Tramp vəzifəsinin icrasına başlayır
ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasiminə cəmi bir gün
qaldı və yanvarın 20-də o, öz fəaliyyətinə, prezident kimi öhdəliklərinin
icrasına başlayacaq. Tramp indiyə qədər bu posta seçilən ən fərqli şəxs hesab
olunur və ona qarşı münasibətlər birmənalı deyil. Onun seçiləndən sonra verdiyi
açıqlamalarının, müsahibələrin çoxu müzakirə mövzusuna çevrilir. Dediklərinin
qalmaqala çevriləcəyindən narahat olmayan Tramp haqda mənfi fikirlər nəinki
müxtəlif ölkələrdə səsləndirilir, ona hətta öz ölkəsində də xüsusi rəğbət
olmadığı hiss olunur. Hətta Rusiya prezidenti Vladimir Putin deyib ki, Trampı
devirmək istəyirlər: "Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş
prezident Donald Trampın legitimliyini zədələmək, onu "Maydan” təşkil etməklə
hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir”.
Tənqidçilərinin sayının çox olmasına baxmayaraq, faktdır ki, Tramp
prezident seçilib və 1 gündən sonra inaqurasiya mərasimidir. Onun prezidentliyi
dövründə necə davranacağı isə maraq doğurur. Buna qədər fərqli ampluası ilə
seçilən Trampın fəaliyyəti ABŞ, eləcə də dünya üçün nə vəd edir? Onun dediklərinin
icrası mümkün ola bilərmi?
Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Elman Nəsirov dedi ki, Trampın adı daha çox qalmaqallarla
zəngin proseslərin əsasını qoyan prezident kimi hallanır: "Həm ölkənin daxili siyasəti,
həm də xarici siyasətlə bağlı edəcəkləri maraqla gözlənilir. ABŞ-ın dünyada qlobal
maraqları var ki, bunlar həm ümumi, həm də həyatidir. Onun müxtəlif bəyanatları
- ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmayacağı, NATO ilə münasibətlərə yenidən
baxacağı, təşkilatda ciddi islahatlara ehtiyac olduğu, NATO ölkələrinin Amerikaya
arxayın olmaması və öz hərbi büdcələrini artırması ilə bağlı dedikləri ona
qarşı müttəfiqləri arasında da əks mövqe formalaşdırıb. Mənsub olduğu Respublikaçılar
Partiyasının özündə də Trampa birmənalı münasibət yoxdur. Bütün bunların fonunda,
Trampın 45-ci prezident olaraq, ABŞ-ın maraqlarını necə təmin edəcəyi, müttəfiqləri
və müttəfiqləri olmayanlarla münasibətləri necə tənzimləyəcəyi kimi suallar bu gün
aktualdır. Düşünürəm ki, bu sualların cavablarını Trampın yanvarın 20-də prezidentliyə
başladıqdan sonrakı ilk 100 gün ərzində atacağı addımlar verəcək. Onların yazılmayan
qaydaları var. 100 gün ərzində prezidentlik fəaliyyətinə qiymət verirlər və bundan
sonra proqnozlara başlayırlar. Prezidentin növbəti dəfə seçilmə şansını, vaxtından
erkən getmə, yəni impiçment potensialının necə olduğunu qiymətləndirirlər. Ona görə
də düşünürəm ki, tələsmək lazım deyil. Trampın inauqurasiyadan sonra real prezident
olaraq, ilk 100 gün ərzində atacağı addımlar bir çox suallara aydınlıq gətirəcək”.
E.Nəsirov qeyd etdi ki, Birləşmiş Ştatların prezidentinin öz komandası
olur. Komandanın mövqeyinin necə olacağı, prezidentə necə məlumat verəcəkləri
qarşıda olan məsələlərdir: "Prezident təhlükəsizlik və s sahələrdə çox məxfi məlumatlarla
təmin ediləcək, "nüvə çemodanı” daşıyacaq. Bütün bunlar çox böyük məsuliyyət deməkdir.
Bu boyda məsuliyyətin altına girdikdən sonra Tramp namizədliyi dövründəki kimi bəyanatlar
verəcək, yoxsa ABŞ-ın real prezidenti kimi üzərinə düşən çox nəhəng məsuliyyətdən
çıxış edəcək, bunları zaman göstərəcək. Tələsməyə ehtiyac yoxdur. İlk 100 gün
ərzində bu sualların cavabı tapılacaq”.
Politoloq Şahin Cəfərli bildirdi ki,
Donald Tramp daha əvvəl aktiv siyasətlə məşğul olmayıb, dövlət idarəçiliyində
hər hansı təcrübəyə malik deyil və dövlət adamı keyfiyyətlərindən uzaqdır: "ABŞ-ın
siyasi tarixinə nəzər yetirdikdə görürük ki, prezident kreslosunda ilk illərdə
dövlətin qurucuları (Müstəqillik müharibəsinin iştirakçıları, Müstəqillik
Bəyannaməsinin və Konstitusiyanın müəllifləri), daha sonra isə Konqres üzvü
olmuş, nazir, vitse-prezident vəzifələrində çalışmış təcrübəli şəxslər
əyləşiblər. İndi isə ABŞ və dünya tamamilə fərqli bir profil, qeyri-standart
siyasətçi tipi ilə üz-üzədir. Biznes və şou dünyasının qalmaqallı təmsilçisi
yanvarın 20-dən etibarən super gücün başında dayanacaq. Hillari Klinton
prezident seçilsəydi, ABŞ-ı və dünyanı nələr gözlədiyini proqnozlaşdırmaq asan
olardı. Tramp isə proqnozlaşdırılması çox çətin olan bir şəxsdir. Ona görə də
onun dövlət idarəçiliyində özünü necə göstərəcəyini hazırda amerikalılar başda
olmaqla, bütün dünya çox maraq və səbirsizliklə gözləyir. Şəxsən mənim üçün
maraqlıdır, Trampın şəxsi keyfiyyətləri, impulsiv xarakteri, iş adamı təfəkkürü
qərarların qəbulunda nə dərəcədə rol oynayacaq? O, qərarlar qəbul edərkən öz
komanda üzvlərinin rəyini nəzərə alacaqmı? Xüsusən, xarici siyasət sahəsində
Vaşinqtonda qəbul olunacaq qərarlar dünyanın bundan sonrakı gedişatına
həlledici təsir göstərəcək. Tramp isə bu sahədə diletantdır. Məsələn, ABŞ media
dairələrində belə bir əhvalat danışırlar ki, Tramp öz müşavirləri ilə
söhbətində onlara belə bir sual ünvanlayıb - "Bizim nüvə silahımız varsa, ondan
niyə istifadə etimirik?”.
Politoloq ümid edir ki, qərarların qəbulunda komandadakı peşəkarların
mühüm rolu olacaq, çünki əks halda, Trampın düşünülməmiş addımları dünyada
ciddi gərginliklərin yaranmasına səbəb olar: "Başqa maraqlı məqam Trampın
seçkiqabağı ritorikasının real siyasətdə nə dərəcədə əksini tapacağıdır. O,
seçki kampaniyası dövründə bir çox məsuliyyətsiz bəyanat verib, eləcə də
populist vədlərlə çıxış edib. Bunların nə qədərinin həyatda öz əksini
tapacağını görəcəyik. Tramp üçün çətinlik yaradan digər amil isə onun xalq
arasında ciddi dəstəyə sahib olmamasıdır. Keçirilən rəy sorğuları göstərir ki,
Tramp Amerika prezidentləri içərisində öz vəzifəsinin icrasına başlayarkən ən
aşağı səviyyəli dəstəyə sahib olan prezidentdir. Bundan başqa, onun bəzi
təşəbbüslərinin Konqresdə müqavimətlə üzləşməsi ehtimalı da var. Amerikanın
güclü liberal mediası Trampın fəaliyyətini çox diqqətlə izləyəcək və onun ən
kiçik xətasını da şişirdib, hadisəyə çevirəcək. Bu faktorlar, eləcə də dünyada
yaranmış hazırkı durum göstərir ki, Trampı çox çətin 4 il gözləyir”.
Şəfa Tapdıq