• cümə, 29 Mart, 04:21
  • Baku Bakı 7°C

TQDK buraxılış imtahanının nəticələrini təhlil edib

11.07.14 13:11 1593
TQDK buraxılış imtahanının nəticələrini təhlil edib
2012-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edən məzunların bu il keçirilən buraxılış imtahanında göstərdikləri nəticələrin müqayisəli təhlili aparılıb və müəyyən statistik rəqəmlər ortaya çıxıb.
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, 2012-ci ildə 117 min nəfər şagird IX sinif üzrə buraxılış imtahanı verib: “Onlardan 85 mini bu il keçirilən buraxılış imtahanında iştirak edib. XI sinif üzrə buraxılış imtahanında iştirak etməyən şagirdlərdən 5 mini orta ixtisas məktəblərində, 5 mini peşə liseyində oxuyur. Təxminən 150 şagird isə 10-cu sinifdə qalıb. 2012-ci ildə IX sinifdə “Ana dili”ndən “iki” alanların sayı 19-20 faiz idisə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edənlərin 16%-i “Ana dili”ndən “iki” alıb. Riyaziyyatdan 2012-ci ildə iki alanların sayı 32 faiz olub, bu il onların sayı təxminən 19-20 faizdir. Bu faizinin azalması bizi aldatmamalıdır. Bu uşaqların bir qismi məktəbi tərk edib”.
İmtahana gələn 85 min şagirdin öz nəticələrini hansı səviyyədə doğrultduğunu açıqlayan M. Abbaszadə qeyd edib ki, 2012-ci ildə IX sinfə imtahan verərək “iki” alan və bu ildə XI sinif üzrə buraxılış imtahanında iştirak edənlərin 45 faizi yenidən “iki” alıb. Onların 47 faizi “3”, 7 faizi “4”, hətta 1 faizi “5” alıb: “Bu, “Ana dili”ndən olan nəticələrdir. Bu iki il ərzində oxumaq istəyən uşaqlar öz üzərində işləyiblər. Nəticədə onların 45-nin nəticəsi eyni səviyyədə qalıbsa da, qalanları öz nəticələrini müsbətə doğru dəyişiblər”.
2012-ci ildə 9-cu təhsil bazası üzrə keçirilən buraxılış imtahanında “Riyaziyyat”dan “iki” alan şagirdlərin 42 faizi bu il 11-ci sinif üzrə keçirilən buraxılış imtahanında da eyni nəticəni göstəriblər. İki il əvvəl 9-cu sinif məzunu olmuş həmin 11-ci sinif şagirdlərinin 44 faizi “üç” , 12 faizi “dörd”, 1,5 faizi isə “beş” qiyməti alıb.
2012-ci ildə buraxılış imtahanında 3 qiyməti alanların 52 faizinin “Ana dili”ndən, 42 faizinin isə “Riyaziyyat”dan nəticəsi 11-ci sinifdə də həmin səviyyədə qalıb. 2012-ci ildə imtahan vermiş şagirdlərin 24 faizi “Ana dili”ndən, 35 faizi “Riyaziyyat”dan dörd qiyməti alıb və iki il ərzində öz nəticələrini yaxşılaşdırıblar. 5,1 faiz “Ana dili”ndən, 6,4 faizi isə “Riyaziyyat”dan “beş” qiyməti alıb.
Şagirdlərin 30 faizi iki il öz üzərində işləyərək “Ana dili”ndən, 40 faizdən çoxu “Riyaziyyat”dan öz nəticələrini yaxşılaşdırıb. Amma 17,8 faiz “Ana dili”ndən, 16,4 faizi “Riyaziyyat”dan öz nəticəsini pisləşdirib və 11-ci sinif buraxılış imtahanında iki qiyməti alıb.
İki il əvvəl bundan əvvəl “dörd” qiyməti alan məzunlardan 47 faizi “Ana dili”ndən, 53 faizi “Riyaziyyat”dan bu il 11-ci sinif üzrə həmin nəticələrini təsdiqləyiblər. “Riyaziyyat”dan 33,2 faizi , “Ana dili”ndən isə 34 faizi beş qiyməti alıb. İki il bundan əvvəl buraxılış imtahanlarında “dörd” qiyməti alan şagirdlərin 1 faizi hər iki fəndən “2” qiyməti alıb. Riyaziyyatdan 11 faiz “Ana dili”ndən 18 faizi iki il əvvəl göstədiyi “dörd” qiymətini bu il “üçə” düşürüb. İki il əvvəl “4” alanların arasında yaxşılaşan nəticə 30 faizdən çoxdur.
2012-ci ildə buraxılış imtahanında “5” qiymət alanların 80 faizi bu il 11-ci sinifdə öz nəticələrini təsdiqləyiblər, yalnız 1 faiz nəticəsini pisləşdirib.
TQDK sədri qeyd edib ki, IX sinfə kimi gələn şagird buraxılış imtahanında “4” və “5” qiyməti alırsa, deməli onun əsaslı bilikləri məktəbdə formalaşıb və 2 ildə öz üzərində çalışdıqda bu bilikləri daha da yaxşılaşdıra bilib.
MAbbaszadə bildirib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur. TQDK sədri qeyd edib ki, IX siniflər üzrə Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında ölkə üzrə həm “Riyaziyyat”, həm də “Ana dili”ndən ən aşağı nəticələr göstərilib.
M. Abbaszadə əlavə edib ki, XI sinif şagirdlərinin nəticələrində orta bal IX illik təhsil bazası üzrə nəticələrə nisbətən artıb. Onun sözlərinə görə, IX siniflərlə müqayisədə XI sinif üzrə imtahanda iştirak edənlərin sayı azdır, amma nəticələri daha yüksəkdir: “XI sinifə gələn uşaqlar daha məşğul olurlar. Onlar təhsillərini davam etdirmək istədikləri üçün daha yaxşı nəticə göstərirlər. XI siniflərdə “Ana dili” fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, “Riyaziyyat” fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır”.
M. Abbaszadə buraxılış imtahanlarında nəticələrinə əsasən, rayonlarda qeydə alınan gender problemlərini də açıqlayıb. O bildirib ki, ölkə üzrə IX sinifdə buraxılış imtahanı verən oğlan və qızların sayı təxminən 50-50%-dir: “2014-cü ildə buraxılış imtahanında iştirak edən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. XI sinifdə buraxılış imtahanında iştirak edənlərin 56%-i oğlanlar, 44%-i qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır. Zərdab, Balakən, Qaxda isə buraxılış imtahanında iştirak edən oğlanların sayı qızların sayından daha azdır. XI sinifdə oxuyan oğlanların sayı qızların sayından təxminən 40%-dən aşağıdır”.
banner

Oxşar Xəbərlər