Torpaq istifadəçiliyində yenilik
Daima yenilikləri ilə fərqlənən Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə
də fəaliyyətində innovativ yanaşma tətbiq etməklə ictimaiyyətin diqqətini cəlb
edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir
texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla
bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları,
üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də, Əmlak Xidmətləri Məkanında
geniş tədbir keçirilib. Təqdimatda komitə nümayəndələri, Bələdiyyələrlə iş mərkəzinin
əməkdaşları, əmlak ekspertləri, bir sıra Qeyri Hökumət Təşkilatlarının nümayəndələri,
jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların
Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz
Qafarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyəti üzrə
institusional yeniliklərin, innovativ xidmətlərin, müasir yanaşmaların tətbiqini
genişləndirir. Komitə digər sahələrlə yanaşı, torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı torpaq
inzibatçılığında yeni yanaşmalar, intensiv metodlar, mütərəqqi texnoloji
yeniliklər tətbiq edir. Yeniliklərdən biri də təqdimatı keçirilən Torpaqların
Elektron Kadastr Uçotu İnformasiya Sisteminin məlumatları əlavə olunmuş
planşetlərdir. Planşetdən istifadə etməklə torpaq sahələrinə daha
sistemli şəkildə nəzarət olunur, işin keyfiyyəti artır, idarəetmə mexanizmi təkmilləşir.
Həmçinin qeyd olunub ki, torpaq istifadəçiliyində növbəti yeniliklərdən
biri də suni intellekt və peyk imkanlarından istifadə edilərək qurulan "Torpaq
səthinin monitorinqi və Peyk Nəzarət Sistemi”dir. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları
torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında
aşkar edib daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Həmçinin torpaqların keyfiyyətində baş verən dəyişikliklərin operativ
olaraq müəyyənləşməsinə şərait yaradacaq.
Daha sonra Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd
Nuriyev bildirib ki, bu informasiya daşıyıcısının istifadəsi torpaq
qanunvericiliyinin pozulması hallarının qarşının alınmasına, bu sahədə görülən
işin operativ olaraq yerinə yetirilməsinə, şəffaflığın artırılmasına imkan verəcək.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında
bildirib ki, torpaq inzibatçılığında planşetlərin istifadəsi görülən işin
avtomatlaşmasına, bu sahədə tətbiq ediləcək innovativ yanaşmaların genişlənməsinə
şərait yaradacaq.
Tədbirdə planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyətindən
bəhs edən təqdimat olub. Bildirilib ki, ölkə üzrə ən iri layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu
Informasiya Sisteminin məlumatları, o cümlədən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar
haqqında informasiyalar planşetlərə inteqrasiya olunub. Qeyd edilməlidir ki,
planşetin olduğu ərazinin koordinatları avtomatik olaraq ekranda əks olunur. Komitənin
torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişləri
bu planşetlərdən istifadə etməklə elektron kadastr məlumat bazasına onlayn
daxil olaraq, torpaq sahəsinin kateqoriyasına dair məlumatları real vaxt
rejimində əldə edir, torpaq qanunvericiliyinin tələblərinin pozulduğu yerin
koordinatlarını və ortofoto görüntüsünü, həmin yerin hansı mülkiyyətə aid
olduğunu müəyyənləşdirir. Bundan başqa Daxili İşlər Nazirliyinin İdarələrarası
Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə real vaxt rejimində, birbaşa çıxış
təmin edilməklə inzibati xəta törətmiş şəxs barədə məlumatlar dərhal əldə
olunur.
Qeyd edilməlidir ki, protokollar həm elektron formada tərtib olunur,
həm də kağız üzərində doldurularaq təqdim edilir. Vətəndaşın şəxsiyyəti barədə
məlumatlar proqrama əlavə olunmuş DİN-in informasiya sistemindən (İAMAS) əldə
olunur və tərtib olunmuş protokol barədə
vətəndaşın mobil telefonuna SMS vasitəsi ilə məlumat verilir. Vətəndaş
ödəniş terminallarına protokolun nömrəsini daxil etməklə ödənişini yerinə
yetirir.
Planşetin istifadəsi ilə inzibati cərimələrin tətbiqi ilə bağlı qərarlar,
onlar haqqında məlumatlar dərhal əldə olunur, məlumatların vaxtında
çatdırılması, ödənişlərə nəzarət edilməsində operativlik təmin edilir. Eyni
zamanda bu informasiya daşıyıcısının istifadəsi ilə müfəttişin nəzarət
funksiyası avtomatlaşır, daha da optimallaşır, o cümlədən vaxta qənaət etməklə
səmərəli fəaliyyətə və torpaq qanunvericiliyinin pozulmasına qarşı daha
effektiv tədbirlərin görülməsinə şərait yaranır.
Layihənin reallaşdırılması əhalinin maarifləndirilməsinə, inzibati xəta
hallarının azalmasına, qanunvericiliyə riayət olunmasına, gələcəkdə torpaq
qanunvericiliyin tələblərinin pozulması hallarının yenidən yol verilməməsinə
imkan verəcək.
Gələcəkdə isə qanunvericilikdə müvafiq dəyişikliklər aparmaqla
elektron protokol yazılması və qərar qəbul edilməsinin tətbiqi nəzərdə tutulur.