• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

Toylara toy tutmaq vaxtıdı - Aktual

18.09.14 10:55 2258
Toylara toy tutmaq vaxtıdı - Aktual
Toy mərasimlərində oxuyan müğənnilərin hansı qiymətə toya getmələri, gəlirlərindən vergi verib-verməmələri, fonoqramla saxtakarlıq etmələri, insanların başlarını aldatmaları və s. mövzularda xeyri olmasa da, dəfələrlə danışılıb. Ancaq toy mərasimlərimizdə israfçılığın yenidən gündəmə gəldiyi, ictimai qınaqların eşidildiyi, hətta məsələyə qanunvericiliklə müdaxilənin lazımlığı ilə bağlı fikirlərin ciddiliklə səsləndiyi bir vaxtda, heç şübhəsiz, “müğənni-toy” mövzusuna yenidən toxunmaq lazım gəlir.
“Xüsusən şou müğənniləri insanların cibini soyur” - fikirləri dildən düşmədiyi, insanlarda narahatlıq yaratdığı üçün bu aləmdə yaranan xaotik vəziyyətin günahkarlarının müğənnilərmi, yoxsa insanların özlərimi olduğunu öyrənmək istədik. Məlumdur ki, 3-5 gün efirdə atılıb-düşən, 1-2 mahnı yazdırıb “raskrutka” etdirən ara müğənnilərinə toy sahibləri 10-15 minə qədər pul sayırlar. İbrahım Borçalı, Manaf Ağayev, Telli Borçalı, Elton, Rəqsanə və b. müğənnilər təkcə efirdən gözləri “döyənək” etməklə, insanların zövqünü korlamaqla kifayətlənmir, üstəlik, insanların arzusu olan toylara biznes kimi yanaşaraq toy sahiblərini “soyurlar”. Hələ “Space”-in “ulduzu” olan Mikayılı demirəm. Mənasız söhbətləri, davranışları ilə hər kəsin “ətini tökən” aparıcı üçün sən demə, növbə gözləyən toy sahibləri də var. O da öz növbəsində tamada kimi toylardan necə deyərlər, “qaz vurub-qazan doldurur”.
Bəli, uzun illərdir ki, toy müğənniləri fürsətdən lazımınca istifadə edirlər. Belə ki, insanların bəhsəbəhsə meyl etdikləri, min zəhmətlə qazandıqları pulu necə xərcləməli olduqlarını bilmədikləri bir məqamda və ya kimlərinsə asan yolla qazandıqlarını ələ keçirməkdə ustalaşıblar. Bu baxımdan, toylardakı israfçılığın əsas bir hissəsi də məhz mərasimlərə yalnız qazanc yolu kimi baxan müğənnilərlə bağlıdır. Bəs belə bir durumda biz təkcə onlarımı qınamalıyıq? Bəlkə elə onlara pulu asanlıqla verənləri qınamağa da ehtiyac var? Məsələyə münasibətdə ziyalıların, ekspertlərin fikirləri nə müğənnilərə, nə də toy sahiblərinə haqq qazandırdı.
Hər şeyin qaydası və sərhədi
Toylarımızda bəzi yazılmamış qaydaların tətbiqindən gileylənən millət vəkili Jalə Əliyeva qeyd etdi ki, bəzən bunu toy sahibinin arzusu ilə bağlayırlar: «İllərdən bəri bu məsələyə dəfələrlə qayıtsaq da, ən azından, deputatlıq fəaliyyətim dövründə toxunduğum ilk məsələlərdən biri toy mərasimlərimiz olub. Mən mərasimlər haqqında qanun qəbul edilməsi təklifi ilə çıxış etmişəm. Amma 7-8 il bundan əvvəl «Bu, sırf insan hüququdur» - deyə opponent cavabı ilə qarşılaşdım. Yəni vətəndaşın hüququnu pozmaq olmaz. Bu, insan hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə biz bu qanunu qəbul edə bilmirik. Ancaq bu məsələ illərdən bəri dillərdən düşmür. İstər toy, istərsə də yas mərasimləri ilə bağlı bu məsələyə dəfələrlə qayıdırıq”. Artıq məsələyə dövlət qurumları səviyyəsində münasibət bildirildiyini qeyd edən millət vəkili bunu məsələnin ifrat dərəcəyə gəlib çatması ilə əlaqələndirdi: “Sadəcə, bir neçə ziyalının və ya millət vəkilinin fikri deyil, kütləvi narazılığa səbəb olub ki, artıq belə bir rezonans yaranmağa başlayıb. Biz bir neçə il əvvəl bu məsələni qaldıranda, «Bunun üçün sosial sifariş olmalıdır» deyirdilər. Ancaq biz bu gün insanımızın öz toyunda «Palaza bürün, elnən sürün» məsəlinə əməl etdiyini və eyni zamanda, dəbdəbədən, israfçılıqdan narazılıq etdiyini görürüksə, demək artıq bu problem var». İndiyə qədər toylarla bağlı – müğənnilərin çıxışı, səs diapazonu, yeməklərin çeşidləri ilə bağlı bir çox məsələlərlə əlaqədar çıxış etdiklərini bildirən millət vəkili xüsusilə toyların musiqisi və xanəndələr məsələsinə də toxunduqlarını bildirdi: “Bu müğənnilər və musiqiçilər həmin mərasimlərə zorla gəlmirlər. Hətta, bir neçə ay əvvəldən toy sahibləri onlara minnətçi düşürlər ki, qrafiklərində yer ala bilsinlər. Bu, o deməkdir ki, bu, sırf toy sahibinin arzusu ilə baş verir. Qaldı onların böyük məbləğdə toya gəlib oxumalarına, burada böyük absurdluq var. Bu, orta statistik azərbaycanlı üçün xüsusilə əlçatmazdır. Onlar astronomik, ağlasığmaz qiymətlərlə yarım və ya bir saat ərzində oxumağa gəlirlər. Azərbaycanda heç bir sahədə bir və ya iki saatlıq əməyin qarşılığında ödənilən belə bir qiymət yoxdur. Onlar da öz əməklərinin qarşılığını bu şəkildə tələb edirlər. Demək, həmin müğənnilər üçün sosial sifariş olur və toy sahibləri o məbləği ödəyirlər ki, onlar da qiyməti gündən-günə qaldırırlar. Əgər ümumilikdə mərasimlərlə bağlı hər hansı bir qərar və ya qanun, tələb ortaya qoyularsa, yəqin ki, bu məsələyə də toxunulacaq. Çünki burada maliyyə, vergi məsələləri də var. Həmçinin həmin müğənnilərin populyarlığı, xalq tərəfindən sevilməsi kriteriyaları nəzərə alınaraq nə vaxtsa qaydaya salınması ilə bağlı məsələ ortaya çıxa bilər. Hələlik bu məsələ ayrı-ayrı insanların fikirləri şəklində səslənir». Millət vəkili hesab edir ki, mərasimlərin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var: «Nə qədər “bu, hüquq tapdalanması və ya insanların arzusudur və bunu necə qadağan etmək olar” desələr də, mən düşünürəm ki, hər şeyin bir qaydası və sərhədi var”.
J.Əliyeva hesab edir ki, bu sahədə əmələ gələn xaotikliyi aradan qaldırmaq üçün qanun olmalıdır: “Təbii ki, qanun o zaman işlək olur ki, onun sosial dayağı olsun. Ona görə də paralel işləmək lazımdır”. Millət vəkilinin fikrincə, ən ucqar kəndlərimizdən başlamış, ən müasir şəhərlərimizə qədər - hər yerdə maarifləndirmə işləri aparılmalıdır. Gözəl nümunələr olmalıdır. Belə ki, hər kəsin inandığı, cəmiyyətin sevdiyi insanlar öz övladlarının və ya özlərinin toy mərasimlərini elə təşkil etməlidirlər ki, xalq da baxıb onlardan ibrət götürsün».
Sosial bəla
Sosioloq Əhməd Qəşəmoğlu bizimlə söhbətində həm toy, həm də yas mərasimlərini «sosial bəla» adlandırdı: «Əslinə qalsa, nə bizim dinimiz, nə məntiq, nə də insani davranış bizim toyları qəbul edə bilər. Təəssüf ki, bizim insanlarımızın arasında müəyyən qədər cəhalət var. Bundan əlavə, əhalinin müəyyən təbəqəsinin əlində pul da var. Bu məqamda işbaz adamlar cəld tərpənir. Məxsusi olaraq bu cür şəbəkələr yaranır və onların vasitəsilə ifrat israfçılıq ortaya çıxır”. Sosioloqun fikrincə, şadlıq evləri bir tərəfdən, müğənnilər də digər tərəfdən insanları soyur. Müğənnilər həmçinin televiziya kanallarını zəbt edirlər: “Onlar öz qiymətlərini qaldırmaq üçün televiziyanın efirində görünüb reklam olunmaqlarından ötrü daha çox pul xərcləyirlər. Buna görə həmin toyların bir zərbəsi də bizim televiziya məkanına dəyir və nəticədə bu cür şit verilişlər ortaya çıxır”. Sosioloq hesab edir ki, bu dalğanın qarşısını almaq üçün müxtəlif yollarla mübarizə aparmaq lazımdır: “Əvvəla, bu şəbəkənin özünü dağıtmaq lazımdır ki, fəaliyyət göstərməsin. Təbii ki, bu şəbəkədəki insanlar təsadüfi adamlar deyil. Şadlıq evlərindən mənfəət götürənlər kifayət qədər gücə və imkana malik insanlardır. Ona görə inzibati yollarla elə bir mexanizm yaratmaq lazımdır ki, şadlıq evlərinin sahibləri gəlir əldə etsələr də, bunu indiki kimi əhalinin dizini qatlayan, onların həyat səviyyəsinə ciddi zərbə vuran şəkildə edə bilməsinlər. Sadə toylar keçirməklə dolansınlar. Belə olanda həmin zümrə fəaliyyətini bu şəkildə davam etdirməyəcək. Digər tərəfdən, əhali arasında ciddi təbliğat aparılmalıdır. Dövlət tərəfindən bu məsələlərin tənzimlənməsi haqqında göstəriş olmalıdır. Paralel olaraq əhali arasında maarifləndirmə işləri aparılmalıdır”.
Toyların əhalinin büdcəsinə uyğun olmadığını bildirən sosioloq bu məsələdə bir qədər həssas olmağın lazımlığını vurğuladı: “Məsələn, bir ailəyə məhərrəmlik ayından əvvəl 10-15 dəvətnamə gəlir. Təbii ki, Azərbaycan əhalisinin gəliri o səviyyədə deyil ki, o toyların hamısına pul yazdıra bilsin. Buna görə də bəzi insanlar məcbur olub kriminal yola əl atır. Bəziləri gecə-gündüz işləməklə bunun qarşılığını ödəməyə çalışır. Ona görə də insanların kriminal mühitə, korrupsiyaya, xoşagəlməz vəziyyətlərə yönləndirən həm də bizim toylarımızdır. Bu gün cəmiyyətdə ən mühüm addımlardan biri toyların nizamlanması ilə bağlı atılmalıdır. Özünüz fikir verin, hər il şadlıq evlərində masanın qiyməti qalxır. Bu, nə düşmənçilikdir? Şadlıqla qeyd etdiyimiz bu toyun içərisində kifayət qədər cinayət elementləri gizlənir”.
Toylarda müğənnilərin fəaliyyətinə toxunan sosioloq bir vaxtlar toylarımızda çox dəyərli müğənnilərin oxuduqlarını bildirdi: “Məşhur müğənnilərimizin əksəriyyəti toylarda oxuyublar. Bir vaxtlar toylarda əhalinin estetik və musiqi tərbiyəsi formalaşırdı. Amma meşşanlıq elementləri artdıqca, bu, musiqidə və musiqiçilərdə də öz əksini tapdı. Get-gedə toylara daha şit mahnılar oxuyan, ədabazlıq edən müğənnilər dəvət olundu. Bu da ki, əvvəlki zövqün üstündən xətt çəkdi. Heç bilmirsən, toylarda hansı müğənnilər oxuyur. Musiqiçilər ifalarını ört-basdır etmək üçün səs-küylə oxuyur, fonoqram qoyulur. Bu səs-küy müğənninin qabiliyyətsizliyinin də üstünü örtür”. Sosioloqun fikrncə, toylardakı bayağı musiqilər, şit rəqslər estetik cəhətdən insanlara ziyan vurur: “Əhali ekranda kimi çox görürsə, elə hesab edir ki, o, populyar müğənnidir. Elə müğənni var ki, bir gecə oxumaq üçün 10-15 min pul istəyir. Bir professorun maaşı indiki vaxtda 350-500 manatdırsa, dünən ortaya çıxan hər hansı müğənni yarım saat müqabilində ondan dəfələrlə çox pul alır. Və yaxud müəllimin və ya həkimin 2-3 aylıq maaşını alır. Bütün bunlar iqtisadi siyasət baxımından da qorxuludur”.
Sosioloq hesab edir ki, insanlarda savad baxımından problem çox olduqca, onlar bu cür dəbə, meşşanlığa meyl edirlər. Belə ki, yüksək səviyyəli cəmiyyətdə mənəvi dəyərlər öndə olur və bu zaman insanlar mənəvi dəyərlərə görə bir-biri ilə yarışır: “Ancaq o cəmiyyətdə ki maddiyyat önə keçir, bu cür müğənnilər də, başqa fəsadlar da ortaya çıxır. Azərbaycan cəmiyyətini hazırda meşşanlığa aparan, kriminallığa sürükləyən amillərdən biri bizim müasir toylarımızdır».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər