• çərşənbə, 24 Aprel, 13:44
  • Baku Bakı 27°C

Toyuq dönərinə qadağa qüvvədə qalır

07.07.15 16:50 1942
Toyuq dönərinə qadağa qüvvədə qalır
“Dünyada “quş qripi”nə görə epizootik vəziyyət mürəkkəb olduğu üçün Səhiyyə Nazirliyinin 2006-cı ildə quş əti məhsullarından dönərin hazırlanmasına tətbiq etdiyi qadağa hələ də qüvvəsində qalır”.
Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanov deyib.
Sektor müdiri bildirib ki, Bakı şəhəri Baytarlıq İdarəsi toyuq dönərinin satışına qarşı mütəmadi reydlər keçirir: “2015-ci ildə toyuq dönərinin satışı aparılan heç bir obyekt qeydiyyata alınmayıb. Onlarla dönərxananın İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə edilməsini təşkil etmişik və bağlanmasına qərar vermişik. Qeyd edim ki, Səhiyyə Nazirliyi burada daha ciddi mövqe tutur. Buna qarşı Səhiyyə Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir. Biz ancaq Bakı şəhərində mal ətindən dönərin satışına icazə vermişik. Baytar mütəxəssislər onların qeydiyyatını aparır, məhsulların mənşəyini müəyyən edirlər ki, haradan gəlib, hansı xəstəliyə qarşı sağlamdır, təmizdir və sair”.
R. Salmanovun sözlərinə görə, istər mal, istərsə də quş ətindən dönər sənaye üsulu ilə xüsusi texnologiya əsasında hazırlanmalıdır: “Yəni, tam baytarlıq sanitariya epidemiologiya tələblərinə uyğun sənaye şəraitində hazırlanmalıdır. Soyuq üsulla, xüsusi dərin dondurma qaydasında mənfi 18 dərəcəyə qədər şişə taxılmış dönər məhsulu soyuducuda dondurulub, müəyyən müddət saxlanmalıdır. Amma bu gün biz Bakı və respublikanın digər böyük şəhərlərində monitorinq aparan zaman məlum olur ki, əksəriyyət bazarlardan, quşçuluq fabriklərinin satış mağazalarından beş-on quş cəmdəyini götürərək baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə, kustar üsulla quş əti məhsulunu sümükdən ayırırlar və şişə taxaraq çox darısqal, hətta soyuducu olmayan yerdə onun satışını həyata keçirirlər. Burda isə infeksiyanın, mikrobun yayılmasına optimal şərait yaranır. Müəyyən qalınlıqda ət şişə taxılır. Bu zaman ona kənardan od dəyir. Ətin bişməsi ilə onun daxilindəki dərinliyə doğru, 38-40 dərəcədə mikrobların inkişafına şərait yaranır. Bu nöqteyi-nəzərdən də istər Səhiyyə Nazirliyi, istər Dövlət Baytarlıq Nəzarəti Xidməti toyuq dönərində mikrobun tez bir zamanda yaranmasına şərait olduğu üçün onun satışına qadağa qüvvədədir”.
Toyuq dönəri satışının yığışdırılması üçün mütəmadi tədbirlər həyata keçirildiyini qeyd edən sektor müdiri toyuq dönərində insanların zəhərlənmə, kütləvi xəstəliklərə yoluxma riskinin yüksək olduğunu vurğulayıb: “Məişət infeksiyaları toyuq məhsulları vasitəsilə daha tez yoluxur. Ət tam bişmədiyi üçün isə bu risk daha yüksəkdir”.
R. Salmanov onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində bu cür hallara qarşı nəzərdə tutulan cərimələrin miqdarı çox aşağıdır: “Bu gün onlar öz işlərini rahat şəkildə davam etdirirlər. Bizim tətbiq etdiyimiz cərimələri belə saymırlar. Çünki İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində cərimələrin miqdarı çox aşağı səviyyədədir. Fiziki şəxslər üçün cərimələr 25-27 manat, hüquqi şəxslər üçün 100-150 manat təşkil edir. Bu işlə məşğul olanların da əksəriyyəti fiziki şəxslərdir. Onlar üçün 25 manat 15 dönərin pulu edir”.
banner

Oxşar Xəbərlər