• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

The Washington Times: Azərbaycana necə səfər etmək olar?

14.02.18 16:50 667
The Washington Times: Azərbaycana necə səfər etmək olar?
Xəzər dənizilə Qafqaz dağları arasında, Şərqlə Qərbin kəsişdiyi məkanda yerləşən Azərbaycan ildən-ilə daha çox turisti özünə cəlb edir. Lakin Azərbaycana yollanmaq istəyən turistlər bilməlidir ki, bir çox xarici dövlətlərdən gələn qonaqlar ölkəyə daxil olmaq üçün viza almalıdır. Azərbaycana hansı ölkədən gəldiyinizdən və vətəndaşlığınızdan asılı olaraq, bu səfər üçün viza almanız tələb oluna bilər. Bununla bağlı daha çox məlumat əldə etmək üçün Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun saytında viza haqda məlumatla tanış ola bilərsiniz.
ABŞ vətəndaşları Azərbaycana təyyarə ilə uçmaq üçün nələri bilməlidir?
2017-ci il Azərbaycanın ən böyük beynəxalq hava limanı üçün rekordlar ili olub. Azərbaycanın dünyaya əsas çıxışı olan Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il rekord sayda, yəni 4 milyon sərnişinə xidmət göstərib. Bu, 2016-cı ilin göstəricisindən 23% çoxdur. Hətta "Business Insider India” Azərbaycanın hava limanları arasında flaqman olan Heydər Əliyev Beynəlxalq Aeroportunu dünyanın ən gözəl 14 hava limanı sırasında göstərib. Bu siyahıya İspaniya, Almaniya və digər böyük istiqamətlərin aeroportları daxildir.
ABŞ vətəndaşları üçün Nyu-Yorkda yerləşən Con Kennedi adına Beynəlxalq Aeroportdan Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuş üçün rahat şərait yaradılıb. Onlar Bakıya çatan kimi, qısa müddətli və birgirişli viza əldə edə bilər. Əgər siz bu marşrutu seçmisinizsə, Azərbaycana çatan viza əldə etmək üçün tələb olunan sənədlərinizi iki dəfə yoxlayın.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə necə çatmaq olar?
Aeroportun 48 sərnişin tutumu olan rahat avtobusları Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının dəmir yolu vağzalına qədər 24 saat fəaliyyət göstərir. "Aero Express Line” adlanan bu marşrut bu yolu 30 dəqiqəyə gedir. Bu marşrutdan istifadə edən sərnişinlər ya avtobusa minməmişdən qabaq bir gedişli bilet almalı, ya da "BakıKart” vasitəsilə ödəniş etməlidir. "Aero Express” biletləri və "BakıKart” 1 nömrəli terminalın çıxışının yaxınlığında yerləşən "BakıKart” köşklərində satılır.
Azərbaycanda, Bakıda taksi ilə gəzə bilərikmi?
Əgər siz Bakıda taksi ilə gəzsəniz, özünüzü Londondakı kimi hiss edəcəksiniz. Azərbaycan hökuməti 2011-ci ildə 1000 ədəd "Fairway” adlı London taksiləri idxal edib. Bu, ölkədə "Eurovision” mahnı müsabiqəsinin keçirildiyi dövrə təsadüf edidir. Müsabiqə Azərbaycanda 2012-ci ildə keçirilib. Azərbaycana idxal edilən taksilər bənövşəyi rənglə rənglənib. Bununla, London taksilərinə Azərbaycan çaları verilib. Əgər siz aeroportdan Bakının mərkəzinə, yaxud Azərbaycanın istənilən nöqtəsinə taksi ilə getmək qərarına gəlsəniz, ilk növbədə sürücü ilə qiyməti razılaşdırın, yaxud sürücünün sayğacı qoşduğuna əmin olun. Taksidən istifadən etmiş bəzi xarici turistlər aeroportdan Bakının mərkəzinədək gedişə görə onlardan çox pul alındığını deyir. Bununla yanaşı, taksidə işlək vəziyyətdə olan təhlükəsizlik kəmərlərinin olduğuna da əmin olun.
Azərbaycanda icarəyə avtomobil götürmək olarmı?
Əgər Azərbaycan daxilində icarəyə götürülmüş avtomobillə səyahət etməyə üstünlük verirsinizsə, əlbəttə ki, bu, mümkündür. Ölkədə avtomobil icarəyə verən"Avis” və "Hertz” daxil olmaqla, beynəlxalq, həmçinin yerli şirkətlər fəaliyyət göstərir. Onlarla qiymət və müxtəlif detallarla bağlı məsləhətləşmək lazımdır. Avtomobili icarəyə götürdükdən sonra da müxtəlif xərclərlə üzləşə bilərsiniz. Bununla yanaşı, avtomobilin icarəyə götürülməsi böyük məsuliyyət tələb edir. Bunun üçün turistin beynəlxalq sürücülük vəsiqəsi olmalıdır. Yolda baş verə biləcək mümkün qəza zamanı turist dil problemilə də üzləşə bilər. Ölkənin bəzi yolları təmir olunmayıb.
Beləliklə, Azərbaycanda avtobus, taksi daxil olmaqla, nəqliyyatla bağlı bir çox variatlar var. Odur ki, sərnişin kimi rahat səfər etməkdən zövq ala bilərsiniz.
Bakıdan Azərbaycanın müxtəlif istiqamətlərinə təyyarə ilə getmək mümkündürmü?
Bakıdan ölkənin möcüzəvi təbiətinin, tarixi məkanlarının olduğu istiqamətlərə və qədim şəhərlərə təyyarə ilə də səfər etmək mümkündür. Bununçün bir neçə saat tələb olunur. Ölkənin ən böyük aviaşirkəti olan "Azərbaycan Hava Yolları” (AZAL) bu yaxınlarda yeni daxili reyslərin açıldığını elan edib. "AzerNews” nəşrinin məlumatına görə, ölkə son onillikdə infrastruktura və aviasiyada təhlükəsizliyə 15 milyard dollar investisiya qoyub. Bununla yanaşı, Avropa Komissiyası Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi vasitəsilə Şərqi Avropa və Mərkəzi Asiyadakı bir sıra digər ölkələrlə yanaşı, Azərbaycana da vətəndaş aviasiyasının inkişafının beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılması üçün 4 il davam edəcək yardım ayırıb.
AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. O, 2016-cı ildə IATA tərəfindən təhlükəsizlik auditindən keçirilib. IATA bəyan edib ki, şirkət beynəlxalq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edir.
Azərbaycanda hansı istiqamətlərə təyyarə uçur?
AZAL Bakıdan ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə reyslər təklif edir. Bu şəhər Bakıdan qərbdə, Bakı-Tbilisi yolunun üzərində yerləşir. Gəncə Azərbaycanın mədəni və ədəbi mərkəzi kimi tanınır. Hamamlar, bazarlar, tarixi memarlıq nümunələri, məşhur azərbaycanlı şairin abidəsi və təbiətin heyranedici gözəlliyi bu şəhərin görməli yerləridir. Onun yaxınlığında yerləşən Göygöl təmizliyi və gözəlliyilə məşhurdur. Kiçik Qafqaz dağlarının ətəyindəki təpələrdə yerləşən bu göl Göygöl Milli Qoruğunun mirvarisidir.
Bakıdan Gəncəyə uçuş təxminən 1 saat çəkir. Avtomobillə isə bu yolu 4 saatdan bir qədər çox müddətə getmək olar.
Ölkə daxilində başqa istiqamətlərə də təyyarə uçurmu?
Bakıdan dağlıq şəhər olan Qəbələ daxil olmaqla, başqa şəhərlərə də təyyarə ilə səfər etmək mümkündür. Qəbələ möhtəşəm dağ mənzərələri, kurortları və Spa mərkəzləri ilə məşhurdur. Bu şəhər hər il keçirilən Qəbələ Musiqi Festivalı ilə regionun musiqisevər insanlarını özünə cəlb edir.
Siz AZAL-ın cədvəlinə baxmaqla, daxili və xarici reyslərlə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz.
Azərbaycan daxilində avtobusla səyahət
Ölkədə avtobusla səyahət daha geniş yayılıb. Demək olar ki, Azərbaycanın bütün böyük şəhərlərində avtovağzal, yaxud avtobus dayanacağı var. Daxili marşrutların sayı çoxdur. Azərbaycanın şimalında yerləşən, mineral resursları və çayları ilə məşhur olan Şəki şəhəri kimi aeroportu olmayan istiqamətlərə avtobusla getmək lazımdır.
Qatarla səyahət
Azərbaycanda dəmir yolu da var. Qatarla səyahət rahat şəraitdə səfər üçün ən yaxşı vasitədir. Bu zaman siz bütün ölkəni görə bilərsiniz. Qiymətlər münasib, marşrut isə çoxdur. Qafqaza səfər edən turistlər üçün informasiya portalı olan "Caravanistan” saytından Azərbaycanda qatarların cədvəli, daxili və xarici marşrutlar, biletlərin alınması haqda daha çox məlumat toplaya bilərsiniz.
İngilis dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər