AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tokio Olimpiadası 2021-ci ildə də keçirilməsə ləğv olunacaq

Tokio Olimpiadası 2021-ci ildə də keçirilməsə ləğv olunacaq

İdman
21 May 2020, 14:00 276
Tokioda təşkil ediləcək Olimpiya Oyunlarını 2021-ci ilin yayında keçirmək mümkün olmasa, çox güman ki, bu yarışlar ləğv ediləcək.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax BBC-yə müsahibəsində bildirib.
Xatırladaq ki, Tokio Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı dəyişdirilərək 2021-ci il iyulun 23-dən avqustun 8-dək təyin edilib.
T.Bax bildirib ki, Yaponiyanın Baş Naziri Şinzo Abe onunla söhbətində gələn ilin Oyunların keçirilməsi üçün son müddət olduğunu bildirib. BOK prezidenti deyib: "Başa düşürəm ki, yarışların vaxtını daim dəyişmək və Oyunların təşkilat komitəsi üçün bir neçə min insanı işə götürmək mümkün deyil. Həmçinin hər il bütün dünya üzrə beynəlxalq federasiyaların cədvəlini dəyişmək də olmaz, axı idmançılar üçün müəyyənlik olmalıdır. Biz müxtəlif ssenarilərə hazır olmalıyıq və ümid edirəm ki, Oyunlar gələn ilin iyulunda baş tutacaq. Çox güman ki, təhlükəsizliyin təmin olunması üçün əlavə tədbirlərə, idmançılar və digər iştirakçılar üçün karantinə ehtiyac olacaq”.