Toyu məktəbə çevirənlər
Tez-tez
efirlərdə və mətbuatda ifaçıların dilindən "Mən toy məktəbi keçmişəm”, "Toylar
özü də kiçik bir səhnədir”, "Toy mənim üçün konsert salonlarını əvəz edir” kimi
ifadələr eşidirik. Müğənnilər el şənliklərində tamaşaçı qarşısında çıxış etməyin
çətinliklərindən danışır və bunun özünün bir məktəb olduğunu iddia edirlər. Biz
də ölkəmizin nüfuzlu, tanınmış ifaçılarına müraciət edərək onlardan toyların məktəb
funksiyasını yerinə yetirib-yetirmədiyini soruşduq. Xanəndələr, ifaçılar fərqli
fikirlərlə toy biznesini ifadə etməyə çalışdılar.
"Biz
sənətə toy xatirinə gəlməmişik”
Xalq artisti Gülyanaq Məmmədova bizimlə söhbətində
müəllimlərinin xanəndənin el şənliklərində yetişməsinin vacib olduğunu
vurğuladıqlarını bildirdi: "Bu ifadələri bizdən əvvəl yaşayıb-yaradan
ustadlarımız işlədib. Biz bu sözləri eşidə-eşidə böyümüşük. Şəxsən mən Nəriman Əliyevdən,
Ağaxan Abdullayevdən və başqa bir çox görkəmli sənətkarlarımızdan dəfələrlə
"xanəndə el şənliklərində püxtələşir” sözünü eşitmişəm. Tələbəlik illərində
ustad sənətkarlarımızın yanında muğam dərsləri almışam. Bilirsiniz ki, Bakı kəndlərində
toylarda muğama böyük önəm verilir. Ağaxan Abdullayev, Qəndab Quliyeva, Nəriman
Əliyev kimi sənətkarlarımız məni dəfələrlə toylara aparıblar. Mən o toylarda tələbə
kimi, öyrənmək, görüb-götürmək xatirinə iştirak etmişəm. Təbii ki, burada maddi
qazancdan söhbət gedə bilməzdi. Toyun bir başqa oxunuş tərzi var. Orada hər
ifaçının özünəməxsus improvizasiyası olur. Öyrənmək mənə hər şeydən önəmli idi.
Toyun bir məktəb olması fikri ilə razıyam, ancaq bu o demək deyil ki, özümüzü
toya kökləməli və hər şeyi onunla ölçməliyik. Biz sənətə toy xatirinə gəlməmişik.
Mən sənətə səhnəni, muğamı, xalq musiqisini sevib gəlmişəm. Toy bizim üçün
hazırda böyük bir səhnədir. Düzdür, əvvəllər püxtələşmək, yetişmək üçün toylara
gedirdim. Tələbə vaxtlarımızda adətən toylar kiçik restoran, "palatka”larda
keçirilirdi. Onda səhnəyə alışmaq üçün gedib ifa edirdim və məhz bu şəkildə
püxtələşdim. Orada sərbəstliyi öyrənir və teatrın səhnəsində tətbiq edirdim.
Mahnı Teatrında çalışdığım 10 il ərzində mənim səhnə yerişim, duruşum,
danışığım, oxu tərzim, tamaşaçı ilə ünsiyyətdə sərbəstliyim püxtələşdi”.
Xalq
artisti toyda ifa etməyin heç də asan olmadığını dilə gətirdi: "Toy heç kimə
asan gəlməsin. Hərdən kimisə göstərib, dırnaqarası toy müğənnisi deyirlər. Halbuki,
məsələn mən 6 saat ayaq üstə toyda canlı oxuyuram. Bir tikə çörək qazanmaq və
insanları razı salmaq üçün toylara gedirəm. Hərdən "bunlar toy mahnılarıdır”
deyib lağ edirlər. Biz toyda xalq, muğam, bəstəkar mahnıları da ifa edirik.
Hazırda gündəmdə olan mahnıları bir-iki nəfər gəlib xahiş edir, məcburiyyət
qarşısında qalıb oxuyuruqsa da, ancaq onları sənət xatirinə oxumuruq. Təbii ki,
zövqlər müxtəlifdir. Orada gözəl mahnı oxuyanda zövqlü tamaşaçı da dinləyir,
alqışlayır”.
Gülyanaq
Məmmədova əvvəlki toylarla indikilər arasında böyük fərq olduğunu da vurğuladı.
Bildirdi ki, əvvəllər bölgələrimizdə keçirilən el şənliklərində muğama daha çox
yer ayrılırdı: "Yadımdadır, Şəmkirdə iştirak etdiyim elə toy olmayıb ki,
"Heyratı”nı, "Cahargah”ı ən azı iki dəfə oxutdurmasınlar. Mən bütün şəmkirlilərə
"Heyratı” muğamını sevdirmişəm. Bunu sizə əminliklə deyirəm. İştirak etdiyim
toylarda muğamlarımızı təbliğ etməyə çalışmışam. İndi daha çox gündəmdə olan
mahnılara və estradaya meyl var. Bəzən toyda çıxışımızı o qədər gözəl
alqışlayırlar ki, həmin insanlar sabah mənim konsertimə bilet alıb gələcəklər.
Biz onlar üçün oxuyuruq, onlar bizi sevdilər, ucaltdılar və xalq artisti etdilər.
Öz toylarına da sevə-sevə dəvət edirlər. Toylar həm maddi tərəfdən bizə kömək
edir, həm də böyük hörmət görürük. O sevgini onların gözlərindən oxuyuruq, bu,
bizim üçün böyük bir xoşbəxtlikdir. Bəzən heç maddiyatı yox, onların sevgisini
düşünürük. Elə toylar olur ki, biz oradan az pul alırıq və ya heç nə almırıq. Ancaq
elə böyük sevgi ilə qarşılaşırıq ki, pulun azlığı gözümüzə görünmür”.
"Məktəbsiz
ifaçı kordur”
Xalq artisti Mənsum İbrahimov mövzu ilə bağlı
fikirlərini bizimlə bölüşərkən bildirdi ki, hər sənətdə olduğu kimi, xanəndəlik
sənətində də təhsil mütləqdir. Təhsilsiz ifaçı ola bilməz: "Toy bir məktəb
deyil, sadəcə olaraq təcrübə mənbəyidir. Toy heç zaman məktəb rolunu oynaya
bilməz. Əgər toy məktəb olsaydı, təhsil ocaqları yaradılmazdı. O dövrdə
ustadlar öz şagirdlərini öz yanlarında yetişdirirdilər. Toy da təhsildə öyrəndiyini
tətbiq etmək üçün bir vasitə idi. Toy xanəndələrin özlərini təsdiq etmələri
üçün bir meydandır. Əlbəttə, təcrübə baxımından
xanəndələrin el şənliklərində ifası çox yaxşıdır. Həm maddiyat, həm də səhnədə
açılışmaq baxımından toyda ifa etmək çox yaxşıdır. Amma "toy məktəbi”
anlayışını qəbul etmirəm. Məktəbsiz ifaçı kordur. Xüsusilə bizim sənətdə məktəbsiz
ifaçı mümkün deyil”.
Xalq
artisti "toyda ifa edə bilməyən ifaçı səhnədə heç nə ifa də bilməz” fikirlərinə
də aydınlıq gətirdi: "SSRİ xalq artisti, dünyaca məşhur ifaçımız Zeynəb
Xanlarova heç zaman toya getməyib. Bu gün bütün ifaçılar, şəxsən mən özüm də onun
repertuarından mahnılar ifa edirik. Bizim o qədər belə sənətkarlarımız var ki.
Düzdür, konsert səhnələri ifaçını püxtələşdirir. Meydan olaraq toy səhnəsi təcrübə
mərkəzidir”.
Müasir
toylara gəlincə isə, M.İbrahimov deyir ki, dövr, zaman dəyişdikcə ifaçıların
repertuarlarında və tamaşaçının istəyində də dəyişiklik olur: "El şənliklərinin
adət-ənənəsi elə həminki kimidir. Tək fərq odur ki, əvvəllər toyları
çadırlarda, "palatka”larda edirdilər. İndi şadlıq evlərində və daha şəraitli
yerlərdə keçirilir. Və bu dəyişiklik də göz önündədir. İnsanların zövqü də dəyişir,
indi internet dövrüdür. Toylarda zəmanə uşaqları estrada, xarici mahnılar tələb
etməyə başlayıblar. Bu da normaldır”.
"Peşələrinə
sahiblənməmiş, "mənəm-mənəmlik” edirlər”
Xalq artisti Nəzakət Teymurova isə söhbətimizdə
müasir dövrün şou-biznesindən danışmaq istəmədiyini və toy məktəbinin əvvəllər
başqa xarakter daşıdığını bildirdi: "İndiki şou-biznes nümayəndələrinin öz aləmləri
var. Toy indi məktəb rolunu oynamır. Toy - bizim ustadlarımız, sevilən sənətkarlarımız
Hacıbaba Hüseynov, Qəndab Quliyeva, Arif Babayev oxuyanda, haradasa məktəb
rolunu oynayırdı. Gənclər də, böyük sənətkarlarımız, xalq artistlərimiz də o
toydan bəhrələnirdilər. Bu günkü toylardan kim nə dərs götürəcək? Elə bil, heç
kim dəyərli musiqi dinləyib, ondan həzz almaq istəmir. Toya gələn qonaqların əlləri
göydədir ki, musiqi çalınsın, rəqs etsinlər. Toy heç vaxt məktəb ola bilməz.
Onda bu universitetlər niyə var ki? Gərək o qədər fitri istedadlı olasan ki, məktəbə
getməmiş birbaşa toylara gedəsən. Keçmişdə məclisi-ünslər keçirilirdi, orada
Xan Şuşinski dərs deyirdi. Ancaq indi, müasir dövrdə toy məktəbini qəbul edə
bilmirəm. Müğənnilər yarım saatlıq gəlirlər, ifa edib gedirlər. Çoxu qazanc məqsədi
ilə toylara gedir. Bəzi ifaçıları var ki, mikrofon görəndə, onu əllərindən yerə
qoymaq istəmirlər”.
Xalq
artisti musiqi təhsilinin önəmli olduğunu dönə-dönə vurğuladı: "O dövrlə indiki
dövr bir deyil. İndi yeni çıxan müğənnilər hər yerdə görünmək istəyirlər. Belə
ki, efirdə, toyda, hətta bəzi verilişlər var ki, ora daha təcrübəli insanlar gəlib
fikir bildirməlidir, burda da ifaçılar çıxış etmək istəyirlər. İnsan özü də çaş-baş qalır. İndi
oxuyanlar hər şeydən danışmaq istəyirlər. Peşələrinə sahiblənməmiş, "mənəm-mənəmlik”
edirlər. Ona görə də onların hər şeyə yanaşmaları fərqlidir. Sözü də söz xatirinə
deyirlər. Hansı ki, o sözün mənasını, ağırlığını bilmirlər. Onlar xanəndəlik
peşəsinin ağırlığını anlamırlar”.
"Vaxtilə
mahnılarım toyların bəzəyi idi”
Əməkdar artist Baloğlan Əşrəfov deyir ki,
vaxtilə konsertlərdə silsilə çıxışları olurdu. İfaçı doğulub boya-başa çatdığı
cənub zonasında keçirilən konsert proqramlarında özünü təsdiq edib: "Mən bölgəmizdə
keçirilən bir çox tədbirlərdə çıxış edirdim. Hətta Bakıdan gələn ən xırda müğənnidən
tutmuş, Zeynəb Xanlarovaya qədər ifaçılarla bir səhnəni bölüşmüşəm. Yəni deməyim
odur ki, səsimi konsertlərdə yetişdirmişəm. Ondan sonra toylara dəvətlər aldım.
Əvvəllər toylara getmək istəməsəm də, sonra gördüm ki, toy da bir məktəbdir.
Onu kimlərsə tamam başqa bir şey kimi anlayırsa, onlara deyiləsi sözüm yoxdur.
Televiziyada mənasız mahnılar çox səsləndirilir. Çalışmışam ki, konsert
proqramında səsləndirdiyim mahnıları toya gətirim. Vaxtilə mahnılarım toyların
bəzəyi idi. Belə ki, mən "Gözlərim gəzir səni”, "İtən eşqim”, "Qayıtma”
mahnılarını ifa etdim və toy biznesində bu mahnılar sevildi. Daha sonra
toylarda mənə elə bəstəkarların mahnılarını sifariş verirdilər ki, yavaş-yavaş
toylarda bəstəkar mahnıları da ifa etməyə başladım. Bu, bir az da zövq məsələsidir.
İndi toyda oxuyan müğənniyə yuxarıdan aşağı baxırlar. Toy da hər kəsin həyatında
baş verən bir hadisədir. Burada pis nə var axı? Toyda bacarığın olar, elə
oxuyarsan ki, hər kəsi razı salarsan”.
B.Əşrəfov
"toy məktəbi” deyib, bu biznesi lağa qoyanları sərt şəkildə qınadı: "Toyda kimlər
olur? Tamaşaçı. İfaçı ilə tamaşaçı canlı şəkildə ünsiyyətdə olur. İfaçı
çalışmalıdır ki, toyda öz mahnıları ilə tamaşaçıları cəlb etsin. Ona bayağı
mahnılar səsləndirməyə şərait yaratmasın. Əgər xalq mahnılarımızı, bəstəkar
mahnılarını bilmirsənsə, məcbursan ki, yüngül mahnıları ifa edəsən. Mən heç
zaman belə şeylərə yol verməmişəm. Hər şey müğənninin özündən asılıdır. Əgər sən
özünə güvənirsənsə, proqramında gözəl bəstəkarlarımızın lazım olan mahnıları
varsa, sənin mahnıların günün tələblərinə uyğundursa, orada mənasız və səviyyəsiz
mahnılar yoxdursa, əlbəttə, o mahnılarla konsertlərdə də çıxış edə bilərsən. Şəxsən
mən konsert müğənnisi olmuşam. Respublika Sarayı, Filarmoniya, Şəhriyar Mədəniyyət
Mərkəzi, Mahnı Teatrı, Yaşıl Teatrda konsertlər vermişəm. Tamaşaçı məni belə qəbul
edib”.
Xəyalə
Rəis