AZE | RUS | ENG |

Tikinti azalır, tikintidə qurban gedənlərin sayı isə azalmır

Tikinti azalır, tikintidə qurban gedənlərin sayı isə azalmır
Ekspertlər bunu tikintiyə nəzarətin aşağı olması və insanlarımızın təhlükəsizlik qaydalarına etinasız münasibəti ilə əlaqələndirirlər

Ötən illərlə müqayisədə bu il tikinti işlərinin xeyli azalıb. Buna baxmayaraq, əmək fəaliyyəti zamanı tikintidə həlak olanların sayında çox az fərqlə azalma var. Məsələn, bu il Azərbaycanın tikinti sektorunda 22 nəfər həlak olub. Yanvar-avqust aylarında iş yerində baş verən bədbəxt hadisələrdə də əsas yeri inşaat sektoru tutur. Həyatını itirənlərin əksəriyyəti, demək olar ki, hamısı yüksəklikdən yıxılanlardır.
Ölüm halları ilə bağlı statistikanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rauf Tağıyev açıqlayıb. O bildirib ki, bu il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 136-dır, bunların nəticəsində həlak olanların sayı 49 nəfər olub, 107 nəfər isə xəsarət alıb. Cari ilin 8 ayı ərzində tikinti sektorunda 49 bədbəxt hadisə baş verib ki, bu hadisələr nəticəsində də 22 nəfər həlak olub. R.Tağıyev onu da qeyd edib ki, tikintidə qəza hallarının baş verməsinin səbəbləri arasında həm şirkətlərin işə lazımi məsuliyyətlə yanaşmaması, həm də təhlükəsizlik üçün istifadə edilən avadanlığın lazımi keyfiyyətdə olmamasıdır. Bütün bunlara baxmayaraq, R.Tağıyev deyir ki, Əmək Müfəttişliyi məsələnin aktuallığını nəzərə alaraq, işəgötürənlərlə əməyin təhlükəsizliyi mövzusunda təlimlər təşkil edir, bu təlimlərə hətta xarici mütəxəssislər də dəvət olunur.

Ölümün əsas səbəbləri

Amma mütəxəssislər hesab edirlər ki, bu sahəyə nəzarət olunmasına və işçilər arasında təlimlər aparılmasına baxmayaraq, məsələnin kökü başqadır. Mövzu ətrafında söhbətləşdiyimiz “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramin Osmanlı maraqlı bir faktı xatırlatdı: “Avropadakı tikinti şirkətlərinin birində tanışım işləyir. O deyirdi ki, mən Azərbaycanda ola-ola Avstriyada gedən tikinti işlərindən qətiyyən narahat deyiləm. Amma Azərbaycanda gedən tikinti işlərindən çox narahatam. Onun sözündə böyük məntiq və həqiqət var. Ona görə ki, Azərbaycanda tikinti işinə nə qədər nəzarət olur-olsun, cərimələrin sayı nə qədər artırılır-artırılsın, vətəndaşların özündə təhlükəsizlik məsələləri ilə bağlı bir eqoizm var. Məsələn tikintidə işləyən başına kaska qoymaq, belinə kəmər bağlamaq istəmir. Yaxud avtomobil sürən kəmər taxmaq istəmir, dağa dırmaşan alpinist belinə nəsə bağlamaq istəmir və s. Yəni bu məsələlər tək tikinti sektoruna aid deyil. Təbii ki, bunun mənfi tendensiyasını biz tikintidə də görürük”.
Ekspertin sözlərinə görə, son illər tikintinin həcmi 2007- 2008-ci illərlə müqayisədə təxminən 10 dəfə azalıb. Buna baxmayaraq, tikinti zamanı çoxmərtəbəli binalardan yıxılaraq ölənlərin sayı çox cüzi dərəcədə azalıb: “Əgər Bakı şəhərində 2007-ci ildə dayanmadan, eyni vaxtda 500-600 binanın tikintisi gedirdisə, indi bu rəqəm heç 50-60 da deyil. Belə olan halda, təbii ki, istehsalatda ölənlərin sayında da kəskin azalma baş verməli idi. Amma çox təəssüf ki, biz bu il bunu müşahidə etmirik. Mən deməzdim ki, Azərbaycanda bu sahədə nəzarət yoxdur, həqiqətən də nəzarət var. Amma buna baxmayaraq, hesab edirəm ki, bu istiqamətdə maarifləndirmə, məlumatlandırılma və ictimai nəzarətin gücləndirilməsi istiqamətində iş getmir”. R.Osmanlı şirkətlərdə fəhlələrə qaşı müəyyən tələblər olduğunu da dedi: “Amma sahibkarın hər gün, hər dəqiqə işçilərin fəaliyyətini izləməsi fiziki baxımdan mümkün deyil. Çünki onun başqa işləri kifayət qədərdir. Açığını deyim ki, işçilərin təhlükəsizlik məsələlərinə nəzarət var, amma təəssüflər olsun ki, nəzarətdən yayınma halları nəzarətdən daha çoxdur”.

Faktların izi ilə…

Bilirik ki, tikinti sektorunda həlak olanlar təkcə hündürlükdən yıxılmalarla bağlı deyil. Buraya binaların uçmasını, yaxud elektrik və əmək alətləri ilə ehtiyatsız davranışı da daxil eləmək lazımdır. Misal kimi, bir neçə il əvvəl, 2007-ci ildə Murtuza Muxtarov küçəsi –185 ünvanında “Mütəfəkkir” tikinti şirkətinin inşa etdirdiyi 16 mərtəbəli binanın çökməsini göstərə bilərik. Binanın uçması zamanı həlak olanların sayı 27 nəfərə çatdı. İlkin ekspertiza göstərdi ki, binanın uçması keyfiyyətsiz tikinti materiallarından istifadə olunması, həmçinin texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib.
Yaxud çox uzağa getməyək, elə iki ay əvvəl Goranboyda baş verən tikinti faciəsini xatırladaq. İyulun 20-də rayonun Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, hadisə zamanı 2 nəfər uçqun altında qalaraq ölüb.
“MBA qrup” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bu kimi hadisələri ciddi problem sayır. O, baş verən hadisələri tikinti sektorunun hələ tam formalaşmamağında və keyfiyyətin aşağı olmasında görür: “Hər hansı bir tikilinin inşası maksimum 2-3 ilə bitməlidir və təhvil verilməlidir. Çünki müddət uzandıqca tikiliyə çəkiləcək xərclər artır, rentabellik itir, ziyanla üzləşilir. Son nəticədə gəlir əldə edə bilməyən, nəticələri mənfi olan tikinti şirkətləri iflasa uğrayır. Ölkəmizdə tikinti sektoru hələ tam formalaşmayıb, bazar isə yeni-yeni formalaşır. Yəni bu sahədə peşəkarların, kadrların, mütəxəssislərin və analitik-təhlilçilərin sayı azdır. Keyfiyyət aşağı səviyyədədir. Əksər halda tikinti qurumları işlərini düzgün planlaşdıra bilmirlər. Belə olan təqdirdə ağır və mənfi nəticələr də qaçılmazdır”.

“Paytaxtda tikilən binaların 80 faizi məndə şübhə doğurur”

Azərbaycan Respublikasının əməkdar memarı Emil Axundov isə təklif edir ki, binaların hündürlüyünə müəyyən məhdudiyyətlərin qoyulması təqdirəlayiqdir. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində tikilən binaların hündürlüyünə müəyyən məhdudiyyətlər qoyulur və tarixi şəhərlərdə binalar müəyyən normalar çərçivəsində tikilir: “Betontökmə üsulu ilə 9 mərtəbədən hündür bina tikmək yolverilməz haldır. Ancaq təəssüf ki, bu üsulla Bakıda hündür binalar tikilir”.
Memar bildirdi ki, bu gün paytaxt ərazisində tikilən binaların 80 faizi onda şübhə doğurur. O, bunu yuxarıda qeyd etdiyimiz hadisəni (M. Muxtarova küçəsi -185) misal çəkməklə belə izah edir: “Bu günə kimi də bilən yoxdur ki, həmin binanın əsl uçma səbəbi tikilinin 4 kolon əvəzinə 3 kolonda tikilməsi olub. Nəticədə 27 nəfər dünyasını dəyişdi. Bu halların qarşısını almaq üçün nəzarət gücləndirilməli və bu proseslərə nəzarət etmək üçün xüsusi idarəetmə sistemi yaradılmalıdır”.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966