• cümə axşamı, 28 mart, 13:56
  • Baku Bakı 16°C

“Torpaq əlimdə, bahar ürəyimdə”

20.03.19 09:55 2976
“Torpaq əlimdə, bahar ürəyimdə”
Dünən sonuncu - torpaq çərşənbəsini qeyd etdik. Buna el arasında "ilaxır çərşənbə” də deyirlər. Son çərşənbə baharın müjdəçisidir. Baharın gəlişini isə böyük bayram ab-havası ilə qeyd edirik.
Bayram günündə biz də şəhər gəzintisinə çıxdıq. Şəhər deyəndə, hamının yaddaşında bir məkan - Fəvvarələr meydanı canlanır. Çünki hər il bayram günlərində Fəvvarələr meydanı al-əlvan rənglərə bürünür. Bayramqabağı hazırlıqlar görülür, meydanda xüsusi avadanlıqlar quraşdırılır, stendlər hazırlanır.
Fəvvarələr meydanı ildə iki dəfə xüsusi bəzənir, burada Yeni il və Novruz bayramları yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Bu dəfə Fəvvarələr meydanında şahidi olduqlarımızı sizə də göstərməyə çalışaq. Hər il Yeni ildə burada "Soyuq əllər, isti ürək” adı ilə məşhur olan yarmarka, indi "Torpaq əlimdə, bahar ürəyimdə” şüarı ilə yerli və xarici vətəndaşları qəbul edir. "Nargis” fondu 7-ci dəfə keçirilmiş "Soyuq əllər, isti ürək” qış yarmarkasının analoqu olan bahar yarmarkasını ilk dəfə olaraq keçirir. Biz bayramı tez qarşıladığımızı hesab etsək də, sən demə, artıq 4 gün imiş ki, bu yarmarka vətəndaşları qəbul edir, onlara yazın gəlişini hiss etdirirmiş.
Ənənəyə sadiq qalaraq, bu dəfə də əldə olunan bütün gəlir aztəminatlı və tibbi əməliyyata ehtiyacı olan uşaqların müalicəsi üçün istifadə ediləcək. Yarmarka hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.

Keçəlsiz və Kosasız bahar yarmarkası

Yarmarkaya gedərkən ilk növbədə Keçəl və Kosanı görəcəyimizi sansaq da, gözləntilərimiz özünü doğrultmadı. Bu dəfə təşkilatçılar modern və milli üslubu sintez edərək bayrama başqa bir ovqat bəxş etmişdilər. Fəvvarələr meydanından ucalan musiqi sədaları ətrafı ağuşuna almışdı. Yarmarkaya günorta saatlarında qonaq olduğumuz üçün gözlədiyimiz izdihamla qarşılaşmadıq. Yarmarka müxtəlif firmaların stendləri ilə bəzədilmişdi. Yaşıl səməni şəklində dizayn edilən stendlərdə hər kəs öz məhsullarını reklam edirdi. Satıcılar daha çox müştəri cəlb etmək üçün milli geyimdə qonaqları qarşılayır, satışda olan məhsullarını təqdim edirdilər.
Yarmarkaya daxil olanda musiqi sədaları ilə bərabər, samovar çayının ətri bizi özünə tərəf yol almağa vadar etdi. Yarmarkanın girəcəyində yerləşdirilən böyük samovara yaxınlaşanlar 1 manat verərək soyuq bahar günündə isti çay içə bilərlər. Çay böyük stəkanlarda və qəndlə təqdim olunur. Samovar çayına nəzarət edən Pərviz adlı çayçı deyir ki, daha çox yerli sakinlər müraciət edirlər, çünki xarici vətəndaşlar bu çayın ləzzətini tam anlamırlar. Bir stəkan çay şokoladla və qəndlə birlikdə elə 1 manat edir. Müsahibimiz yarmarkanı gəzib gələn müştərilərin yorğunluqlarını çıxarmaq üçün yenidən onların stendində yaxınlaşdığını və çay içib getdiklərini deyir. Bildirir ki, xalqımız çayı sevir, daha çox çay içərək söhbət etməyə üstünlük verir. Ona görə də bahar yarmarkasında samovar çayının mənəvi dəyəri daha yüksəkdir.

"Şabalıdın və qarğıdalının iyinə müştəri cəlb edirik”
Yarmarkanın mərkəzinə doğru gedərkən uşaqların "Şabalıd” arabasının ətrafına yığışdığını görürük. Şabalıdın 200 qramı 4 manat, 100 qramı 3 manata satılır. Elə arabadaca bişirilən bu şabalıdla yanaşı, stenddə müştərilərə təmizlənmiş qarğıdalı da təqdim olunur. Qarğıdalı müştəriyə çəki ilə deyil, stəkanla satılır. Satıcı Dahi Babayev deyir ki, qarğıdalının mövsümü olmadığı üçün təmizlənmiş qarğıdalı satmağa məcbur olurlar: "Buraya gələn vətəndaşların ağız dadına uyğun şabalıd və qarğıdalı tumları təqdim edirik. Qarğıdalını daha çox uşaqlar istəyirlər. Şabalıdı elə arabanın altında hazırladığımız ocağın istisi ilə qızardırıq. Tüstünün qoxusu ətrafa yayılır. Elə müştərilərimizin çoxu da bu iyə gəlir. Qazanın qapağını açan kimi, qarğıdalının iyi də ətrafa yayılır. Ona görə də tez-tez qazanın qapağını açıram, bununla xeyli müştəri cəlb edirik”.
Uşaqların sevimli meyvə şirələri
Yarmarkada başqa nələr var, nələr... Şirniyyat firmaları, yağ, düyü, çay, "fast food”lar, sərin içkilər və bir çox şirkətlərin məhsulları stendlərdə təqdim olunur. Daha çox şirniyyat məhsulları və "fast food”ların qarşısında növbə vardı.
Yarmarkada təbii meyvə şirəsini çəkib anında müştərilərinə təqdim edən, ətrafı meyvələrlə bəzədilmiş "Fresh” stendinə yaxınlaşırıq. Stenddə iki oğlan müştəri cəlb edir, onlara təbii meyvə sularının faydasından bəhs edirlər. Satıcılardan Hüseynov Nəcməddin deyir ki, müştəriləri daha çox ərəb turistlərdir. Onların dilini tam olaraq anlamasalar da, turistlər hansı meyvəni istədiklərini əlləri ilə göstərir, divarda qoyulan şəkildəki ölçüyə görə sifariş edirlər. Qiymətlər isə müxtəlifdir. Belə ki, portağalla nar 4-5 manat, ananas isə 5-7 manat arasında dəyişir. Nəcməddin yarmarkanın 4 gündür davam etdiyini və bu 4 gündə daha çox iranlıların, ərəblərin və türklərin yarmarkaya axın etdiyini vurğulayır: "Bizim stenddə təbii meyvələrdən çəkilmiş şirələrdir. Bunları daha çox uşaqlar istəyir. Əsasən, nar və portağal istəyirlər. Axşam saat 6-dan sonra yarmarkaya daha çox müştəri gəlir. Kimisi rəqs edir, kimisi şəkil çəkdirir, kimisi də maraq xətrinə gəlir”.
Yarmarkada şəkərbura, paxlava, səməni və bayram günü süfrəyə düzülən təamların dekoru hazırlanaraq şəkil çəkdirmək üçün bir guşə yaradılıb. Şəkil çəkdirmək isə pulsuz idi. Stendlərin bir çoxuna yaxınlaşıb satıcılardan daha ətraflı məlumat əldə etməyə çalışsaq da, onların bəziləri danışmaqdan imtina etdilər.
Yarmarkanın ziyarətçisi olan Sevinc Babayeva bizimlə söhbətində dedi ki, bayram günlərində böyükləri ziyarətə gedəcəkləri üçün uşaqları bir gün öncədən yarmarkaya gətirib: "Sosial şəbəkədə belə bir yarmarkanın açıldığı haqda xəbər gördüm. Havanın soyuq və küləkli keçməsinə baxmayaraq, onları buraya gətirdim. Heç olmasa, bu bayram stendləri ilə şəkil çəkdirsinlər. Bizim adət-ənənələrimizlə tanış olsunlar. Min dəfə eşitməkdənsə, bir dəfə görmələri yaxşıdır”.
"Sahil bağı”nda "Bir daha bax”
Qeyd edək ki, dünən "Sahil bağı”nda da Novruz festivalı başladı. Festival martın 24-dək davam edəcək. Ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilib, tematik olaraq bir neçə hissəyə bölünüb. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılıb.

Təşkilatçılarla bir az söhbət etdikdə, aydın oldu ki, şənliklər hər gün saat 11:00-dan 21:00-dək, martın 19, 20 və 21-də isə 23:00-dək davam edəcək. Şənliklərdə dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işləri də nümayiş etdirilir. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanır, animatorlar çıxış edir, əyləncəli və musiqili proqram təqdim olunur. "Sahil bağı”nda siz Novruz bayramın sevimli personajlarını – Bahar qız, Kosa və Keçəli də görə bilərsiniz. Təşkilatçılar deyir ki, bayram günlərində burada bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək. Tamaşa 3 gün boyunca axşam saat 8-dən etibarən festival ziyarətçilərinə təqdim olunacaq. Burada Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyirin qalibiyyəti təsvir olunur.
Qeyd edim ki, bu festival xalqımız tərəfindən min illərdir qorunub yaşadılan və qədim adət-ənənələri özündə ehtiva edən Novruz bayramına müasir baxışı yeni turizm brendimiz "Bir daha bax” konsepsiyasına uyğun olaraq əks etdirəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər