• cümə, 29 Mart, 06:05
  • Baku Bakı 5°C

Tikinti sahəsində yerli istehsalın “inhisar”ı mümkündür?

07.06.18 10:30 1381
Tikinti sahəsində yerli istehsalın  “inhisar”ı mümkündür?
Azərbaycanda son dövrlər tikinti sektorunda ciddi inkişaf müşahidə edilir. Ölkənin demək olar ki, bir çox yerində tikinti işləri geniş vüsət alıb, yeni məktəblər, uşaq bağçaları, idman və yaşayış kompleksləri, inzibati binalar inşa olunur. Həmçinin sosial evlərin tikintisinə başlanması da, bu sektora marağı artırıb. Müşahidə olunan inkişaf tendensiyası ölkə iqtisadiyyatının da irəliləməsinə və genişlənməsinə təsirsiz ötüşmür. Bu sektoru daha perspektivli sahəyə çevirir. Ümumilikdə, bunun bir səbəbi dövlətin artan maliyyə imkanıdırsa, digər səbəbi azad biznes mühitinin olması ilə bağlıdır. Belə olan halda, tikinti sektoru nəinki yerli sahibkarlar üçün, o cümlədən xarici investorlar üçün də sərfəlidir.
Trend-in məlumatına görə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən IV Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı "Azərbaycan yaxın illərdə özünü tikinti materialları ilə 100 faiz təmin etmək niyyətindədir” deyib. N.Səfərovun sözlərinə görə, son vaxtlarda Azərbaycanda tikinti sənayesinin inkişafı nəinki bu sahədə müasir müəssisələrin yaradılmasına, eləcə də tikinti materialları ilə özünütəminatı artırmağa imkan verib. Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan sement, kərpic kimi bir çox tikinti materialları ilə özünü tam təmin edir, digər məhsullar üzrə də göstərici buna yaxındır: "Son illərdə Azərbaycanda tikinti materiallarının istehsalı 47 faiz, o cümlədən sement 24 faizdən çox, inşaat-beton qurğuları 60 faizdən çox, tikinti kərpici 48 faiz, hazır beton qarışığının istehsalı isə 96 faizdən çox artıb".
Qeyd edək ki, məsələyə ölkə başçısı da ciddi diqqət ayırır. Belə ki, prezidentİlham ƏliyevAlmaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini deyib. Prezidentİlham ƏliyevAzərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlət başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirib: "Bu baxımdan, bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər. Qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb”.
Tikinti materiallarına olan tələbatı yerli istehsalın hesabına ödəməyin nə dərəcədə real olduğunu və bu, baş verdiyi təqdirdə nə kimi üstünlükləri olacağını öyrənməyə çalışdıq.
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bu sahədə ölkəmiz kifayət qədər potensiala malikdir: "İnşaat materialına olan tələbin ödənilməsi vacib amillərdən biridir. Hazırda Azərbaycan tikinti mallarına olan tələbin əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Təbii ki, bəzi materialların, xüsusən də kərpic, sementin istehsalı ölkəmizdə həyata keçirilir. Amma digər tikinti ləvazimatları xaricdən gətirilir. Nəticə etibarı ilə də valyutamız başqa ölkəyə ötürülür. Ümumi yanaşsaq, Azərbaycanın özünü tikinti materialları təmin etmək imkanı və potensialı var. Amma düşünmürəm ki, taxta məhsullarının yüz faiz ödənilməsi yaxın müddətdə baş versin. Lakin digər materialların istehsalının təşkil edilməsi və ölkəmizin həmin materiala olan tələbi yerli istehsal hesabına ödəməsi potensialı kifayət qədər yüksəkdir”.
Yerli istehsalın artmasının nə kimi üstünlükləri olacağını da soruşduq. İqtisadçı deyir ki, əsas üstünlük Azərbaycanın idxaldan asılılığının aradan qaldırılması olacaq: "İdxaldan asılılığın olmamağı ilk növbədə valyutanın ölkədə qalmağı deməkdir. Həmçinin yerli istehsalın daha ucuz və optimal qiymətə bazara çıxarılmasına şərait yaradacaq. Tikinti materiallarının qiymətinin aşağı düşməsi, daşınmaz əmlak sahəsində mərhələli şəkildə qiymət tənzimlənməsinə təsir göstərə bilər. Yerli istehsalın artması digər tərəfdən məşğulluğun artmasına da səbəb olacaq. Bundan başqa, idxalın aradan qaldırılması dövlət büdcəsinə daxil olmaları artıracaq”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edir ki, bəzi tikinti materiallarının istehsalının artırılması olduqca çətindir: "Azərbaycanda faktiki olaraq taxta məhsullarının istehsalını artırmaq üçün malik olduğumuz meşə örtüyü hələ ki, buna imkan vermir. Eyni zamanda, dəmir və dəmir məmulatları ilə bağlı da ciddi xammal qıtlığı var. Bundan başqa, bir çox tikinti materialları var ki, onların istehsalı həyata keçirilsə də, rəqabətqabiliyyətliliyi çox aşağıdır. Amma bəzi tikinti materiallarının istehsalı üçün ölkəmizdə kifayət qədər xammal yataqları mövcuddur. Bəli, etiraf etmək gərəkdir ki, son 5 ili nəzərdən keçirsək, Azərbaycanda yerli istehsalın idxalı üstələdiyini görərik. Bu göstərici bir neçə il əvvəl 70-in 30-a nisbətində idi. Bu gün isə tikinti bazarının 100 faizini olmasa da, 70-75 faizini yerli istehsal ödəyir”.
Ekspertdən yerli istehsalın artığı təqdirdə bunun daşınmaz əmlak bazarındakı qiymətlərə necə təsir edəcəyini soruşduq: "Araşdırmalar göstərir ki, son illərdə yerli istehsal artsa da, bu, daşınmaz əmlak bazarında qiymətin azalmasına elə də ciddi təsir göstərmir. Sahibkarlar, yerli istehsal məhsullarına idxal olunanlara adekvat olaraq qiymət siyasəti tətbiq edirlər. Düşünürəm ki, tikinti materialları sahəsində, hətta yüz faiz təminetmə olsa belə, bu, indiki şəraitdə daşınmaz əmlak bazarına əhəmiyyətli təsir göstərməyəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər