• cümə axşamı, 28 mart, 20:54
  • Baku Bakı 13°C

Tramp kimi ol

25.05.17 09:00 1889
Tramp kimi ol
Özünü "demokratiyanın beşiyi” adlandıran Birləşmiş Ştatların uzun illər prioritet elan etdiyi əsas şüar budur - bizə qarşı çıxan, siyasətimizi bəyənməyən bizə qarşıdır. Bu siyasət yüz ildən çoxdur ki, davam edir.
İllər uzunu özündə çoxsaylı insan hüquqlarının pozulduğu, dini, irqi və s. diskriminasiyaların baş alıb getdiyi halda bu ölkənin dövlət qurumu hesab edilən Dövlət Departamenti daim başqa dövlətin daxili məsələlərinə qarışmağa üstünlük verib. Lakin artıq bu siyasət deyəsən, deformasiyaya uğramaqdadır. Görünən odur ki, Birləşmiş Ştatların yeni prezidenti Donald Trampla ölkənin xarici siyasət idarəsi arasında müəyyən ziddiyyətli məqamlar üzə çıxır. ABŞ-ın icra strukturlarındakı ətalət Trampın beynəlxalq həyatı əks etdirən ağıllı təşəbbüsləri ilə ayaqlaşa bilmir. Gəlinən qənaət budur ki, Dövlət Departamentinin sakit kabinetlərində hiyləgər şəbəkələr qurmağa öyrəşənlərlə uğurlu biznesmen imicli Tramp bir-birinin tamam əksidir. Bəlli olduğu kimi, əvvəlki administrasiya, konkret olaraq iqtisadi məsələlərdən başı çıxarmayan Barak Obama diqqəti daha çox siyasi məsələlərə, dünyada baş verən siyasi kolliziya və insidentlərə diqqət ayırırdı. Məsələn, Vest-Poyntda hərbi akademiyanın məzunları qarşısında çıxışında o, bütün dünyanın diqqətinin ölkəsinə yönəldiyini deyərək, ABŞ-ın hamı üçün pənah yeri olduğunu deməsi böyük bir etiraf idi. "Planetin gözü Amerikaya yönəlib və ondan kömək gözləyir. Biz dünya arenasında hər zaman hamını arxamızca aparmalı və maraqlarımıza toxunduqda birtərəfli qaydada hərbi güc tətbiq etməliyik”, - deyə Obama vurğulayırdı. Prinsip etibarilə Obama de-fakto 1890-cı ildən- Argentinanın daxili işlərinə qarışıldığı dövrdən mövcud olan tendensiyanı təkrarlayıb. O vaxtdan bəri keçən 127 il ərzində ABŞ dünya boyunca ağalığa nail olmaq, hərbi qüdrətini nümayiş etdirmək üçün 50-dən artıq ölkəyə 130 dəfə müdaxilə edib. Başqa sözlə desək hər ilə təxminən bir aktiv hərbi müdaxilə düşür. Nə qədər başqa əllər hesabına insidentlərə səbəb olunub - bunu yalnız Allah bilir. 11 sentyabr 2001-ci ildə yaşanan terror aktından sonra isə "qisas” adı altında ABŞ hərbi maşını nəinki bir sıra ölkələrin ərazisini ələ keçirdi, həm də onların əhalisinin yarısını məhv etdi. Belə mesaj verilir ki, Amerika öz vətəndaşlarını öldürməyin əvəzində minlərlə insanı məhv etməyə hazırdır. Təbii ki, bu, düzgün deyil. Bəs bunu nəyin naminə ediblər? Obamanın da ifadə etdiyi kimi, demokratiya və insan haqlarının qorunması naminə. Lakin yeni administrasiya bundan fərqli siyasət yürüdür. Belə ki, yeni prezident verdiyi vədləri yerinə yetirməyə öyrənib. Hələ seçki kampaniyası zamanı dünya ictimaiyyətini D.Trampın Vaşinqtonun başqa dövlətlərin daxili işlərinə qarışmamaq barədə bəyanatları cəlb edirdi. O, "New York Times”ın jurnalistlərinə birbaşa bəyan etmişdi ki, " hesab etmirəm ki, biz millətlərin inşaatçıları olmalıyıq”. Bununla da o demək istəyirdi ki, bundan sonra digər ölkələrin daxili işlərinə qarışmaq, hərbi müdaxiləyə yol vermək və orada ABŞ nümunəsində bir ölkə qurmaq niyyətində deyil. Və Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı bu prinsiplərə sadiq qaldığını nümayiş etdirdi. Sələfindən fərqli olaraq bu ölkəyə strateji müttəfiq kimi önəm verdiyini bəyan etdi.
"Ərəb-islam-Amerika” sammitində çıxışı zamanı isə öz şüarını bir daha təkrar etdi - Amerika suveren dövlətdir və bizim başlıca prioritet - vətəndaşlarımızın təhlükəsizliyidir. Biz ona görə burda deyilik ki, kiməsə necə və nə cür yaşamağı başa salaq. Biz burada tərəfdaşlıq təklif etmək, daha yaxşı gələcək əldə etmək üçün toplaşmışıq”. Tramp bu məsələdə tam haqlıdır. Hər bir ölkənin əhalisi özünün mədəni ənənələrinə malikdir. Məsələn, çoxəsrlik ənənələri olan Azərbaycan kimi. Biz məsələn, tolerantlıq və multikulturalizm mexanizmi işləyib hazırlamadığına görə Amerikanın daxili işlərinə qarışmırıq. Eləcə də digər dövlətlər. Hər bir dövlət fərqlidir. Lakin Dövlət Departamenti öz ənənəsinə sadiq qalaraq hamının özünü necə aparmalı olduğunu yeritməyə çalışır. Bunun üçün onun Human Rights Watch timsalında bütöv bir beynəlxalq hüquq-müdafiə təşkilatı mövcuddur. Bu kimi təşkilatlar mütəmadi olaraq Bakı, Ankara və Moskvanı tənqid etsə də, Ermənistandakı vəziyyətə toxunmur. Bu cür institutlar ictimai fikrə təsir edən bir sıra nüfuzlu siyasi qüvvələrin əlində alət rolunu oynayır. Təəssüf ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də özünü necə aparmaq, kimlə dostluq etmək və kimi uzunmüddətli tərəfdaş kimi seçmək barədə "məsləhətləri”ndən kənar deyil. Bu da çox pis vərdişdir və məhz Dövlət Departamentinə xas olan bir haldır. Bizim dövlət Bakıda baş verən irimiqyaslı tədbirlər (Avrovizion, Avropa Oyunları və Formula-1) ərəfəsində məhz belə bir reallıqlarla üzləşdi. Bütün bunlar ölkəmizin həyat tərzini ləkələmək üçün edilir, onun ətrafında özünəməxsus "soyuq qurşaq” yaradılır. Bu yolla ABŞ-ın himayəsi altında olan maliyyə-sənaye qruplarının korporativ maraqlarını təmin edilməyə çalışılır.
Bütün bunlara rəğmən, Azərbaycan öz inkişafı ilə irəliyə doğru ciddi sıçrayış edib və təsadüfi deyil ki, ölkəmiz Avropa Oyunlarının keçirilməsində pioner rolunu oynadı. İlk dəfə olaraq bir-birinə idman həmrəyliliyi göstərməyən ölkələrin maraqlarını birləşdirməyə müvəffəq oldu. Yəni biz başqasının edə bilmədiyini edə bildik. Və yaxud götürək İslam Həmrəylik Oyunlarını. 54 ölkənin qatıldığı tədbirlə bağlı hamıda yüksək təəssürat formalaşdı. Dövlət başçısı İlham Əliyevin Milli Məclisin beşinci çağırış ilk iclasında səsləndirdiyi fikirlər ölkəmizi gözü götürməyənlərə verilən ən layiqli cavabdır. "Ölkənin işlərinə kənardan hər hansı bir müdaxiləyə yol verməyəcəyik, Azərbaycan əsaslandırılmamış ittihamlarla üzləşir. Elə bil ki, burada demokratiya yoxdur, insan haqları pozulur. "Biz kritieriyalara uyğun gəlmirik” kimi cəfəng fikirlərə rast gəlirik. Axı kimdir bu kriteriyaları müəyyən edən?”, - deyə dövlət başçısı vurğulayıb.
Kamran
banner

Oxşar Xəbərlər