• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

Toyuq ətini ceyran ətinin qiymətinə qaldıran yem

20.02.20 09:30 2204
Toyuq ətini ceyran ətinin qiymətinə qaldıran yem
Ekspertlər deyir ki, vəziyyəti nizamlamaq üçün yemçilik sahəsi elmi şəkildə təşkil edilməlidir”
"Azərbaycanda toyuq əti istehsalının maya dəyəri nisbətən yüksək başa gəldiyi üçün bu məhsulu hələlik ixrac etmək mümkün deyil”. Bunu Trend-ə Azərbaycan Quşçular Cəmiyyətinin İdarə Heyətinin sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, xarici ölkələrdə quş ətinin bir kq-ı 1 dollar, 1 dollar 20 sentə başa gəldiyi halda, Azərbaycanda bu, təxminən 2 dollara başa gəlir: "Buna görə də, Azərbaycanın quş ətinin ixracı üçün xarici ölkələrdən sifarişlər edilmir. Amma sifarişlər olarsa, məhsulu istehsal etmək üçün maddi-texniki imkanlar var". A.Vəliyev bildirib ki, toyuqlar üçün yemlərin - buğda, qarğıdalı, soya və s. yemlərin xarici ölkələrdən gətirilməsi toyuq əti istehsalının baha başa gəlməsinə səbəb olur. Cəmiyyət sədri qeyd edib ki, yem məhsullarının ucuz başa gəlməsi üçün yerli istehsalı genişləndirmək lazımdır: "Yerli yem məhsullarının istehsalını artırmaq lazımdır, bu isə hələ mümkün deyil. Azərbaycanda yerli yem məhsullarını ancaq mövsüm dövründə istehsal etmək mümkündür. Digər tərəfdən, məhsulu əkdikdən sonra onun saxlanılması üçün şərait də olmalıdır. Xarici ölkələrdə bu məhsulları saxlamaq üçün kifayət qədər şərait var. Azərbaycanda isə bunun üçün infrastruktur yoxdur. Sahibkarlar biçin, yığım vaxtı yem alıb anbarlara yığırlar. Ancaq anbardakı məhsul bitdikdən sonra xaricdən mal almaq zərurəti yaranır".
A. Vəliyev hesab edir ki, bu problemin həlli üçün yem saxlanılan anbarların tutum həcmi genişləndirilməlidir: "İl ərzində sahibkarlara yerli məhsulla birlikdə 550-600 min ton yem lazım olur. 120-130 min ton buğda, 130-140 ton qarğıdalı, bu qədər də soya işlədilir. Bunlardan əlavə, günəbaxan yağı, günəbaxan jmıxı, yem əlavələri da lazım olur".
Cəmiyyət sədri əlavə edib ki, bu gün Azərbaycan toyuq əti və yumurtaya olan daxili tələbatı tam ödəyə bilir və buna görə də həmin məhsulların idxalına ehtiyac yoxdur: "Əvvəllər xarici ölkələrdən quş əti idxal edildiyi üçün yerli məhsullar anbarlarda yığılıb qalırdı. Hazırda isə Azərbaycanda quş əti, yumurta,tələbatı ödəyə bilən səviyyədə istehsal edilir, satış da kifayət qədər yaxşıdır".
A. Vəliyev bildirib ki, Azərbaycan Əfqanıstana, Gürcüstana, İraqa, Qətərə və s. ölkələrə əmtəə yumurtası ixrac edir. Əslində bu sahədə ixracın olmamağı iqtisadiyyata ciddi ziyandır. Çünki ixrac iqtisadiyyat üçün əhəmiyyətli gəlir mənbəyidir. Amma görünən odur ki, bu sahədə müəyyən problemlər var. Maraqlıdır, ölkədə yerli yem istehsalını artırmaq üçün hansı işlər görülə bilər?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, yem, ətin qiymətinin müəyyənləşməsinə təsir edən əsas amildir: "Ölkəmizdə yerli quşçuluq sənayesinin inkişafının qarşısında dayanan əngəllərdən biri də yem məsələsidir. Ümumiyyətlə, tək quşçuluqda yox, heyvandarlıqda maya dəyərini formalaşmasında 70% rolu yem oynayır. Deməli, yem, qiymətin müəyyənləşməsinə təsir edən əsas amildir. Bizdə il ərzində təxminən 300 min ton quş yemi istehsal edilir. Amma belə bir məsələ var ki, bu 300 min xalis yerli istehsal deyil, yemə əlavə maddələr qatılır. Hansı ki, həmin maddələr də xaricdən idxal edildiyi üçün, yemin də 1 kiloqramı baha başa gəlir. Qeyd edilən maddələr yemin protein, zülal dəyərini artırmaq üçün istifadə edilir. Bunların hamısı demək olar ki, Braziliyadan gəlir. Hazırkı vəziyyəti düzəltmək üçün isə ölkəmizdə yemçilik sahəsi elmi şəkildə təşkil edilməlidir. Elə bir iş qurulmalıdır ki, yemin tərkib hissəsinə daxil olan bütün məhsullar yerli istehsal olsun. Yəni qarğıdalı, buğda əkməklə iş bitmir. Yemin içinə vurulan digər əlavə maddələr də idxal edilməməlidir ki, maya dəyərinə ciddi təsir etsin. Yemçilik istiqaməti elə qurulmalıdır ki, təkcə quşçuluqda yox, qırmızı ət istehsalında da ucuzlaşmaya nail ola bilək”.
Ekspert qeyd etdi ki, uzun illərdir quş ətinin maya dəyərinin digər ölkələrlə müqayisədə baha başa gəlməsi müzakirə olunan mövzudur: "Dünyada adam başına düşən quş əti istehlakı il ərzində təxminən 350-366 kiloqramdırsa, bizdə bu göstərici 300 kiloqrama heç çatmır. Buna səbəb isə quş ətinin əhalinin, əsasən də alıcılıq qabiliyyəti aşağı olanlar üçün əlçatan olmamağıdır. Yem faktoru həqiqətən də ətin istehlakına ciddi təsir göstərir. Ölkənin quş ətinə ümumi tələbatı il ərzində 131-132 min tondur, amma reallıqda isə istehsal 110 min tondur. Ona görə də, 20-22 min ton xaricdən quş əti alırıq. Sahəni inkişaf etdirmək üçün ixtisaslaşmış rayonlar olmalıdır, pilot bölgələr yaradılmalıdır. Ölkənin hər yerində ancaq yonca və ya qarğıdalı əkmək olmaz. Bu iki çeşidli yemlə bazarı təmin etmək mümkün deyil. Rayonlar araşdırılmalı, hansıların arpa, hansıların isə soya, buğda, darı üçün uyğun olduğu müəyyən edilməlidir”.
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı bildirdi ki, ölkəmizdə yem istehsalı həqiqətən də ciddi problemdir: "Problemin həlli üçün ilk olaraq bölgələrdə yem istehsal edən zavodlar tikilməlidir. Bunun üçün isə xarici təcrübə mütləq şəkildə öyrənilməlidir. Azərbaycanda yem istehsalı üçün lazım olan taxıl bitkiləri kifayət qədər əkilir. Ancaq bundan lazımı şəkildə istifadə edilmir. Ən azından fermerlər arasında təbliğat-təşviqat işi aparıla bilər. Bu sahədə ciddi inkişaf əldə etmək üçün sistemli, kompleks şəklində işlər görülməlidir. Biz xaricdən yem yox, əlimizdəki taxıl bitkilərini emal edib yemə çevirəcək avadanlıqları gətirməliyik. Çünki texnika-texnologiya inkişaf edib. Həmin avadanlıqların gətirilməsi yem istehsalını genişləndirəcək. Bununla bərabər elmi tədqiqat işləri aparılmalıdır. Digər tərəfdən, yaxşı olardı ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yemlərə nəzarət etsin. Xüsusilə də xaricdən gətirilən qidalar araşdırılıb onlar haqqında əhaliyə məlumat verilməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər