AZE | RUS | ENG |

TQDK hüquq-mühafizə orqanlarından kömək istədi

TQDK hüquq-mühafizə orqanlarından kömək istədi
“Saxta nəşrlər alıcıları çaşdırır, onların hazırlıq prosesində səhvlərin meydana çıxmasına səbəb olur”


“Bu il I və V sininflərdə dərsliklər və iş dəftərləri yeni kurikulum əsasında hazırlanıb. Lakin bəzi satış yerlərində ötənilki iş dəftərlərinin üz qabığı dəyişilərək yenidən satışa çıxarılıb. Bu isə təmamilə bütün tədris prosesini korlayır”. Bunu mətbuata açıqlamasında “Bakı” nəşriyyatının icraçı direktoru Zaur İsayev deyib.
Onun sözlərinə görə, hətta bəzi məktəblərdə dələduzlar bu pirat kitabları birbaşa özləri gətirib satırlar. Binəqədi rayon 143 saylı orta məktəbdə belə halın olduğunu deyən Z.İsayev vurğulayıb ki, artıq məsələ ilə bağlı məktəblərə müraciətlər ünvanlanıb: “Belə saxta mallar həm uşaqların sağlamlığına ziyandır, həm də onların məzmununda təhrif olunmalar var. Ötənilki iş dəftəri builki dərsliklərlə düz gəlmir. Keçən il iş dəftərlərini stikerlə hazırlamışdıq, amma bu il istifadə olunmayıb. Orijinal nüsxələrdə stikerlər olmadığı halda, saxta nüsxələrdə stikerlər var. Bununla yanaşı, saxta vəsaitlər keyfiyyətsizdir, onların üz qabığı ilə içi uyğun gəlmir. Azərbaycanda orta məktəbin 1, 2, 3 və 4-cü sinifləri üçün informatika fənni üzrə iş dəftərlərinin saxta nüsxələri satılır. Kitab ticarəti məntəqələrində saxta iş dəftərlərinə rast gəlmək olar”.
Qeyd olunan qanunsuzluğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) da təsdiqləyir. Komissiya dünən mətbuata açıqlamasında elan edib ki, son vaxtlar müəyyən qüvvələr tərəfindən TQDK-nın siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışı təşkil olunur. Komissiyyanın mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: “Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən komissiyanın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu isə istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin meydana çıxmasına səbəb olur. Buna görə də TQDK abituriyentləri və onların valideynlərini, həmçinin orta ümumtəhsil müəssisələrində çalışan müəllimləri həmin vəsaitləri alarkən diqqətli olmağa çağırır. Orijinal nəşrləri saxta nəşrlərdən fərqləndirmək mümkündür. Orijinal kitablarda TQDK-nın loqosu, fənnin adı və sinif yazıları qabarıq və ilişkənli formada çap olunduğundan onları əl toxunuşu ilə eyni cür çap olunmamış saxta nümunələrdən fərqləndirmək asandır”. TQDK, həmçinin, yuxarıda qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Təhsil üzrə ekspert Etibar Əliyev bizimlə söhbətində dedi ki, bu problem təkcə test kitablarında deyil, dərsliklərdə də xeyli dərəcədə hiss olunur. Əgər bu məsələnin qarşısının alınması birdəfəlik məqsəd kimi qarşıya qoyulsa, bir neçə məhkəmə prosesi olsa, Müəllif Hüquqları üzrə Dövlət Agentliyi problemə ciddi müdaxilə etsə, vəziyyət daha tez müsbətə dəyişər: “Məsələ burasındadır ki, aidiyyəti qurumlar da bu məsələlərə çox dırnaqarası baxırlar. Ona görə də istər test kitabçaları, istərsə də dərsliklərdə cüzi dəyişikliklər etməklə, müəlliflərin adını dəyişərək böyük tirajlarla saxta kitablar çap edirlər. TQDK-nın qaldırdığı bu məsələ bəlkə də bir az gecikib, amma artıq bu problemin kökü kəsilməlidir”.
E.Əliyevə görə, bir kitab ərsəyə gəlibsə, bu şübhəsiz ki, müəllifin beyninin məhsuludur və kiminləsə bölünməzdir. Yalnız müəllifin öz icazəsi ilə kimsə kitaba müəlliflik edə bilər, yaxud başqa nəşriyyatlar onu çap edə bilər: “Hər halda, TQDK bu məsələyə aidiyyəti üzrə Qeyri-Hökumət Təşkilatlarını da cəlb eləsə yaxşı olar. Bundan başqa, monitorinq üçün test kitabçalarının müəllifləri də cəlb edilə bilər. Bütün bu məsələlər çox ciddi olaraq hüquq-mühafizə orqanları qarşısında qaldırılmalıdır ki, problemə son qoyulsun. Bu kimi test kitabçalarının və dərsliklərin saxta yolla çapı cəmiyyətə nə verir?! Şübhəsiz ki, bu, birinci növbədə oğurluqdur. İkinci növbədə, oğru müəllifin özünün-özünə hörmətsizliyidir. Üçüncüsü isə, bu, özgəsinin məhsulunu öz adına çıxmaqla külli miqdarda vəsaitin qazanılmasına gətirib çıxarır. Ona görə də sadaladığım üç məsələnin hər birinin kökündə qanunsuzluq dayanır. Bunun qarşısı çox ciddi şəkildə alınmalıdır. Əgər bunun qarşısı alınsa, ölkədə müəyyən rəqabət mühiti yarana bilər. Tutaq ki, bir müəllif kitabının toxunulmaz hüququ var və bu kitab bazarda ön sıralardadır. Belə olduqda digər müəllif çalışacaq ki, daha keyfiyyətli kitablar çap etdirsin və satışa daha yaxşı dərs vəsaitləri buraxsın”.
Xatırladaq ki, ötən ay Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) 2003-2012-ci illərdə Agentlik tərəfindən aşkar olunan plagiat müəllif əsərlərinin statistikasını açıqlayıb. MHA-nın hüquq şöbəsinin müdiri Xudayət Həsənli APA-ya açıqlamasında deyib ki, hesabat dövrü ərzində 30 nəşrin plagiat olması aşkarlanıb. Onlardan 6 nəşr elmi əsər, 5-i ədəbi əsər, 2-si lüğət, 1-i ensiklopediya, 1 fakt mətbuatla əlaqədardır. Qalanları isə ali və orta məktəb dərsliyi, dərs vəsaiti və metodiki vəsaitlərdir. Ümumilikdə, plagiat dərsliklərin 95 faizini ali məktəb dərslikləri təşkil edir.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946