• cümə, 19 Aprel, 22:17
  • Baku Bakı 24°C

Tibb Universitetində tədbir keçirilib

27.05.13 13:02 5568
Tibb Universitetində tədbir keçirilib
Mayın 25-də Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gicgah sümüyünün disseksiyası” mövzusunda tədbir keçirilib.
ATU-nun mətbuat katibliyindən verilən məlumata görə, iki gün davam edən tədbiri giriş sözü ilə açan ATU-nun Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru İbrahim İsayev toplantı iştirakçılarını salamlayaraq, mövzu barədə qısa məlumat verib. O bildirib ki, ATU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu toplantı da həmin tədbirlər proqramına daxildir. İ.İsayevin fikrincə, səhiyyə mövzularında Türkiyə ilə sıx əlaqələrin olmasının, belə tədbirlərin keçirilməsinin də gənclərimizə çox faydası dəyəcək.
Daha sonra ATU-nun insan anotomiyası kafedrasının müdiri, əməkdar elm xadimi Vaqif Şadlinski çıxış edərək, məşğələnin əsas məqsədi barədə məlumat verib. O bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gicgah sümüyünün terminologiyası və onun vacib anatomik hissələri barədə iştirakçıları məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən dosent, tibb elmləri doktoru Balakişi Hüseynov, Azərbaycan Tibb Universiteti otorinolarinqologiya kafedrasının müdiri, professor Əzizağa Talışinski, radioloq Rasim Bayramov və başqaları “Gicgah sümüyünün anatomiyası”, “Otitlərin ağırlaşmaları”, “Gicgah sümüyün radiologiyası” mövzusunda məruzələr ediblər. Məruzəçilər bildiriblər ki, gicgah sümüyün daxilində insan orqanizmi üçün vacib orqanların kompakt şəkildə yerləşməsi, cərrahi müdaxilə edilən sahənin çox dərində olması və qulaq cərrahiyyəsində aparılan əməliyyatlar zamanı insan həyatı üçün vacib olan orqanları qorumaqdır. Məruzəçilər mövzu ilə əlaqədar slayd-şou nümayiş etdiriblər.
Türkiyədən dəvət olunmuş professor Nazim Korkut isə “Qulaq cərrahiyyəsində pillələr” və “Sadə mastoidektomiya və üz sinirinin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Türkiyəli doktor zalda quraşdırılmış monitor vasitəsilə qulaq əməliyyatını tədbir iştirakçılarına göstərib.
Məruzələrdən sonra tədbir iştirakçıları üçün meyit üzərində məşğələnin praktiki - təşrih hissəsi keçirilib. Məşğələdə ümumilikdə 12 nəfər tibb işçisi iştirak edib. Onlardan 6 nəfəri az təcrübəli, 6 nəfəri isə peşəkar tibb işçisi olub. Qeyd edək ki, məşğələnin sonunda tədbirdə iştirak edən həkimlərə sertifikat təqdim olunub.

banner

Oxşar Xəbərlər