• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

Toğrul Əsgərov: “Elə-belə olimpiya çempionu olmamışam”

27.12.16 14:50 1203
Toğrul Əsgərov: “Elə-belə olimpiya çempionu olmamışam”
"2016-cı il mənim üçün uğurlu oldu. 2013 və 2014-cü ildə çox çətin idi. Zədələrdən əziyyət çəkirdim”. Bunu apasport.az saytına Olimpiya çempionumuz Toğrul Əsgərov deyib.
Sərbəst güləşçimiz artıq başa çatmaqda olan 2016-cı ili dəyərləndirib.
London Olimpiadasının qalibi, Rio Oyunlarının ikincisi olan Əsgərov bildirib ki, bu 2 yarış arasında zədə səbəbindən özünü göstərə bilməsə də, Braziliyada yenidən özünü göstərməyi bacarıb: "Şükürlər olsun ki, zədələrdən qayıda bildim. Bu il sübut etdim ki, elə-belə Olimpiya çempionu olmamışam. Rio Yay Olimpiya Oyunlarında da qızılın bir addımlığında idim. Lakin bir anlıq arxayınçılıq məni fəxri kürsünün ən yüksək pilləsinə qalxmağıma mane oldu. 2016-cı il Azərbaycan üçün də uğurlu alındı. Rio Olimpiadasında tarixi qələbə oldu”.
Olimpiya çempionu yeni illə bağlı hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ildə bütün yarışlarda qələbə istəyindədi: "Yeni ildə bizim üçün çox çətin sınaqlar var. Əsas məqsədimiz İslam Həmrəyliyi Oyunlarında inamlı çıxış etməkdi. Doğma divarlar arasında güləşmək həqiqətən çox məsuliyyətli, çox çətin olur. İnşallah, Avropa Oyunlarında qazandığımız qələbəni burda da təkrarlayarıq”.
Güləşçi yığmamızın baş məşqçisi Saypulla Absaidovun Firdovsi Umudovla əvəzlənməsinə də münasibət bildirib: "Uzun illərdi ki, bu proses davam edir. Burda ziyanlı bir şey görməmişik. Hər şey komandanın xeyrinə olur. Yeni ildə idmançılara bol-bol uğurlar arzulayıram. Həmişə istəklərinə çatsınlar”.
banner

Oxşar Xəbərlər