• çərşənbə axşamı, 19 mart, 11:23
  • Baku Bakı 8°C

Tiffani Vatın TED çıxışı

08.01.18 14:45 1568
Tiffani Vatın TED çıxışı
"İnsan emosiyalarının kitabı” ("A book of human emotions”) kitabının müəllifi, itmiş mədəniyyətlər və mədəniyyətlərarası dialoqun nəticələri üzrə araşdırmaçı alim, amerikalı tarixçi Tiffani Vatın cari ilin noyabr ayında Almaniyanın Darmstat Universitetindəki çıxışını ixtisarla təqdim edirik.Əvvəlcə istəyirəm, kiçik bir təcrübə aparaq. Bir anlığa gözlərinizi bağlayıb, həmin an nə hiss etdiyinizi dəqiqləşdirməyinizi istəyirəm. Heç kimə nə hiss etdiyinizlə bağlı nəsə deməyəcəksiniz. Burada məqsəd sadəcə nə hiss etdiyinizi dəqiqləşdirməyin çətin, yoxsa asan olduğunu müəyyənləşdirməkdir. Məncə, 10 saniyə sizə bəs edər. Anlaşdıq? Lap yaxşı, o zaman başlaya bilərik.
(10 saniyə sonra). Bəli, gözlərinizi aça bilərsiniz, vaxt bitdi. Necə idi? Ehtimal ki, özünüzü bir qədər təzyiq altında hiss etdiniz. Hətta bəlkə də yanınızda oturanlardan da şübhə duydunuz – görəsən, gözlərini həqiqətən yumdularmı? Bəlkə də, bu səhər kiməsə, harasa yolladığınız elektron məktuba görə qəribə bir narahatlıq, nigaranlıq doldu beyninizə. Ya da bugün axşam üçün planlaşdırdığınız görüşlə bağlı həyəcan keçirdiniz. Bəlkə də, belə bir auditoriya ilə bir yerdə olmağın verdiyi coşğu ilə sarıldınız. Uelslilərdə bu coşğunu tam mənasında ifadə edən "hwyl” sözü var, gəmi səyahətlərində donanmanın əylənmək, coşmaq, özünü aşmağı nəzərdə tutaraq işlətdiyi ifadədir. Bəlkə də, bu saydıqlarımızın və unutduqlarımızın hamısını hiss etdiniz. Bunlar dünyanı bir rəngə boyayan bəzi duyğulardır, qabarıq olanlardır. Eynilə maşın anidən sürüşəndə, idarənizdən çıxanda hiss etdiyiniz panika kimidirlər. Amma əksər hallarda duyğularımız onları bir-birindən ayırd etməyimizi çətinləşdirəcək şəkildə baş qaldırırlar. Hətta bəzi duyğular o qədər sürətlə gəlib-keçir ki, özünüz də nə olduğunu anlamırsınız. Supermarketdə sizi yaxşı tanıdığınız bir markaya yönləndirib, onun məhsulunu aldıran nostalgiya duyğusu kimi.
Bəzilərindən isə uzaq durmağa, qaçmağa çalışırıq, sanki başımızın üstündə partlayacaqlarından qorxuruq. Məsələn, iş üstündə tutulmaqdan qorxsaq da, utansaq da, sevgilimizin ciblərini, çantasını, telefonunu eşələməyə vadar edən qısqanclıq hissi kimi. Bəzi duyğular isə o qədər qəribədirlər ki, onlara nə ad verəcəyinizi belə bilmirsiniz. Məşhur bir fransız sosioloq bu duyğuya "ilinks” adı verib. Bəlkə də, xırda daxili xaos, savaşlarla birgə yaşadığımız bu sayıqlama vəziyyətinə elə məhz bu qeyri-müəyyən ad daha uyğundur. Məsələn, nəsə axtararkən onu axtarmağa fokuslanmaq yerinə, bütün çantanızın içini ortalığa tökdürən duyğudur bu. Yəqin ki, dilimizdə konkret bir qarşılığı tapılmayan bu qəribə, tərcümə olunmayan, sadəcə təsviri verilə biləcək duyğulardan birini hiss etdiniz bəlkə də. Hollandların "gezelligheid” adlandırdığı bir duyğu da var – çöldə hava soyuq, tutqun, depressiv olsa da, siz özünüzü dostlarınızla olduğunuz məkanda isti, rahat və xoşbəxt hiss edirsiniz. Ya da bəlkə də, burada aranızda çox şanslı olanlar var – yəni, nadir hallarda yaşanan "basoreksiya” – birini anidən öpmək istəyi - duyğusu ilə coşdunuz. (Gülüşlər).
Duyğu məlumatlılığının ciddi mənada əhəmiyyət daşıdığı bir dövrdə yaşayırıq. Günümüzdə duyğular bir çox şeyi ifadə etmək vasitəsidir. Əsasən, siyasətçilər tərəfindən yeri gəldi-gəlmədi istismar edilir, alqoritmlər tərəfindən manipulyasiyaya məruz qalır. Həm özümüzün, həm də başqalarının duyğularını anlamaq qabiliyyətini mənimsəmək, emosional beynin öyrənilməsi vacibdir. Məktəblərdə, təcrübə emalatxanalarında, sosial iş praktikasında bu sahədə təlimlər verilir. Səhiyyə xidməti göstərən qurumlar da bu məsələyə xüsusi diqqət ayırır. Bütün bunlara baxmayaraq, bəzən duyğular haqqında düşüncəmizdə qeyri-məhsuldar yanaşma, qeyri-işləklik olduğu qənaətindəyəm. Bəzən bir duyğunun nə olduğunu belə anlamaqda aciz qalırıq.
Ehtimal edirəm ki, həyatımızın bütün emosional anlarını bir qrup təməl duyğuya bağlamağa çalışan nəzəriyyəni eşitmisiniz. Bu nəzəriyyənin 2000 illik tarixi var. Belə ki, çağımızın bəzi psixoloqları da əsas altı duyğunun – xoşbəxtlik, kədər, qorxu, iyrənmə, qəzəb və təəccüb – dünyanın hər yerində bütün insanlar tərəfindən eyni cür hiss edildiyi müddəasını dəstəkləyirlər. Məhz bu səbəbdən onların fikrincə, bu duyğular bütün emosional həyatımızın təməl daşlarını təmsil edirlər. Bu duyğulardan hər hansısa birindən bəhs edilirsə, ibtidai bir reaksiya zənciri ilə qarşılaşırıq – nəsə xarici mənfiyüklü bir faktor həmin hissi hərəkətə keçirir, o isə silahlanır və bizi qorumaq üçün meydana çıxır. Bir ayı görəndə ürək döyüntünüz artır, göz bəbəkləriniz balacalaşır, qorxur və mümkün sürətlə qaçırsınız.
Bu təsvirdə bir problem var – situasiyada yaşanan duyğunun nə olduğunu tam təsvir edə bilmir. Əlbəttə, fiziologiya bu cür situasiyalarda mühüm əhəmiyyət kəsb edir. Amma hansısa zaman kəsimində niyə bu cür hiss etdiyimizin tək səbəbi deyil. Əsnəməyin səbəbini bugün yorğunluq, aclıq və ya sıxıntı kimi görürük. Amma XII əsrdə şairlərin çox əsnəməyi aşiq olmaqla əlaqələndirdiklərini bilirsinizmi? Bəs, təxminən elə o zamanlarda cəsur cəngavərlərin qorxudan özündən getdiklərini necə? Çöldə yaşayan xristianların gecələr çadırlara qonaq gələn cinlərin onları ölümcül dərəcədə şəhvət hissinə qərq etdiklərinə inandıqlarını necə eşitmisinizmi? Bugün sıxıntı adını verdiyiniz duyğunun ilk dəfə Viktorianlar tərəfindən hiss edildiyini, təsvirinin boş vaxt və şəxsi inkişafa xidmət edən yeni fikirlərin əleyhinə çıxış etmək mənasını verdiyini bilirdinizmi? Bu tip duyğular üstündə işləmək, tərcümə olunmayan, qarşılığını tapa bilmədiyimiz duyğuları bir xalqın sadəcə adlandırmaq, haqqında danışa bilmək üçün müəyyən ifadələrlə fərqləndirməsi və eyni emosiaları digər xalqlardan niyə fərqli şəkildə hiss etdiklərini anlamaq mənim həmişə marağıma səbəb olub. Məsələn, rus dilində "toska” adlandırılan duyğu var. Bəzi dillərdə, melanxoliya, bəzilərində həsrət, bəzilərində ayrılıqdan doğan kədər kimi qarşılıq tapıb. Rusların bu sözü işlədərkən nəzərdə tutduğu isə insanı dəli olmaq həddinə çatdıran məmnuniyyətsizlik duyğusudur.
Elmdəki son araşdırmalar duyğuların sadəcə ibtidai reaksiyalar yox, həm qalıcı bioloji xüsusiyyətlərimizə, həm də aid olduğumuz mədəniyyətə, topluma cavab verən olduqca qarışıq və elastik sistemlər olduğunu aşkara çıxarıb. Duyğular idraki elementlərdir, təfəkkür fenomenləridir. Təkcə bədənimizlə deyil, düşüncələrimiz, şüurumuz və dilimizlə müəyyən forma alırlar. Nevrosistemlər üzrə araşdırmaçı alim Lisa Feldman Barret dil və duyğular arasındakı bu dinamik münasibət məsələsi haqqında geniş tədqiqatlar aparıb. Barret bir araşdırma nəticəsində belə bir qənaətə gəlmişdi ki, hansısa duyğunu təsvir edən yeni ifadə öyrənəndə, bu yeni ifadə bizə özü ilə birgə yeni hisslər də qazandırır. Bir tarixçi kimi dillə birgə duyğularımızın da dəyişdiyini iddia edən bu mülahizədən o qədər də əmin deyildim. Keçmişə nəzər salsaq, duyğularımızın bəzən yeni mədəni çərçivələr, ictimai gözləntilər, dini inanclar, cinsiyyət, etnik dəyərlər, yaş və hətta yeni siyasi-iqtisadi ideologiyalara cavab verərkən forma və mahiyyət baxımından ciddi şəkildə dəyişdiyini görə bilərik. Duyğu sistemi məsələsində hələ təzə-təzə sezməyə başladığımız bir tarixilik var. Ona görə də duyğuların təsviri üçün yeni ifadələr öyrənmək və ya ərsəyə gətirmək çox faydalı olacaq. Amma bununla da kifayətlənməməliyik. Məncə, tamamilə emosional vəziyyətimiz haqqında məlumatlı olmaq üçün bu ifadələrin haradan gəldiyini, bununla yanaşı yaşayış və davranış formalarımıza aid nə kimi ideyalar ehtiva etdiklərini anlamalıyıq.
Sizə bir hadisə danışmaq istəyirəm. Bu əhvalat XVII əsrin sonlarına yaxın İsveçrənin Basel tələbə şəhərciyində bir mansarda baş verib. Deməli, orada evindən 90 kilometr uzaqlıqda yaşayan, qətiyyətlə ali təhsil almağı qarşısına məqsəd qoymuş bir tələbə olur. Getdikcə dərslərdə davamsızlığı gündən-günə artır. Ona baş çəkən tələbə yoldaşları gəncin halsız olduğunu sezirlər, görürlər ki, temperaturu da yüksəkdir. Ürək döyüntüləri sürətlidir və zaman keçdikcə bədənində qəribə ləkələr əmələ gəlir. Həkimlər çağırılır, müayinələr aparılır, hətta görünür, gəncin vəziyyəti o qədər təhlükəli olur ki, onu kilsəyə aparıb dua oxutdururlar. Sonra rahat can verə bilsin deyə, onu evə yollamağa qərar verirlər. Birdən fikir verirlər ki, xərəyə uzadan kimi gəncin təngnəfəs halı səngiyir, tənəffüsü normallaşır. Evləri yerləşən küçəyə çatanda isə demək olar ki, tamamilə rəngi özünə gəlir, gənc dirsəklənir. Onu evlərinə çatdıranda başa düşürlər ki, o, dərin həsrətdən, evinin, ailəsinin qoxusunun əskikliyindən əziyyət çəkirmiş. Bu duyğu o qədər güclü, dərin olub ki, onu öldürə də bilərmiş.
1688-ci ildə İohan Hofer adlı gənc bir həkim bu və oxşar hadisələri toplayıb, bir-bir analiz edir. Müəyyən araşdırmalardan sonra xəstəliyə "nostalgiya” adı verilir. Bu diaqnoz Avropada tibbi sektorda qısa müddətdə qəbul edilir. İngilislər isə iddia edirdilər ki, onlar bu duyğu xəstəliyindən zərər görməzlər, çünki durmadan imperiya ərazisində səyahət edirdilər. Ancaq qısa zaman sonra xəstəliyin Britaniya ərazisində də simptomlarına rast gəlindi. Nostalgiyadan dünyasını dəyişən son adam Birinci Dünya müharibəsində Fransada hərbi xidmətdə olmuş amerikalı əsgərdir. Yüz il belə olmayan yaxın bir keçmişdə belə bir xəstəlikdən kiminsə ölməsi necə qəribə gəlir.
Bugün isə bu söz fərqli bir məna ifadə etməklə kifayətlənmir, itirilən məkana, zamana bağlı bir narahatlığı, ev həsrətini, övladınızın sadə bir ictimai tədbirdə nə hiss edəcəyindən duyduğunuz nigaranlığa kimi geniş təsviri özündə cəmləyir.
Bugün bizi xoşbəxt edən hər şeyi qeyd edirik. Xoşbəxtliyin bizi daha yaxşı işçi, valideyn, həyat yoldaşına çevirməli olduğuna inanırıq. XVI əsrdə isə bütün bunları kədərin, çətinliyin, çarəsizliyin etdiyinə inanırdılar.
Duyğularımız sadəcə zaman keçdikcə dəyişmir, məkandan məkana da fərqlənir. Papua Yeni Qvineyeda "awumbuk” ifadəsi var. Qonaq getdikdən sonra evdə qalan ağırlıq duyğusu. (Gülüş). Qonaq getdikdən sonra bir qab su qoyulur ki, ondan qalan ağırlığı götürsün.
Çox sevdiyim duyğulardan birini isə, deyəsən, dünyada hamı sevsə də, bircə yaponlar ona ad veriblər. "Amae”. Yaponiyada çox sıx istifadə edilən bu ifadənin başqa dillərdə xüsusi bir qarşılığı yoxdur. Həyatdakı bütün məsuliyyətlərinizi müvəqqəti olaraq, kiməsə ötürəndə hiss edilən məmnuniyyət duyğusunu ifadə edir.
Bir tarixçi kimi hansısa mövzu üzərində işləyərkən tez-tez yaşadığım bir duyğu ilə yekunlaşdırmaq istəyirəm çıxışımı. "Depaysement”. Fransızca bir ifadədir. Yaxşı bələd olmadığınız bir yerdə hiss etdiyiniz adaptasiya ola bilməmək və qərarsızlıq duyğusunu əks etdirir. Tarixçi olmağın ən sevdiyim cəhətlərindən biri də budur – dəyərini bilmədiyim bir şeylə qarşılaşanda, həyatımda sıradan şeylər də yenidən gözümə qəribə, daha dəyərli görünməyə başlayır. "Depaysement” həm narahatlıq doğurur, həm də həyəcanvericidir. Ümid edirəm bu çıxışda siz də bir azca da olsa, bu duyğunu yaşadınız.
Təşəkkürlər
Ingilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər