• cümə axşamı, 28 mart, 15:59
  • Baku Bakı 16°C

Toy mərasimində bəyə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib

28.10.19 15:45 1337
Toy mərasimində bəyə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib
Dünən Ağstafa rayonunun Qırılı kəndində qələbəlik yaşanıb. Kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış kənd sakinləri, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də müharibə veteranları, qazilər, mülki libas geyinmiş hərbi qulluqçular Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, atasına və nənəsinə gözaydınlığı veriblər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, vətənpərvərlik mahnı və şeirləri səslənib, hərbi qulluqçularla kənd cavanları qara zurnanın sədaları altında qol-qola verərək yallı halayına qoşulublar. Bu toy ordu ilə xalqın mənəvi birliyinin əsl nümayişinə çevrilib.
Mağar toyunun ən yaddaqalan hadisəsi isə bəyə üçüncü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təqdim edilməsi olub.
Müdafiə Nazirliyinin rəhbərliyinin bəylə gəlinə səmimi təbrikini çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün bəy kürsüsündə əyləşən silahdaşımız Azərbaycan Ordusunun nümunəvi əsgərlərindən olan Abuzər Bəhrəmovdur. O, İkinci Dünya müharibəsindən qayıtmayan babasının adını daşıyır. Abuzər də babası kimi könüllü əsgər gedib. 2016-cı ilin Aprel döyüşlərində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Talış zirvəsinə zəfər bayrağımızın sancılmasında onun da payı var. O, əsgərliyini başa vurduqdan sonra rəhmətlik anası Qəribə müəllimənin xeyir-duası ilə yenidən Azərbaycan Ordusuna qayıdıb və bundan sonrakı həyatını da Vətənə xidmət peşəsinə həsr edib. Xüsusi kurslar keçib, təlimlərdə peşəkarlığını artırıb və təcrübəli tankçı kimi yetişib.
Nəzərə çatdırılıb ki, bir neçə ay öncə əsgər A.Bəhrəmov həyatını təhlükəyə ataraq tank mərmisinin atımının partlayışı nəticəsində baş vermiş yanğının daha da güclənməsinin qarşısının alınmasında fəal iştirak etmiş və ağır dərəcəli yanıq xəsarətləri almasına baxmayaraq sonadək yoldaşlarına yardımçı olmuşdur. Ağır vəziyyətdə olan əsgər hərbi tibbi helikopter ilə dərhal Bakıya çatdırılmış və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının peşəkar və təcrübəli tibb mütəxəssislərinin səyi nəticəsində ölümün pəncəsindən xilas edilmişdir.
Sonra Müdafiə Nazirliyinin rəsmisi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu A.Bəhrəmovun Azərbaycan Respublikasının Prezidenti adından təltif olunduğu medalı alqış sədaları altında bəyə təqdim edib.
Saz musiqisinin sədaları altında görkəmli şair Davud Nəsibin "Torpaq” şeiri səsləndirilib.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal "Yarama torpaq tökün” şeirini bəylə-gəlinə ərməğan edib.
Hərbi qulluqçular adından çıxış edən zabitlər Rasim Manafov, Elsevər Əhmədov və başqaları yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıblar.
Bəyin atası İltifat Bəhrəmov və Həqiqət nənə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər