• bazar, 22 Dekabr, 05:53
  • Baku Bakı 9°C

Torağayçay forellərinin qətliamı

23.01.19 10:00 1904
Torağayçay forellərinin qətliamı
Son günlərdə Quba rayonunda bir nəfərin meşədə cüyür ovladığına görə məsuliyyətə cəlb edilməsinə dair xəbərlər yayımlandı. Təbiətə zərər vurulması ilə ilgili bu acı xəbər 40 il bundan əvvəl Qarabağda şahidlik etdiyim başqa bir ağrılı hadisəni mənə yenidən xatırlatdı. Hörmətli Xalq yazıçımız Çingiz Abdullayev demiş: "bu insanlar heç ağıllaşmırlar”...
1979-cu il sentyabr ayının əvvəlləri idi. Həsənriz kəndindən bir qədər yuxarıda, Torağayçayın sahilində geniş bir düzənlikdə düşərgə salmışdıq. Hədsiz mənzərəli yer idi: yan-yörəmiz güllü-çiçəkli çəmənlik, ətraflarımız sıx, yam-yaşıl meşə, arxamızda Murovdağ silsiləsinin ən hündür zirvəsi olan Gamış dağı (3724 m) və lap yanımızdan axan dağ çayının həzin züm-züməsi. İns-cins görünməyən, sanki dünyadan təcrid olunmuş sakit bir guşə...
Torağayçay Kəlbəcər rayonunda Tərtər çayının sol qollarından biridir, kiçik dağ çayıdır, uzunluğu 30-35 km olar, amma gur suludur. Mənbəyini düz Gamış dağının dibindən çıxan bulaqlardan götürür. Sahilində heç bir yaşayış məntəqəsi olmadığından suyu tər-təmiz və soyuqdur. Belə su forel balıqları üçün əsil cənnətdir. Forellər qızılbalıqlar cinsinə aid olub, əsasən dağ çaylarında, təmiz sularda yaşayırlar. Populyasıya dövründə isə dağ çaylarının lap yuxarılarına qalxaraq, suyun ən təmiz yerlərində kürü tökürlər. Balıqlar çox qəribə genetik yaddaşa malikdirlər: harada dünyaya gəliblərsə, böyüyüb kürü tökmək vaxtı çatanda həmin yerə qayıdırlar.
Deyilənə görə, bir vaxtlar dağ çaylarımızda külli miqdarda forel vardı. Çay kənarlarında yaşayan əhali o vaxtlar bu balıqlara nədənsə önəm vermirdilər. Bunun iki səbəbi ola bilərdi: ya bir millət olaraq balıq ovlamağa, balıq yeməyə, ümumiyyətlə o qədər də həvəsli deyilik, ya da dağ çayında forel balığını tutmaq müşkül məsələdir. Amma illər ötdü, dağ camaatı da bu balığın dadını bildi, şəhərdən gələnlərlə birlikdə çaylarımıza "səlib yürüşləri” təşkil etdilər. Texnikanın, texnologiyanın nailiyyətlərindən insafsızcasına istifadə edərək, ən müxtəlif üsullarla – kimi elektriklə, kimi partlayışla, kimi də suya zəhər tökməklə forel sürülərinə dağ çəkdilər, balıqları məhv etdilər. Və o vaxtlardan çaylarımız forellərə, demək olar ki, həsrət qaldı.
Yadımdadır, ilk dəfə forel balığını mən elə Kəlbəcərdə, Tərtər çayının sağ qolu olan Tutqunçayın yuxarılarında, kiçik Ağzıbir çayında görmüşdüm. Rəhmətlik Vaqif Ramazanovla (sonralar BDU-nun professoru idi) o tərəflərdə geoloji-axtarış işləri aparırdıq və bir gün marşruta çıxanda özümüzlə tilov götürdük ki, imkan düşəndə balıq tutaq. O zaman o, geoloji dəstənin baş geoloqu, mən isə həmin dəstəyə çöl təcrübəsi keçmək üçün göndərilmiş IV kurs tələbəsi idim. Vaqif o yerlərə yaxşı bələd idi və çaylarda hələ az da olsa forel olduğunu bilirdi. Həmin gün cəmi 3 balıq tuta bildik, o da ki, hündür bir şəlalənin altından. Görünür ki, forellər şəlaləni keçməkdə çətinlik çəkiblər və ya heç keçə bilməyiblər. Ümumiyyətlə, forel balıqları çox zirək, güclü və sürətlidirlər, Dağ çaylarında qarşılarına çıxan hündür maneələri asanlıqla dəf edə bilirlər. Çox böyük olmasalar da, gözəl, mütənasib bədən quruluşuna malikdirlər. Adətən dağ çaylarında boyları 20-30 sm, çəkiləri isə 150-250 q arasında dəyişir, nadir hallarda isə 35-40 sm və 300-500 q böyüklüyündə nümunələrə rast gəlmək mümkündür. Yağlı və tıxsız olduğundan həm çox dadlıdır, həm də yemək rahatdır. Qarın nahiyəsi gümüşü ağ, belləri isə bozumtul mavidir, bu səbəbdən onları suda görmək müşkül məsələdir. Bədənlərindəki xırda qəhvəyi və qırmızı xallar forellərə xüsusi yaraşıq verir. Həmin xallara görə əhali arasında onlara qızıl xallı balıq da deyirlər. Tutduğumuz balıqları axşam kabab eləyib yedik və onların dadı hələ də damağımdadır. Sonradan yediyim heç bir balıq o balıqların dadını vermədi. Doğrudan da dağ çayının foreli başqa aləmdir!
Bəli, əksər çaylarımızda forel balıqları tükənmişdi, bu, hələ o vaxt idi. İndi isə vəziyyət daha da ağırdır, nəinki, dağ çaylarımızda, Kürdə, Arazda, hətta Xəzər dənizində belə, bəzi balıqların nəsli kəsilmək üzrədir. Suların çirklənməsi bir tərəfdən, brakonyerlik də o biri tərəfdən. Bir sözlə, zülm edirik yazıq çaylarımıza, göllərimizə. Xəzərin kənarında yaşasaq da, artıq neçə illərdir ki, nərə balığı, onun kürüsü bizim üçün əlçatmaz olub. Belə getsə kütümə, xəşəmə də həsrət qalacağıq. Bu da biz insanların ana təbiətə göstərdiyi "qayğı”nın acı nəticələri...
Nə isə, Torağayçayın sahilində çadırlarımızı qurub düşərgə saldıq. Niyə bu çaya Torağay deyiblər, bilmirəm. Bəlkə, şırıltısı torağay quşunun nəğməsini xatırladır, o səbəbdən. Ola bilər, dəqiq bir fikir söyləmək çətindir, amma ruhumuzun dincəldiyi bu sükunətdə eşidilən tək bir səs - elə bu çayın şirin züm-züməsi idi. Yeri gəlmişkən, Azərbaycan ərazisində ən hündür (400 m) palçıq vulkanının adı da Torağaydır. Əlaqə varmı? Təbii ki, mümkündür. Bu da toponimiyamızın düyünlərindən biri, araşdırılmasına ehtiyac var.
Bir-iki gün keçmişdi, kimsə çayda çoxlu balıq olduğunu bildirdi. Amma açığı, bu xəbərə ciddi reaksiya vermədim, çünki tilovumuz yox idi, foreli tutmaq isə o qədər də asan məsələ deyil. Əslində işimiz çox olduğu üçün heç balıq tutmağa vaxtımız da yox idi. Amma bir gün...
Gözəl bir yay səhəri idi. Günəş Keçəldağın yamaclarını bürüyən meşənin arxasından təzəcə boy verirdi. Torağayçayın suları və çəmənlikdəki şeh damlaları onun şüaları altında bərq vururdu. Sanki təbiət insana gəl-gəl deyirdi. Mərhum Xalq şairimiz Zəlimxan Yaqub demiş:
Dağlar mənə gəl-gəl desə ürəkdən,
Gəlib elə bu yerlərdə qalardım.
Təbiətlə sevincimi, dərdimi
Bölüb, elə bu yerlərdə qalardım.
Doğrudan da qalası yerlər idi, heyif, o cənnət-məkan yerlərdən, qədrini bilmədik. Şair, ruhun şad olsun, dağların ürəkləri öz qucaqları kimi genişdir və hər zaman gəl-gəl deyirlər, amma günah bizdədir, getmirik, gedə bilmirik, gedəndə də...
Nə isə, lirik duyğulardan ayrılıb o günə qayıdaq. Səhər yeməyindən sonra marşrut üçün yola bəzi hazırlıqlar gördük. Fəhlələrdən ikisinə çayın yuxarı axarı tərəfində, dünən göstərdiyimiz yerdə 30 m-lik bir xəndək qazmaq tapşırığını verib, hərəmiz bir tərəfə geoloji-axtarış işlərinə yollandıq. Fəhlələr də öz qazma alətlərini və lazım olan miqdarda ammonalı (partladıcı maddə) götürüb getdilər.
Axşam tərəfi hamı düşərgədə idi, təkcə o iki gənc fəhlədən başqa. Soruşdum - dedilər,- hələ qayıtmayıblar. Düzü, bir qədər narahat olmağa başladıq. Təcrübələri olsa da, partlayış işi istənilən halda təhlükəlidir. Saat 7-yə işləyirdi, gün batmağa hələ xeyli vardı, amma onların gecikmələri içərimizdəki hüzuru pozurdu. Ağlımıza cürbəcür fikirlər gəlirdi. Bir 30-40 dəqiqə də keçdi və uşaqlardan kimsə bərkdən, - odur ey gəlirlər, - deyə qışqırdı. O tərəfə baxdıq, həqiqətən, uzaqda hündür təpənin üstündə iki nəfər görünürdü, ağır-ağır yeriyirdilər. Arada itir, sonra başqa bir təpənin üstündə peyda olurdular. Bellərini əyib ağır-ağır yeriməklərindən belə anlaşılırdı ki, xəndəkdən çoxlu süxur nümunələri götürüblər. O biri tərəfdən də fikirləşdik ki, axı, onlara heç kim bu haqda bir tapşırıq verməyib, nə bilirlər, haradan, necə və nə götürmək lazımdır. Nə isə, biz bu suallara cavab axtarmaqda ikən fəhlələr gəlib çatdılar. İkisi də irişə - irişə ryukzaklarını (bel çantalarını) yerə qoyub yorğun və şübhəli nəzərlərlə üzümüzə baxdı.
- O nədir elə? – ryukzakları göstərərək soruşdum.
- Balıqdır.
- Nə balıq, balıq nədir?
- Balıq da, xallı balıq.
- Sizi balıq tutmağa göndərmişdik?
- Yox...
- Bəs onda bu balıqlar nə deməkdir? Dinmirlər, gözlərini döyərək baxırlar.
- Necə tutmusunuz bu qədər balığı?
Yenə cavab vermirlər. Getdikcə əsəblərimə hakim kəsilə bilmirəm. Sövqi-təbii olaraq başa düşürəm ki, bu qədər forel balığını normal üsulla qətiyyən tutmaq mümkün deyil. Hər ryukzakda 10 kq, ümumən 20 kq balıq olardı.
- Ə, sizinlə deyiləm, necə tutdunuz bu balıqları?
Dinmədilər. Daha da əsəbiləşdim, dişimin dibindən çıxanı dedim, söyüb-söyləndim. Artıq nə faydası, olan olub, keçən keçib. Qışqırıb-bağırmaqla balıqlar diriləsi deyildi. Anlaya bilmirdim, bu qədər də nadanlıqmı olar, bu nə vicdansızlıq idi, bunlar törətmişdilər. Təbiətə, ətraf mühitə belə vəhşi münasibət haradandır bu adamlarda? Yəqin günah bizdə də olub ki, bu cahilləri vaxtında başa sala bilməmişik, doğru-düzgün maarifləndirməmişik. Adil müəllim (Adil Məmmədov) məni güclə sakitləşdirdi. Rəhmətlik yaxşı kişi idi, xeyli yaşı olsa da, hələ çöldə işləyirdi. Amma şəkər xəstəliyi vardı, o səbəbdən bir az əsəbi və səbirsiz idi. Vaxtı ilə 3 il Əlcəzair Respublikasında işləmişdi, oralardan maraqlı əhvalatlar danışırdı. Gec evlənmişdi deyə, uşaqları kiçik idi, çöldə onlar üçün çox darıxırdı. Bir ağsaqqal və alicənab insan kimi həmişə onun hörmətini saxlayırdım. O da mənim xətrimi çox istəyirdi. Ona görə bir təhər əsəblərimi cilovladım, yoxsa, az qalmışdı onları düşərgədən qovum, çıxıb getsinlər.
Sonralar öyrəndim ki, bu "qoçaqlar” xəndək qazmaq əvəzinə çayda çoxlu sayda partlayış edərək balıqları məhv etmiş və öz yaramaz hərəkətlərinin mahiyyətini anlamadan çaya, ətraf mühitə ağır zərbə vurmuşdular. Hələ, yığa bilmədikləri nə qədər balığı da çay aparmışdı. Təbiətə qarşı bu qədər amansızlıq, qəddarlıq görməmişdim. Təbii ki, onların bu çirkin əməlləri cavabsız qalmadı, mənim təkidimlə rəis onları işdən qovdu, amma Torağayçaya olan olmuşdu.
Belə savadsız, cahil insanların ucbatından meşələrimizdə heyvan, çaylarımızda balıq tükənmək üzrədir, bəs gələcək nəsillərə nə qoyub gedirik? Yaxşı xatırlayıram, elə həmin hadisədən bir il əvvəl Keçəldağın ətəklərində Tonaşen kəndindən Valera adlı bir erməni ayı, digər iki erməni fəhləmiz isə cüyür ovlamışdı. Mən onların da "dərsini” vermişdim, lazımi yerlərə bildirəcəyimlə qorxutmuşdum. Təəssüflər olsun ki, bu cür nadanlıqlar hələ də davam edir. Aydındır ki, Qubada o cüyür ovlayanı cərimə edib buraxacaqlar, amma düşünürəm ki, bu, azdır. Məsuliyyəti daha da artırmaq üçün bu sahədə qanunlarımız sərtləşdirilməli və eyni zamanda, kütləvi informasiya vasitələri ilə ciddi maarifləndirmə işləri aparılmalıdır.
Rəşid Fətəliyev
geologiya-mineralogiya elmləri namizədi
banner

Oxşar Xəbərlər