Tokioda Azərbaycanın cüdo tarixinə düşən hadisənin qəhrəmanı  - Portret

Tokioda Azərbaycanın cüdo tarixinə düşən hadisənin qəhrəmanı - Portret

Gənclik qəzeti
14 Sentyabr 2019, 11:00 1997
25 avqust-1 sentyabr aralığında Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə sayca 33-cü dünya çempionatı baş tutdu. Altı illik "qızıl" intizarımıza son qoyulmasa da, cüdonun vətənində olduqca əlamətdar hadisə yaşandı. Belə ki, tarixdə ilk dəfə ölkəmizin iki təmsilçisi mundialın yarımfinalında üz-üzə gəldi. Cüdo tariximizin ən uğurlu çəki dərəcəsi sayılan 73 kiloqramda mübarizə aparan iki dünya şöhrətli tatami ustasının duelindən daha təcrübəli Rüstəm Orucov qalib ayrılaraq sonda gümüş, tacikistanlı həmkarını üstələyən 22 yaşlı Avropa çempionu Hidayət Heydərov isə bürünc medal qazandı. Beləliklə, bir çəkidə iki azərbaycanlı mükafatçı! Bu, tarixdə ilk belə hadisə idi. "Portret" rubrikasının yeni mövsümdə ilk qəhrəmanı da elə Tokio mundialının ən yaxşısıdır. Azərbaycan cüdo tarixinin ən parlaq simalarından birini lap yaxından tanımaq istəyənlər üçün bu yazının faydalı olacağını düşünürük.
 
Rekordçu!

Adətən yazılarımızda idmançıların hansı titulları qazandığını sonradan qeyd edirik. Bu dəfə dəyişiklik etmək qərarına gəldik. Çünki Rüstəm haqqında danışarkən ilk olaraq onun uğurları, qitə və dünyamiqyaslı mötəbər yarışlarda stabil çıxışı yada düşür. Beləliklə, o, Rio Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının iki dəfə gümüş, Avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısıdır. İki DÇ finalında iştirak etməklə ölkə rekordu müəyyənləşdirən Orucov, bundan başqa, Beynəlxalq Cüdo Federasiyasının "Dünya Turu" seriyasından olan turnirlərdə(Dünya Ustaları, "Böyük Dəbilqə" və Qran Pri") 27 dəfə mükafatçılar sırasında yer alıb. Medallarından səkkizinin əyyarı qızıldır ki, o, həm keyfiyyət, həm də kəmiyyət baxımından ölkəmizdə ən yaxşı göstəriciyə malikdir. Həmçinin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarının gümüş, komanda mübarizəsinin isə qızıl mükafatçısı olan Rüstəm, maraqlıdır ki, bu vaxtadək bir dəfə də olsun böyüklər arasında ölkə çempionatlarında birincilik sevinci yaşamayıb. Bununla bağlı verdiyimiz suala cavabını bir qədər sonra oxuyacaqsınız.
 

 
Cüdoya yazılma səbəbi - dramatik tarixçə
 
Orucov Rüstəm Fəzail oğlu 4 oktyabr 1991-ci ildə Rusiya Federasiyasının İrkutsk şəhərində doğulub. Atası əslən Ağdam rayonundan, anası İrina Gennadiyevna isə Rusiyanın Novosibirsk şəhərindəndir. Rüstəm cüdo ilə səkkiz yaşından məşğul olmağa başlayıb. İlk məşqçisi Yuri Gennadiyeviçdir. Olimpiya və ikiqat dünya vitse-çempionumuzun cüdoya gəlişinin çox maraqlı tarixçəsi var: "Yaşadığımız şəhərdə avara, kriminal həyata meyilli uşaqlar çox idi. Məktəbdə, məhəllədə qeyri-millətdən olanlara "çornıy" deyib ələ salır, hədə-qorxu gəlirdilər. Tez-tez davalarımız düşürdü. Bir gün də sinif yoldaşım Vasya ilə məktəbdən qayıdanda uşaq evindən qaçan, yaşca bizdən böyük dörd nəfərin hücumuna məruz qaldıq. Onlar vəhşi kimi qarşımızda durub, bizdən pul tələb etdilər. Vasya əlində-ovcunda olanı verib qaçdı, mən tək qaldım. Gördülər ki, məndə pul yoxdur, yaxınlıqdakı binanın blokuna salıb döydülər, əynimdə olan hər şeyi çıxarıb apardılar. Qışın şaxtasında, təkcə pijama ilə yolun ortasında qalmışdım. Hətta ayaqqabılarımı da aparmışdılar. Hadisədən sonra atam dedi ki, belə getməz, səni mütləq idmana qoymalıyam. Heç bir həftə keçmədi ki, cüdo məşqinə yazıldım".
 
Elçin Cəfərov güləşi məsləhət görsə də...
 
Orucovların Bakıya gəlişi 2004-cü ilə təsadüf edib. O vaxt yeddinci sinifdə oxuyan Rüstəm, ölkənin ən prestijli cüdo məktəblərindən sayılan "Atilla"ya üz tutursa, ondan bir il sonra cüdoya yazılan üç yaş kiçik qardaşı Rasim yunan-Roma güləşinə keçir. Belə ki, ailənin uzaq qohumu olan tanınmış güləş mütəxəssisi, Azərbaycan Güləş Federasiyasının yunan-Roma üzrə hazırkı vitse-prezidenti Elçin Cəfərovun məsləhətinə əsasən, ata hər iki oğlunu güləşə yazdırmaq istəsə də, Rüstəm "ya cüdo, ya da cüdo" deyib, qəti şəkildə buna qarşı çıxır. Beləcə, əvvəlcə Nicat Sultanovun yanında hazırlıqlara başlayır, bir il sonra Fərhad Məmmədovla yola davam edir. Eyni zamanda, Elmar Qasımov və Orxan Səfərov kimi dünyaca məşhur cüdoçuların da püxtələşməsində böyük rol oynayan Məmmədov bugünədək onun şəxsi məşqçisidir.
 
Zeyzenbaherin sevimlisi
 
İndiki - olimpiya çempionlarımız Elnur Məmmədli və Nazim Hüseynovla belə, müqayisə ediləcək səviyyəyə çatmasında Fərhad Məmmədovla yanaşı, Əli Dəvrişovun da danılmaz xidmətlərinin olduğunu deyən Orucov, eyni zamanda, yığmamızın keçmiş çalışdırıcısı, avstriyalı Piter Zeyzenbaherin üzərindəki müstəsna əməyindən söz açır. Halbuki öncə onunla işləri heç də qaydasında deyilmiş: "Zeyzenbaher böyük mütəxəssis idi. O olmasaydı, bəlkə də mən indi cüdodan getmişdim. Qalsam da, adi, sıradan bir idmançı idim. O, köhnə SSRİ məktəbinin təsirindən çıxa bilməyən cüdomuza yaponların hazırlıq planını gətirdi. Mənə qarşı münasibəti isə tam başqa idi. O biri uşaqlara verdiyi yüklənməni mənə vermirdi. Ola bilsin bu, şəxsi rəğbətdən çox, arxayınlığına bağlı idi. Halbuki əvvəl məni bəyənmirdi. Deyirdi, səndən cüdoçu olmaz. Çünki tez-tez şans versə də, üzünü qara edirdim".
 
"Neyləyim, mən də beləyəm..."
 
Orucovun yeniyetmə və gənclər arasındakı çıxışları haqda qısaca qeyd edək ki, o, aşağı yaş kateqoriyalarında nəzərəçarpan uğurlar qazanmayıb. Sadəcə bir dəfə gənclər arasında ölkə birinciliyinin qalibi, bir dəfə gümüş mükafatçısı olan qəhrəmanımız, gənclərin Avropa kuboku yarışlarında iki dəfə üçüncü pilləni tutub. Dünya və Avropa birinciliklərində isə bir dəfə də olsun fərqlənməyib. Kolleksiyasında böyüklər arasında Azərbaycan çempionatlarının, sadəcə iki "bürünc"ü var. "Yerli cüdoçulara qıymıram" deyir, Orucov: "Öz uşaqlarımızla görüşəndə, istər-istəməz özümü sıxıram. Ağrıdıcı fəndlərdən istifadə etmirəm, ayağa möhkəm badalaq vura bilmirəm. Dəfələrlə olub ki, qolu açmaq üçün əlverişli imkan yaranıb, amma son anda bundan imtina etmişəm. Bəlkə də yaxşı xüsusiyyət deyil, nə edim, mən də beləyəm".
 
Lakin...
 
Hidayət Heydərovla bunadək üç dəfə qarşılaşıb uduzan Rüstəm üçün Tokiodakı derbi ölüm-dirim savaşı idi. Nəzərə alsaq ki, cəmi bir il sonra elə "gündoğar ölkə" paytaxtında keçiriləcək olimpiadaya onlardan yalnız biri yollanmalıdır, bu qələbənin hansı əhəmiyyət kəsb etdiyini vurğulamağa əlavə şərh lazım deyil. Belə bir məqamda Orucovun yuxarıda qeyd etdikləri ikinci plana keçməli idi ki, özü də bunu təsdiq edir: "Desəm ki, əvvəlki üç görüşdə ümumiyyətlə, güc qoymamışdım, yalan olar. Sadəcə, sərt döyüşməmişdim. Bu dəfə yaxınlaşıb dedim ki, Hidayət, incimə, indi hər şey fərqli olacaq. Lakin yenə də ağrıdıcı fənd imkanı olsa da, etmədim. Açığı, ondan əvvəl atdığım fəndin xal ilə qiymətləndiriləcəyinə əmin idim. Əks halda, yəqin ki, dişimi sıxıb fəndi tətbiq edərdim. Çünki bu, dünya çempionatı idi, finalı heç qardaş da güzəştə getməzdi".
 
Gürcüstanlı olimpiya çempionunun acizanə etirafı
 
Orucovun bu günədək ən çox qarşılaşdığı cüdoçu Laşa Şavdatuaşvilidir. Xüsusi vurğulayaq ki, London olimpiadasının qalibi, "Rio-2016" nın bürünc mükafatçısı, ümumilikdə əzəmətli cüdo ölkəsi Gürcüstanın zirvə yarışında rekordçusu olan 27 yaşlı sözügedən idmançının bu vaxta qədər ən çox uduzduğu rəqib məhz qəhrəmanımızdır. On dəfə üz-üzə gəliblər ki, onların, sadəcə birinin yekununda qonşu ölkə təmsilçisi sevinib. Özünün dediyinə görə, Laşa, millimizin əslən gürcüstanlı üzvü Uşanqi Kokauriyə etiraf edib ki, Orucovla döyüşü heç cür alınmır.
 

 
Ən unudulmaz qələbə və məğlubedilməz Ono
 
Heydərovdan başqa, bir neçə cüdoçu var ki, Rüstəm onlara dəfələrlə uduzsa da, özündə güc taparaq sindromu qıra bilib. Onlardan xüsusən rusiyalılar - Denis Yartsev və Musa Moquşkovu, cənubi koreyalı dünya çempionu An Çanq-rimi qeyd etmək lazımdır. Üç məğlubiyyətin ardından 2016-cı ildə Yartsevə elə öz "ev"ində keçirilən Avropa çempionatının yarımfinalında effektiv fəndlə qalib gələn olimpiya vitse-çempionumuz, bir il sonra iki dəfə uduzduğu nüfuzlu koreyalı cüdoçusunu dünya çempionatının finalı uğrunda döyüşdə "ippon"a qonaq edir. İki il əvvəl çılğın sevinc anları ilə cüdo saytlarının manşetini bəzəyən Rüstəm, həmin qələbəni karyerasının ən unudulmazı adlandırır.

Lakin yaponiyalı olimpiya və üçqat dünya çempionu, əfsanələşmiş Şohey Ono hələ də keçilməzdir. Nəinki Rüstəm, heç bir cüdoçu son beş ildə onunla döyüşlərdə tatamini başıyuxarı tərk edə bilməyib. Acı da olsa, etiraf edək ki, olimpiada və son dünya çempionatının finalı da daxil olmaqla, bu günə qədər baş tutan beş döyüşə nəzər saldıqda görürük ki, Orucov yaponiyalı həmkarına heç cür çatdıra bilmir. Sözügedən rəqibi xarakterizə etmək üçün kifayət qədər müşahidə aparsaq da, daha yaxşısı, Rüstəmin öz dilindən oxuyaq: "Ono, sadəcə mükəmməldir. Onunla son görüşə özümü çox yaxşı kökləmişdim, hər kəs tatamiyə çıxanda necə inamlı olduğumu gördü. Görüşün əvvəlindən bir xeyli cəhd etdim, lakin o, sanki yerə mıxlanmışdı. Sanki 73 yox, 100 kiloqram çəkisi olan cüdoçu ilə - Elmar Qasımovla güləşirdim. Olimpiadaya gedəcəyimə və yenə də onunla görüşsəm, qalib gələcəyimə inanıram. İnamsız idmançı, idmançı deyil ki. İnanmasam, gərək indidən cüdogimi çıxarım".
 
"Evdə tez-tez Rüstəmdən danışardım"
 
Hazırda ölkədə cüdo ilə 20 minə yaxın insan məşğul olur. Onların əksəriyyəti şübhəsiz ki, uşaq və yeniyetmələrdir. Azyaşlıların arasında kimi kumir seçdikləri ilə bağlı sorğu aparsaq, çoxu, yəqin ki, "Rüstəm" cavabı verər. Rüstəmin göz önündə olan nəticələrindən əlavə, həm də yüksək insani keyfiyyətlərə sahib olması belə düşünməyə əsas verir.

"Bir müddət uşaq, atası kimi yox, kumiri kimi davranır" deyir, Vüqar İsgəndərov. 12 yaşlı Sadiqin niyə məhz Rüstəmi kumir seçdiyini əsaslandıran ata qeyd edir ki, cüdoya başladığı vaxtlarda evdə tez-tez ondan söz açaraq, oğlunun diqqətini çəkməyə çalışıb: "Sadiq cüdoya gedənə qədər bizim ailənin bu növlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb. "Hansı idmana qoyaq" sualı yarandıqda, artıq məcbur qalıb kiçik araşdırma apardıq və əlbəttə, uşağın fiziki-psixoloji vəziyyətini də nəzərə alıb "cüdo” dedik. Mən BDU-nun sosial elmlər və psixologiya fakültəsini bitirmişəm, ilahiyyatçı və bir neçə kitab müəllifiyəm. İxtisasımdan dolayı başa düşürdüm ki, hər bir azyaşlı idmançının bir kumiri olmalıdır. Sadiqin cüdoya başladığı vaxtlarda cüdo xəbərlərini yaxından izləyir, tanınmış cüdoçuların şəxsi keyfiyyətləri haqqında müşahidələr aparırdım. Bu müddətdə Rüstəmin çox fərqli insani keyfiyyətlərə malik olduğunu anladım. Evdə tez-tez Rüstəmdən söz açardım. Bəxtimdən, o vaxtlar Rüstəm parlamağa başlamışdı. Sadiq özü onun nəticələrini görürdü. Görmədiyi tərəfləri - sadəliyi, təvazökarlığı, ailəsinə bağlılığı, gənc idmançılara qarşı xoş münasibəti haqda mən danışırdım. Açığı, hərdən öz-özümə "görəsən, düzmü etmişəm" sualı verirəm. Çünki Rüstəmin məğlubiyyətini çox ağır keçirir. Bu il Hidayətə məğlub olanda biz də salonda idik. Sadiq ağlayırdı. Qeyd etməyi borc bilirəm ki, Rüstəm də uşağın ona qarşı sevgisini cavabsız qoymayıb. Hər görüşdə xüsusi münasibət göstərib".
 
Portret
 
Rüstəm, Hüseynov və Məmmədli qədər böyük istedada, növündən asılı olmayaraq, tarixdə dərin iz qoyan əksər idmançıları xarakterizə edən fitri bacarıqlara sahib deyil. Açıq danışsaq, bu baxımdan komandamızın hazırkı kapitanı Nicat Şıxəlizadə ilə də müqayisəyə gəlməz. Onu bugünkü pilləyə çatdıran, birmənalı olaraq, xarakteridir: sabit, qətiyyətli, son dərəcə zəhmətkeş.
 
Sahib