• cümə axşamı, 25 aprel, 14:59
  • Baku Bakı 23°C

Tokayev Daşkənddən də dəstək aldı

16.04.19 17:00 469
Tokayev Daşkənddən də dəstək aldı
Qazaxıstan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin 2020-ci ilə kimi 5 milyard dollara çatdırılması barədə razılıq əldə ediblər. Əməkdaşlığın əsas istiqamətləri nəqliyyat, loqistika və sənaye kooperasiyası ilə bağlıdır. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Daşkəndə səfərinin yekunlarında bu məsələlər öz əksini tapıb. Tərəflər regionda və bütövlükdə dünyada yaranmış vəziyyətə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəyə, beynəlxalq terrorizmə, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Ekspertlər hesab edirlər ki, Tokayevin Özbəkistanda apardığı danışıqların yekunu regional əməkdaşlığın vacibliyini önə çıxarıb.
Bu səfər Qazaxıstan prezidentinin Özbəkistana cavab səfəridir. Ötən il özbək prezidenti Astanaya (Qazaxıstanın keçmiş paytaxtı) səfər edib və danışıqların yekununda Elbaşı (Nursultan Nazarbayev) 2018-ci ili Qazaxıstanda Özbəkistan ili elan edib. Bu il isə Özbəkistanda Qazaxıstan ili elan edilib. Bu açılışı etmək şərəfi isə Tokayevə nəsib olub. Məlumat üçün bildirək ki, martın 19-da Nursultan Nazarbayev səlahiyyətlərini konstitusiyaya müvafiq olaraq spiker Qasım-Jomart Tokayevə verib. Üstündən bir gün sonra isə Qazaxıstana sadiqlik andı içib. Baxmayaraq ki ölkənin fəaliyyətdə olan prezidentidir, cəmiyyətdə dövlətin texniki rəhbəri kimi qəbul edilir. Hakimiyyətin uğurlu tranziti üçün isə Nazarbayevin razılığı ilə 2019-cu il iyunun 9-da ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Tokayevin seçkilərdə iştirakına hakim Nur Otan partiyası qərar verməlidir. Bununla bağlı partiyanın aprelin 23-də qurultayı keçirilməlidir. Qazaxıstan qanunvericiliyinə görə, yalnız ictimai təşkilatlar prezidentliyə namizədlər irəli sürə bilərlər. Bütün bunlarla baxmayaraq, ölkə tamamilə Nursultan Nazarbayevin nəzarətində qalacaq.
Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyası Bazar problemləri İnstitutunun baş elmi işçisi Nəbi Ziyadullayev hesab edir ki, "seçkilərdə ən şanslı namizəd məhz Tokayevdir. İkinci prezidentin Özbəkistana dövlət səfəri isə onun prezident kimi nəinki Qazaxıstanda, eləcə də bütövlükdə Mərkəzi Asiya regionunda statusunu möhkəmləndirmiş olub. Ədalətli olardı ki, Tokayev yaxın beş il üçün hakimiyyətdə qalardı. Uzun illər boyu Nazarbayevin tərəfdarı kimi təmsil olunub, onun irsinin davamçısıdır, karyerası boyu ciddi bir xətaya yol verməyib. Onun namizədliyini praktiki olaraq Qazaxıstanın bütün siyasi elit qrupları dəstəkləyir. Və Qazaxıstan onu seçməklə yalnız udmuş olub. Əgər Nazarbayev gələcəkdə qızı Dariqanı prezident görürsə, Tokayev yaxın beş il üçün onu bu posta uğurla hazırlaya bilər”.
Qayıdaq Tokayevin Özbəkistana rəsmi dövlət səfərinə. Ekspert əlavə edib ki, danışıqların yekunu belə deməyə əsas verir ki, Daşkənd-Nur-Sultan oxu yaranmış olur. Özbək lideri Şavkat Mirziyoyevlə danışıqların yekununu Qazaxıstanın xarici siyasətinin prioritet istiqaməti adlandıran Tokayev əlavə edib ki, bu, iki ölkə liderlərinin uğurudur: "Siz və Qazaxıstanın birinci prezidenti dövlətlərarası münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltməyə müvəffəq oldunuz. Öz tərəfimdən onu deyə bilərəm ki, Elbaşının varislik siyasətini təmin etdirəcək, ikitərəfli münasibətləri daha da yüksəltməyə çalışacağam. Bunun təsdiqi kimi imzaladığımız birgə bəyanatı qeyd edə bilərəm. Orada əməkdaşlığımızın əsas nailiyyətləri və yeni üfüqləri əks olunub”. Onun sözlərinə görə, Qazaxıstanda qardaş Özbəkistanla əməkdaşlığa çox yüksək tələbat var.
Şavkat Mirziyoyev öz tərəfindən Tokayevin ilk dövlət səfərini Özbəkistana etməsini yüksək qiymətləndirib. "Biz burada iki ölkə arasında strateji münasibətlərin gələcəkdə daha da dərinləşməsi elementlərini görürük. Qazaxıstan bizim üçün yaxın qonşu və strateji tərəfdaşdır. Bizi əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət dinamika sevindirir”, - deyə özbək lider vurğulayıb.
N.Ziyadullayev bildirib ki, həqiqətən də, son iki il ərzində ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. "Daşkənd və Nur-Sultan regional inteqrasiya üçün bazis olan bir sıra məsələləri həll etməyə müvəffəq olublar. Hələ ki Qazaxıstanda tranzit dövrüdür və bu səbəbdən də regionda liderlik Özbəkistana keçir”, - deyə rusiyalı ekspert bildirib.
Öz növbəsində Qazaxıstan Respublikası prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev "Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, Özbəkistan sadəcə regional qonşu demək deyil, Qazaxıstan üçün regional kontekstdə ən iri tərəfdaş dövlətdir. Təsadüfi deyil ki, Tokayev Daşkəndə gələrkən xüsusi olaraq qeyd edib ki, yaxşı qonşu uzaq qohumdan yaxındır: "Özbəkistan Qazaxıstanın iqtisadi inkişafında çox əhəmiyyətli istiqamətdir. Onun iştirakı olmadan regional qarşılıqlı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu və digər faktorlar birinci səfərin məhz Daşkəndə edilməsinə təsir etmiş olub. Lakin Mərkəzi Asiya inteqrasiyasından danışmaq hələ ki tezdir. Söhbət normallaşmaqdan, əməkdaşlığın bütün spektrinin kooperasiyasından gedir”.
Ekspertin sözlərinə görə, imzalanan sənədlər paketi böyük planlardan xəbər verir. Təsadüfi deyil ki, tərəflər daxili siyasi məsələlərdən asılı olmayaraq ticarət dövriyyəsinin 2020-ci ilə kimi 5 milyard dollara qədər yüksəldilməsi barədə qərar veriblər. S.Kuşkumbayev xatırladıb ki, martda Daşkənddə Mərkəzi Asiya iqtisadi forumu keçirilib. Forumda regional, həm də ikitərəfli layihələr müzakirə edilib. Xüsusən də qazax-özbək sərhədində gömrük məntəqəsinin, iqtisadi və nəqliyyat dəhlizinin açılması nəzərdə tutulur. İkitərəfli əməkdaşlıq regional əməkdaşlığın hərəkətverici qüvvəsidir”, - deyə ekspert fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər