AZE | RUS | ENG |

Timoşenko Ukraynanın kansleri ola biləcəkmi?

Timoşenko Ukraynanın kansleri ola biləcəkmi?
Eks-baş nazir yeni konstitusiyanın qəbuluna çalışacağını vəd edir

Ukrayna üçün 2019-cu il tarixinin ən gərgin illərindən biri olmalıdır. Bu il Ukraynada seçki ilidir - martda yeni prezident, payızda isə yeni parlament seçiləcək. Ukrayna Mərkəzi Seçki Komissiyası indiyə qədər prezident olmaq istəyən səkkiz namizədi qeydə alıb. Namizədlər arasında ən sürpriz şəxs bir vaxtlar "narıncı inqilab”ın liderləri sırasında olan Yuliya Timoşenkodur.
Seçkiqabağı mübarizəyə yeni ideyalarla gələn Timoşenko bəyan edib ki, qalib gələn kimi ölkə konstitusiyasının dəyişdirilməsi məqsədilə referendum keçirilməsinə çalışacaq. Ötən ilin yazında Timoşenko bəyan edib ki, mövcud konstitusiya xalqın maraqlarına cavab vermir və bu səbəbdən də öz layihəsini təqdim edir: "Bu layihə Ukraynada parlament üsul-idarəsinin tətbiqini nəzərdə tutur: Ali Radaya seçkilər açıq partiya siyahısı ilə iki turda keçiriləcək. Birinci turda seçkiqabağı baryeri keçən partiyalar növbəti tura keçirlər. Qalib avtomatik olaraq səslərin böyük əksəriyyətini (226 yer) əldə edir. Yerdə qalan yerlər partiyalar arasında proporsional qaydada baryeri keçən partiyalar tərəfindən müəyyən edilir. Seçkilərin nəticələrinə görə, birinci yeri tutan partiyanın lideri kansler postunu tutur. Bu post qanunverici və icra hakimiyyəti arasında bağlayıcı xətt olacaq”.
Timoşenkonun qənaətincə, Ukrayna bununla da əziyyət çəkdiyi ikihakimiyyətlilikdən yaxa qurtara biləcək: "Real olaraq vəziyyət belədir ki, hökuməti baş nazir və prezident idarə edir. Layihədə prezident vəzifəsi yoxdur. Kansler respublikası o deməkdir ki, o, kansler "ticarət, korrupsiya olmadan icra strukturunun rəhbəri olacaq. Eyni zamanda parlamentdəki çoxluğun lideri postunu daşıyacaq”. Timoşenko əmindir ki, indiki sistemin əsas problemi oliqarxlararası müqaviləyə söykənməsidir. "Konstitusiyada bildirilir ki, xalq hakimiyyətin mənbəyidir. Əslində isə belə deyil. Çünki xalqı beş ildə bir dəfə parlament və yaxud prezident seçkilərinə buraxırlar. Lakin saxtakarlıqlar və seçki qanunlarının qeyri-effektivliyi üzündən xalq öz hüququnu reallaşdıra bilmir”, - deyə keçmiş baş nazir layihəsinin təqdimat mərasimində bəyan edib. "Batıkivşina”nın lideri yeni ideyasının cəmiyyətin hakimiyyət üzərində nəzarətinin güclənməsini nəzərdə tutduğunu bildirib. O, ilk öncə referendumun nəticələrinə uyğun olaraq növbədənkənar seçkilərin keçirilməsini təklif edib. Artıq Timoşenko özünün ideyasını aktiv şəkildə təbliğ etməyə girişib. Ötən gün İCTV-də gedən siyasi şoulardan birində bildirib ki, qanuni, konstitusion yolla hakimiyyətə doğru gedəcəklər: "Biz yeni qarşıdurma şəbəkəsi yaratmayacağıq. Bizim vəzifəmiz prezident və parlament seçkiləri arasındakı müddətdə referendum keçirmək və yeni konstitusiya qəbul etməyə nail olmaqdır. Parlamentə seçkiləri yeni sistemlə keçirmək niyyətindədiyik”.
İndiki prezident Petro Poroşenkonu tənqid edən Timoşenko bildirib ki, prezident Ukrayna Pravoslav Kilsəsinin avtokefaliyası haqqında tomosu (qərarı) prezident seçkisində mübarizə üçün siyasi alətə çevirib: "Çox təəssüf edirəm ki, tomosu siyasi alətə çeviriblər. Mən buna qarşıyam. Biz müstəqil kilsənin yaradılmasının hər zaman tərəfdarı olmuşuq, amma bunun reytinq məqsədilə istifadəsini qəbul etmirik”.
Timoşenkonun layihəsini şərh edən politoloq Vadim Karasev bildirib ki, təklif olunan sistem bir neçə iri "xalq” partiyasının idarəetməsini nəzərdə tutur: "Almaniya təcrübəsi götürülür”. Politoloq Aleksandr Leonov isə hesab edir ki, "Ukraynada mövcud parlament-prezident üsul-idarəsi elə də pis deyil: əsas hakimiyyət hökuməti təşkil edən parlament koalisiyasının əlində cəmləşib. Prezident isə xarici siyasət və müdafiə məsələlərinə cavabdehlik daşıyır. Lakin birbaşa iqtisadiyyata təsir etmək imkanına malik deyil”. Bəzi ekspertlər hesab edirlər ki, Timoşenko qalib gələcəyi təqdirdə belə, bəyan etdiyi ideyasını reallaşdıra bilməyəcək. Ən əsası buna vaxtın azlığı imkan verməyəcək.
Yeri gəlmişkən, Atlantik Şurasının saytında Brian Mefford yazır ki, Ukraynada prezident seçkisinin nəticəsini proqnozlaşdırmaq mümkün deyil, amma bu siyasi dönəmlə bağlı beş məsələ bəllidir: "Birincisi, açıq şəkildə Rusiyanı dəstəkləyən namizəd qalib gələ bilməz və bu, ölkənin indisini keçmişindən fərqləndirən ən böyük dəyişiklikdir. Ukraynanın müstəqillik əldə etdiyi dönəmdən 2012-ci ilədək rusiyapərəst elektorat böyük rol oynayıb. Ancaq Vladimir Putin 2014-cü ildə Krımı ilhaq etməklə, Donbası tutmaqla, Ukrayna elektoratının rusiyayönlü hissəsini məhv edib.
İkincisi, rəy sorğularının yanlış olduğu üzə çıxacaq. Ukrayna mediasının hər gün yaydığı sorğularda Yuliya Timoşenko liderdir, ikinci yerdə yeni sifətdir, hazırkı prezident isə üçüncüdür”. "2016-cı ildə ABŞ-da rəy sorğuları Hillari Klintonun qələbə çalacağını proqnozlaşdırırdısa, Ukraynadakı sorğulara nə dərəcədə inanmaq olar?” – deyə müəllif yazır. Üçüncü amil prezidentliyə namizədlərin hamısının əslində parlamentdə yer qazanmaq uğrunda kampaniya aparmasıdır. Müəllifin fikrincə, seçkiylə bağlı aydın dördüncü amil Timoşenko ilə indiki prezident Petro Poroşenkonun seçkinin ikinci raunduna çıxacağıdır. Və nəhayət, beşinci amil prezident seçkisinin qalibinin parlament seçkisində də üstünlük əldə edəcəyidir. Rəy sorğuları 8-10 partiyanın parlamentə düşə biləcəyini, ancaq heç birinin üstünlük qazanmayacağını göstərir. Bu səbəbdən istənilən parlament çoxluğuna çoxpartiyalı koalisiya lazım olacaq. "Bəziləri şikayətlənirlər ki, bu seçki də əvvəlkilərə bənzəyəcək, köhnə sifətlər hakimiyyətə qayıdacaq. Müəyyən dərəcədə haqlıdırlar. Amma paradiqma Ukraynanın Avropa sivilizasiyasını seçməsilə dəyişib. İctimaiyyət daha yüksək standart, şəffaflıq tələb edir, daha liderlərinin bəyanatlarını olduğu kimi qəbul etmirlər. Ukraynalılar indi səlahiyyət sahibidirlər və səlahiyyətli vətəndaşlıq Ukraynanı irəli aparacaq”, - deyə məqalədə vurğulanır.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045