Tramp üçün bədii ədəbiyyat siyahısı
Amerikalı bloqqerlər və ədəbiyyat agentləri yanvar 20-də prezident
kürsüsünə əyləşən Donald Trampın çıxışlarını və ədəbi-bədii təsvirlilik
qabiliyyətini analiz etməyə qərar veriblər. "Huffington Post”un ədəbiyyat
redaktoru Meddi Krampın müəlliflik etdiyi məqalədə bildirilir ki, analiz zamanı
peşəkarlar bir detalı xüsusilə diqqətdə saxlayıblar. Tramp illərdir verdiyi
müsahibələrdə kitab oxumağı sevdiyini desə də, fərqli mövzular haqqındakı
açıqlamalarında, seçki kampaniyalarında, mühazirələrində "Bibliya” və öz
kitablarından başqa heç bir ədəbiyyat nümunəsinin adını çəkmir. Sabiq prezident
Obamanın durmadan oxuduğu kitablar haqqında getdiyi yerlərdə danışması, əsərlərin
və müəlliflərin adını çəkərək insanları yönləndirməsi adətindən sonra ədəbiyyatdan
uzaq bir prezidenti amerikalılar qəbul edə bilmirlər. CNN-də məsələ ilə bağlı
yer almış xəbərə gələn şərhlərdə hətta Trampın əsərlərinin "qostrayter”
(sujeti, detalları, hekayəni, məlumatı müəllif verir, lakin onu başqa biri qələmə
alır, işləyir – red.) tərəfindən yazıldığı belə iddia edilir. Ekspertlər isə bu
müşahidədən yola çıxaraq, növbəti addım atıblar. Amerikanın məşhur ədəbiyyat
mükafatı "National Book Award”un idarə heyətinə müraciət edərək, prezident üçün
bədii ədəbiyyat siyahısı hazırlanmasını xahiş ediblər. Yanvarın 23-də kitab
mükafatı fondunun icraçı direktoru Lisa Lukas prezident üçün tərtib olunmuş ilk
qısa siyahını mətbuata təqdim edib.
· Klaudia Rankin – "Vətəndaş” ("Citizen”)
· Con Levis, Andrey Aydin və Neyt Pauel – "Addım”
("March”)
· Arli Russel Hoksçayld – "Öz vətənində qərib
olanlar” ("Strangers in their own land”)
· İbram Kendi – "İlk gündən damğalanmış” ("Stamped
from the beginning”)
Tramp üçün təklif olunan saysız-hesabsız qiraət siyahılarında Ta
Nehisi Kots, Laura Martin, Fred Kaplan, Edvar Baptist kimi yazarlarında əsərləri
yer alıb. Tvitter sosial şəbəkəsindən Amerika vətəndaşları tərəfindən
paylaşılan əsərlərin sonuna isə "Bunu Amerika üçün et” ("Do it for America”)
etiketi əlavə edilib.