• cümə, 19 Aprel, 12:31
  • Baku Bakı 25°C

Tillersonun uğursuz Türkiyə səfəri

01.04.17 10:00 813
Tillersonun uğursuz Türkiyə səfəri
ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfəri, müzakirə olunan məsələlər dünya mediasının gündəmindədir. Onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdə və birgə mətbuat konfransında İŞİD və Fətullah Gülənin ekstradisiyası gündəmdə olub.
R.Tillerson ABŞ tərəfini daha çox maraqlandıran əsas müzakirə mövzularını açıqlayıb. O bildirib ki, bu məsələlər İŞİD terror təşkilatını məğlub etmək, bölgədə sabitlik və əməkdaşlıq, Türkiyə ilə hərbi əməkdaşlığın davam etməsi, ortaya çıxa biləcək yeni terror təhdidlərini önləməkdən ibarətdir: "Türkiyə Suriyaya xaricdən döyüşçülərin axınının qarşısını aldı, Türkiyənin İŞİD-lə mübarizə üzrə koalisiyaya faydasını bir kənara qoya bilmərik. Türkiyənin bu bölgədəki bütün fəaliyyətləri bizim üçün çox önəmli oldu. Türkiyə qaçqınların problemlərini həll etmək üçün səy göstərdi. Türkiyənin 6 illik dövrdə sülhsevər fəaliyyətini təqdir edirik”.
R.Tillerson ABŞ-la Türkiyə arasında iqtisadi əməkdaşlığı genişləndirmək istədiklərini vurğulayıb: "ABŞ və Türkiyənin bir çox ortaq hədəfləri var. Bu sırada İranın zərərli fəaliyyətinin qarşısını almaq, iraqlıların demokratiyaya keçidinə kömək etmək də var. Bu çətinliklərin qarşısını birlikdə almağa çalışırıq”.
Mətbuat konfransında R. Tillersona ABŞ-ın PKK terror təşkilatınınSuriya qolu olan PYD/YPG ilə əməkdaşlığının Türkiyə ilə münasibətlərə təsirinə dair sual ünvanlanıb. ABŞ dövlət katibi suala konkret cavab verməkdən yayınıb: "Bu gün Türkiyədə keçirdiyimiz görüşlərdə bu məsələ müzakirə mövzusu idi. "Suriyada uzunmüddətli nəticəyə necə nail ola bilərik”, "suriyalıların ölkələrinə qayıdışı necə olacaq”, kimi məsələlər müzakirə olundu. Bunlar çətin qərarlar, çətin seçimlərdir, amma müzakirəsi faydalıdır. ABŞ terrorla mübarizə koalisiyasının ortağı olmağa davam edəcək. Birlikdə çox addımlar atacağıq”.
Dövlət katibi Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Prezident iqamətgahında keçirilən qapalı görüş 2 saatdan çox davam edib. "Hürriyət” görüşdə Suriya və İraqda terror təşkilatları ilə mübarizənin davam etdirilməsinin vacibliyinin, müştərək tədbirlər görülməsinin mümkünlüyünün vurğulandığı barədə məlumat yayıb. Bu terror təşkilatları arasında ilk hədəf İŞİD-dir. Ərdoğan terrorla mübarizədə tərəf-müqabilinin düzgün seçilməsinin önəmindən danışıb. Görüşdə FETÖ terror təşkilatı rəhbərinin Türkiyəyə ekstradisiyası ilə bağlı prosedurlar, onun ABŞ-da fəaliyyətinin qarşısının alınmasına dair məsələlər müzakirə olunub.
Baş nazirin müavini Numan Kurtulmuş isə Tillersonla görüşü zamanı Fətullah Gülənin qaytarılması mövzusunda fikir mübadiləsi apardıqlarını söyləyib. N. Kurtulmuş F.Gülənin Kanada və Cənubi Afrikaya gedəcəyi ilə bağlı kəşfiyyat məlumatı əldə etdiklərini nəzərə çatdırıb.
Onu da qeyd edək ki, R.Tillersondan sonra katibliyin müşaviri Tomas Şannon da Türkiyəyə gələcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik müşavirin aprelin 3-4-ü Ankaraya gələcəyini bildirib. Amerikalı diplomatın səfəri zamanı iki ölkə arasındakı münasibətlər və beynəlxalq vəziyyət müzakirə olunacaq.
Yeri gəlmişkən, Qərb mətbuatı ABŞ dövlət katibinin səfərinə böyük önəm verib. "Reks Tillersonun Ankara ziyarəti Türkiyə ilə ABŞ arasındakı gərginliyi azaltmaqda uğursuz olub”. Bu iddianı İngiltərənin"Financial Times” (FT) qəzeti irəli sürüb. Tillersononun bu səfəri ABŞ prezidenti Donald Trampın işə başlamasından bu yana Vaşinqtondan Ankaraya edilən ən yüksək səviyyəli ziyarət kimi qiymətləndirilir. Səfərin nəticələrini şərh edən "FT”-in yazdığına görə, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-la əlaqələrin yenidən nizamlanacağını düşünənAnkaradakı diplomatik qaynaqlar Tillersonun bu səfərinin xəyal qırıqlığı yaratdığını etiraf ediblər. İrəli sürülən bu iddianı tərəflərin görüşlərdən sonra keçirdikləri mətbuata konfransında dilə gətirilən fikirlər də təsdiqləyir. Qeyd edilir ki, fərqli mövqelər əsasən Tillerson və Çavuşoğlunun mətbuat konfransında özünü büruzə verib. "Tillerson mətbuat konfransındakı çıxışında nə PYD və YPG-dən danışıb, nə də bununla əlaqədar suallara cavab verib. Suriya prezidenti Bəşər Əsədin gələcəyi ilə əlaqədar suala cavabı isə Ankara və Suriyanın "mülayim müxalifləri” üçün əsl sürpriz olub: "Əsədin gedib-getməyəcəyini Suriya xalqı qərar verəcək”, - deyə o bildirib. "Sözsüz ki, bu etiraf ABŞ üçün Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması məsələsinin artıq bağlanmış səhifə olduğundan xəbər verir”, - deyə qəzet yazıb.
Qəzet onu da yazır ki, Tillersonun mətbuat konfransında Rakka əməliyyatında Türkiyənin əməkdaşlıq təklifiylə əlaqədar ABŞ-ın son qərarı hələ vermədiyini açıqlaması da Ankaranın ürəyincə olmayıb. "Üstəlik, Tillerson bir suala cavab verərkən, Raqqa əməliyyatında YPG-ni dəstəkləməyin qaçılmaz olduğunu vurğulayıb. Ankarada xəyal qırıqlığı yaradan bu ziyarətin ardınca Suriyadan gələn xəbərlər ABŞ-ın bu mövqeyinin kürd separatçılarını xeyli həvəsləndirdiyini gözlər önünə sərir”, - deyə qəzet yazır.
Azər
banner

Oxşar Xəbərlər