• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

Torpağı eyni yerdən götürülən cütlük - Ailə

22.12.17 11:30 3595
Torpağı eyni yerdən götürülən cütlük - Ailə
Vəfa Ağayeva: "Ən böyük uğurum ailəmdir”

Bir-birlərini tamamladıqlarına inanırlar. Qurduqları ailəyə o qədər dəyər verirlər ki, hətta həyatlarının ən böyük uğuru hesab edirlər. İki cütlük arasında hörmət varsa, bütün çətinliklərin öhdəsindən rahatlıqla gələrlər.

"Ailə” rubrikamızın budəfəki qonaqları jurnalist Vəfa Ağayevahəyat yoldaşı, menecer İlkin Ağayevdir.

Qeyd edək ki, müsahiblərimizin İlknur adlı bir qızları var.

Həmişə olduğu kimi, bu dəfə də cütlüyümüzün tanışlıq tarixçəsindən başlayırıq.

"Vəfa tanış olmaq istəmirdi”
Vəfa ilə İlkin bir-birlərinə yaxın ərazilərdə işləsələr də, heç vaxt rastlaşmayıblar. Onları bir-birinə bağlayan, yollarını toqquşduran Vəfanın rəfiqələri ilə çəkdirdiyi şəkil olub. İlkin deyir ki, bir çox qızın kollektiv çəkdirdiyi şəkildə diqqətini yalnız Vəfa çəkib: "İlk dəfə Vəfanı şəkildə gördüm. İş yoldaşımla birlikdə şəkillərə baxırdım. Qızlarla kollektiv şəkildə Vəfa diqqətimi çəkdi və maraqlandım. Qız dedi nə üçün soruşursan, dedim elə belə... Bir müddət sonra iş yoldaşıma dedim ki, mən sənin telefonundakı xanımla tanış olmaq istəyirəm. Qız mənim fikrimi Vəfaya çatdırdı, lakin Vəfa razılıq vermədi. Dedim axı, fikrim ciddidir. Vəfa yenə razılaşmadı. Bu proses bir neçə ay çəkdi. Nəhayət, bir gün danışmağa razı saldım”.

Vəfa deyir ki, İlkinin israrlı hərəkətləri onun diqqətini çəkib və tanışlığa razılıq verib: "Düzü, görüşəndə hələ fikrim qəti deyildi. Düşündüm ki, hələ tanıyım, görüm necə adamdır? Bir müddət görüşdük və İlkinin xasiyyətindən xoşum gəldi. İlk görüşdə bir-birimizə tanıma şansı verdik. Çox diqqətcil, mehriban, səmimi idi. Hər bir xanıma belə münasibət xoş gələrdi. O cümlədən mənə də. Hər dəfə beynimdə düşünürdüm ki, İlkinlə ailə qursam həyatım necə olar? Biz çox yaxşı anlaşdıq. Aradakı hörmət getdikcə daha da dərinləşdi və sevgiyə çevrildi. Sonra ailələrimizi tanış etdik. İlkin işgüzar, diqqətcil, fərasətli, ailəsinə bağlı insandır. Bir çox oğlanlarda jurnalist qızla ailə qurmaq tərəddüdü var. Lakin İlkində bu yox idi. İşimlə bağlı daim dəstək görürdüm, hətta tədbirlərə də mənimlə birlikdə gəlirdi. Bu xüsusiyyətləri ilə "saqqızımı” oğurladı”.

"Sözlərimiz bir-birimizin boğazından keçirdi”
İlkin deyir ki, əziyyət çəksə də, Vəfanın gec razılaşması onun xoşuna gəlib: "Vəfanın mənə gec cavab verməsi diqqətimi çəkdi. İlk günlər əziyyət çəksək də, sonra düşündüm ki, ağıllı qızdır. Tanışlıq mərhələsində xasiyyətlərimizi anladıq. Sözlərimiz bir-birimizin boğazından keçirdi. Düzdür, jurnalistlərin əhatəsi geniş olur. Çoxdanışan, dünyagörüşlü olduqları üçün çox adam jurnalist qadından qorxur. Adı üstündədir, 4-cü hakimiyyətdir (gülür-A.Ə). Amma mənim Vəfaya etibarım da, güvənim də çox idi. Onun jurnalist olmasının mənim üçün fərqi yox idi. Hər bir kişi yanında ağıllı qadının olmasını istəyir. Jurnalistlər də ağıllı, dünyagörüşlü xanımlar olur. Belə bir misal da var, "dostunu göstər, deyim sən kimsən”. Vəfanın da dostlarını tanıdıqca, onu daha çox sevirdim. Mənə maraqlı olan ilk olaraq xanımın tərbiyəsi, geyimi, duruşu, öz yerini bilməsidir. Ən əsası, Vəfa mənə həyat yoldaşdan çox dost oldu”.
"Tapdığımızı yeyirdik, tapmadığımıza şükür edirdik”
Ailədəki çətinliklərə gəldikdə isə Vəfa deyir ki, hər bir gənc ailədə olduğu kimi onlar da maddi çətinliklərlə üzləşiblər. Amma çətinliklər onları bir-birinə daha çox bağlayıb: "İlk günlər daha çox maddi problemimiz olurdu. İkimiz də işləyirdik, həmin ərəfədə maaşlarımız az idi. Amma biz bunu heç vaxt problem etmədik. Tapdığımızı yeyirdik, tapmadığımıza şükür edirdik. Deyirdik ki, çətin günün ömrü az olar. Həqiqətən belə oldu. Sonra hər şey qaydasında getdi. Yemək məsələlərində də elə çətinlik yaşamadıq. Əl qabiliyyətim yaxşı idi. Düzdür, insanın öz ailəsində ayrılıb başqa ailəyə düşməsi, adaptasiya olması asan proses deyil. Amma İlkininin ailəsini çox sevdim və tez adaptasiya oldum. İndiyə kimi də belə davam edir”.

"Görəsən, Vəfanın yeməklərini sevəcəyəmmi?
İlkinin isə evlənməzdən öncə tək qorxusu yemək məsələsi olub. Müsahibimiz "Kişinin ürəyinə gedən yol mədəsindən keçir” fikrini o qədər ürəklə təsdiqləyir ki...: "Mən bu fikirlə 300 faiz razıyam və özümə aid edirəm. Mənim ürəyimə gedən yol həqiqətən də mədəmdən keçir. Vəfa bilir ki, işdən gələndən sonra yeməyim, suyum, çayım hazır olmalıdır. Mən hər zaman anamın yeməklərini yeyirdim və çox sevirdim. Tək qorxum o idi ki, görəsən, Vəfanın yeməklərini sevəcəyəmmi? Bu məsələlər məni narahat edirdi. Fikirləşirdim ki, birdən bəyənməsəm Vəfaya necə deyəcəyəm? Amma min şükürlər olsun ki, ilk gündən Vəfanın bütün yeməkləri zövqümcə olub. Əlinin duzu var. Evi yaxşı çəkib çevirir. Mənim üçün Vəfa ideal qadındır. Min dəfə şükür edirəm ki, Vəfa kimi qadınla ailə qurmuşam”.

Vəfa deyir ki, İlkin ac olanda əsəbi olur. Ac vaxtı ondan söz soruşmaq olmaz: "Həmişə çalışıram ki, o, işdən gələnə qədər hər şey hazır olsun. Bilirəm ki, işdən yorğun, ac gəlir və əsəbi olur. Yeyir, enerjisini yığır, sonra söhbət edirik. Mimikalarından bilirəm ki, acdır, ondan heç nə soruşmaq olmaz, ilk olaraq yemək yeməlidir (gülür A.Ə) Əslində ac vaxtı ikimiz də aqressiv oluruq. "Ərlə arvadın torpağı bir yerdən götürülüb” məsəli bizə aiddir. Bir-birimizə çox oxşayırıq”.

"İlkinin səbirli olması məni qıcıqlandırır”
Cütlüyümüzün bir-birlərində sevmədikləri xüsusiyyətlərinə gəldikdə isə maraqlı cavablar alırıq. Vəfa deyir ki, İlkinin çox səbirli olması onu qıcıqlandırır: "Etiraf edim ki, mən İlkini tanıyana qədər çox kinli insan idim. Ailə qurduqdan sonra məndə küsmə söhbəti yoxdur. İlkin küsmür deyə, mən də ona oxşadım. Bizim küsülülüyümüz 1-2 saat çəkmir. Düzdür, söz-söhbətlərimiz olur. O da ailənin dadı, duzudur. İlkinin qışqırmağına ehtiyac olmur, susanda bilirəm ki, nəsə var. Hər ikimiz od və su olmağı bacarırıq. İlkinin ən sevdiyim cəhəti dinləməyi bacarmasıdır. Sevmədiyim tərəfi isə çox səbirlidir. Səbir lazım olmayan yerlərdə də səbirlidir. Bu da məni qıcıqlandırır”.

İlkin isə Vəfanın tərsliyini sevmir: "Vəfada tərslik var. Hər şeyə çox tez reaksiya verir. Bu, xoşuma gəlmir. Amma ən gözəl xüsusiyyəti odur ki, o tərsliyinə baxmayaraq, ürəyi tez yumşalır”.

"Xoşbəxtlik güzəşt etməyi bacarmaqdır”
Ailədə xoşbəxtliyin sirri məsələsinə gəldikdə isə İlkin deyir ki, qadın öz yoldaşını hər zaman uca tutmalıdır: "Hər iki tərəf həm qadın, həm də kişinin məhəbbətdən öncə bir-birlərinə güclü hörmətləri olmalıdır. Hörmət olduqdan sonra hər şeyin öhdəsindən gəlmək olar. Əsas odur ki, bir-birinin sözü bir-birinin boğazından keçsin. Biri od olanda, digəri mütləq su olmalıdır”.
Vəfa isə deyir ki, kişi və qadın öz yerlərini bilməli, dərk etməlidir: "Ailədə xırdaçılığa getmək lazım deyil. Güzəşt mütləq olmalıdır. Xoşbəxtlik güzəşt etməyi bacarmaqdır”.
"Ən böyük qazancım ailəmdir”
Vəfa həyatdakı ən böyük uğurunun ailəsi olduğunu düşünür. Deyir ki, İlkin ilk qəhrəmanı - atası kimi insandır: "Mənim ən böyük uğurum ailəmdir. İlkindən əvvəl də öz ailəm çox gözəl olub. Oxudum, təhsil aldım, işlədim və ailə qurdum. Hər dəfə deyirdim ki, atam kimi insan həyat yoldaşım olsun. Həqiqətən də elə bir insan rastıma çıxdı. Mən ailəmi həyatda hər şeydən üstün tuturam. Həyatdan ən böyük qazancım həyat yoldaşım İlkin və qızım İlknurdur”.
"Ailə qurmaq karyeraya mane olmur”
Cütlüyümüz düşünür ki, hər yaşın öz gözəlliyi olduğu kimi, ailə qurmağın da yaşı var. İlkinə görə, 30 yaşı keçən insanların kaprizləri daha çox olur: "Hər yaşın öz gözəlliyi var. Evlənməyin də müəyyən yaş dövrü var. Yaş ötdükcə insan hər şeyə fərqli yanaşır. Gənc yaşda ailədə problemlərlə daha anlayışlı davranmaq olur. Orta yaş dövründə insanlar yetkinləşir və bir-birlərini çətin ötürürlər. Əlbəttə insan karyerasını gənc yaşlarda qurur. Ailə qurmağın isə karyeraya heç bir maneəsi yoxdur. Əksinə, gözəl həyat yoldaşı, gözəl dost insana karyera qurmaqda çox kömək edir. Hər uğurlu kişinin arxasında güclü xanımları olur”.

"Qadın yığımcıl olmalıdır”
Cütlüyümüz deyir ki, gənclər evlənərkən pula, var-dövlətə deyil, hörmətə və sevgiyə qiymət versinlər.

Vəfa: "Biz danışanda İlkin mənə demişdi ki, evim yoxdur və mən valideyinlərimlə qalıram, evimiz isə iki otaqdır, razı olarsan? Mən razılaşdım. Sevdiyin, hörmət etdiyin insanla hər yerdə, hər cür şəraitdə yaşamaq olar. Pul çox şeydir, amma hər şey deyil. Maddi maraqlar önəmlidir, amma müəyyən qədər. Biz çox tapıb, çox yemişik, az tapıb, az yemişik. Qadın yığımcıl olmalıdır. Mən də çalışmışam bədxərc olmayım ki, evə lazım olanları ala bilək. Maddi problemlər bizim aramızda heç vaxt konflikt yaratmayıb. Maddi durumlarımız pis olan vaxtda da bir-birimizə dəstək olmaqla, hər şeyin öhdəsindən gələ bilmişik”.

İlkin: "İnsanlığı, dostluğu, qardaşlığı, yaxşı həyat yoldaşını pulla almaq mümkün deyil. Maddi maraqlar üzərində qurulan evliliklər çox qısa olur. Xoşbəxtliyi pulla qazanmaq olmur. Bizim həyatımızda pul önəm daşımır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər