Tokioda Azərbaycanın cüdo tarixinə düşən hadisənin qəhrəmanı - Portret
25 avqust-1 sentyabr aralığında Yaponiyanın
paytaxtı Tokioda cüdo üzrə sayca 33-cü dünya çempionatı baş tutdu. Altı illik
"qızıl" intizarımıza son qoyulmasa da, cüdonun vətənində olduqca
əlamətdar hadisə yaşandı. Belə ki, tarixdə ilk dəfə ölkəmizin iki təmsilçisi
mundialın yarımfinalında üz-üzə gəldi. Cüdo tariximizin ən uğurlu çəki dərəcəsi
sayılan 73 kiloqramda mübarizə aparan iki dünya şöhrətli tatami ustasının
duelindən daha təcrübəli Rüstəm Orucov qalib ayrılaraq sonda gümüş,
tacikistanlı həmkarını üstələyən 22 yaşlı Avropa çempionu Hidayət Heydərov isə
bürünc medal qazandı. Beləliklə, bir çəkidə iki azərbaycanlı mükafatçı! Bu,
tarixdə ilk belə hadisə idi. "Portret" rubrikasının yeni mövsümdə ilk
qəhrəmanı da elə Tokio mundialının ən yaxşısıdır. Azərbaycan cüdo tarixinin ən
parlaq simalarından birini lap yaxından tanımaq istəyənlər üçün bu yazının
faydalı olacağını düşünürük.
Rekordçu!
Adətən yazılarımızda idmançıların hansı titulları
qazandığını sonradan qeyd edirik. Bu dəfə dəyişiklik etmək qərarına gəldik.
Çünki Rüstəm haqqında danışarkən ilk olaraq onun uğurları, qitə və
dünyamiqyaslı mötəbər yarışlarda stabil çıxışı yada düşür. Beləliklə, o, Rio
Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının iki dəfə gümüş, Avropa
çempionatlarının qızıl, gümüş və bürünc medalçısıdır. İki DÇ finalında iştirak
etməklə ölkə rekordu müəyyənləşdirən Orucov, bundan başqa, Beynəlxalq Cüdo
Federasiyasının "Dünya Turu" seriyasından olan turnirlərdə(Dünya
Ustaları, "Böyük Dəbilqə" və Qran Pri") 27 dəfə mükafatçılar
sırasında yer alıb. Medallarından səkkizinin əyyarı qızıldır ki, o, həm
keyfiyyət, həm də kəmiyyət baxımından ölkəmizdə ən yaxşı göstəriciyə malikdir.
Həmçinin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının fərdi
yarışlarının gümüş, komanda mübarizəsinin isə qızıl mükafatçısı olan Rüstəm,
maraqlıdır ki, bu vaxtadək bir dəfə də olsun böyüklər arasında ölkə
çempionatlarında birincilik sevinci yaşamayıb. Bununla bağlı verdiyimiz suala
cavabını bir qədər sonra oxuyacaqsınız.
Cüdoya
yazılma səbəbi - dramatik tarixçə
Orucov Rüstəm Fəzail oğlu 4 oktyabr 1991-ci ildə
Rusiya Federasiyasının İrkutsk şəhərində doğulub. Atası əslən Ağdam rayonundan,
anası İrina Gennadiyevna isə Rusiyanın Novosibirsk şəhərindəndir. Rüstəm cüdo
ilə səkkiz yaşından məşğul olmağa başlayıb. İlk məşqçisi Yuri Gennadiyeviçdir.
Olimpiya və ikiqat dünya vitse-çempionumuzun cüdoya gəlişinin çox maraqlı
tarixçəsi var: "Yaşadığımız şəhərdə avara, kriminal həyata meyilli uşaqlar
çox idi. Məktəbdə, məhəllədə qeyri-millətdən olanlara "çornıy" deyib
ələ salır, hədə-qorxu gəlirdilər. Tez-tez davalarımız düşürdü. Bir gün də sinif
yoldaşım Vasya ilə məktəbdən qayıdanda uşaq evindən qaçan, yaşca bizdən böyük
dörd nəfərin hücumuna məruz qaldıq. Onlar vəhşi kimi qarşımızda durub, bizdən
pul tələb etdilər. Vasya əlində-ovcunda olanı verib qaçdı, mən tək qaldım.
Gördülər ki, məndə pul yoxdur, yaxınlıqdakı binanın blokuna salıb döydülər,
əynimdə olan hər şeyi çıxarıb apardılar. Qışın şaxtasında, təkcə pijama ilə
yolun ortasında qalmışdım. Hətta ayaqqabılarımı da aparmışdılar. Hadisədən
sonra atam dedi ki, belə getməz, səni mütləq idmana qoymalıyam. Heç bir həftə
keçmədi ki, cüdo məşqinə yazıldım".
Elçin
Cəfərov güləşi məsləhət görsə də...
Orucovların Bakıya gəlişi 2004-cü ilə təsadüf edib.
O vaxt yeddinci sinifdə oxuyan Rüstəm, ölkənin ən prestijli cüdo məktəblərindən
sayılan "Atilla"ya üz tutursa, ondan bir il sonra cüdoya yazılan üç
yaş kiçik qardaşı Rasim yunan-Roma güləşinə keçir. Belə ki, ailənin uzaq qohumu
olan tanınmış güləş mütəxəssisi, Azərbaycan Güləş Federasiyasının yunan-Roma
üzrə hazırkı vitse-prezidenti Elçin Cəfərovun məsləhətinə əsasən, ata hər iki
oğlunu güləşə yazdırmaq istəsə də, Rüstəm "ya cüdo, ya da cüdo"
deyib, qəti şəkildə buna qarşı çıxır. Beləcə, əvvəlcə Nicat Sultanovun yanında
hazırlıqlara başlayır, bir il sonra Fərhad Məmmədovla yola davam edir. Eyni
zamanda, Elmar Qasımov və Orxan Səfərov kimi dünyaca məşhur cüdoçuların da
püxtələşməsində böyük rol oynayan Məmmədov bugünədək onun şəxsi məşqçisidir.
Zeyzenbaherin
sevimlisi
İndiki - olimpiya çempionlarımız Elnur Məmmədli və
Nazim Hüseynovla belə, müqayisə ediləcək səviyyəyə çatmasında Fərhad Məmmədovla
yanaşı, Əli Dəvrişovun da danılmaz xidmətlərinin olduğunu deyən Orucov, eyni
zamanda, yığmamızın keçmiş çalışdırıcısı, avstriyalı Piter Zeyzenbaherin
üzərindəki müstəsna əməyindən söz açır. Halbuki öncə onunla işləri heç də
qaydasında deyilmiş: "Zeyzenbaher böyük mütəxəssis idi. O olmasaydı, bəlkə
də mən indi cüdodan getmişdim. Qalsam da, adi, sıradan bir idmançı idim. O,
köhnə SSRİ məktəbinin təsirindən çıxa bilməyən cüdomuza yaponların hazırlıq
planını gətirdi. Mənə qarşı münasibəti isə tam başqa idi. O biri uşaqlara
verdiyi yüklənməni mənə vermirdi. Ola bilsin bu, şəxsi rəğbətdən çox,
arxayınlığına bağlı idi. Halbuki əvvəl məni bəyənmirdi. Deyirdi, səndən cüdoçu
olmaz. Çünki tez-tez şans versə də, üzünü qara edirdim".
"Neyləyim,
mən də beləyəm..."
Orucovun yeniyetmə və gənclər arasındakı çıxışları
haqda qısaca qeyd edək ki, o, aşağı yaş kateqoriyalarında nəzərəçarpan uğurlar
qazanmayıb. Sadəcə bir dəfə gənclər arasında ölkə birinciliyinin qalibi, bir
dəfə gümüş mükafatçısı olan qəhrəmanımız, gənclərin Avropa kuboku yarışlarında
iki dəfə üçüncü pilləni tutub. Dünya və Avropa birinciliklərində isə bir dəfə
də olsun fərqlənməyib. Kolleksiyasında böyüklər arasında Azərbaycan
çempionatlarının, sadəcə iki "bürünc"ü var. "Yerli cüdoçulara
qıymıram" deyir, Orucov: "Öz uşaqlarımızla görüşəndə, istər-istəməz
özümü sıxıram. Ağrıdıcı fəndlərdən istifadə etmirəm, ayağa möhkəm badalaq vura
bilmirəm. Dəfələrlə olub ki, qolu açmaq üçün əlverişli imkan yaranıb, amma son
anda bundan imtina etmişəm. Bəlkə də yaxşı xüsusiyyət deyil, nə edim, mən də
beləyəm".
Lakin...
Hidayət Heydərovla bunadək üç dəfə qarşılaşıb
uduzan Rüstəm üçün Tokiodakı derbi ölüm-dirim savaşı idi. Nəzərə alsaq ki, cəmi
bir il sonra elə "gündoğar ölkə" paytaxtında keçiriləcək olimpiadaya
onlardan yalnız biri yollanmalıdır, bu qələbənin hansı əhəmiyyət kəsb etdiyini
vurğulamağa əlavə şərh lazım deyil. Belə bir məqamda Orucovun yuxarıda qeyd
etdikləri ikinci plana keçməli idi ki, özü də bunu təsdiq edir: "Desəm ki,
əvvəlki üç görüşdə ümumiyyətlə, güc qoymamışdım, yalan olar. Sadəcə, sərt
döyüşməmişdim. Bu dəfə yaxınlaşıb dedim ki, Hidayət, incimə, indi hər şey
fərqli olacaq. Lakin yenə də ağrıdıcı fənd imkanı olsa da, etmədim. Açığı,
ondan əvvəl atdığım fəndin xal ilə qiymətləndiriləcəyinə əmin idim. Əks halda, yəqin
ki, dişimi sıxıb fəndi tətbiq edərdim. Çünki bu, dünya çempionatı idi, finalı
heç qardaş da güzəştə getməzdi".
Gürcüstanlı
olimpiya çempionunun acizanə etirafı
Orucovun bu günədək ən çox qarşılaşdığı cüdoçu Laşa
Şavdatuaşvilidir. Xüsusi vurğulayaq ki, London olimpiadasının qalibi,
"Rio-2016" nın bürünc mükafatçısı, ümumilikdə əzəmətli cüdo ölkəsi
Gürcüstanın zirvə yarışında rekordçusu olan 27 yaşlı sözügedən idmançının bu
vaxta qədər ən çox uduzduğu rəqib məhz qəhrəmanımızdır. On dəfə üz-üzə gəliblər
ki, onların, sadəcə birinin yekununda qonşu ölkə təmsilçisi sevinib. Özünün
dediyinə görə, Laşa, millimizin əslən gürcüstanlı üzvü Uşanqi Kokauriyə etiraf
edib ki, Orucovla döyüşü heç cür alınmır.
Ən
unudulmaz qələbə və məğlubedilməz Ono
Heydərovdan başqa, bir neçə cüdoçu var ki, Rüstəm
onlara dəfələrlə uduzsa da, özündə güc taparaq sindromu qıra bilib. Onlardan
xüsusən rusiyalılar - Denis Yartsev və Musa Moquşkovu, cənubi koreyalı dünya
çempionu An Çanq-rimi qeyd etmək lazımdır. Üç məğlubiyyətin ardından 2016-cı
ildə Yartsevə elə öz "ev"ində keçirilən Avropa çempionatının
yarımfinalında effektiv fəndlə qalib gələn olimpiya vitse-çempionumuz, bir il
sonra iki dəfə uduzduğu nüfuzlu koreyalı cüdoçusunu dünya çempionatının finalı
uğrunda döyüşdə "ippon"a qonaq edir. İki il əvvəl çılğın sevinc
anları ilə cüdo saytlarının manşetini bəzəyən Rüstəm, həmin qələbəni
karyerasının ən unudulmazı adlandırır.
Lakin yaponiyalı olimpiya və üçqat dünya çempionu,
əfsanələşmiş Şohey Ono hələ də keçilməzdir. Nəinki Rüstəm, heç bir cüdoçu son
beş ildə onunla döyüşlərdə tatamini başıyuxarı tərk edə bilməyib. Acı da olsa,
etiraf edək ki, olimpiada və son dünya çempionatının finalı da daxil olmaqla,
bu günə qədər baş tutan beş döyüşə nəzər saldıqda görürük ki, Orucov yaponiyalı
həmkarına heç cür çatdıra bilmir. Sözügedən rəqibi xarakterizə etmək üçün
kifayət qədər müşahidə aparsaq da, daha yaxşısı, Rüstəmin öz dilindən oxuyaq:
"Ono, sadəcə mükəmməldir. Onunla son görüşə özümü çox yaxşı kökləmişdim,
hər kəs tatamiyə çıxanda necə inamlı olduğumu gördü. Görüşün əvvəlindən bir
xeyli cəhd etdim, lakin o, sanki yerə mıxlanmışdı. Sanki 73 yox, 100 kiloqram
çəkisi olan cüdoçu ilə - Elmar Qasımovla güləşirdim. Olimpiadaya gedəcəyimə və
yenə də onunla görüşsəm, qalib gələcəyimə inanıram. İnamsız idmançı, idmançı
deyil ki. İnanmasam, gərək indidən cüdogimi çıxarım".
"Evdə
tez-tez Rüstəmdən danışardım"
Hazırda ölkədə cüdo ilə 20 minə yaxın insan məşğul
olur. Onların əksəriyyəti şübhəsiz ki, uşaq və yeniyetmələrdir. Azyaşlıların
arasında kimi kumir seçdikləri ilə bağlı sorğu aparsaq, çoxu, yəqin ki,
"Rüstəm" cavabı verər. Rüstəmin göz önündə olan nəticələrindən əlavə,
həm də yüksək insani keyfiyyətlərə sahib olması belə düşünməyə əsas verir.
"Bir müddət uşaq, atası kimi yox, kumiri kimi davranır" deyir, Vüqar
İsgəndərov. 12 yaşlı Sadiqin niyə məhz Rüstəmi kumir seçdiyini əsaslandıran ata
qeyd edir ki, cüdoya başladığı vaxtlarda evdə tez-tez ondan söz açaraq, oğlunun
diqqətini çəkməyə çalışıb: "Sadiq cüdoya gedənə qədər bizim ailənin bu
növlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb. "Hansı idmana qoyaq"
sualı yarandıqda, artıq məcbur qalıb kiçik araşdırma apardıq və əlbəttə, uşağın
fiziki-psixoloji vəziyyətini də nəzərə alıb "cüdo” dedik. Mən BDU-nun sosial
elmlər və psixologiya fakültəsini bitirmişəm, ilahiyyatçı və bir neçə kitab
müəllifiyəm. İxtisasımdan dolayı başa düşürdüm ki, hər bir azyaşlı idmançının
bir kumiri olmalıdır. Sadiqin cüdoya başladığı vaxtlarda cüdo xəbərlərini
yaxından izləyir, tanınmış cüdoçuların şəxsi keyfiyyətləri haqqında müşahidələr
aparırdım. Bu müddətdə Rüstəmin çox fərqli insani keyfiyyətlərə malik olduğunu
anladım. Evdə tez-tez Rüstəmdən söz açardım. Bəxtimdən, o vaxtlar Rüstəm
parlamağa başlamışdı. Sadiq özü onun nəticələrini görürdü. Görmədiyi tərəfləri
- sadəliyi, təvazökarlığı, ailəsinə bağlılığı, gənc idmançılara qarşı xoş
münasibəti haqda mən danışırdım. Açığı, hərdən öz-özümə "görəsən, düzmü
etmişəm" sualı verirəm. Çünki Rüstəmin məğlubiyyətini çox ağır keçirir. Bu
il Hidayətə məğlub olanda biz də salonda idik. Sadiq ağlayırdı. Qeyd etməyi
borc bilirəm ki, Rüstəm də uşağın ona qarşı sevgisini cavabsız qoymayıb. Hər
görüşdə xüsusi münasibət göstərib".
Portret
Rüstəm, Hüseynov və Məmmədli qədər böyük istedada,
növündən asılı olmayaraq, tarixdə dərin iz qoyan əksər idmançıları xarakterizə
edən fitri bacarıqlara sahib deyil. Açıq danışsaq, bu baxımdan komandamızın
hazırkı kapitanı Nicat Şıxəlizadə ilə də müqayisəyə gəlməz. Onu bugünkü pilləyə
çatdıran, birmənalı olaraq, xarakteridir: sabit, qətiyyətli, son dərəcə
zəhmətkeş.
Sahib