AZE | RUS | ENG |


Torpaq şəhid bitirir ki...

Torpaq şəhid bitirir ki...
Tariximizə qəhrəmanlıq yazan əsgər

 
 
 
Ata oğul yetirir ki, əsgər çox olsın,
Torpaq şəhid bitirir ki, Vətən sağ olsun!
Rahil Məmməd
 
 
 
2016-cı ilin aprel döyüşlərində Milli Ordumuz erməni işğalçılarına qarşı uğurlu əməliyyat keçirdi, cəsur döyüşçümüz Mirzəyev Murad  Telman oğlu Tərtər rayonunun Talış kəndi ətrafında gedən döyüşlərdə şücaət göstərərək, qəhrəmanlıqla həlak oldu, şəhidlik zirvəsi qazandı. İndi onun ölməz adı dilimizin əzbəri, unudulmaz xatirəsi şüur və mənəviyyatımızın yaddaşıdır. Murad Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad bölgəsi, Cəngən kəndində dünyaya göz açıb. C.Naxçıvanski adına hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib, Türkiyə Ali Quru Qoşunlar Məktəbində təhsilini davam etdirib, motoatıcı ixtisasına yiyələnib. Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasında taqım komandiri vəzifəsində işləyib. 1999-cu ildən Azərbaycan Silahlı Qüvvələrində fəaliyyətə başlayıb, əvvəl motoatıcı taqım komandiri, kəşfiyyat taqım komandiri vəzifəsində çalışıb, sonra Azərbaycan Xüsusi Təyinatlı Ordu Qüvvələrində hərbi xidmət keçib. İgid hərbçi Türkiyə, Rumıniya, İordaniya krallığı və Yunanıstanda keçirilmiş kurslarda fəal iştirak edib, hərb elminin çətin sirlərinə yiyələnib və peşəsinin vurğunu olub. Murad Mirzəyev aprel döyüşləri başlayanda vəzifə borcu olaraq cəbhə bölgəsinə yollanıb və sərhəd zonalarında döyüş əməliyyatları keçirib. O, Talış kəndi ətrafında gedən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Milli Qəhrəmanın Nurlan və Dəniz adlı iki övladı Vətəninə əmanət qalıb. 
 
Murad Telman oğlu Mirzəyev Respublika Prezidentinin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə göstərdiyi rəşadət və igidliyə görə, Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülüb. 

İndi Murad Mirzəyevin həyat yolu incəsənət əsərlərinin mövzusudur. Budur, Milli Qəhrəmanımız haqqında qiymətli bir əsərlə üz-üzəyik. "Vətən oğlu” adlı  poemanın müəllifi tanınmış şair Rahil Məmməddir. O, ölməz eloğlusunun  unudulmaz xatirəsini yad edərək, dəyərli poema yazıb və kitab halında çap etdirib. (Bax: Rahil Məmməd. Vətən oğlu. Bakı:”Zərdabi-nəşr” MMC, 2016, 68 s.). Müəllif kitabına yığcam bir ön söz də yazıb, poemasına hərbi mövzuda bir neçə şeir də əlavə edib. Biz şair Rahil Məmmədi bu əhəmiyyətli kitabına görə təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayırıq. "Vətən oğlu” poeması ənənəvi lirik poemalar səpkisindədir, yəni vahid dinamik süjet xəttinə malik deyil, ayrı-ayrı şeir parçalarından - hipostasalardan ibarətdir. Əsər rübai ilə başlayır. Həmin rübailər xitablı, təsvir və təhkiyə üzərindədir. Rübailərdə milli-tarixi yaddaşımızın ifadəsi güclü və poetikdir:

Dərk etmədi silinməzdir yaddaşımız,
Heç bir zaman unudulmaz yurd daşımız.
Düşmən əli hər nə qədər silsə belə,
Tariximi yaşadacaq sərt daşımız.
 
Şair Rahil Məmməd poemanı klassik şeir formaları üzərində davam etdirib. Biz bu poetik parçalarda həm Murad Mirzəyevin döyüş şücaəti, həm də ordumuzun ümumən döyüş əməliyyatları ilə tanış olur və təbii qürur hissi keçiririk.

İndi qoşa lalə kimi zirvə yanır,
Zirvələrdə öz bayrağım dalğalanır.
Yüz yaşasın o bayrağı asan əsgər,
Tariximə qəhrəmanlıq yazan əsgər.

Şair murdar ermənilərə qarşı rəşadətli ordumuzun hücumunu hünər və qəhrəmanlıq rəmzi kimi qiymətləndirir, onu içimizdən doğulan qeyrət kimi dəyərləndirir. Sənətkar tarixin və türkün yaddaşını oyadır, bizi milli zəfər ruhumuza, Çanaqqala döyüşlərinə, yenilməzliyə qaytarır. 

Poemanın 14-lük hissəsi mürəbbe formasındadır. Şair bu formada qəhrəmanımızı  belə dəyərləndirir:

Sən şəhidlər içində əlçatmaz zirvədəsən,
Qədər bura qədərmiş, axı sən nə edəsən?
İstəyirdin Şuşaya, Laçınadək gedəsən,
Elə mənim də arzum sənin arzundu, Murad!

Poemada hipostasalıqdan - 7, 8, 11, 12, 13, 14, 15 və 16 hecalı şeir nümunələrindən geniş istifadə edilib, epik-lirik elementlər ortaq başlanğıcda bir-birini tamamlayıb. Rahil Məmməd Murad və Samid kimi Milli Qəhrəmanlarımızın  ölümünü belə mənalandırır:

Döyüşə getmişdi Samidlə birgə,
Döyüşdən yenə də qoşa döndülər.
Torpağın üstündə şəhid oğullar,
Torpağın üstündə daşa döndülər. 

Biz retrospektiv olaraq Murad Mirzəyevin uşaqlıq illəri, məktəb həyatı, onun valideyn və müəllimləri, şairin özünün sevimli şagirdi ilə xəyali danışığı və qəhrəman döyüşçümüzün şəxsi məhəbbətinin tarixçəsi, habelə, qəhrəmanımızın qardaşının onu tez-tez ziyarət etməsi, qardaş itkisi, qardaş həsrəti, eləcə də atası Telman kişinin oğul yanğısı və ata-ana təsəllisini gözümüz önündən keçiririk. "Vətən sağ olsun”– deyirik.

Poemada qəhrəmanın iki yadigar körpəsinin obrazı, yığcam təsvirləri də təsirli, sirayətedicidir. Şair bu azyaşlı fidanları sanki sözün mehri ilə ovundurmaq istəyir:
 
Ölümü tanımır bir uşaq ağlı,
Könlümü gətirdi bu söz riqqətə. 
Uşaq elə bilir işiylə bağlı
Atası yollanıb ezamiyyətə.
 
Bəs necə olacaq uşağın halı
Acı həqiqəti dərk edən zaman?
Cavab tapmadığı neçə sualı
Necə gəzdirəcək qəlbində Nurlan?
 
Bəs Dəniz, beş yaşlı bacısı Dəniz–
O mələk çöhrəli körpə qızcığaz?!
Ata yoxluğunu hələ də bilmir,
"Atam gəldi”– deyə qaçır qapıya,
Həyətdən hənirti eşitcək bir az.

Şair dağınıq bir ovqatla, fraqmental təsvir və təhkiyə ilə poemanı davam etdirir. Muradın evlənməsi, elçiliyi, qəhrəmanın həyat yoldaşı, keçirdiyi hərbi təlim yolları, onun Rumıniyadakı, İordaniyadakı təlimləri, Amerikadakı hərbi "Ranger” kurslarını bitirməsi tərənnüm və nəqletmə təhkiyəsində, intonasiyasındadır. Şair Qəhrəmanının hərbi tədris və təlim yollarındakı uğurlarını, keçirdiyi əməliyyatların məqamlarını müxtəlif ölçülü hecalarda, 7, 4+4+4, 4+4+4+4, 6+5, 7+7, 8+5 bölgülərində, hətta, anaklaza deyilən ölçülü sərbəstliyin imkanları hesabına təqdim edir. Sanki müxtəlif  ölçülü şeir formaları, ayrı-ayrı epizodik hadisələr də təsvir panoramını, kölgə-işıq elementlərini dəyişdirir. Bizə təzə məlumatlar ötürür, duyğu və təəssürat, kədər və sevinc emosiyaları, əxlaqi-psixoloji məziyyətlər aşılayır:

Bir xalqın qeyrətini oyatmalı insanın 
Ömür-gün yoldaşı da gün tək təmiz olmalı.
Qəhrəmanın özünə seçdiyi nigahbanın
Qəlbi göylər tək geniş, səbri dəniz olmalı. 

Rahil Məmməd öz qəhrəmanını Fəxri Xiyabandakı məzarına qədər diqqətdə saxlayıb. Hətta, şəhidin atası Telmanın, qardaşı Süleymanın da obrazını yaradıb. Poemada qəhrəmanın atası ilə  şair görüşünün təsvirləri nikbindir, qürurvericidir: 
 
Başını dik tutaraq durub dağ kimi Telman,
O indi atasıdır bir milli qəhrəmanın.
Bu ad-sanı qazanmaq, axı deyildir asan,
Gözlərində qürur var bu vüqarlı insanın.

Poemada Süleymanın doğma qardaşının məzarı ilə görüşü də, milli qəhrəmanımızın başdaşı ilə çəkdirdiyi şəkil də bizi mütəəssir edir. Şəkildə yazılmış  sözlərin doğurduğu təəssürat da duyğusaldır. "Məni qardaşsız qoyan Qardaşım, rahat uyu”.

Rahil Məmməd fikrinə dəstək olaraq başqa şairlərdən  bir şeir parçası da verib, Muradla xəyali dialoqda olub. Müəllim-şagird keçmişə – məktəb illərinə qayıdıb, səyyar duyğular, xəyallar dilə gəlib. Hətta, şair ehtizazlı duyğularını  dilləndirmək üçün əruzla bir qəzəl nümunəsi də təqdim edib:  
 
Aləmdə ki mərdliklə, cəsarət sənin oldu,
Öz millətinin verdiyi qiymət sənin oldu...
 
Daim dirisən, çünki şəhidlərçün ölüm yox,
Haqq eylədiyin gülşəni-cənnət sənin oldu.
 
Rahil, adını vəsf elə, şeirinlə Muradın,
Hörmətlə anarlar səni, zəhmət sənin oldu.

Rahil Məmməd lirik-emosional duyğularını müxəmməs formasında, 4+4+3 bölgüsündə də davam etdirib. Bu təsvir və tərənnüm mühakiməli, təsdiq məzmunlu, əmr, nida, sual, nəqletmə intonasiyalı, yəni emfatik və məntiqi vurğularladır. Müxəmməs Şəhriyarın "Heydər babaya salam” poeması səpkisində, ovqatındadır: 
 
Qoy var olsun Vətən adlı anamız,
Odlar yurdu, qəlbi odlu anamız.
Hər nemətdən şirin, dadlı anamız
Başdan-başa gül-çiçəyə bürünsün.
Qarı düşmən ayaqlarda sürünsün.

Şair 13-lük şeir parçasında zəmanəmizin sosial-siyasi gərdişinə, hətta, ATƏT-in ikiüzlü fəaliyyətinə münasibət də bildirib. 
 
Həmsədrlər beyinlərə yalan doldurur,
Xalqa yalan söyləməkmiş şücaət demə.

Poema qəhrəmanın ölməzliyi, əbədiyyətinin tərənnümü ilə tamamlanır. 
 
Bu vaxtadək heç zaman tanımayanlar belə
Ziyarətə gəlirlər Muradın məzarını.
Milli qəhrəmanımız böyük əməlləriylə,
Çünki çoxdan qazanıb xalqın etibarını.

Şəhidlər heç zaman ölmürlər, haqqın dərgahında əbədiyyət qazanırlar. Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyev də öz canı və qanı ilə əbədi cənnət qazanmış şəhidlərimizdəndir. Allah ona və cəmi Vətən şəhidlərimizə rəhmət eləsin. Yerləri-yurdları behiştlik olsun! 

Şair Rahil Məmməd poemanın sonuna döyüş və qəhrəmanlıq mövzusunda 14 şeir də əlavə edib. Bu da onu göstərir ki, istedadlı şairimiz vətənpərvər ruhlu şeirlərilə həmişə oxucu marağını  diqqətdə saxlayır, onlara heca və əruzda maraqlı şeir nümunələri bəxş edir. Rahil Məmməd poeziyasının müdrik çağlarını yaşayır. Biz ona böyük sözün uğrunda çarpışmada yeni  zirvələr arzulayırıq. 
 
Əlizadə Əsgərli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi içisi, filologiya elmləri doktoru
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002