• şənbə, 20 Aprel, 09:02
  • Baku Bakı 14°C

Torpaqlarımızın işğal altında qalması sadəcə Ermənistanın işi deyil

13.01.15 09:36 952
Torpaqlarımızın işğal altında qalması sadəcə Ermənistanın işi deyil
Prezident İlham Əliyev: «Azərbaycan ordusu düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər»
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, əfsuslar olsun ki, keçən il də heç bir irəliləyiş olmayıb. Keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçdi». Bu fikri prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Prezident qeyd edib ki, artıq nə Azərbaycan üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmasın: «Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür». Prezident qeyd edib ki, beynəlxalq təşkilatlar bəyanat verir, amma konkret addımlar atmırlar. Belə ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnamə qəbul edib, amma onların heç biri 20 ildən çoxdur ki, icra edilmir: «Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!»
Prezident onu da qeyd edib ki, Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə cəbhə xəttində açıq təxribatlara əl atıb. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturdub. Yay aylarında 50-dən çox işğalçı məhv edilib. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmayıb. Prezident bəyan edib ki, bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır: «Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməyib. Faktiki olaraq heç müstəqillik əldə etməyib. Sadəcə olaraq bu, formal bir məna daşıyır».
Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prinsipialdır və beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimizi gücləndirən isə ordumuzdur. Azərbaycan ordusu keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar: «Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görüb - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik».
Prezident onu da bildirib ki, 2015-ci ildə Azərbaycan öz ordusunun potensialını gücləndirməkdə davam edəcək. Bu məqsədlər üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur: «Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək».
Beləliklə, dövlət başçısı növbəti dəfə açıq şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi səbəblərindən bəhs edib. Bir daha açıq şəkildə ifadə edib ki, Azərbaycan öz ərazilərinin işğalı faktı ilə heç vaxt razılaşmayacaq. Regiondakı status-kvonu qəbul etməyəcək və istənilən an öz torpaqlarını işğalçılardan təmizləmək hüququnu özündə saxlayır.
Prezident İlham Əliyevin bu açıqlamaları həm də kifayət qədər cəsarətli olub. Dövlət başçısı işğalçı Ermənistandan alət kimi istifadə edənlərə, böyük güclərə, münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasında maraqlı olanlara açıq şəkildə mesaj verib ki, artıq Azərbaycanı, dünya ictimaiyyətini aldatmaq mümkün deyil. Əslində regionda, münaqişə bölgəsində nələrin baş verdiyi hamıya yaxşı məlumdur.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər