da gücləndirmək üçün öz aralarındakı əməkdaşlığı inkişaf etdirməyə və bununla da müstəqilliklərini daha da gücləndirməyə çalışdıqlarını və bu kontekstdə, qlobal arenada Rusiya və Çin kimi böyük oyunçulara marağın çoxaldığı bir vaxtda ABŞ-ın regionla daha sıx əməkdaşlıq etməli olduğunun əhəmiyyətini vurğulayıb. R.Hoqland ABŞ-ın region ölkələri ilə əməkdaşlığının və ticarətin gücləndirilməsi üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, Lapis-Lazuli nəqliyyat marşrutu və "C5 + 1” kimi mühüm birgə layihələrin həyata keçirildiyini və onların Trans-Xəzər dəhlizinin inkişafında önəmli rol oynadıqlarını diqqətə çatdırıb.
Öz növbəsində səfir Elin Süleymanov Azərbaycan tərəfinin təşəbbüsü və aparıcı rolu ilə 2016-cı ildən bəri Vaşiqntonda keçirilən Trans-Xəzər Forumunun ABŞ və region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platformaya çevrildiyini qeyd edib. O, əlavə olaraq Çindən Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat vermiş və bu xüsusda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığı vurğulayıb. Regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini, hər üç ölkənin və xalqın maraqlarına və rifahına xidmət etdiyini bildirib.
Müzakirələr zamanı həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov ölkəmizin enerji siyasəti və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən, o cümlədən Cənub Qaz Dəhlizindən danışmış və onun regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmini vurğulayıb. O, eləcə də gələn ay Avropanın enerji diversifikasiyası və təhlükəsizliyində xüsusi rol oynayacaq Cənub Qaz Dəhlizinin Trans-Anadolu qaz boru kəməri hissəsinin açılış mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Trans-Xəzər Forumun əsas məqsədi region dövlətləri tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır. Forum ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və Azərbaycan, Türkiyə, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir. Forumun tərəfdaşları qismində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, "Boeing”, "Chevron”, "Schneider Group”, "Caspian Foundation”, ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Azərbaycanda Ticarət Palatası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası çıxış edir. "Boeing”, "Chevron”, "Schneider Group” və "Caspian Foundation” şirkətləri builki forumun sponsorlarıdır.
Forumda Azərbaycanı Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Neft Şirkəti, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, "Azərkosmos”, "Azərbaycan Hava Yolları”, "Silk Way” və "Azərsun Holding” nümayəndələri təmsil edib. Eyni zamanda, foruma Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Vaşinqtona səfəri həyata keçirilmiş missiyanın üzvləri də qatılmışdır. Bununla əlaqədar xüsusi vurğulamaq lazımdır ki, Trans-Xəzər Forumu ilə üst-üstdə düşən AmCham işgüzar heyətin Vaşinqtona ilk missiyasının baş tutduğu bu dövr faktiki olaraq, Vaşinqtonda Azərbaycan həftəsi kimi əhəmiyyət daşımış və ölkəmizin ABŞ ilə ikitərəfli münasibətlərinin inkişafı üçün olduqca mühüm hadisə olub.
Trans-Xəzər Forumu çərçivəsində baxılan mövzular sosial mediada da böyük marağa səbəb olub və geniş şəkildə işıqlandırılıb.
banner

Oxşar Xəbərlər