• çərşənbə axşamı, 23 aprel, 17:46
  • Baku Bakı 24°C

Tokio Olimpiadasını “qaralayan” gənc - Portret

01.10.16 10:18 3726
Tokio Olimpiadasını “qaralayan” gənc - Portret
Cüdonun Azərbaycan idmanında yeri böyükdür. Təsadüfi deyil ki, ölkəmiz Olimpiadada ilk qızıl medalı da məhz bu idman növündə qazanıb. Barselonada təşkil edilən Yay Olimpiya Oyunlarında MDB adından yarışan Nazim Hüseynov cüdoda ölkəmizə ilk qızıl medalı qazandırdı. Düzdür, bu medal Azərbaycanın yox, MDB-nin aktivinə yazıldı. Ancaq Barselonada Azərbaycan bayrağı dalğalandırıldı, dövlət himnimiz səsləndirildi. Cüdoda növbəti uğuru isə 16 il gözləməli olduq. Ancaq gözləməyə dəyərdi. Belə ki, Pekində təşkil edilən Yay Olimpiya Oyunlarında Elnur Məmmədli fəxri kürsünün ilk pilləsinə qalxaraq, qızıl medala sahib çıxdı. Yenə Azərbaycanın dövlət bayrağı dalğalandırıldı, himnimiz səsləndirildi. 1992-ci ildən fərqli olaraq, qızıl medal müstəqil Azərbaycanın aktivinə yazıldı.

Malaqda alınan "hə” cavabı

Rio de Janeyrodakı son Olimpiadada iştirak edən cüdoçularımızın da çıxışını uğurlu saymaq olar. Belə ki, okeanın o tayındakı olimpiya oyunlarında cüdoda qızıl medal qazanmasaq da, iki cüdoçumuz Elmar Qasımov (100 kq) və Rüstəm Orucov (73 kq) finaladək irəlilədi. Hər iki cüdoçumuz yalnız həlledici görüşdə məğlub olaraq, "gümüş”lə kifayətlənməli oldular. Əslində Rioda qazanılan iki gümüş medalın dəyəri yüksək qiymətləndirilməlidir. Çünki son illər Azərbaycan cüdosunda nisbi eniş yaşanırdı. İdmançılarımız beynəlxalq yarışlarda uğursuzluqla üzləşir, mövqelərini əldən verirdilər. Ancaq Cüdo Federasiyasında aparılan islahatlardan sonra vəziyyət düzəldi və nəticədə Rio Olimpiadasında cüdoçularımız 2 gümüş medal qazandılar. Bəs cüdomuzun bundan sonrakı gələcəyi necə olacaq? Son illərdə qazanılan uğurlar davamlı olacaqmı? Bir neçə gün öncə başa çatmış gənclər arasında Avropa çempionatı bu suala "hə” cavabı vermək üçün bizə tutarlı arqumentlər verdi. İspaniyanın Malaqa şəhərində təşkil edilmiş yarışda iki cüdoçumuz - 55 kq çəki dərəcəsində yarışan Natiq Qurbanlı və 73 kq çəkidə mübarizə aparan Hidayət Heydərov fəxri kürsünün birinci pilləsində yer aldılar. Bu yazımızda sizə perspektivli cüdoçumuz Hidayət Heydərov barədə bəhs edəcəyik.

Dalaşqanlığına görə cüdonu seçdi


Hidayət Heydərov 1997-c ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayətin ailəsi qəhrəmanımız hələ 3 yaşında olarkən Bakıya köçüb.
Hidayət balaca vaxtlarından döyüşməyi sevən uşaq idi. Daim həyətdə uşaqlarla dalaşır, gücü çatmasa belə heç kimdən çəkinmirdi. Onun atası da idmana maraq göstərirdi. Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu "Neftçilər” metrosunun yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Təbii ki, bu seçim kiçik Hidayətin də ürəyincə idi.
Onun ilk müəllimi Tərlan Həsənov olur. Maraqlıdır ki, Hidayətin artıq 19 yaşı olsa da, o, hələ də ilk məşqçisiylə çalışır.
Hidayət hələ ilk vaxtlardan öz fəallığı ilə diqqət çəkirdi. Sona kimi mübarizə aparan, əzmkar biri kimi özünü təsdiqləyən cüdoçunun nəticələri də özünü çox gözlətmir. O, əvvəlcə 2008-ci ildə Bakı çempionluğunu, cəmi bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. Gənc cüdoçu 2009-cu ildə 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionu olduqdan sonra beynəlxalq turnirlərə vəsiqəni özünə təmin edir. 2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə 2-ci yerə çıxan Hidayət, 2011-ci ildə Ankarada 8 ölkənin idmançılarının iştirakı ilə keçirilən Avropa kuboku uğrunda turnirdə 1-ci yeri tutur.
2012-ci ildə isə Hidayətə sevindirici xəbər gəlir. O, yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Milliyə çağırıldığını eşidən Hidayətin sevincinin həddi-hüdudu yox idi. Onun yığmada ilk sınağı isə elə həmin ildə, Türkiyənin Antalya şəhərində baş tutdu. Yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri 1-ci pillədə başa vurdu.

DÇ-də hakim haqsızlığı ilə üzləşir


Deyirlər "bir işə necə başlasan, elə də davam edəcək”. Hidayətin də beynəlxalq arenada karyerası elə başladığı kimi, uğurla davam edir. Gənc cüdoçumuzun hesabında artıq 3 Avropa çempionluğu, bir dəfə Avropa üçüncülüyü var. Bundan əlavə, Hidayət keçən il gənclərin dünya çempionatında yarımfinala qədər irəliləsə də, burda yapon rəqibinə məğlub olub. Onun finaldan kənarda qalmasında hakimlərin də "əməyi” az olmayıb. Buna baxmayaraq, Hidayət sonda özündə güc taparaq, dünya çempionatını 3-cü pillədə başa vurmağı bacarıb. Bu, onun dünya çempionatlarında qazandığı ilk medal olur. Özünün dediyinə görə, Avropa çempionluğuyla yanaşı, dünya çempionatında qazanılmış "bürünc” də onun üçün ən önəmli medallardandı.

Əfsanələrin çəkisində yarışacaq

Əvvəllər 60 kq çəki dərəcəsində yarışan Heydərov, bu ilin mart ayından etibarən 73 kq çəki dərəcəsində yarışır. Bu çəki dərəcəsində Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar Olimpiadalarda Azərbaycana medallar qazandırıblar. Məhz bu amil Hidayəti daha diqqətli olmağa sövq edir. Ancaq deyəsən, Hidayət yeni çəki dərəcəsinə tez öyrəşib. Belə ki, 19 yaşlı cüdoçu bu çəki dərəcəsində rumuniyalı Aleksandru Raicu, polşalı Tomasz Czerniaşski, Böyük Britaniyalı Danile Povel və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək, finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Georgi Katsiaşvilini də məğlub edən Heydərov Avropa çempionu adını qazandı.

Hobbisi
Hidayət hələ kiçik vaxtlarından döyüş idman növləriylə yanaşı, futbola da maraq göstərib. O, uşaq yaşlarından "Mançester Yuanyted”in qatı azarkeşlərindən olub. Özünün dediyinə görə, elə indi də bu komandaya azarkeşlik edir. Onun atası da futbol həvəskarı idi. Ancaq oğlunu daha dözümlü, heç kimin qarşısında "sınmayan” görmək istəyən ata Heydərov oğlunu futbola yox, cüdoya yönəldir. Atasının bu qərarı "Mançester Yunayted” azarkeş olan Heydərovu bir qədər narazı salsa da, cüdoda qazanılan uğurlar doğru qərar verildiyini sübut etdi. Cüdoçu deyir ki, atası futbolla cüdo arasında seçim edib, qərar verərkən, Azərbaycanda futbolun səviyyəsinin aşağı olmasını əsas götürüb. Hidayət "futbolçu olsaydın, cüdodakı kimi uğur qazanardınmı” sualımızı belə cavablandırdı: "Doğruldardım. Çünki idmana həvəsim çoxdur. Amma yaxşı ki, cüdoçu olmuşam”.
Heydərov boş vaxtlarında futbolla yanaşı, basketbol oynamağı da sevir.

Məqsədi
Artıq yeniyetmə və gənclərin Avropa və dünya çempionatlarında yetərincə medal qazanmış Hidayətin əsas məqsədi böyüklərdən ibarət əsas millimizin də heyətində uğur qazanmaqdı. Onun ən böyük arzusu isə olimpiya çempionu olmaqdı. Heydərov 2020-ci ildə Tokioda baş tutacaq Olimpiadanı "qaralayıb”. Belə ki, Hidayət məhz Tokiodakı Olimpiadaya qatılmağı hədəfləyib. Öz əzmkarlığıyla bir çox uğurlu nəticələrə imza atmış gənc cüdoçu, bu işin də öhdəsindən gələ bilər. Elnur Məmmədli, Rüstəm Orucovun medallar qazandığı 73 kq çəki dərəcəsində yarışan Hidayətin tezliklə həmin cüdoçuların uğurlarını təkrarlayacağı real görünür.

Kənan



banner

Oxşar Xəbərlər