• cümə, 29 Mart, 03:59
  • Baku Bakı 7°C

Tofiq Heydərov: “Əsas hədəfimiz İslam Oyunlarıdır”

14.04.17 17:15 1282
Tofiq Heydərov: “Əsas hədəfimiz İslam Oyunlarıdır”
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti, Azərbaycan yığma komandasının baş məşqçisi Tofiq Heydərov federasiyasnın rəsmi saytı və AAAF TV-yə geniş müsahibə verib. O, Tailandda keçirilən dünya birinciliyi, son zamanlar baş verən bəzi hadisələr, həmçinin Bakıda keçiriləcək İslam Oyunlarına hazırlıq prosesi barədə məlumat verib. Həmin müsahibəni sizə təqdim edirik:

- Bir neçə gün öncə Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyi başa çatdı. Sevindiricidir ki, yarışın sonunda xoş xəbərlər aldıq, gələn il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Olimpiya Oyunların lisenziya qazandığımız məlum oldu. İlk öncə soruşmaq istəyərdik ki, bu yarışa hazırlıq necə aparılmışdı, ora hansı ümidlərlə yollanmışdıq və bu ümidlər doğruldumu?

- Federasiya rəhbərliyinin yeni tərkibi seçiləndən sonra qarşımızı qoyduğumuz ilk məqsəd Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanmaq idi. Bununla yanaşı, əsas komandamızın təkmilləşdirilməsi və İslam Oyunlarında layiqli çıxış öncül planlarımızdan idi. Ona görə də Tailanda çox ciddi hazırlaşırdıq. Əsas məqsədimiz 17 ən güclü komanda sırasına düşmək idi, çünki lisenziyanı məhz bu halda əldə edə bilərdik. Yarışa yola düşəndə bunu düşünüb getmişdik. Amma gedişat göstərdi ki, biz daha yaxşı komandayıq və atletlərimiz nəinki məşqlərdə, ümumiyyətlə indiyə qədər heç bir yarışda qaldırmadıqları çəkilərin öhdəsindən gəldilər. Hətta iş o yerə çatdı ki, son günlərdə 2 lisenziya verən ilk yeddi pillədə qərarlaşmaq üçün mübarizəyə də qoşulduq, komandamız 5-ci pillədə idi. Düzdü, son anda digər komandalar bizi qabaqladılar və biz 9-cu olduq. Ancaq bu da kiçik bir iş deyil. Bu, ağır atletika tariximizdə ilk belə hadisədir. Üstəlik, biz Rusiya və Türkiyədən sonra Avropanın 3-cü ən güclü ölkəsi olduq. Daha bir qeyd ediləsi məqam, atletlərimizin yaşıdır. Yarış 2000-ci il təvəllüdlülər arasında keçirilsə də, komandamızın əksər üzvləri 2001, hətta 2002-ci ildən idilər. Komandamız turnirin ən gənc komandası idi. Belə heyətlə belə gözəl nəticə əldə etməyimiz çox xoş oldu.

- Tailandda yaxşı nəticələr əldə etdik, uğurlu çıxış oldu. Bəs bu nəticələr növbəti Avropa və dünya çempionatlarında hansı nailiyyətlər qazanmağımıza ümid verdi?

- Qarşıda bizi Avropa birinciliyi gözləyir. Orada komandanın qarşısına qoyulacaq hədəf medallar uğrunda mübarizə olacaq. Hətta Türkiyə və Rusiyanı komanda hesabında keçməyə belə cəhd edəcəyik. Dünya birinciliyində biz çəki dərəcələrində ilk onluğa düşməyi nəzərdə tutmuşduqsa, atletlərimiz az qala medala yaxın nəticələr göstərirdilər. Məsələn, Elməddin Hüseynovun medala cəmi 3 kq-ı çatmadı. Ancaq Avropada daha yaxşı olacaq. Biz 3-5 qitə çempionu və komanda hesabında ən yüksək pillələrdə qərarlaşmağı qarşımıza məqsəd qoyacağıq. Təbii ki, Argentinadakı Olimpiya Oyunlarında çıxış da çox vacibdir. Qızlarımızın da bu yarışda iştirak şansı var və Avropa birinciliyində yaxşı çıxış edərək buna nail ola bilərik. Oyunlara ümidimiz böyükdür, çünki medal qazanmağı bacaracaq bir yox, bir neçə atletimiz var. Onları öz aralarında yaxşı rəqabət gözləyir. Çalışacağıq, uğurlu nəticələr əldə edək.

- Dünya birinciliyi ilə yanaşı, gündəmi başqa bir məsələ də zəbt etmişdi və istərdik ki, ona da fikrinizi bildirəsiniz. Xorvatiyadakı Avropa çempionatında iştirak etməyən yığma komandamızla bağlı xoş olmayan xəbərlər yayıldı. Məsələni dəqiqləşdirmədən, məğzini öyrənmədən yazanlar da oldu, peşəkarlıq nümayiş etdirənlər də. Hər halda, məsələyə rəhbər şəxs – bir vitse-prezident olaraq münasibətiniz, şərhiniz də vacibdir...

- Səkkiz aydır ki, yığma komandamızla bağlı çox genişmiqyaslı işlər aparırıq. Millimizin təlim-məşq bazasında yüzə yaxın atlet, 20-dən çox məşqçi eyni zamanda hazırlıq keçir. Xorvatiyanın Split şəhərində keçirilən Avropa Çempionatında əsas heyətlə iştirakı əvvəlcədən nəzərdə tutmamış, ikinci heyət üzvlərinə şans verməyi planlaşdırmışdıq. Ancaq son günlərdə qərar verdik ki, onların ikisinin də İslam Oyunlarında çıxış imkanı olsun. Çünki biz normadan iki nəfər artıq atletin adını sifariş etmişik. Bunun da səbəbi sırf taktikadır. Adətən yarışa çox az qalmış bəzi çəki dərəcələrində rəqiblər geri çəkilir, ya da çox zəif nəticələrlə qatılırlar. Ona görə də Məşqçilər Şurası qərar verdi ki, həmin idmançılar da bizim üçün çox vacib olan İslam Oyunlarında çıxış etməlidirlər. Onların da adını əsas heyətə saldıq. Düzdür, biletlər əvvəlcədən sifariş edilmiş, hazırlıqlar görülmüşdü. Ancaq bir gün qalmış heç kimin ora getməməli olduğunu elan etdik. Getmələri sadə bir anlaşılmazlıq olub. Bir şeyi qeyd edim ki, biz dünya birinciliyi zamanı Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti və İslam Oyunları Təşkilatının nümayəndələri ilə görüşlər keçirdik. Dopinq məsələlərinə görə Azərbaycan az qala bu Oyunlarda iştirak etməmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma şükürlər olsun ki, xeyrimizə qərar verildi, yəni iclasın qərarı uzadıldı və biz komanda ilə İslam Oyunlarında iştirak edə biləcəyik. Ona görə bizdə bir az da inam hiss oyandı. Çalışırıq ki, komandamızı qoruyaq. Üstəlik, dopinq məsələləri ilə bağlı komandada böyük işlər gedir. Bəzi mətbuat orqanlarında qeyd olunub ki, guya komanda Xorvatiyadan dopinqə görə "qaçıb”. Yanlışdır, çünki buna ehtiyac yoxdur. Biz, federasiya olaraq Ümumdünya Anti-Dopinq Agentliyinə (WADA) mütəmadi müraciətlər edir, qaydalara uyğun olaraq idmançılarımızın harada olduqlarını bildirir, məlumat veririk. Bunun üçün Xorvatiyaya getməyə ehtiyac yoxdur. WADA nümayəndələri istənilən vaxt Bakıya da gəlib, istədikləri yerdə yoxlaya bilərlər, buna hüquqları var. Biz özümüz də daxili yoxlamalar aparırıq. Ona görə də, bu dopinq məsələsi ilə bağlı məsələ deyil. Düzdür, bizim məşqçilər heyətindən hansısa nümayəndə və hakimimiz orada iştirak etməli idi. Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi çempionatda atlet olaraq mübarizə aparacaqdı. Biz onların iştirakını təmin etmiş, amma o biri məsələlərlə bağlı cəmi 1 gün öncə qərar vermişdik. Ki, komanda getməməli idi. Qeyd etdiyim kimi, sadə bir anlaşılmazlıq olub. İslam Oyunları bizim üçün əsas hədəfdir. İnşallah, gözləyirik ki, komandamız bu oyunlarda da uğurlu çıxışlar etsin. Hamı bilir ki, dopinqsiz hazırlaşmaq həqiqətən də çox çətindir. Elə preparatlar var ki, insanlar qəbul edir, o bir günə, üç günə bədəndən "çıxır”, yəni yarış zamanı atlet "təmiz” görsənir. Amma biz buna da qarşıyıq. Böyük mübarizə aparırıq. Biz bütün yığma komandaya demişik ki, heç bir zaman bu vasitələrdən istifadə etməyəcəyik. Milli Anti-Dopinq Agentliyimiz fəaliyyətini bərpa edib. Onlara müraciət edəcəyik ayda bir, bəzən iki dəfə analiz götürüb yoxlasınlar. İdmançılara demişik ki, sizi Xorvatiya yox, öz polisimiz axtaracaq (gülür). Çünki olmaz dopinq qəbul etmək, bunu qadağan edən qanunumuzu qəbul olunub. Şəhərin bütün fitness-salonlarında ağır atletlər üçün qanunsuz hesab edilən preparatalar satılır, təklif edilir hər kəsə. Dopinqlə mübarizə az qala narkomaniya ilə mübarizədən daha çətinləşib. Bu məsələlərdə Türkiyənin təcrübəsindən istifadə edəcəyik. Onların federasiya prezidenti, mən və İWF-in prezidentli ilə üçlükdə görüşümüz oldu. O, üzüağ şəkildə bildirdi ki, biz uğurlu şəkildə mübarizə aparırıq. İlk illərdə türkiyəlilərin yarışlarda uğurları yox idi, yaxşı yerlər tutmurdular. İndi isə onlar Avropanın liderlərindəndirlər, dünya birinciliyində də yaxşı çıxış etdilər, medallar qazandılar. Onlar buna zallarının sayını artırmaqla, istedadlı atletləri üzə çıxarmaqla nail oldular. Bizim də yolumuz bu yoldur. Ancaq bizim nəticələrimiz daha tez görünəcək, çünki federasiya olaraq çox böyük işlər görmüşük. Bu gün kimsə deyə bilər ki, məsələn, Füqan Əliyevin, ya digərlərinin nəticəsi olan 7, yaxud 8-ci yer yaxşı nəticə deyil. Amma bu, düz deyil. Çünki bu nəticələr asanlıqla əldə olunmayıb. 8-10 il bundan qabaq Lerikin Piran kəndində, Şamaxıda bir zal tikilib, məşqçiləri maliyyələşdirilib, iki aydan bir yarışlar təşkil etmişik, milyonlarla vəsait xərclənib və məhz bunun nəticəsində, 10 ildən sonra bu yerə gəlib-çıxılıb, nəticə qazanılıb. Bəziləri "medal qazanmadınsa, bu, uğur sayılmır” deyirlər. Ancaq biz belə düşünmürük. Federasiya olaraq bu idmançıların nəticələrini bundan sonra da medal kimi mükafatlandıracağıq. Çünki biz mütəxəssis olaraq bu əldə edilən nəticələr, qaldırılan kiloların nə demək olduğunu çox yaxşı bilirik. İndiyə qədər elə bilinib ki, ən rahatı hansısa dərmanı qəbul edib, tez medal qazanmaqdır. Ancaq biz belə asan yolla getməyəcəyik. Əvvəl 100 manat başa gələn medalı, 100 min xərcləyib, ancaq təmiz yolla qazanmağı qarşımıza məqsəd qoymuşuq.

- Çıxışınızda İslam Oyunları haqda ətraflı danışdız, nəticə istəyini qeyd etdiz. Nəticə üçün isə yaxşı hazırlıq lazımdır. Bu proses hazırda hansı səviyyədədir?

- Çox yüksək səviyyədə. Heç vaxt millinin hazırlığı bu qədər yüksək səviyyədə keçirilməmişdi. Əvvəl də qeyd etdiyim kimi, məşqçilərin də, idmançıların sayını artırıb, kütləvilik yaratmışıq komandada. Daxili çempionat və birincilikləri də yüksək səviyyədə keçirməyə, mükafatlandırma müvafiq etməyə çalışırıq. Nəticələr də göz qabağındadır. Hər yarışdan sonra analiz aparır, artım olduğunu sezirik. Federasiyanın yeni tərkibi olaraq komandanın qarşısında beynəlxalq yarışlarda mütləq medal qazanma tələbi qoymuruq. Yalnız hər atletin öz ən yaxşı nəticəsini bir qədər artırmasını istəyirik. Ola bilər ki, məsələn, İslam Oyunlarında hansısa idmançımız öz şəxsi nəticəsini 5-10 kilo artıracaq, medala yaxın nəticə göstərəcək, amma medal qazanmayacaq. Biz bu nəticəni medal kimi qiymətləndirəcək, mükafat verəcəyik. Çünki başlıca məqsədimiz ağır atletikanın gələcəyidir. Medal tələb ediləndə bəziləri bəhanələr edirlər ki, bunu dopinqsiz qaldırmaq mümkün deyil və s. Ancaq biz razılaşmırıq. Biz öz işimizdə çox qəti olacağıq. Qanun da qəbul edilib: dopinq qəbul edən idmançı və məşqçisini həbs cəzası gözləyir. Biz də bu qanunu dəstəkləyirik. Hətta mən Tailandda olanda orda anti-dopinq orqanları ilə danışdım ki, bizə mütəmadi dopinq testlər götürməkdə yardımçı olsunlar, məşqlərdə, adi vaxtlarda yoxlamaqda, bu işi birdəfəlik qarşısını almaqda kömək etsinlər.

- Ağır atletika infrastrukturunun inkişafı istiqamətində də işlər görülür. Təmir-bərpa işləri aparılır, Novruz Bayramından öncə Astarada yeni zalın açılışı da oldu. Bu proses davam etdiriləcəkmi?

- Bu il üçün təxminən 20-yə yaxın zalın təmiri, yenisinin tikilməsi nəzərdə tutulub. Proses başlayıb və uğurla davam etməkdədir. Qeyd etdiyiniz kimi, ötən ay Astarada yeni zal açdıq və artıq yığma komandalarımız orada təlim-məşq toplanışları keçirlər. O zal yay mövsümü üçün yetərincə uğurludur. Planda Lerikdəki zalın açılışı var. Bununla yanaşı, Bakıda - paytaxtda da ağır atletika zallarının inşası və mövcud olanların təmirinə də start vermişik. Yəni bu yolla ilkin məqsədimiz olan kütləviliyə nail olmaq istəyirik. İslam Oyunları üçün ölkəmizə çox sayda avadanlıq gətiriləcək, yarışlardan sonra onları regiondakı zallarımıza paylayacağıq. Hədəfimiz ölkə yarışlarındakı iştirakçı sayını min nəfərə çatdırmaqdır. Çünki istedadlar kütləvilik olanda üzə çıxır.
banner

Oxşar Xəbərlər