• cümə, 29 Mart, 15:33
  • Baku Bakı 14°C

Tıxacsız və sıxlıq olmayan yollar

30.06.15 11:57 2402
Tıxacsız və sıxlıq olmayan yollar
Ekspertlər hesab edirlər ki, Avropa Oyunları günlərində müşahidə edilən səliqə-sahmanın davam etdirilməsi mümkündür
Yenicə başa çatan 1-ci Avropa Oyunları dünyaya səs salan möhtəşəmliyi ilə bərabər paytaxt sakinlərinə yaşatdığı tıxacsız günləri ilə də yadda qaldı. Yüksək səviyyəli tədbirin keçirilməsinə bütün sürücü və avtomobil sahibləri anlayışla yanaşdı. Hərəkətin məhdudlaşdırılacağı əvvəlcədən elan olunmuş yollardan başqa digər küçə və prospektlərdə də nəqliyyatın hərəkətində problemlər yaşanmadı, həmçinin sürücülərin qaydalara əməl etməməsi halları müşahidə olunmadı. Başqa günlərdə siqnal səslərindən, avtomobil çoxluğundan yaranan hay-küydən qulaq tutulan yollar da sanki rahat nəfəs aldı - nə tıxac göründü, nə də sıxlıq. Əlbəttə, tıxacsız və sıxlıq olmayan yollara birdən-birə nail olunmadı. Hər şeydən əvvəl sürücülərə fərdi nəqliyyat vasitələrindən istifadə etməmək barədə çağırış edildi. Dünya praktikasından nümunələr götürüldü, inzibati qaydalar sərtləşdirildi, qadağalar tətbiq olundu. Paytaxtda dövlət idarələrinin iş vaxtı dəyişdirildi. Ağırtonajlı maşınların gündüzlər şəhərə daxil olma vaxtları məhdudlaşdırıldı, rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olmasına müəyyən məhdudiyyətlər qoyuldu. Həmçinin bölgələrdən gələn maşınlar üçün xüsusi dayanacaqlar quruldu və s.
İdman bayramı boyunca nəqliyyatın rəvan hərəkətinə alışan insanları haqlı olaraq “Bəs Avropa Oyunları bitəndən sonra bu yenilikləri qüvvədə saxlamaq mümkün olacaqmı?” və ya “Nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlar oyunlar bitəndən sonra operativ nəqliyyat vasitələri hesab olunan polis, təcili tibbi yardım, yanğınsöndürən maşınları və ictimai nəqliyyatın hərəkəti üçün istifadəyə verilə bilərmi?” kimi suallar düşündürür. Mövzu ilə bağlı söhbətləşdiyimiz ekspertlər bir sıra məqamlara aydınlıq gətirdilər
Fərqli iş saatlarının tətbiqi
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu praktikanı Avropa Oyunlarından sonra da saxlamağa ehtiyac var. Belə ki, bu, hər şeydən əvvəl tıxacların aradan qalxması ilə bağlı həyata keçirilən gözəl təcrübə idi: “Biz birmənalı şəkildə təklif edirik ki, Avropa Oyunları vaxtı keçirilən təcrübələr və bəzi qaydalar növbəti dövrdə də qorunub saxlanılsın. Söhbət oyunların başlaması ilə əlaqədar tətbiq edilən dövlət idarələrində işə başlamaq saatlarının dəyişilməsindən gedir”. Ekspert bir il bundan əvvəl paytaxtda tıxacın aradan qaldırılması üçün fərqli iş saatlarına keçirilməsi təklifini irəli sürdüklərini bildirir: “Ali və ümumtəhsil məktəbləri, dövlət orqanları və biznes qurumları üçün – hər kateqoriya üzrə ayrı-ayrı iş rejimləri tətbiq olunsun. Məsələn, təklif edirdik ki, dövlət qurumları saat 8-də işə başlayıb 5-də işdən çıxsınlar. Ali və ümumtəhsil məktəblərində dərs rejimi 8:30-dan başlasın. Özəl qurumlarda isə iş rejimi saat 9-da başlayıb 6-da tamamlansın. Bu təcrübə həmin qurumların işə başlama və işi başa çatdırma saatları arasında müəyyən fərqlərin olacağına imkan verəcək. Bu da sıxlığın kəskin azalmasına səbəb olacaq. Bu baxımdan iş saatları ilə bağlı fərqli iş saatlarının tətbiqinə ehtiyac var». İqtisadçı ekspertin sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə ticarət mağazalarına malların verilməsi yalnız gecə saatlarında həyata keçirildiyindən bizim ölkəmizdə də bu praktikanın tətbiqi müsbət nəticə verər: «Bu təcrübə oyunlarla bağlı ölkəmizdə tətbiq olundu. Çörək istisna olmaqla həm ərzaq, həm də qeyri-ərzaq mallarının mağazalara verilməsi gecə saat 12.00-dan səhər saat 7.00-a kimi həyata keçirildi. ABŞ-da və Avropanın inkişaf etmiş başqa şəhərlərində bu praktika var. Aparılan tədqiqatlar göstərir ki, tıxacların yaranma səbəblərindən biri də mağazalara ərzaq və qeyri-ərzaq mallarının gətirilməsinin gün ərzində həyata keçirilməsidir”. Rayonlardan paytaxta daxil olan maşınların dayanacaqlarda saxlanmasına gəlincə, ekspert hesab edir ki, şəhərdə tıxac yaradan faktorlardan biri də məhz həmin avtomobillər olduğundan onların dayanacaqlarda yerləşdirilməsini mərhələli şəkildə həyata keçirməyə ehtiyac var. Belə ki, rayon avtomaşınlarının Bakıya daxil olarkən onların dayanacaqlarda saxlanılması diskriminativ xarakter daşıya bilər. Çünki bəzi vətəndaşlar mütəmadi olaraq Bakıya gəlib-gedirlər. Ancaq rayondan daxil olan köhnə avtomaşınların həmin dayanacaqlarda saxlanılması mümkündür. Onların istehsalat tarixi ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə ehtiyac var. Bu, praktik olaraq rayonlardan daxil olan avtomobillərin sayının kəskin azalmasına və tıxacların qarşısının alınmasına gətirib çıxaracaq”. Sarı zolaqlardan danışan iqtisadçı hesab edir ki, həmin zolaqların avtobuslar, təcili yardım, yanğınsöndürmə maşınları üçün istifadə edilməsi daha məqsədəuyğundur. Belə ki, sarı zolaqların mövcudluğu yolun genişliyindən asılıdır. Paytaxtdakı daxili yolların çoxu isə nisbətən kiçikdir: “Əksər şəhərlərdə avtobuslar üçün xüsusi yollar var. Bu, həm ictimai nəqliyyata diqqətin və marağın artmasına səbəb ola, həm də vətəndaşların qısa müddətdə işə və evə çatmasına zəmin yarada bilər. Əgər yolun genişliyi imkan verirsə, bu zolaqların ictimai nəqliyyat üçün istifadə edilməsi məqsədəuyğundur. Çünki ictimai nəqliyyat da çox zaman yollarda tıxac yaradır. İctimai nəqliyyatın tıxacsız hərəkət etməsi vətəndaşların ictimai nəqliyyatdan tez-tez istifadə etməsi üçün zəmin yarada bilər».
Məzmunu həyata keçirmək
Yollardakı tıxacın və sıxlığın azalması ilə bağlı mövcud praktikanın qorunub saxlanmasının mümkünlüyünü bildirən ekspert Azər Allahverənov hesab edir ki, piyadaların, sərnişinlərin və sürücülərin maraqlarını təmin etmək şərtilə hazırkı təcrübəni həyata keçirmək olar: “Ancaq təcrübə onu göstərir ki, bu tip inzibati qadağaları uzun müddət saxlamaq çox çətindir. Çünki bunları saxlaya bilmək üçün müvafiq icra qurumlarının güclü rıçaqları olmalıdır. Digər tərəfdən, bu, piyadaların və nəqliyyat idarə edən şəxslərin maraqlarına uyğundursa, bütövlükdə insanlar tərəfindən müsbət qarşılanmalıdır. Bunun üçün də bu tip qadağalar onların maraqlarına uyğun həyata keçirilməlidir”. Ekspertin fikrincə, istər sarı zolaqlarla, istər yollarla bağlı tətbiq olunan digər qadağalar – yük maşınlarının müəyyən saatlarda hərəkəti, bölgələrdən gələn maşınların şəhərə daxil olması və s. məsələlər forma baxımından düşünülə və genişləndirilə bilər, ancaq əsas məzmunu həyata keçirmək lazımdır: “Əgər Avropa Oyunları zamanı bölgə maşınları paytaxtda bir qayda olaraq buraxılmırdısa, bundan sonra bu, yolverilməzdir. Elə bir infrastruktur yaratmaq lazımdır ki, avtomobilləri xüsusi dayanacaqlarda saxlasınlar və həmin yeri şəhərin digər əraziləri ilə əlaqələndirən ictimai nəqliyyatdan istifadə edə bilsinlər. Yəni insanlar avtomobillərini həmin dayanacaqda qoyub digər nəqliyyatdan gedəcəkləri ünvan üçün rahat şəkildə istifadə edə bilsinlər. Tutaq ki, kimsə rayondan Bakıya gəlir - öz xəstəsini gətirir və ya başqa problemi var, onun da şəhərə buraxılmasına şərait yaratmaq lazımdır. Bizim icra strukturları alternativlər təsdiq etməklə həmin şəxsləri sövq etməlidir ki, onların maraqlarına cavab verə biləcək üsullardan istifadə etsinlər». Ekspertin fikrincə, dar yollarda sarı zolaqları tətbiq etmək düzgün deyil: «Məsələn, Hənifə Ələsgərova küçəsi çox dardır və orada sarı zolaqlar çəkilib. Qısa müddət ərzində bu yolda həmin qayda ilə istifadə etmək mümkün idi. Ancaq təhsil müəssisələri fəaliyyətə başlayandan sonra həmin yollarda mütləq tıxac yaranacaq. Fərqləndirilmiş zolaqlar ən azı üçzolaqlı yollarda salınmalıdır”. İritonnajlı yük maşınlarının hərəkətinə gəlincə, ekspert hesab edir ki, müəyyən şirkətlər bəzi məsrəflərə qənaət etmək üçün ağırtonnajlı maşınları, məsələn, tikinti materiallarının daşınmasına cəlb edirlər. Bu da asfalt örtüyünün vaxtından qabaq sıradan çıxmasına səbəb olur”. A.Allahverənovun fikrincə, bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Maksimum siyasət elə qurulmalıdır ki, yol infrastrukturu təkmil şəkildə işləsin. Yol hərəkəti effektiv şəkildə idarə olunsun. Bunun üçün də icra qurumları arasında geniş şəkildə əlaqələndirmə yaradılmalıdır: “Məhz Avropa oyunları zamanı bu əlaqələndirmənin geniş şəkildə həyata keçirilməsi ilə bağlı yollarda tıxac və sıxlığa rast gəlinmədi. Bu məsələ perspektivə hesablanmalıdır. Çünki indi yay fəslidir, yollarda avtomobillər nisbətən azdır. Tədris ilinin başlanması ilə əlaqədar sentyabr ayından başlayaraq yollar yenidən yüklənəcək. İstənilən dəyişikliklər həmin perspektivə hesablanmalıdır». Ekspertin fikrincə, bölgə maşınlarının Bakıya buraxılmaması, yük maşınlarının yalnız gecələr hərəkətliliyi qaydaları yenidən nəzərdən keçirilməlidir: “Qaydalar yalnız yeni məzmunda və yeni prinsiplər şəklində sürücülərin, sərnişinlərin, piyadaların maraqlarına uyğun şəkildə tətbiq olunmalıdır. Hər hansı inzibatçılıqdan uzaq durmaq lazımdır. Sadəcə, elə bir infrastruktur yaratmaq lazımdır ki, insanlar könüllü şəkildə bütün alternativlərdən istifadə etmək imkanlarına malik olsunlar».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər