• cümə, 19 Aprel, 13:30
  • Baku Bakı 25°C

Top atdım, dolu dağıtdım

23.05.17 11:30 2819
Top atdım, dolu dağıtdım
Sovet vaxtı Azərbaycanda kənd təsərrüfatında dolu dağıdan toplardan istifadə edilib. Kənd təsərrüfatına zərə vura biləcək buludlar bu toplardan atəş nəticəsində dağıdılırmış, nəticədə dolu yox, sadəcə, yağış yağırmış. Yəni, dolu yağdıran buludların törədə biləcəyi təhlükə minimum həddə endirilirmiş və bununla da təsərrüfatlar az zərər görürmüş.
İndi bu toplardan bizdə yoxdur, amma qonşu ölkə Gürcüstanda geniş tətbiq edilir. Hazırda Azərbaycanda kənd təsərrüfatının inkişafı prioritet sahələrdəndir. Dövlət bu istiqamətdə fermerlərə, kənd təsərrüfatı ilə məşğul olanlara lazım olan köməyin göstərilməsi üçün xeyli işləri görür. Lakin dolu yağan zaman kənd təsərrüfatı böyük zərərlə üzləşir. Necə ki, bir neçə gün öncə bəzi rayonlara düşən dolu, kənd təsərrüfatına mənfi təsirlərini vurdu. Bu fövqəladə hadisə isə demək olar ki, hər il təkrarlanır.
Kənd təsərrüfatının inkişafından söhbət gedirsə, kəndlinin məhsulunun təbii hadisələr zamanı az zərər görməsi üçün də işlər görülməlidir. Bəs sovet vaxtı tətbiq olunan həmin üsulu bu gün bərpa etmək, kəndlilərin bu problemini topçilarla həll etmək olmazmı? Qeyd edək ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrəStrateji Yol Xəritəsi”ndə bu məsələdə də əks olunub. Doludağıdan topların alınması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.
"Dağlıq ərazilərdə bu, kənd təsərrüfatı üçün effektiv olardı”
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev "Kaspi”yə açıqlamasında bildirdi ki, dolu və güclü yağış məhsuldarlığa mənfi təsir göstərir. Buna görə də, doludağıdan topların tətbiqi effektli olar: "Məsələn, taxıl biçiminə yaxın güclü yağışların yağması, dolunun düşməsi sahədən məhsulun yığılmasını çətinləşdirir, həmçinin məhsulun əhəmiyyətli dərəcədə məhv olmasına gətirib çıxardır. Düzdür, bitkiçilikdə havanın yağmurlu keçməsinin bitkilər üçün əhəmiyyəti vardır, amma bu da müəyyən inkişaf mərhələlərində lazımlıdır. Digər vaxtlarda, xüsusən çiçəkləmə və məhsul yığımına az qalmış ərəfədə artıq miqdarda yağışların yağması və ya dolunun düşməsi kənd təsərrüfatına böyük ziyanlar vurur. Bu həmçinin müxtəlif növ xəstəliklərin, xüsusən göbələk xəstəliklərinin genişlənməsində özünü göstərir.
Vaxtilə yağışın uyğun olmayan dövrdə və güclü yağmasından yarana biləcək ziyanın qarşısını almaq məqsədilə doludağıdanlardan istifadə olunub. Sinoptiklərdən əldə olunan məlumatlar əsasında həmin toplarla zərərli buludlar dağıdılıb, ərazidən uzaqlaşdırılıb. Doludağıdan toplardan yenidən istifadə olunarsa, xüsusən dağlıq ərazilərdə bu, kənd təsərrüfatı üçün effektiv olardı”.
"Toplarda istifadə olunan tozlar yerdən götürülür”
Ekspert Çingiz İsmayılov deyir ki, həmin toplar yağışın istiqamətinin müəyyən qədər dəyişilməsi və dolunun zərərlərinin qarşısının alınması üçün effektli qurğudur: "Vaxtilə buludların yağma istiqamətini tənzimləmək üçün bu qurğudan bizdə istifadə edilib. Topun əsas məqsədi odur ki, həmin buludda tozu yayır və o toz da yağıntıya səbəb olur. Əgər hansısa əraziyə yağış yağdırmaq lazım olurdusa, orada buluda top atılırdılar. Yaxud hansı əraziyə yağmasını istəmirdilərsə, bu zaman o əraziyə çatmamış buludu dağıdırdılar ki, ora düşməsin”.
Ekspertin sözlərinə görə, o qurğularda kimyəvi yox, adi tozlardan istifadə edilir və onların ekologiyaya hər hansı zərəri yoxdur: "Son vaxtlar Bakıya yağış yağanda çirkli olduğunu görürük. Çünki Bakıda 500-dən çox yeni bina tikilir. O tikinti zamanı əmələ gələn tozlar havaya qalxır. Həmin toplarda istifadə olunan tozlar da yerdən götürülür. Xüsusi aqreqatda emal olunduqdan sonra hərbi sursata qoyulur və havaya atılır. O sadəcə, həmin buxarın yağış şəklində düşməsi üçün kondensasiya olmalıdır. Toz, qum olmalıdır ki, orada o buxar kondensasiya olub ağırlaşsın və yağış halında yerə düşsün, yaxud dolunu dağıtsın. Dolu dağıdılan zaman isə yerə buz parçası kimi yox, yağış şəklində düşür. Ekoloji baxımından təhlükəli deyil”.
Ç.İsmayılov bildirdi ki, bu qurğulara yağıntı çox olan ərazilərdə daha çox ehtiyac var: "Şəki-Zaqatala, Astara-Lənkəran kimi yerlərdə yağış çox olur. Yağıntı çox olan yerlərdə buna ehtiyac var. Quraq zonalarda isə əgər bulud yoxdursa, orda zorla yağış yarada bilməzsən. Quraq yerdə yağışı yaratmaq çətindir. Ancaq buludun lazım olmayan yerə çatıb yağıntıya səbəb olmasının qarşısını almaq üçün doludağıdan vasitəsilə yağışı başqa bir yerdə öncədən yağdırmaq mümkündür”.
"Bu məsələlər yalnız fövqəladə hadisə baş verəndə gündəmə gəlməməlidir”
Azərbaycan Dövlət İqtisad Universitetinin dosentiQadir Bayramlının sözlərinə görə, bu məsələlər yalnız fövqəladə hadisə baş verəndə gündəmə gəlməməlidir: "Doludağıdan topların yenidən istifadəsi məsələsi 2012 və 2014-cü illərdə gündəmə gəlmişdi. Çünki həmin illərdə ölkədə yüzlərlə hektar əkin sahələri doludan zərər görmüşdü. 4-5 il əvvəl müvafiq idarələrin rəsmiləri də doludağıdan topların alına biləcəyini söyləmişdilər. Düşünürəm ki, bu kimi məsələlər yalnız fövqəladə hallar baş verən zaman gündəmə gəlməməlidir. Fövqəladə hallara hər zaman hazır olmaq lazımdır. Bununla bağlı proqramlar hazırlanıb həyata keçirilməlidir. İndi bu məsələnin həlli də Strateji Yol Xəritəsində əks olunub. Ümidvaram ki, müvəffəqiyyətlə həyata keçiriləcək”.
Q.Bayramlı deyir ki, kənd təsərrüfatının dolu yağan zaman zərərlə üzləşməməyi üçün geniş proqram həyata keçirilməsinə ehtiyac var: "Sovet dövründə doludağıdan toplardan istifadə edilib. Amma 90-cı illərin əvvəlində müharibə bölgəsinə aparılıb. Sonrakı dövrdə o toplardan meteoroloji şəraitin kənd təsərrüfatı baxımından yaxşılaşdırılması üçün istifadə edilməyib. Düşünürəm ki, o cür qurğular alınmalıdır. Çünki hər il təxminən 20 faiz məhsul məhz doluvurma nəticəsində itkiyə gedir. Bu sahədə geniş bir proqram həyata keçirilməlidir. Həm dəqiq hava proqnozu olmalı, həm də rayonlardakı meteoroloji şəraiti öyrənmək əhəmiyyətlidir”.
"Azərbaycanda Ukrayna təcrübəsinin tətbiqi daha səmərəli olar”
Q.Bayramlının sözlərinə görə, doludağıdan ibtidai toplar təxminən 150 il əvvəl İtaliyada istifadə olunmağa başlayıb. Bu gün bir çox ölkələrdə geniş şəkildə tətbiqi həyata keçirilir: "Həmin dövrdə topları əllə idarə edirdilər və karbit maddəsindən istifadə olunurdu. Amma indiki dövrdə tətbiq olunan avadanlıqda asetilen qazından istifadə olunur və məsafədən idarə edilir. Fransa, Belçika, Avstriya, İspaniyada üzümçülər, bağçılar uzun illərdir ki, doludağıdan toplardan effektiv şəkildə istifadə edirlər. Son dövrlərdə Yeni Zenlandiyada belə avadanlıqlardan geniş şəkildə istifadə olunur.
Belçika məsələsi daha maraqlıdır. Orada xəbərdarlıq sistemi var. O, problemin həllinin birinci mərhələsini təşkil edir. Belçikada bununla yerli hidrometeorologiya idarəsi məşğul olur. Fermerə onun ərazisində doluya səbəb olacaq meteoroloji şəraitin yaranması haqqında sms məlumat verirlər. Fermer də həmin məlumat əsasında ərazisində doludağıdan qurğuların istifadəsini həyata keçirir”.
Müsahibim bildirdi ki, gələcəkdə Azərbaycanda Ukrayna təcrübəsinin tətbiqi daha səmərəli olar: "Oradakı sistem 200 kilometr radiusda doluya səbəb olan buludları aşkar edir, sonra kompüterdə yerləşdirilmiş xüsusi proqramın köməyi ilə operator, həmin buludların hərəkətini müşayiət edərək sms və ya telefon zəngi ilə doludağıdan qurğunun işə salınmasına gərək olduğunu müvafiq şəxslərə bildirir”.
Q.Bayramlı bu cür qurğuların qiymətlərinin təxminən 42 min avro civarında olduğunu dedi. Eyni zamanda qeyd etdi ki, müasir doludağıdan qurğuların ölkəmizdə istifadəsi üçün kadr hazırlığına ehtiyac var. Çünki onların istifadəsi müəyyən texniki bilik və bacarıqlar tələb edir.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər