• çərşənbə axşamı, 19 mart, 15:10
  • Baku Bakı 8°C

Tolstoyun Allaha və dinə münasibəti böyük müzakirə mövzusudur

17.06.19 10:00 10888
Tolstoyun Allaha və dinə münasibəti böyük müzakirə mövzusudur
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz filologiya üzrə fəlsəfə doktoru, yazıçı Pərvin Nurəliyevadır. Pərvin xanımın sevdiyi əsər Lev Tolstoyun "Hacı Murad” povestidir.

- Lev Tolstoyun "Hacı Murad” əsəri hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– Təkcə "Hacı Murad” yox, Tolstoy qələmindən çıxan bir çox əsərlər ən sevdiklərim siyahısındadır. Əlbəttə, Tolstoyun ustalığı müzakirə mövzusu deyil. Dəfələrlə dünyanın müxtəlif yerlərində keçirilən sorğularda bütün zamanların ən yaxşı yazıçısı seçilən dahi klassik haqqında çox yazılıb, deyilib. Bir yandan maarifçiliyi, daha doğrusu mənəviyyatpərəstliyi, digər tərəfdən də insan uzmanı olması mənim üçün maraqlıdı. Amma həm də sənətdə didaktikanı sevmədiyim üçün məhz bu əsərini ən bəyəndiklərimdən biri saymaq olar. Tolstoy öz gündəliyində "Hacı Murad”ı yazmağa başlamasını belə qeyd etmişdi: "Özümdən gizlin əsər yazıram”... Məncə məhz bu əsərdə Tolstoy özünü ötüb keçə bilir, yəni o maarifçilik ideyasını bir az daha "gizlin” yazır... Məni də əsər məhz bu cəhəti ilə cəlb etmişdi və ötən il yazıçının yubileyi ərəfəsində cildlərini yenidən vərəqləyəndə, sevdiyim əsərlərinə təzədən qayıdanda bu povestə sevgimin daha bir səbəbini tapdım... Güclü cinsin nümayəndələrində dəyər verdiyim başlıca cəhət kişilikdir... Hacı Murad isə hansısa qəbul edilmiş qaydalara ayrı cür baxmağa sövq edir...
– Hacı Murada həm öz tərəfdaşları, həm də rəqibləri hörmət bəsləyirdi. Sizcə, bu hörmətin əsasında onun hansı şəxsi keyfiyyətləri dayanırdı?
– Məncə, elə Qafqazlılara xas olan mərdlik və kişilik xüsusiyyətləri. Bilirik ki, Tolstoyun lap əvvəldə yazıçı olmaq fikri yox idi. Sadəcə rus xalqında və cəmiyyətində gördüyü naqisliklərlə mübarizə aparmaq istəyirdi. Bir tərəfdən sadəcə əsilzadə insan kimi səxavətli olub ondan imdad diləyənlərə kömək əlini uzadırdısa, digər tərəfdən də daha böyük kütləyə xitab etməyi vacib bilirdi. Ona görə də yazmaq və əsərlərini təbliğ etmək ən uyğun vasitə idi. Və bu mənada rus mühitində gördüyü çatışmazlıqların əksini göstərmək və həm də bunları təbliğ etmək üçün ən uyğun metodlardan biri Qafqaz mövzusuna müraciət idi. İnsan ailəsindən ötrü ölümə hazırdır, ev yiyəsi qonağın şərəfini, ləyaqətini, sağlığını qorumalıdır, qadın öz abrının-həyasının, kişi öz sözünün sahibidir, insan ölər, amma əqidəsindən dönməz, dini birdir, gündə bir məzhəbə qulluq etmir – bütün bu sadaladığım qaydalar Qafqazda bu gün qalmaqdadır. Az-çox sıradan çıxsa da... Amma hər halda əsəri yazmazdan əvvəl Qafqazı, onun folklorunu və ümumiyyətlə Şeyx Şamil və Hacı Murad mövzusunu dərindən öyrənmiş yazıçı məhz elə bu cəhətləri qabartmaqla oxucusuna nümunə göstərirdi. Düşmənçiliyi də kişi kimi etmək bacarığını önə çəkirdi. Və sizin sualınıza qayıdıb deyə bilərəm ki, Hacı Muradın hörməti bütün bunların cəmi ilə bağlıydı...
– Tolstoy povestdə əvvəlcə qardaşının yerinə əsgər getmiş sıravi Avdeyevin ölüm səhnəsini, daha sonra isə Hacı Muradın qəhrəmancasına, həm də mənasız ölümünü təsvir edib. Sizcə, Tolstoy bu iki fərqli ölümü əsərində göstərməklə nə demək istəyirdi?
– Məncə, cavab elə sualın özündədir. Ümumiyyətlə, əsəri oxuduqca Tolstoyun Hacı Murada sevgisini, simpatiyasını, pərəstişini də ara-sıra hiss edirəm. Anna Kareninanın ölümünü yazanda Tolstoy ağlayırmış... İstəmirmiş ölsün. Amma qəhrəman artıq yazıçının "idarəçiliyindən” çıxıb öz "həyatını”, daha doğrusu ölümünü yaşamalı idi. Görünür, Hacı Muradın da ölümü məhz belə olmalı idi. Özünəlayiq... Bir də mən zamanla, daha doğrusu, hər dəfə yenidən oxuduqca başa düşürəm ki, Tolstoy yaradıcılığında təsadüfi heç nə olmur...
– Siz bu əsəri oxuyandan sonra Tolstoyun müharibə haqqındakı düşüncələrini necə qiymətləndirdiniz? Sizcə, bu müharibəni, bu savaşı təsvir etməyinin əsl səbəbi nə idi, "Hərb və sülh" kimi nəhəng bir əsər yaratmış yazıçını daha nə narahat edirdi?
– Haqlısınız ki, "Hərb və sülh” Tolstoy ideyalarının bir çoxunu özündə birləşdirir. Amma burda başlıca məsələ Napoleonizm ideyasını izah etmək və kütlənin, çoxluğun, xalqın bir adamın qərarı ilə, iradəsi ilə xoşbəxt olmayacağını göstərir. Yəni "hamı bir nəfər üçün” ideyası Tolstoyun qəbul etmədiyi və hansısa fəhmlə duyduğu, öncədən gördüyü problemdir. Zaman da onu haqlı çıxardı. Tolstoydan, "Hərb və sülh”dən sonra Hitler, Stalinlərin insanlığa vurduğu ziyan, faciələr çox şeyi deyir. Və bu mənada siz demiş, ürəyinin soyumayıb yenə müharibə mövzusuna qayıtması təbiidir.
– Tolstoy Hacı Muradı təsvir edərkən müxtəlif detalları qabartmışdı. Amma xüsusilə də, nə qədər mərd, mübariz olsa da, üzünün xeyirxah və uşaq kimi olmasını təkrar-təkrar oxucuya çatdırır. Onun gözəl təbəssümünü, hətta Marya Vasilyevna da çox bəyənirdi. Tolstoy qeyd edir ki, hətta artıq dünyasını dəyişmiş Hacı Muradın üzündə də xeyirxah bir ifadə vardı. Sizcə, Tolstoy Hacı Murdın xeyirxah görünüşlü olmasını niyə üzə çıxarırdı, axı o qəhrəman idi?
– Elə məsələ də bundadı. Hacı Murad qəhrəman idi və zənnimcə məhz belə olmalı idi. Yəni siz dediyiniz kimi, vuran, yıxan, mübariz, dönməz, amma eyni zamanda kövrək, həssas. Əsərdə Hacı Muradın saat hədiyyə alanda uşaq kimi sevinməsi, yaxud anasının laylasını, mahnısını xatırlayıb darıxması, qadınlara qarşı təmkinli, ağayana davranışı bu xarakteri zənginləşdirən detallardı.
– Belə bir deyim var ki, Tolstoy "Hacı Murad"ı həmişəyaşar elədi! Sizcə, onun haqqında Tolstoy əsər yazmasaydı da, o, tarixi bir şəxsiyyət kimi bu qədər populyar olardımı?
– Yox əlbəttə... Ümumiyyətlə "sənət, yaxud həyat?”, "hansı hansından üstündür?”, "elm, yoxsa ədəbiyyat?” sualları çox müzakirə olunur. Məncə çağdaş zamanda bunların sərhəddi itib. Amma bütün hallarda ən gözəl ömür, ən "tarixi” şəxsiyyət belə ədəbiyyatın, sənətin malına, qəhrəmanına çevriləndə əbədiləşir. Hələ üstəgəl bunu Tolstoy edibsə...
– Belə bir fərziyə var ki, guya Tolstoy bu əsərdə Moskva ilə Qafqaz arasındakı mürəkkəb münasibətləri işıqlandırır. Yəni povestin yazılma səbəblərindən biri də budur. Bu barədə nə düşünürsünüz?
– Bunu istisna etmək olmaz. Çünki Lev Nikolayeviç gənclik illərində Qafqazda hərbi xidmətdə olmuşdu və burda gördüyü ədalətsizliklər, rus imperiyasının kiçik xalqların nümayəndələrinə verdiyi zülmlər onu bir ömür boyu tərk eləmirdi. Gündəliklərində yazırdı ki, qəribədi, biz hərbi xidmətdə olanda adamları incidirdik, əzab verirdik və buna görə mükafatlandırılırdıq da hələ. Ona görə bir çox Tolstoyşünaslar, həmçinin də çox bəyəndiyim tənqidçi Lev Aninnski "Hacı Murad”ı yazıçının "günah etirafı” kimi, yaxud ona əzab verən mövzudan xilası kimi dəyərləndirirlər. Amma bütün tarixi, bioqrafik, maarifçi ideyaları unutsaq, "Hacı Murad” əla prozadır...
– Tolstoy "Hacı Murad" üzərində "Anna Karenina"nı üzərində işlədiyindən daha çox işləyib. Axı Tolstoy kimi dahi yazıçını bu povesti dəfələrlə redaktə etməyə nə vadar edirdi?
– Bildiyimə görə yazıçı bu əsər üzərində təxminən 8 il işləyib və çoxlu redaktələr edib, nəticədə, məncə, bu onun ən kobud desək, "lakonik” əsəri sayıla bilər. Həm də məsələn, elə bayaq haqqında danışdığınız "Hərb və sülh”də böyük-böyük, səhifələrlə didaktik parçalar var, burda isə yoxdur və bu cəhətiylə əsər mənim ruhumu oxşayır... Çoxlu redaktələr etmək, mövzunu hər incəliyinə kimi işləmək baxımından bir az paxıllığım tutur Tolstoya...
– Ç.Aytmatov bu əsər haqqında yazıb: "Həm Hacı Muradın özü, həm də naibləri elə dəqiq, elə gözəl təsvir olunub ki, elə bil əsəri oxuduqca onları gözlərin önündə görürsən. Mən Hacı Muradın nəvə-nəticələriylə görüşüb danışmışam. Onlar Tolstoyun Hacı Muradı dəqiq, olduğu kimi yaratdığını deyirdilər..." Tolstoy başqa bir xalqın nümayəndəsi olan insanı necə bu qədər dəqiqliklə təsvir edə bilib ki?
– Məncə, bunun bir neçə səbəbi var. Hər şeydən əvvəl insan bütün xalqlarda və millətlərdə İNSANdır və Tolstoy mənim düşüncəmdə insanı çox yaxşı tanıyır. Məsələn, eyni məntiqlə demək olar ki, Lev Nikolayeviç kişidisə, Annanı necə hiss edib, duyub?! Amma Hacı Muradla bağlı başqa məqamlar da var ki, Tolstoy bu tarixi hadisəni eşidən kimi qardaşına məktub yazmışdı bu haqda və bütün lazımi materialları toplamağa başlamışdı. Ümumiyyətlə, daha öncə də dediyimiz kimi Tolstoyun bir mövzunu dönə-dönə işləməsi, dəyişə-dəyişə yazması, yaza-yaza pozması, ilkin mətnin üçdə bir hissəsini ixtisar etməsi ayrıca mövzudur. "Hacı Muradı” da işləyəndə bir tərəfdən tarixi faktları, bir yandan da Qafqaz xalqlarının folklorunu öyrənmişdi. Yazıçı üçün isə ən gözəl hiss, duyum, ilham mənbəyi bilikdir, informasiyadır. Yazdığın mövzunu mükəmməl bilincə hərtərəfli qələmə ala bilərsən... Tolstoyun isə bu məsələdə dəqiq rəqibi yoxdur.
– Bu povest Tolstoyun sağlığında çap olunmayıb. Yalnızca dünyasını dəyişəndən sonra müəyyən ixtisarla nəşr edilib. Sizcə, Tolstoy niyə sağkən bu povestin çap olunmağını istəmirdi?
– Səhv etmirəmsə, Kuprin söyləmişdi ki, bu qoca ölümündən sonra da bizə dərs verdi, yəni ən yaxşı yazdığını sübuta yetirdi. O ki, qaldı çap olunmamasına bunun bir çox səbəbləri ola bilərdi. Bəlkə də, yazıçı əsəri hələ də redaktə etmək, bir az da cilalamaq istəyib. Eyni zamanda mənim özüm üçün bir məqamın da əhəmiyyəti var. Lev Nikalayeviçin hamımıza məlum olan sonluğunu, əsərinin yox, ömrünün sonluğunu düşünürəm və səbəblər haqqında fikrə dalıram. Görünür, mənəvi durumu qaydasında olmayıb və o bəzi izahsız hərəkətlər də edib. Kim bilir, bu əsəri üzə çıxarmaq istəməməsi, bəlkə də, o silsiləyə daxildir...
– Əsərin bəzi analizlərində Hacı Murad obrazının yazılma səbəbi kimi dinin, etiqadın, inamın göstərilməsi kimi izah olunur. Hacı Murad deyir: "Bax bu mənim əmmaməmdi! Bunu ona görə başıma qoymuşam ki, ruhumu xilas edə bilim!" Tolstoy Hacı Muradı evinə, ailəsinə, torpağına sədaqətli, etiqadlı bir adam kimi təsvir edib. Sanki əsərdə hər şey bir kənara, insanın etiqadla, inamla yaşamağının üstünlükləri üzə çıxarılır, üstün tutulur və s. Sizcə, bu qənaət nə qədər doğrudur?
– Tolstoyun Allaha və dinə münasibəti böyük müzakirə mövzusudur. Kilsənin yazıçını lənətlədiyi hər kəsə məlumdur. Hətta bu gün yazıçı "bəraət” alsa belə, yenə din xadimləri tərəfindən o qədər də sevilmir. İslam dinini qəbul etməsi ehtimalı var, amma bunu dəqiq təsdiq edəcək fakt yoxdu məncə. Etiqadla, inamla yaşamağın isə yalnız dinlə deyil bağlılığı. İnsan ümumiyyətlə nəyəsə, kiməsə, əllə toxunduğuna, yaxud heç vaxt gözünə görünməyən birinə – fərqi yoxdu, inanmalıdı. O əmmamə məsələsini də yaxşı xatırlayıram, məncə, bu, daha çox inanc məsələsidi...
– Böyük Britaniya tədqiqatçısı Susan Leyton "Hacı Murad”la bağlı belə deyir ki, əslində ruslar məhz bu əsərdən sonra özlərinə kənardan baxa bildilər və Qafqaz insanını yenidən tanımalı oldular. Həqiqətənmi rusların Qafqazla bağlı fikirlərinin müsbət formalaşmasında Tolstoyun və onun "Hacı Murad”ının böyük rolu var?
– Mən Susan Leytonun fikrini bir az da dəqiqləşdirərdim. Bu əsərdən sonra ruslar özlərinə kənardan baxmalı və fərqləri görməli idilər. Ümumiyyətlə, təkcə Tolstoyun yox, elə Lermontovun da, Bestujev-Marlinskinin də Qafqaz mövzusuna müraciəti bununla bağlı idi. Əlbəttə bu sənətkarlar öz millətlərinə nifrət etmirdilər, amma hər halda Qafqazlılarda gördükləri üstün keyfiyyətlər də "mane olmazdı”... Amma Qafqazla bağlı fikirlər dəyişdimi, bunu demək çətindi. Axı Tolstoydan sonra elə həmin ruslar illərlə Qafqaz xalqlarını əsarətin "başqa növündə” saxladılar və nələr etdiklərini də tarix kitablarından bilirik...
– Hacı Muradın Nuxada, indiki Şəkidə bir müddət nəzarət altında qalması hissələrini oxuyanda istər-istəməz azərbaycanlı oxucunun könlü açılır. Hər halda, dahi yazıçının və əfsanəvi qəhrəmanın sayəsində Azərbaycan şəhəri haqqında hətta əcnəbi tədqiqatçıların məqalələrində təsviri adama xoş təsir edir. Bəs avar əsilli Qafqaz igidinin xatirəsi bu gün həmin torpaqlarda, ümumilikdə Azərbaycanda layiqli şəkildə yad olunurmu?
– Yox, əlbəttə. Daha doğrusu təəssüf ki, yox. Nədirsə, bu məsələlərə zamanımız yoxdur. Tolstoyun, Aleksandr Dümanın Şəki haqqında fikirlərini oxuyanda təsirlənmişdim. Amma səyahət bələdçiləri bu məlumatlardan istifadə edirlərmi, bilmirəm!!!
– Əcnəbi tənqidçilərin müşahidəsinə əsasən, Hacı Murad öz müsbət keyfiyyətləri ilə yanaşı həm də qadınlara olan münasibətinə görə Şeyx Şamildən və rus çarından xeyli fərqlənir. Hərçənd adları çəkilən şəxslər tamamilə bir-birinə zidd mədəniyyətlərin təmsilçiləridir, amma tənqidçilər qadın məsələsində Şeyx Şamillə çarı bənzədirlər: Şamil çoxarvadlı, çar isə qadın düşkünü. Hacı Murad isə tam fərqli və ailəsinə sadiq... Bu barədə nə deyərdiniz?
– Bu suala gəlib çıxmağımız təbiidir. Məsələ burasındadır ki, biz artıq Hacı Muradla Tolstoyu birgə-bütöv görürük. Məncə, tənqidçilər sadəcə Hacı Muradı yox, Tolstoyun özünü çarla müqayisə edirlər. Və yazıçının bu müqayisədə qalib gəlməsi sevindiricidir. Hətta bilirsiz ki, o dövrdə Rusiyada iki çar var – Nikolay və Tolstoy – deyirdilər. O məşhur karikatura da çox şeyi deyirdi. Harda ki, Tolstoy nəhəng, çar isə onun yanında cırtdan şəklində əks olunurdu. Ona görə məncə rus tənqidçiləri sadə bir qafqazlının çardan üstünlüyünü yox, yazıçının çardan böyüklüyünü nəzərdə tuturdular.
– Tolstoy əsəri yazarkən Hacı Muradı yaxından tanıyan Anna Avessalamovnadan israrla bəzi suallara aydınlıq gətirməsini istəyir. Bunlardan bir neçəsi də Hacı Muradın rusca bilib-bilməməsi, ruslarla bir süfrədə oturmasına baxmayaraq şərab içib-içməməsi ilə bağlıdır. Tolstoy bunu işıqlandırmaqla nə demək istəyirdi? Yəni qətiyyətli xarakter sahibinin rusların arasında olsa da öz dilinə, öz dini tələblərinə sadiq qalmasını göstərməkdə məqsədi nə idi?
– Məncə, məqsəd sadəcə qəhrəmanını bütöv yaratmaq olub. Yəni həm necə idisə, elə, həm də Tolstoy qələminin "məhsulu” kimi. Suallara gələndə isə, bu, artıq söylədiyimiz kimi yazıçının bir növ "xəstəliyi” idi, öyrəndikcə öyrənirdi və heç vaxt tam razı qalmırdı.
– Tolstoy Qafqazla bağlı əvvəlki əsərlərində əgər rus əsgərinin şücaətini, xarakterini tərənnüm edirdisə, "Hacı Murad”da tam əksini edir. Yazıçının bu illər ərzində baxışının dəyişməsinə nə səbəb ola bilərdi?
– Məsələ rus əsgərini tərənnüm etməkdə deyildi. Sadəcə Tolstoyun "Hacı Murad”a qədər Qafqaz mövzusunda yazdığı əsərlərdə Qafqaz sadəcə fon idi, hadisələrin baş verdiyi məkan idi, burda isə Qafqaz qəhrəman oldu, ona görə iri planlar da dəyişdi.
– Qafqaz öz insanı, adət-ənənələri, igidləri ilə təkcə Tolstoyun deyil, digər böyük rus ədiblərinin də bir çox əsərlərində tərənnüm olunur. Elə bu günün rusları da Qafqaz deyəndə etiraf edirlər ki, gözlərinin önünə "cigid”lər gəlir. Belə deyirlər ki, əslində Qafqaz kişisini rus gözündə yenilməz edən onların özlərindən çox, məhz elə rus yazarlarının məharətidir. Bu fikirlə razısınızmı?
– Hansısa mənada razılaşmaq da olar... Doğrusu bu, dərin və tarixlə ədəbiyyatın paralel araşdırma mövzusudur. Ona görə mübahisəli hesab edirəm bu fikri. Hər halda öz fikrimdə qalıram ki, bəzən ədəbiyyat tarixdən daha çox məlumat verir.
– Daha bir qərb tənqidçisi Edmund Heyerin Tolstoy haqqında maraqlı fikri var: "Tolstoy özündəki qrafı rahatlıqla kəndliyə dəyişməklə, əksinə əsərlərindəki sadə insanı əfsanəvi qəhrəmana çevirə bildi...” Belə çıxır ki, yüksək təbəqədə ikən Tolstoy sadə insanları duya bilmirdi?
– Tarixən "toxun acdan xəbəri olmayıb”... Amma bütün hallarda Tolstoy siz söylədiyiniz kimi, yüksək təbəqədə olması ilə də sadə kəndlinin, kasıbın, ehtiyacı olanın yanında idi, onu düşünürdü, onun üçün çalışırdı. Ona görə hətta mənəviyyatpərəstliyini irad tutanlar əsərlərindən bu qədər böyük həcmli qonorar alan yazıçını ittiham edirdilər. Hətta oxumuşdum ki, belələrinin cavabını vermək üçün Tolstoy imtina etmişdi qonorarlarından. Ömrünün sonuna doğru ailəsini, övladlarını da mirassız qoyub çətin həyatı göstərmək istəmişdi... Bir də insanları duymaq təbəqədən çox da asılı deyil məncə. Durduğun yerdə, təbəqədə nə qədər faydalı olmağındadı şərt...
– Əsərdə ruhunuza yaxın hansı bir detalı, məqamı və yaxud dialoqu xatırlatmaq istərdiniz?
– Çoxdur belə məqamlar. Əsərin başlanğıcı tam Tolstoyvaridir və elə bununla da zəbt edir adamı. Hacı Muradın Qafqazlı qadınların geyimi haqqında danışdığı məqam və tərcüməçini "Uzunqulağa ət, itə ot” məsələsi ilə heyrətləndirməsi maraqlı və unudulmaz məqamdı. Həmçinin "ip uzun olmalıdı, söhbət isə qısa” kimi, "əskərlərin missiyası oğurlamaq, onun – çarın isə işi onları cəzalandırmaq idi və o bundan bezmirdi” kimi aforizmlərdə ara-sıra yadıma düşür.

Söhbətləşdi: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər