• cümə, 29 Mart, 02:27
  • Baku Bakı 7°C

Trampın qələbəsi Cənubi Qafqaza necə təsir edəcək?

24.11.16 11:01 1114
Trampın qələbəsi Cənubi Qafqaza necə təsir edəcək?
Birləşmiş Ştatlarda prezident kürsüsünə əyləşəcək respublikaçı Donald Trampın yaxın dörd ildə xarici siyasət kursunu hansı prinsiplər üzərində quracağı geniş müzakirə mövzusu olaraq qalır. Demək olar ki, hər gün Qərb və Rusiya mətbuatında bu məsələ ilə bağlı məqalələrə, ekspert rəylərinə rast gəlmək olur. Həmin məqalələrdə daha çox gələcək ABŞ administrasiyasının Rusiya ilə münasibətləri necə quracağı, hansı dəyərlərə üstünlük verəcəyi analiz edilir. Bəs görəsən, Ukrayna torpaqlarının işğalına görə, Rusiyaya tətbiq edilən sanksiyaların taleyi necə olacaq - yeni administrasiya onları aradan qaldıracaq, yaxud dəyişməz saxlayacaq? Bu suallara ən müxtəlif prizmalardan cavab axtarılır.
Yeri gəlmişkən, Fransanın "Le Journal International” nəşrində ABŞ-ın gələcək prezidentinin Cənubi Qafqaz siyasətinin necə olacağına aydınlıq gətirilməyə cəhd göstərilib. Onun əvvəlki administrasiyanın yürütdüyü siyasətə sadiq qalacağı, yaxud, əksinə, yeniliklərə üstünlük verəcəyi şərh edilib. Əvvəlcə, qeyd edilir ki, Trampın gələcək siyasətinin postsovet məkanında, o cümlədən Cənubi Qafqazda necə olacağı, hansı prinsiplər üzərində qurulacağı həyəcanla gözlənilir. ABŞ və ətraf aləm demokrat Hillari Klintonun qələbəsinə köklənmişdi, lakin respublikaçı Donald Tramp bütün proqnozları alt-üst edərək, rəqibini məğlubiyyətə uğratdı. Müəllifin qənaətinə görə, H.Klinton qələbə qazansaydı, Rusiya ilə sərt davranacağına, Ukrayna böhranının başa çatacağına inam var idi. Lakin artıq hər şey arxada qalıb və indi diqqət yeni administrasiyanın Cənubi Qafqazda, xüsusən də Gürcüstanda prioritetlərini necə quracağına yönəlib. Qeyd edilir ki, Gürcüstanın prioritet kimi götürülməsi bir sıra səbəblərlə bağlıdır. Ən əsası bu ölkə Qərblə, xüsusən də NATO ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, Rusiya ilə münasibətləri demək olar ki, yoxdur. Nəşrdə dərc edilən məqalədə qeyd edilir ki, Vaşinqton 2004-cü ildə Gürcüstanda Qərbyönlü prezident Mixail Saakaşvilini hakimiyyətə gətirmiş "qızılgül inqilabı”na dəstək verib. Bu dəstək Rusiya ilə 2008-ci ilin avqustunda Tbilisinin məğlubiyyəti və separatçı Abxaziya ilə Cənubi Osetiyanın Moskva tərəfindən tanınması ilə başa çatmış müharibəyə səbəb olub. Bir faktı da qeyd edək ki, milyarder dörd il bundan əvvəl, 2012-ci ildə Cənubi Qafqazda olub. Tramp o zaman Batumidə hündür mərtəbəli "Tramptauer” adlı mehmanxana tikmək istəyib. Elə həmin il Tramp Nyu-Yorkda Gürcüstanda ən hündür iki bina tikmək barədə müqavilə imzaladı. Hər iki obyektin inşası 250 milyon dollara başa gəlməli idi. 2012-ci ilin aprelində Tramp o zaman prezident olan Mixail Saakaşvilini "unikal lider” adlandıraraq, onu "bütün dünyanın danışdığı şəxs” adlandırıb. Gürcüstan prezidenti isə onu öz növbəsində "Şöhrət” medalı ilə təltif etmişdi. Lakin bu obyektlər tikilməmiş qaldı. Eks-prezident isə hazırkı hakimiyyəti Trampın Gürcüstana milyardlarla investisiya yatırmaq istəyini əngəlləməkdə ittiham edir: "Biz ABŞ prezidentinin şəxsən investisiya yatıra biləcəyi ölkələrdən biri ola bilərdik. Lakin ən əhəmiyyətli məsələdə arzularımız heç oldu və ölkəmizin perspektivini itirdik”.
Məqalədə daha sonra qeyd edilir ki, Cənubi Qafqazın digər iki dövləti Azərbaycan və Ermənistan da Trampın diqqət mərkəzində olacaq: "Ermənistan Moskvanın bölgədə əsas müttəfiqidir. Azərbaycan isə daha müstəqil xarici siyasət yürüdür. Bakı Moskvadan fəal şəkildə silah alır, amma Yerevanın 2015-ci il yanvarın 2-də daxil olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqdan imtina edir. Azərbaycanın həmçinin təbii ehtiyatlar satdığı Avropa İttifaqı ilə əhəmiyyətli maliyyə sazişləri var. Total, ENI və British Petrolum Azərbaycan neftini Türkiyə ərazisindən Avropaya çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsas səhmdarları sırasına daxildir. Burada Amerikanın üç şirkətinin - Chevron, Conoco Phillips və Amerada Hessin də payı var”. Məqalədə daha sonra belə bir sualla çıxış edilir - Bəs Tramp Qafqazı necə tanıyır? Ardınca da qeyd edilir ki, o, öz biznesində Gürcüstan və Azərbaycanda dəbdəbəli otellərin inşası imkanını nəzərdən keçirib: "Hər iki layihə alınmayıb, amma Tramp ailəsi bölgənin iqtisadi və strateji məsələləri ilə tanış ola bilib.Resursca yoxsul ölkə olan, iqtisadiyyatını hakim elitanın diddiyi Ermənistan nyu-yorklu maqnatda heç vaxt xüsusi maraq doğurmayıb. Hər şeyə əsasən, o siyasətçi kimi deyil, investor kimi mülahizə yürüdür.Bu onun milyarder statusu və biznesmen keçmişi ilə izah olunur, ancaq prezidenti olduğu dünya dövlətinin geostrategiyasını gözlənilməz edir”.
Məqalədə daha sonra Cənubi Qafqaz liderlərinin Donald Trampa göndərdikləri təbrik məktublarına toxunulub. Məsələn, qeyd edilir ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili üçün əsas məsələ Rusiya ilə münasibətlərdə dəstək və ölkənin NATO-ya üzvlük məsələsidir. Bu isə Amerikanın Gürcüstanla bağlı əvvəlki siyasətinin qorunmasını xahiş etməkdir. "Azərbaycan prezidenti İlham Əliyevin məktubunda vurğu ABŞ-ın Minsk qrupundakı vasitəçilik roluna düşür.O, Amerikanın yeni liderinə ölkə ərazisinin 20 faizinin erməni separatçılarının nəzarəti altında olduğunu xatırlatmaq fürsətini əldən buraxmayıb. Bakı ümid edir ki, Vaşinqton onun ərazi tələblərini dəstəkləyəcək”, - deyə məqalədə vurğulanır. O ki qaldı Ermənistan prezidenti Serj Sarkisyanın məktubuna, məqalədə qeyd edilir ki, bu məktub daha dumanlı təsir bağışlayıb: "S.Sarkisyan yeni prezidentin təcrübəsini və iki ölkənin sıx münasibətlərini salamlayır. Ermənistanın mövqeyinin özəlliyi onun böyük və nüfuzlu diasporasından ibarətdir. O, iki dövlət arasında körpüdür və daha çox Hillari Klintonu dəstəkləyirdi. Lakin Ermənistan hökuməti Amerika-Rusiya münasibətlərinin yaxşılaşmasından yalnız uda bilər. ABŞ-dakı erməni diasporası istəyərdi ki, Klinton Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına, xüsusən də Ankaranın qondarma erməni soyqırımını tanıması məsələsinə şərait yaratsın.Əsassız ümidlərdir, çünki Vaşinqton üçün ən başlıcası Türkiyə ilə yaxşı münasibətləri saxlamaqdır”. Müəllifin gəldiyi son nəticə odur ki, Amerikanın Qafqaz siyasəti ən yaxın perspektivdə dəyişilməyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər