• şənbə, 20 Aprel, 05:53
  • Baku Bakı 15°C

Tokioya lisenziya qazanan ilk azərbaycanlı - Portret

11.01.19 16:00 4010
Tokioya lisenziya qazanan ilk azərbaycanlı - Portret
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov: "Azərbaycanda pauerliftinqin inkişafında, regionlarda yaşayan fiziki məhdudiyyətli insanların bu idman növünə cəlb olunmasında yığmanın baş məşqçisi İlqar İbişovla yanaşı, Elşənin də böyük xidmətləri var. Bu gün o, öz çəki dərəcəsində dünyanın ən yaxşılarındandır. Dünya rekordçusu, dəfələrlə qitə və dünya miqyaslı yarışların qalibidir. Lakin təəssüf ki, hələ də ali mükafata qovuşmayıb. Ümidvaram ki, Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında bu intizarımıza son qoyacaq.

Burası da var ki, olimpiya və paralimpiya çempionluğunda idman şansı deyilən amil də önəmlidir. Həmin gün fortuna sənin tərəfində olmalıdır. Dünyanın ən yaxşı idmançısı olmaq, bəzən paralimpiya çempionluğu üçün kifayət etmir".

Maraqlı həyat hekayəsi, olduqca keşməkeşli karyerası olan idmançıdan - para-pauerliftinq üzrə yığmamızın kapitanı Elşən Hüseynovdan söhbət açırıq.

Sağlamlarda üçqat çempion
Hüseynov Elşən Əliqara oğlu 1977-ci ildə Sumqayıtda dünyaya göz açıb. Çoxuşaqlı və aztəminatlı ailədə böyüyən Elşən, orta təhsilinə 23 saylı orta məktəbdə başlayıb. Dərslərində fəal olmasa da, fiziki göstəriciləri ilə yaşıdlarından seçilib. Halbuki yoldaşlarından fərqli olaraq, idman dərslərinə belə, buraxılmayıb. Belə ki, ayağındakı məhdudiyyəti əsas gətirən məktəbin rəhbərliyi, onu bədən tərbiyəsi fənnindən azad edib. Lakin böyük qardaşı güləşlə məşğul olan, üstəlik, Arnold Şvartseneggerin filmlərini izləməyi sevən Elşənin, idmana qarşı həvəsi o qədər güclü olub ki, qarşısında heç bir maneə duruş gətirə bilməyib. Nəticədə, altıncı sinifdə oxuyarkən, məktəbin yaxınlığında fəaliyyət göstərən idman zalına üz tutaraq, ağır atletika ilə məşğul olmağa başlayıb. Bir müddət həvəskar şəkildə məşq edən Elşən, 1994-cü ildən etibarən ölkə miqyaslı yarışlarda qüvvəsini sınayıb. Maraqlıdır ki, o, uzun müddət sağlamlar arasında çıxış edib. Bu arada dəfələrlə respublika çempionatlarında fərqlənib. 1997-ci ildən 2003-cü ilə qədər, üç dəfə ölkə çempionu olan Hüseynov, iki dəfə də gümüş mükafata sahib çıxıb.

Paralimpiya hərəkatına qoşulma
"Həvəsdir-bəsdir" deyib, 2004-cü ildə idmanla vidalaşmaq qərarına gəlir. Ona qədər paralimpiya hərəkatına qoşulmaq istəsə də, komitədən bildirilir ki, onun məhdudiyyətinə uyğun idman növü yoxdur.

Üç ildən çox ştanqdan ayrı düşən Elşən, bir gün dostunun vasitəsi ilə ağırlıqqaldırma üzrə mütəxəssis İlqar İbişovla tanış olur. Bu ərəfədə para-pauerliftinqçilərin axtarışına çıxan İbişov, ona, yenidən komitəyə üz tutmağı tövsiyə edir. Tərəddüd etdiyini gördükdə isə əmin edir ki, pauerliftinqlə məşğul olmağına heç nə əngəl ola bilməz.
Birbaşa İlqar Rəhimovun qəbuluna düşən Hüseynov, gözlənildiyi kimi, "hə" cavabı alır.

Təcrübəsizlik və taktiki səhv
Bu, 2007-ci ilə təsadüf edir. Pekin Yay Paralimpiya Oyunlarına isə bir ildən bir qədər artıq vaxt qalırdı. Müddət həddən artıq az olsa da, o, İbişovun aşıladığı inam sayəsində qarşısına lisenziya qazanmaq məqsədi qoyur.

Təxminən dörd ay çəkən məşqlərdən sonra Avropa çempionatında iştirak edərək, 90 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxır. Ardınca açıq Asiya çempionatından da vətənə bürünc medalla dönən Elşən, bununla da, paralimpiadaya lisenziyanı təmin edir.

Oyunlardakı nəticəsi də kifayət qədər qənaətbəxş alınır. Hüseynov, yekun nəticədə 190 kiloqramın öhdəsindən gəlməklə, beşinci yeri tutur.
London Yay Paralimpiya Oyunlarına qədər dəfələrlə dünya kuboku yarışlarında fərqlənən, dünya çempionatının isə bürünc medalını boynundan asan Elşəni, Britaniya paytaxtında arzulanan mükafatdan sadəcə, bir pillə, başqa sözlə, beş kiloqram ayırır.

İlqar İbişov deyir ki, bu uğursuzluqda taktiki səhv həlledici rol oynadı.

Ürəyi sözünə baxmır...
2013-cü ildə Avropa çempionu, növbəti il dünya üçüncüsü, ardınca isə açıq Asiya çempionatının qalibi, Avropa çempionatının gümüş mükafatçısı olan Hüseynov, bu müddətdə dünya kuboklarında da daim fəxri kürsülərdə yer alır. Bu arada o, 107 kiloqram çəki dərəcəsində bir neçə dəfə dünya rekordunu da yeniləyir. Bir sözlə, Rio Yay Paralimpiya Oyunlarına çəkisinin favoriti kimi yola düşür. Rekord sayda - 25 nəfərlik heyətlə təmsil olunduğumuz sözügedən oyunlarda yığmamızın əsas "qızıl" ümidlərindən biri Elşən idi desək, yanılmarıq. Lakin zirvə yarışına hazırlıq üçün Antalyada təşkil olunan son təlim-məşq toplanışında, ürəyində kəskin ritm pozğunluğu aşkarlanır. Bir müddət məşqlərinə ara verən Hüseynov, özünü toparlayıb, Braziliyaya yollanır. Son günədək vəziyyəti nəzarətdə saxlamaq mümkün olsa da, yarışın ab-havası səhhətindəki problemi daha da şiddətləndirir. Dəqiqədə 200 dəfə ürək vurğusu ilə, bütün ehtimalları gözə alaraq, mübarizəyə qoşulan Elşənin, 232 kiloqram üçün etdiyi hər üç cəhd uğursuz alınır. Yunanıstan təmsilçisi Pavlos Mamalos isə onun dünya rekordundan 5 kq az - 238 kiloqram çəkini sinəsi üzərində saxlamaqla, paralimpiya çempionu adına yiyələnir.
İbişov deyir ki, Elşən, nəinki 243, o ərəfədə məşq zamanı 250 kiloqramı da rahatlıqla ram edirdi.
İlk lisenziya
Talesiz olaydan sonra karyerasını başa vurmaq fikrinə düşür. Lakin başda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov olmaqla, paralimpiya camiəsi onu ruhlandıraraq, bu fikirdən daşındırır. Tokio üçün ilk imtahanını Macarıstanın Eger şəhərində təşkil olunan dünya kubokunda verən Elşən, 225 kiloqram göstərici ilə bütün rəqiblərini geridə qoyub. Ardınca Meksikada baş tutan dünya çempionatında üçüncü nəticə göstərən Hüseynov, 2018-ci ilin may ayında Fransada təşkil olunan açıq Avropa çempionatında 227 kiloqramı ram etməklə, "qızıl dubl"a imza atıb. Bu nəticələrlə artıq Tokio oyunlarına lisenziya məsələsini də həll edib. Yeri gəlmişkən, qeyd edək ki, o, fiziki məhdudiyyətli idmançıların on altıncı zirvə yarışına vəsiqə qazanan ilk Azərbaycan təmsilçisidir.

"Kart"ları açmaq istəmirəm"
Ötən ilin noyabrında ürəyindəki problemi aradan qaldırmaq üçün əməliyyat keçirib. Həkimin göstərişinə əsasən, iki aya yaxın çalışmalara ara verən Elşən, iki həftədir ki, məşqlərini bərpa edib.

Cari ildə isə para-pauerliftinqçiləri növbəti dünya çempionatı gözləyir. Fevral və may aylarında baş tutacaq dünya kuboku yarışlarını buraxacağı dəqiqləşən qəhrəmanımız, bütün diqqətini iyulda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundiala yönəldib. Səhhətindəki problemin aradan qalxması, bu yarışdan da əliboş dönməyəcəyinə inam yaradır. Lakin yığma komandamızın çalışdırıcısı İlqar İbişov "kart"ları açmaq istəmir. Həm də qəhrəmanımızın şəxsi məşqçisi olan mütəxəssisin fikirlərini təqdim edirik: "Bizim qarşımıza qoyduğumuz əsas məqsəd paralimpiya medalıdır. Dünya çempionatında və ya digər yarışlarda "kart"ları açmaq istəmirəm. Təbii ki, mükafat qazansaq, pis olmaz. Amma bunun üçün maksimumu ortaya qoymaq niyyətində deyiləm. Kəşfiyyatçı mövqeyi tutmuşam. Bütün ehtimalları götür-qoy edirəm. Hər şey plan üzrə getsə, Tokioda bəhrəsini görəcəyik. Əbəs yerə ağırlıqqaldırmaya "ağıl idman növü” demirlər".

Qatıldığı beynəlxalq yarışlardan mütəmadi olaraq mükafatla vətənə dönən Hüseynov, dəfələrlə Milli Paralimpiya Komitəsi tərəfindən ilin idmançısı seçilib. Onun xidmətləri Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. Elşən Hüseynov 2016-cı ildə dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif olunub.

İki oğul atası olan qəhrəmanımız, həm də tələbədir. Belə ki, o, hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasının üçüncü kursunda təhsil alır.

Portret

Əzmkar, son dərəcə qətiyyətli xarakterə sahibdir. Sirr deyil ki, bu qədər talesizlikdən sonra karyeranı davam etdirmək, idmançıdan dəmir iradə, yüksək psixoloji hazırlıq tələb edir. Bu keyfiyyətlərinə görə, onu, nümunəvi idmançı adlandırsaq, qətiyyən mübaliğəyə yol vermərik.

"Bir problem ortaya çıxmasa, Elşən, Tokio Yay Paralimpiya Oyunlarının çempionu olacaq". Bu fikir onunla 12 ildir çiyin-çiyinə addımlayan İlqar İbişova məxsusdur. Üç cəhddə əliboş qalan Hüseynovun, nəhayət ki, layiq olduğu məqama yüksələcəyinə, Azərbaycana pauerliftinq üzrə ilk paralimpiya medalı qazandıracağına ümidlər böyükdür.

Sahib

banner

Oxşar Xəbərlər