• cümə, 26 Aprel, 10:47
  • Baku Bakı 12°C

Tibb Universitetində Məzun Günü keçirildi

27.06.14 14:17 1681
Tibb Universitetində Məzun Günü keçirildi
Azərbaycan Tibb Universitetində Məzun Günü keçirilib. Tədbirdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, universitetinin tələbə-müəllim heyəti ilə yanaşı, Səhiyyə Nazirliyinin təmsilçiləri, millət vəkilləri, ölkəmizdəki xarici səfirliklərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Akademik Əhliman Əmiraslanov mərasimdəki çıxışında məzun olan gəncləri təbrik edib, onlara gələcək karyeralarında uğurlar, şərəflə həkim adını daşımağı, daim vətəndaşlarımızın sağlamlığının keşiyində durmağı arzulayıb. Rektor daha sonra Məzun Gününə toplaşan qonaqlara Azərbaycan Tibb Universitetinin fəaliyyəti, son illərdə universitetdə aparılan yeniliklər barədə də məlumat verib.
Qeyd olunub ki, 2013-2014-cü tədris ilində ATU-nu 1144 məzunu olub. Bunlardan 267 nəfər II müalicə-profilaktika, 254 nəfər I müalicə-profilaktika , 179 gənc Stomatologiya, 29-u Tibbi biologiya, 49 nəfəri Tibbi profilaktika, 64-ü Əczaçılıq, 186 nəfər isə Pediatriya fakültəsini bitiriblər. Məzunlar arasında 9 magistr var, 59 hərbi tibb həkimi, 48 nəfər feldşerliyi oxuyub. Məzunların 151-i xarici ölkə vətəndaşlarıdır. Universiteti fərqlənmə diplomu ilə bitirənlərin sayı 63 nəfərdir.
Tədbirdə həmçinin bu il universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim olunub.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra məzunlar Hippokrat andı içərək xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz verdilər. Sonra ənənəyə uyğun olaraq məzunlar arasında prezident təqaüdçüsü olan gənc birinci kursdakı davamçısına həkim libasını təqdim edib.
ATU-nun Məzun Günündə səhiyyə nazirinin müavini Elsevər Ağayev, millət vəkili, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Natiq Əliyev, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iştirak edərək, bu ilin məzunlarına öz ürək sözlərini söylədilər.
Bundan əlavə, ATU-da təhsil alan bir sıra ölkələrin, o cümlədən İran, İraq, Türkiyə, İordaniya, İsrail, Fələstin və Pakistan səfirliklərinin nümayəndələri toplantıda iştirak ediblər.
Mərasimin bədii hissəsində məzunların çıxışı ilə yanaşı, tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı baş tutub.
banner

Oxşar Xəbərlər