Tibb Universitetində “Bilik Günü” qeyd olunub

Tibb Universitetində “Bilik Günü” qeyd olunub

Təfsilat
16 Sentyabr 2013, 14:15 1186
Bu gün Azərbaycan Tibb Universitetində “Bilik Günü” münasibətilə toplantı keçirilib. Tədbirdə ATU rektoru Əhliman Əmiraslanov, YAP icra katibi Əli Əhmədov, Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli və digər qonaqlar iştirak ediblər.

İlk olaraq akademik Əhliman Əmriaslanov tədris ilinin açılışına toplaşan qonaqları salamladı. Bu il tələbə adını qazanan gəncləri təbrik edən ATU rektoru Azərbaycan dövlətinin səhiyyənin inkişafına göstərdiyi qayğıdan söz açdı. Vaxtilə ATU-nun binasının açılışında ulu öndər Heydər Əliyevin iştirak etdiyini xatırladan Ə.Əmiraslanov bir neçə gün öncə prezident İlham Əliyevin Tədris-Cərrahiyyə Klinikasının açılışına qatıldığını qeyd etdi: “Yeni klinika istər tədris, istər elmi, istər müalicə-profilaktika, müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş imkanlara malik olan, dünyanın bir çox universitetlərinin klinikaları ilə bir səviyyədə dayana biləcək bir klinikadır. Universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Tələbələrimizə yalnız səy göstərib yaxşı oxumaq qalır”. Akademik Ə.Əmiraslanov gəncləri yaxınlarda keçiriləcək prezident seçkilərində aktiv olmağa, hər kəsi səsvermədə düzgün qərar verməyə çağırdı.

Millət vəkili Əli Əhmədov çıxışında müstəqillik qazandığımız dövrləri xatırlatdı. Həmin illərdə ölkənin bütün sahələrində mövcud olan ağır şəraiti, səhiyyənin pis durumda olduğunu yada salan Ə.Əhmədov son illərdə vəziyyətin tamamilə dəyişdiyini bildirdi. O, son 10 ildə həm təhsil, həm də səhiyyə sistemində böyük irəliləyiş olduğunu qeyd edərək bu uğurda rolu olduğuna görə ATU rəhbərliyini təbrik etdi.

ATU psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli, kimya kafedrasının rəhbəri Dilqəm Tağıyev də universitetə ilk dəfə qədəm qoyan tələbələri təbrik etdilər, onlara uğur arzuladılar. Qəbul imtahanında ən yüksək bal – 700 bal toplayan və artıq ATU-nun tələbəsi olan Osman Müslümov isə çıxışında bu qədim bilik ocağını seçdiyinə görə fəxr etdiyini söylədi.

Qeyd edək ki, bu il ATU-ya 931 tələbə daxil olub. Onlardan 39 nəfəri hərbi tibb fakültəsini seçib. Qəbul imtahanında 600 baldan yuxarı toplayan 380 tələbə, 700 bal yığan 2 nəfər indi ATU-nun tələbəsi adını daşıyır. Bu il qəbul olanlar arasında 147 nəfər rezidentura, 10 nəfər magistratura tələbəsidir.