• cümə axşamı, 25 aprel, 09:08
  • Baku Bakı 14°C

Tikinti üçün icazə verən qurumun dəyişdirilməsi nəyi dəyişəcək?

04.09.18 09:30 855
Tikinti üçün icazə verən qurumun dəyişdirilməsi nəyi dəyişəcək?
Nazirlər Kabinetinin "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib. "Report” xəbər verir ki, bu barədə qərarı Baş nazirNovruz Məmmədov imzalayıb.
Dəyişikliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət etdiyi zaman torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti ilə yanaşı, tikinti layihəsini də təqdim etməli olacaq. Həmçinin şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək yerli icra hakimiyyəti orqanının, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan RespublikasıDövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq ediləcək. Digər dəyişikliyə görə, şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalacaq, bir nüsxə sifarişçiyə veriləcək, digər nüsxələri isə tikintiyə icazə verən orqanda (qurumda) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saxlanılacaq.
Bəs görəsən qanunvericiliyə edilən bu dəyişikliyin hansı əhəmiyyəti var? Bu sahədə olan problemlərin həllinə yardımçı olacaqmı?
Əmlak üzrə ekspert Rəşad Əliyevdeyir ki, dəyişikliyin nə dərəcədə effektiv olacağını indidən söyləmək olmaz: "Qanuna edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən orqan dəyişdirilib. Ümumi yanaşmada bu, ciddi dəyişiklik demək deyil. Amma bütün hallarda, düşünürəm ki, dəyişikliyin nəticəsi kimi, bundan sonra sözügedən sahədə daha peşəkar yanaşma müşahidə ediləcək. Səlahiyyətlər adı çəkilən quruma verildikdən sonra prosedurlarda müəyyən dəyişikliklər edilə bilər. Amma hələlik bununla bağlı konkret fikir bildirmək bir qədər tezdir. Gələcəkdə yeni təkliflərin irəli sürüləcəyi də istisna deyil”.
"MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Nüsrət İbrahimov söylədi ki, əvvəllər bu icazə sənədini almaq üçün bir neçə quruma müraciət edilirdisə, indi Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə məsul qurum kimi təyin edilib: "Bu proseslərin bir əldən tənzimlənməsi şəhərsalma məsələsində norma və standartların gözlənilməsi baxımından çox vacibdir. Bu mənada hesab edirəm ki, belə bir addımın atılması bu sahədə olan bəzi problemlərin aradan qaldırılmasında effektiv rol oynayacaq”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar memar Feyzulla Quliyevqeyd etdi ki, sözügedən qurumda kadr islahatları aparılıb: "Bundan sonra bütün layihələrə orada baxılacaq və icazə verildikdən sonra tikinti işləri aparılacaq. Əvvəllər də tikinti layihələrinə bu qurumda baxılır və nəzarət edilirdi. Şəhərsalma ilə bağlı müəyyən çatışmazlıqların olduğu göz qabağındadır. Təkcə Bakıda deyil, Azərbaycanın əksər şəhərlərində problemlərin olduğu aşkardır. Bununla bağlı bir neçə ildir ki, dövlət səviyyəsində işlər görülür. Milli Məclis tərəfindən şəhərsalma və tikinti məcəlləsi qəbul olundu. Məcəlləyə əsasən 3 şəhərsalma sənədi var. Ümumi plan respublikanın regionları üzrə planlamanı əhatə edir. Daha sonra şəhərlərin və qəsəbələrin baş və müfəssəl planı var. Bu, dünya təcrübəsində də var. Müfəssəl plana əsasən şəhərsalma və kadastr layihələndirmədə isə bütün funksional zonalar dəqiq şəkildə qeyd olunub. Amma son dövrlərdə isə bəzi tələblər yerinə yetirilmir. Şəhərsalma və Arxitektura Komitəsi pilot layihə hazırladı. Amma bu layihə də effektiv olmadı. Bütün bunlar xaotik bir şəkildə idi. Düşünürəm ki, neqativ halların qarşısının alınmasında dəyişikliyin böyük rolu olacaq. Bununla bağlı geniş müzakirələr aparılır. Dəyişikliyin edilməsində əsas məqsəd nəzarətin gücləndirilməsidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər