AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Topaz» qumarxana deyil» - müsahibə

«Topaz» qumarxana deyil» - müsahibə

Müsahibə
07 Mart 2013, 09:08 8536
“Guya ki, “Topaz” gənclərin asudə vaxtlarını təşkil etmək məqsədilə yaradılıb. Amma insanlar evlərini uduzur, həyatlarını mənəviyyatsız bir şeyə həsr edirlər. Gənclərimizin mənəvi-fiziki sağlamlıqları ilə bağlı bizim Olimpiya komplekslərimiz var. Gündən-günə xərçəng xəstəliyi kimi yayılan bu “Topaz” deyilən yerləri bağlamaq lazımdır”. Bu fikirlər Milli Məclisin martın 5-də keçirilən iclasında səsləndirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi «Azəridmanservis» MMC-nin baş direktoru Azər Məhərrəmov «Kaspi»yə müsahibəsində «Topaz»ın fəaliyyəti ilə bağlı səslənən fikirlərə münasibətini bildirib.

Bir manat böyük pul deyil

- Azər müəllim, «Topaz» haqqında səslənən fikirlərə münasibət bildirməzdən öncə bu ideyanın meydana gəlməsi barədə danışa bilərsinizmi?
- Hər şeydən öncə ən vacib məqamı vurğulayım ki, dövlət idman mərc oyunlarına qanuni şəkildə icazə verir. Bununla bağlı Nazirlər Kabinetinin 3 əsas qərarı var. Burada konsepsiya əsasən iqtisadi məsələ ilə bağlıdır.
Hazırda ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərilirir və vəsait ayrılır. Son illər idman Azərbaycanda o qədər genişləndi ki, yeni mənbələrə ehtiyac yarandı. Bu gün “Topaz”ın dövriyyəsindən 4,2 faiz vəsait “Azəridmanservis” dövlət müəssisəsinin hesabına gəlir. Bunun əsasında ayrı-ayrı federasiyalar, nazirlik, idmançılar və bununla bağlı səfərlər maliyyələşdirilir. Ümumilikdə bizim konsepsiyamız idmanı maliyyələşdirmək və dəstəkləmək, o cümlədən, idmana marağı artırmaqdan ibarətdir. Axı, futbol təkcə bir stadion, bir oyunçu və ya topdan ibarət deyil. Futbol dünyada həyat tərzidir. Bu oyuna marağı artırmaq üçün stadionu azarkeşlərlə doldurmaq lazımdır. Bu isə inzibati yolla, yəni diktə üsulu ilə mümkün deyil. Ora insanları dəvət etmək üçün müəyyən alətlər olmalıdır. Bunun üçün dəstək və ya fan-klublar yaradılır. Orada oturur, çay içir, idmanı izləyir, eyni zamanda, mərc edirlər. İnsanların marağı bu məkanlarda yaradılır, sonra isə onlar stadionlara gedirlər. Bu, qumar və ya kazino deyil. Bu, hər şeydən əvvəl insanların idman oyunları haqqında dünyagörüşünü artırır. O, özü üçün hər hansı oyunla bağlı müəyyən şeyləri araşdırandan sonra mərc edir. Bir manat mərc edərkən o, uda da, uduza da bilər. Ancaq bir manat elə böyük pul deyil, deyək ki, bu, hər hansı bədbəxtçiliyə yol açsın. Bu, normal insana ünvanlanmış bir işdir. Bizim qara bazardan fərqli olaraq basketbol, valeybol, xokkey oyunlarımız var, başqa oyunlar da gündəmdədir. «Topaz» təkcə futbol mərc oyunları yox, idman mərc oyunlarıdır. Biz bunu yaradandan sonra Azərbaycanda idmana marağın artdığını müşahidə etdik. Hətta, insan burda mərc edir, sonra gedib stadionda oyunu izləyir. Biz bu strukturun təqdimatını keçirərkən əvvəlcə Azərbaycan oyunlarını proqrama daxil etmək istəmədik. Amma sonradan Azərbaycan futboluna böyük diqqət yönəldiyini görüb, ölkə futbolunu da proqrama daxil etdik. Hətta keçən il «Topaz» brendini 3 illik müqavilə ilə Premyer Liqanın adına daxil etdik. İndiyə qədər futbol klubları yayım üçün telekanallara pul verirdi. Biz bunu dünya standartlarına uyğun olaraq tərsinə dəyişdik. Bu gün hər hansı bir futbol klubu həmin yayımdan qazanmalıdır. Bunu ilk dəfə «Topaz» həyata keçirdi. Yavaş-yavaş bu işlər sivilləşir. Bizim konsepsiya idxal olunmuş konsepsiyadır. Biz bunu Türkiyədən gətirərək Azərbaycan mövcudluğuna, qanunvericiliyinə uyğunlaşdırdıq. Gənclər İdman Nazirliyi, Vergilər Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi əsas partnyorlarımızdır.

- «Topaz»ın gəlirləri şəffafdırmı və əsasən hansı istiqamətə yönəldilir?
- 100 faizlik dövriyyə var. 6 faizi vergiyə gedir. Keçən ilin nəticələrinə görə, 118 milyon dövriyyə olub. Təkcə vergiyə aid olan rəqəm 7 milyon 81 min manat təşkil edib. Şirkətin keçən il 4 milyon manatdan artıq gəliri olub. Gəlirimizin 30 faizi AFFA-ya yönəlir. Yerdə qalan 70 faiz Atçılıq, Milli Karate, Ağır Atletika, Boks, Tennis, Uşi Federasiyalarına, MOK-a yönəlir. Eyni zamanda, ayrı-ayrı gənc tenisçiləri yetişdiririk. Azərbaycan idman heyətlərinin maliyyələşdirilməsini həyata keçiririk. Rəqəmlər də kifayət qədər ciddi rəqəmlərdir. Təkcə Karate Federasiyasına 200 min manatdan artıq pul verilib. Vəsaitlər də sadəcə, havaya sovrulmayıb. Biz orada iştirak etmişik. 50-yə yaxın ölkənin nümayəndəsi yarışlara qatılıb. Bu yarışların hamısı bizim şirkət tərəfindən maliyyələşib. Bir sıra olimpiya komplekslərinin təchizatı məsələləri də bizim planlara daxildir. Şirkət tərəfindən xərclənən pulların ciddi nəticəsini görürük. Bu gün bizim fəaliyyətimizdən qazanan əsas tərəf idman və Azərbaycan dövlətidir.

“Qara bazar”la mübarizə

- İndi isə iradlardan danışaq. Bu günlərdə Milli Məclisdə «Topaz»ın ünvanına kəskin fikirlər səslənib. Bəzi deputatlar mərc oyunlarının insanlara bəla gətirdiyi, gənclərin tərbiyəsini pozduğu və s. fikirlər vurğulanıb. Ümumiyyətlə mərc oyunlarını cəmiyyətdə qumar oyunları ilə eyniləşdirənlər var. Səslənən iradlara münasibətiniz necədir?
- Milli Məclisdə səslənən fikirlər əsasən «Topaz»a aid ola bilməz. Ümumiyyətlə, hər hansı bir məsuliyyətli iş barədə danışdıqda, ilk növbədə məsələ araşdırmalıdır. Bu gün ölkədə rəsmi və ya qeyri-rəsmi bir totalizator var. 10 ildən artıqdır ki, bu, kök salıb. Xüsusilə futbolla bağlı bu işi yaradıblar və onunla məşğul olan insanlar var. Bu gün bu məsələyə toxunanda, «gənclərimizlə, mənəviyyatımızla bağlı problem var» deyəndə, araşdırmaq lazımdır ki, bu, sırf «Topaz»la bağlıdır, yoxsa yox? Bu gün «Topaz»ı vurmaq istəyəndə, bu mövzuya toxunurlar. Biz bilirik ki, həqiqətən “qara bazar”la bağlı ciddi problem var. Həmin sahə kriminallaşıb və pulların xərclənməsi ilə bağlı problemlər mövcuddur. Bilirik ki, pullar Rusiyaya axır. Çünki proqramı Rusiyadan alırlar. Orada böyük dövriyyələr var. Araşdırmalarımıza görə, bunun Azərbaycanda bir milyard manata yaxın dövriyyəsi var. Bunun 15 faizi «Topaz»a aid ola bilər. 85 faizi isə «qara bazar»a aiddir. Bu, ciddi bir rəqəmdir. Bu, böyük bazarda «Topaz»ın gəliri maksimum 15-20 faizdən artıq deyil. «Qara bazar»da mərc qoyanda yaşayış evinin «kupça»sı, etibarnamə gətirirlər, müəyyən tapşırıqlar, zənglər, «nisyə» sövdələşmələr olur. Sonradan pulu gətirir, ya gətirmirsə, bu kriminallar yaradır. «Qara bazar»da mərc üçün limit-filan yoxdur. İndiyə qədər «Topaz»la bağlı ciddi bir problem eşitməmişik.

- «Qara bazar»la mübarizə metodları hansılar ola bilər?
- Bizim Gənclər və İdman Nazirliyi olaraq “qara bazar”la mübarizə aparmaq səlahiyyətimiz yoxdur. Bunun üçün müvafiq qurumlar var. Ona görə də bu günə qədər bu məsələyə toxunmamışıq. Həmin pullar Rusiyaya axır, onun vergisi, nəzarəti, idmana və ya hər hansı dövlət strukturuna aidiyyatı yoxdur. Orada olan dövriyyələr nəzarətsiz pullardır. Bildiyimə görə, «qara bazar»la mübarizə aparılır. Bizim partnyorlarımız bununla mübarizəni ciddi şəkildə həyata keçirirlər. Eşitdiyimə görə, bəzi məntəqələr bağlanır, müəyyən istintaq işləri gedir. Amma yenə deyirəm, bir məsələ ki, 10-15 ildir kök salıb, onu bir gündə çözmək çətin məsələdir. Çünki “qara bazar” mövcuddur və çox ciddidir. Əgər “qara bazar” pul qoyuluşunu 30 min qəbul edirsə, onlar mənim fikirlərimlə razılaşmaya bilərlər. Bilirəm ki, lazım olanda 50 min, 100 min qəbul edirlər. Kriminal hadisələr də oradan başlaya bilər. Demək, o insanlar həmin pulu evinin sənədi, borc, kredit, kiminsə etibarnaməsi, kiminsə sözü əsasında həyata keçirirlər. Bizdə isə qaydalara əsasən hər hansı bir şəxs gəlib oynayarkən 1 manatdan 2500 manata qədər pul qoya bilər. İndi biz mərci tək oyunlar üçün 249 manata endirmişik. Hətta, MançesterYunayted-Real kimi komandaların oyununa belə 250 manat qoymaq olmaz. Ümumi kupon olsa orada 999 manat oynaya bilər. Bir də udulan məbləğ 250 min manatdan artıq ola bilməz. Bunlar “qara bazar”a qətiyyən aidiyyatı olmayan limitlərdir. Fikirlər səsləndirirlər ki, insanlar evlərini satıb bu bazara qoyurlar. Ancaq evin qiyməti ilə 999 manatın dəyəri çox fərqlidir. Bu, eyni zamanda, əyləncədir. İnsan pis işlərlə də, yaxşı işlərlə də məşğul ola bilər. Bu da bir variantdır. Bu, artıq insanların həyat tərzinə çevrilir. Konservativ ölkələrdə də bu layihə fəaliyyət göstərir. Məsələn, Rəcəb Tayyib Ərdoğan konservativ bir partiyanın rəhbəridir. Əgər bu məsələnin xeyri olmasaydı, bu dövlət həmin işi qapadardı. Ancaq bir halda ki, dövlət və idman bu işdən yararlanırsa, onu niyə bağlasınlar? Tutaq ki, biz bunu bağladıq, insanlar onsuz da “qara bazar”a gedəcək və yaxud internetdən saytlar vasitəsilə oynayacaqlar.

Yeniyetmə problemi

- «Topaz» məntəqələrində 18 yaşdan aşağı gənclərin mərc etdikləri ilə bağlı iradlar var. Hətta, bəzi kontorların 18 yaşdan aşağı yeniyetmələr tərəfindən işlədildiyi bildirilir.
- Qaydalara əsasən 18 yaşdan aşağı olan şəxs məntəqəyə daxil ola bilməz. Biz bir-iki dileri cəzalandıraraq lisenziyasını əlindən almış və həmin məntəqəni bağlamışıq. Əgər belə hal varsa, demək, sabah da təkrarlana bilər. Yenə də belə faktlar varsa, çox pis haldır. Mənim vətəndaşlardan xahişim odur ki, belə hallarda dərhal bizim call-center-ə müraciət etsinlər. 24 saat ərzində call-center fəaliyyət göstərir. Hər hansı bir problem, sual varsa, hər kəs müraciət edə bilər. Hər bir müraciət nəzarət altındadır. Biz dərhal məsələni araşdırıb həmin məntəqəyə nəzarəti gücləndirərik. Belə fakt olanda biz məntəqəni qapadır, lisenziyanı alan insanın adını qara siyahıya daxil edirik. O şəxs hətta, 5 ildən sonra da bizdən lisenziya ala bilməz. Hətta, bizə bəzən lisenziyanı alan adamın məntəqədə «qara bazar» yaratması haqqında məlumat çatır. Təxminən 15-20 məntəqəni biz buna görə qapatmışıq.

- “Qara bazar”a pul qoyanlar deyirlər ki, «Topaz»a pul qoymaq sərf etmir. O mənada ki, burada az uduş verirlər.
- Düzdür, bu, 69 faizdən irəli gələn məsələdir. Biz bu məbləği uduşlar kimi paylayırıq. 69 faizi 80 faizə gətirib çəkəndə o zaman əmsallar artır. Əmsallar artdıqca insan daha çox qazanır. Yerdə qalan 20 faiz vergi, idman, diler və şirkətin qazancı və başqa məsələlərdir. O zaman şirkət gərək başqa bir mənbə tapsın, oradan pul xərcləsin. Bu isə uçurumdur, biznes deyil. Əgər sən “qara bazar”sansa, idmana, vergiyə heç nə vermirsən, dilerlə sözləşmən var. Sonda ən azı 15 faiz rahatsan. Əlbəttə ki, sənin əmsalların daha yüksəkdir. İnsan qeyri-rəsmi hovuzdan istədiyi şəkildə istifadə edirsə, bu, onun üçün daha sərfəlidir. İnsanlar başları ağrımamaq üçün indi «Topaz»ı seçirlər. Çünki burada inanılmaz dərəcədə şəffaflıq var. Biz bütün işləri bank transferi əsasında həyata keçiririk. Udan şəxs 2000 manatdan artıq pulu məntəqədən ala bilməz və yalnız bank vasitəsilə əldə edə bilər. Əgər idman mərc oyunlarında rəsmi tərəfdən təşkil olunubsa, birmənalı şəkildə şəffaflığı təmin etmək mümkündür.

- Dünya ölkələrində də «qara bazar»ın fəaliyyəti varmı?
- Bu yaxınlarda Parisdə Avropa Şurasının müvafiq strukturunda bu məsələyə həsr olunan tədbirdə iştirak etdim. Orada çox gözəl müzakirələrin şahidi oldum. Sən demə, “qara bazar” hər yerdə var. Hətta, İngiltərənin özündə də «qara bazar» fəaliyyət göstərir. Sadəcə, “qara bazar”ın faiz dərəcəsi var. İngiltərədə faiz dərəcəsi aşağıdır. Türkiyədə, Amerikada çox ciddi bir rəqəm var. O cümlədən, Asiya ölkələrində və Çində bu rəqəmlər ciddidir. Bəzi ölkələrdə problem güc strukturları, bəzilərində iqtisadi alətlər vasitəsilə həll olunur. Asiya ölkələrinin birində “qara bazar” dövlət strukturlarını maliyyələşdirir və dövlət də ona «zontik» yaradır. Çünki «qara bazar» o ölkəyə turizmin cəlb olunmasında əsas vasitələrdən biridir.

- Bildiyim qədər xarici bukmeyker saytlarını ləğv etməklə bağlı müraciətləriniz olub. Rəqabətə tab gətirməməkdən ehtiyat edirsiniz?
- İnzibati Xətalar Məcəlləsində müəyyən dəyişikliklər baş verdi. Buna əsasən qeyri-rəsmi məntəqələr bağlanmalıdır. Bu barədə iş gedir. Saytların bağlanması da gündəmdədir. Bizim əməliyyat şirkətinin marağı odur ki, saytlar vasitəsilə rəqabət aparmaq bir qədər çətin olar. O saytlarda əmsalların azca da olsa fərqləri var.

- Hərdən açıqlayırsınız ki, 1 manat pul qoyub böyük məbləğdə uduş qazananlar var. Ancaq həmin adamları heç kim tanımır.
- Əlimdə olan bir sənədə görə, bir insan 15 manat pul qoyub və 7383 manat udub. Ancaq o, sonradan öz telefonunu bağladı və bizim nəzarətimizdən çıxdı. Onu gedib hardansa axtarıb tapmaq bizim səlahiyyətimiz deyil. Deyib ki, uduşunun reklam olunmasını istəmir. Eləcə də rayonların birində çalışan bir əcnəbi 2 manat mərc etdi və 187 min manat pul uddu. O da telefonunu söndürdü. Bəzi insanların təbiəti belədir: əgər udmuşamsa, özümü təbliğ etmək istəmirəm. Bu cür hallar az olmayıb.

Təranə Məhərrəmova