• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Torpaqşünas alim: Kəhrizləri bərpa etməyin vaxtı gəlib çatıb

22.09.20 14:00 508
Torpaqşünas alim: Kəhrizləri bərpa etməyin vaxtı gəlib çatıb
XXI əsrdə dünyada baş verən iqlim dəyişməsi, temperaturun artması onu göstərdi ki, insanlar su ehtiyatlarından, o cümlədən yeraltı sulardan düzgün və səmərəli istifadə etməlidir. Artıq dünyanın bir çox alimləri və dövlət orqanlarının əsas diqqəti kəhriz sistemlərinə yönəlib. Bu, onu göstərir ki, qədim hidrotexniki qurğu olan kəhrizlər həmişə insanlara xidmət edib və gələcəkdə də ümidverici meliorativ sistemlərdən biri olacaq.
BunuAZƏRTAC-a açıqlamasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib. Onun sözlərinə görə, təbiətin ən ziyansız sistemi olan kəhrizlər ekosistemlərə heç bir mənfi təsir göstərmir. Təəssüf ki, son yarım əsrdən artıq bir dövrdə təbii drenaj rolunu oynayan kəhrizlər sıradan çıxıb. Bu isə minlərlə hektar münbit torpaq sahəsinin əkin dövriyyəsindən çıxmasına səbəb olub. Nəticədə ekoloji tarazlıq pozulub, mövcud heyvanat və bitki aləmi məhv olaraq yerində bataqlıq və şoranlığa uyğun fauna və flora formalaşıb.
Ə.Quliyev bildirib ki, bu gün Azərbaycanda kəhrizlər vasitəsilə istifadə olunan suyun miqdarı 1950-ci illərdə istifadə olunan suyun 25-30 faizini təşkil edir. Yəni hər il orta hesabla 350-400 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyundan istifadə olunmur. Belə nəticəyə gəlmək olar ki, kəhriz iqtisadi cəhətdən səmərəli hidrotexniki qurğu olmaqla, müasir texnologiyanın məhsulu olan subartezian nasosundan üstünlükləri ilə fərqlənir. Buna görə də bu sahəyə diqqətin artırılması ilə mövcud kəhrizlərin qorunması və yeni kəhrizlərin qazılması aktuallığını saxlayır.
"Kəhriz sistemləri qədim tarixə malik keçmişimizdən bizə gəlib çatmış abidələrdir. Kəhrizlərin bərpası, qorunması və yeni kəhrizlərin qazılması su qıtlığı probleminin həllinə aparan əsas yoldur və onları bərpa etməyin vaxtı gəlib çatıb”, - deyə alim vurğulayıb.
banner

Oxşar Xəbərlər