Tolstoyun “Anna Karenina” romanında həyat ağacı: romanın finalında dünyanın mifopoetik modelinin təsviri
L.Tolstoyun "Anna Karenina” romanının bədii
tamlığı haqqında bir neçə nəsil filoloqların düşüncələri əsasında romanın
fenomenini yaradan "sonsuz dolaşıq labirintlər”ini tapmaq mümkün olmuşdur.
Romanın leytmotivləri tapılmış, "Anna Karenina”nın tematik tamlığı tədqiq
edilmiş, romandakı iki paralel süjet xətlərini birləşdirən açar sözlər qeydə
alınmışdır. Müasir tədqiqatçıların diqqətini Anna və Levinin romandakı süjet
xətlərinin ən yüksək həddə – daimi həqiqətdə birləşməsi haqqında mifoloji
sətiraltı mənası cəlb edir, V.Y.Vetlovski, Q.Y.Qalaqan, A.Q.Qrodetskinin
araşdırmalarında Tolstoyun romanında şifrələnmiş arxaik süjetlər gözdən
keçirilir.
Mətnin dərin
semantikasının aşkarlanması bədii motivlərin və obrazların mifoloji kontekstdə
nəzərdən keçirilməsindən sonra mümkün olur. Y.M.Meletinskinin (Yeliazar
Moiseyeviç Meletinski, 1918-2005. Filoloq, mədəniyyət tarixçisi. Nəzəri folklor
tədqiqat məktəbinin banisi – X.N.) fikrincə mifologizm pafosu "gündəlik
hadisələrdə gizlənən və hər hansı tarixi dəyişikliklər zamanı dəyişikliyə məruz
qalmayan daimi və əbədi prinsiplərin aşkarlanması”ndan ibarətdir. Bu məqalədə
"Anna Karenina” romanının mətnində "gizlənən”, əsərin finalının yeni təfsirinə
imkan verən bir çox mifologemləri aşkara çıxarmağa cəhd edəcəyik.
"Anna Karenina” romanının açar səhnələrindən
biri Boloqomdakı çovğun səhnəsi hesab edilir. Tədqiqatçılar səhnənin simvolizmini
birmənalı olaraq qeyd edərək onun qədim rus agioqrafiyası ilə (Agioqrafiya
müqəddəs şəxsiyyətlərin həyat tərzi. Agioqrafik ədəbiyyat ilk xristian
şəhidləri haqqındakı əhvalatlar əsasında meydana gəlmişdir – X.N.) əlaqəsini göstərmiş – çovğunu qədim
rus həyatında ehtiras-çovğunu obrazı ilə əlaqələndirmiş, çovğun "dinamikası”
qatarında baş verən hadisələrin, "Annanın daxili aləmində baş qaldıran
hərəkətin” statikliyini gözdən keçirmişlər. Tədqiqatçılar A.S.Puşkinin
"Əcinnələr”i ilə Boloqomdakı "insanı yoldan edən çovğunla birləşən əcinnə
oyunları haqqındakı təsvirlər”lə dolu səhnələrin daxili əlaqəsini sübut
ediblər.
Daha bir vəziyyəti
qeyd etmək lazımdır. Annanın son günü ilə bağlı epizodda Boloqomdakı çovğun
gözlənilmədən "güclənir”: "...onun qəlbində tufan vardı, hiss edirdi ki,
həyatın dəhşətli nəticələrə gətirib çıxara biləcək dönüş nöqtəsində dayanıb...”
Annanın "eşq
macərası” (Kiti "onun macərasının qəhrəmanını” tanımaq arzusundadır) çovğunun
vasitəsilə kompozisiya halqasında kilidlənir. Çovğunla məhdudlaşan sərhəddən
kənarda Annanın həyatı bitir. Əcinnə müəmması ünsürləri Anna üçün yeganə
həqiqətə çevrilir.Romanın əsas
süjetlərindən birinin Boloqomdakı səhnə olduğunu düşünsək, o zaman şübhəsiz ki,
ikinci süjetin kitabın finalında, Levinin həyatın mənasını dərk etdiyi epizod
olduğunu söyləyə bilərik. Anna çovğun ünsürü ilə, Levin ildırım ünsürü ilə,
şimşəyin sındırdığı palıdla bağlıdır. Əvvəlki ildırım səhnəsi olan epizod
əsaslı məna yükü daşıyır. Həmin səhnəyə diqqət edək. Romanın səkkizinci hissəsinin
əsas mövzusu həyat həqiqətlərini axtaran Levinin mənəvi böhranıdır. Levinin
yeni bilgilər əldə etdiyi gün olduqca ətraflı təsvir edilib. Belə hesab edilir
ki, romanın finalının bədii dünyasını yaradan detallar əsaslı məna yükünə
malikdir. "Levin qarşısına baxdıqda sürü, ardınca qara atlara qoşulan arabasını
gördü, sürüyə yaxınlaşan arabaçı isə çobanla nə barədəsə danışdı”.
Qeyd edək ki, Levinin
gördüyü dünya, sürü və çobanların olduğu Bibliya təsvirlərini xatırladır. Adama
elə gəlir ki, bu ani idilliyaya Sergey İvanoviç Koznışev və Katavasovla
slavyanların balkan müharibəsindəki missiyası barədə baş tutacaq ağır söhbət
qarşı gələ bilər. Amma söhbət göy qübbəsinin, uşaqların, arıların, çiçəkli
cökələrin, təravətli balın, çörək və tərəvəzin sonsuz məkanı fonunda davam
edir. Pətəklərin sahibi – ikona təsvirli siması olan qoca "Əlində balla dolu
fincan saxlayan çal düşmüş qara saqqalı, cod, gümüş saçlı, yaraşıqlı qoca
tərpənmədən dayanmış, nəvazişlə və sakitcə cənaba tərəf baxırdı...”. Qocanın
təsviri ikonada gördüyümüz müqəddəsin təsvirini xatırladır.
1859-cu ildə
A.N.Afanasyev (Aleksandr Nikolayeviç Afanasyev, 1826-1871. Folklor
araşdırmaçısı, tarixçi, ədəbiyyatçı, slavyan xalqlarının mədəniyyət
tədqiqatçısı – X.S.) tərəfindən "rus xalq əfsanələri” nəşr edilib. Tolstoy bu
nəşri oxumuş və sevmişdi. Topluda müqəddəslərin Rusiyada yolçu görünüşündə
dolaşdığı "Peyğəmbər İlya və Nikola” adlı rəvayət var: "Bir dəfə Peyğəmbər İlya
Nikola ilə gedirdi... talada... gəzərkən ətrafı seyr edirdilər...”. Əsərin
pətəklikdəki kulminasiyasında şimşəyin sındırdığı palıd təsvir edilir və
Kitinin, dayənin və uşağın möcüzəli xilası olan günün sonunda isə ildırım
çaxır.
Yuxarıda sadalanan
detalları bir yerə toplasaq romanın finalının tam dəqiq mifopoetik mənzərəsini
əldə etmiş olarıq. Rusiyanın kilsə və folklor ənənələri Incildə adı qeyd
edilmiş peyğəmbər İlyanı bütpərəst Perunun sələfi hesab edirdilər. "Slavyan
ənənələrində peyğəmbər İlya hər şeydən əvvəl şimşək, yağış, eləcə də bərəkət,
yay məhsulla əlaqələndirilən personaj olaraq çıxış edir”. "Xalq inanclarına
görə Müqəddəs peyğəmbər İlya qüdrəti ilə hətta mələklər üzərində də hökm edir,
şimşəklə xristian dünyasının bütün azğın və xəyanətkar qara qüvvələri üzərində
guruldayır. Öz alovlu, bəzən də daşdan olan oxları ilə qaranlıq aləmin
ruhlarını heyrətləndirir”. İlya Perunda müqəddəs ağac olan palıd hesab edilir.
Şimşəyin vurduğu palıd obrazı ("birdən hər şey alovlandı, bütün yer yandı və
sanki göyün qübbəsi parçalandı”) "Peyğəmbər İlyanın alovlu doğuşu” ikonası ilə
əlaqəlidir və romanın bədii dünyasında onun varlığı haqqında danışmağa imkan
yaradır.
Romanın "sonsuz
dolaşıq labirintində” daha bir mühüm əhəmiyyət kəsb edən paralel aparmaq olar.
Seryoja Karenin qədim patriarxlar haqqındakı dərsi atasına danışarkən adları
səhv salır. "Canlı şəkildə səmaya qalxmış Yenoxdan başqa onların heç birini
tanımırdı”. Yenox "hdi-cədiddə onun sevimli siması olduğundan və Yenoxun səmaya
çəkilməsi ağlında uzun düşüncələr zənciri yaratdığı üçün o, əvvəlki dövrdə
adları yaxşı xatırlayırdı, indi isə tamamilə unudub. A.N.Veselovski yazır:
"İnanırdılar ki, ölümdən qurtulan İlya və Yenox yenidən peyda olacaq; bir çox
şərhçilər Apokalipsisin bir hissəsinə məhz bu cür məna verirdilər... İlya hələ
də yaşayır və kimsə onu tanımır; Yenox da sağdır və insanlar arasında dolaşır,
onu da kimsə tanımır”. Məhz iki peyğəmbər Yenox və İlya diri halda göyə
çəkiliblər. İlyanın səmaya çəkiləndən sonrakı taleyi haqqında deyilir ki,
"cənnətdə əməli salehləri müşayiətçisidir və günahkarların ruhunu cəhənnəmdən
xilas edir... o, quş kimi bütün dünyanı dolaşır və ilahinin müdaxiləsi gərək
olduğu yerlərdə peyda olur”. Yenotun məhz romanın
beşinci hissəsində xatırlanmasının öz mənası var və əgər onu romanın finalında
gözəgörünməz halda iştirak edən peyğəmbər İlya ilə əlaqələndirsək, xüsusi məna
kəsb edəcək. Məhz bu iki peyğəmbərə Annanın "günahkar qəlbi”ni xilas etmək
müvəffəq olur. Buna görə də Seryoja təkcə Yenoxu xatırlayır, amma o "ilahi
müdaxilə” edərək Konstantin Levinin qəlbini imana gətirməyə müvəffəq olur.
Tolstoyun romanının
mifoloji sətiraltısını nəzərdən keçirərkən daha bir vəziyyəti nəzərə almaq
lazımdır: slavyan ənənələrində palıd ağacı dünyanın universal konsepsiyasını
təmsil edən dünya ağacıdır, onun həyat ağacı variantı isə həyat haqqındakı
mənalarının dolğunluğu ilə mifoloji təsəvvürü aktuallaşdırır. V.N.Toporovun
(Vladmiri Nikolayeviç Toporov, 1928-2005. Rus, Sovet linqvisti, filoloq – X.N.)
fikrincə, köhnə "dünya ağacı” dövründə "yeni dövrün kosmosuna duruş gətirən
işarəli, işarəsiz xaos” mövcud idi.
Arılar dünya ağacının
orta (yer) hissəsi ilə əlaqəlidir. "Arı Tanrının dünyasında İlahinin yaratdığı
varlıqlar arasında o qədər müqəddəsdir ki, hətta vahiməli peyğəmbər İlyanın özü
də şimşəyi ilə arı pətəyini vura bilmir. Arının sancdığı insan xalq arasında
günahkar bəndə hesab edilir”. Romanda arının xilas edilməsi epizodu iki dəfə
təkrarlanır: əvvəlcə Levin saqqalına ilişmiş arıdan "ehtiyatla qurtuldu”, sonra
Sergey İvanoviç Koznışev ehtiyatla "arını balın içərisindən çıxardı”. "Canlı
su”yun məcazi adları olan bal və şərab dirilişin emblemləridir”. Ola bilər ki,
məhz bu səbəbdən Levinin mənəvi dirilişi pətəkliyin, balın, çörəyin fonunda baş
verir.
Levinin dünyası
alt-üst olur, amma hər şeyi etiraf etdikdən sonra həyatı bütün mənası ilə əldə
edir. Arı pətəkləri də saxlanan rus malikanəsinin real məkanı, nəhəng palıd
ağacı ucalan meşə, ev, tarla müqəddəs məkana çevrilir və V.N.Toporovun
təbirincə "müqəddəs məkanlar üçün yer əldə edilir, onların vasitəsilə həyat,
varlıq öz ali mahiyyətini ortaya çıxarır”.
Beləliklə, Tolstoyun
romanında müxtəlif mənalı qatların birləşməsi baş verir: bir tərəfdən Tolstoyun
"Russkiy vestnik”in redaktoru, "Anna Karenina”nın səkkizinci hissəsini jurnalda
dərc etməkdən imtina edən Mixail Katkovla baş verən ziddiyyətləri xatırlamaq
lazımdır. Buna formal bəhanə Tolstoyun Balkan müharibəsinə hakimiyyətin rəsmi
versiyası ilə təzad yaradan münasibəti əsas götürülürdü. Amma kəskin müasir
problemlərin fonunda dünyanın universal zamandan kənar, mərkəzi həyat ağacı
olan modeli yaranır.
Annanın süjet xətti
"həyat kitabı” motivi ilə yekunlaşır. "Həyəcan, yalan və qəddarlıqla yazılan
kitabı oxuduğu şam işığı həmişəkindən daha işıqlı yandı, qaranlığa qərq olmuş
hər şeyi işıqlandırdı, titrədi, tutqunlaşdı və həmişəlik söndü”. Həyat kitabının
motivi roman boyu davam edən inkişaf dinamikasına malikdir. Romanın birinci
hissəsində Levin Puşkinin "Xatirələri”ndən sitat gətirərək ("Nifrətlə oxudun
mənim həyatımı”) əsas qəhrəmanın həyatı haqqında rəvayəti bitirir. Nəzərə almaq
lazımdır ki, məhz "İncil”də adı keçən peyğəmbər Yenox səmadakı həyat kitabı ilə
əlaqəlidir. Amma bu mifopoetik süjet ayrıca araşdırma tələb edir, elə Anna ilə
Levinin bağlı olduğu "gözqamaşdırcı işıq” süjeti kimi.
Natalya Yevgenyevna Şukina
Mənbə: "Puşkinskiye
çteniya” elmi forumu
Rus dilindən tərcümə edən: Xatirə Nurgül