• cümə axşamı, 18 aprel, 10:40
  • Baku Bakı 12°C

“The Guardian”ın növbəti dezinformasiyası - Fotolar

21.12.18 18:59 1383
“The Guardian”ın növbəti dezinformasiyası - Fotolar
Azərbaycanın balanslı müstəqil xarici siyasət kursu, Bakının beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, dünya siyasətini formalaşdıran böyük güclərin dialoq məkanı kimi məhz paytaxt şəhərimizi seçməsi ölkəmizin regionda və dünyada nüfuzunu artırmaqdadır. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu daşımaqla bərabər, Avropanın və ABŞ-ın etibarlı tərəfdaşı, Rusiya, İran və Türkiyənin mehriban qonşusu, strateji müttəfiqidir.

Təbii ki, bu, dostlarımızı sevindirməklə bərabər, ölkəmizin uğurlarını həzm etməyi bacarmayan qüvvələri, o cümlədən dünyadakı erməni diasporunu, onların təsiri altında olan siyasi dairələri, bəzi beynəlxalq təşkilatları və media qurumlarını ciddi narahat edir. Məhz bu narahatlıqdan irəli gələrək, zaman-zaman Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil edilir, Prezident və onun komandasında yer alan ayrı-ayrı məmurlar, ictimai-siyasi xadimlər hədəfə alınır, barələrində qeyri-obyektiv, şər-böhtan xarakterli məlumatlar ictimailəşdirilir.

Çox təəssüflər olsun ki, bir sıra hallarda bəzi xarici media qurumları ermənipərəst dairələrin təsiri altına düşür, onların ruporu qismində çıxış edərək, belə dezinformasiyaların yayılmasında rol alırlar. Dekabrın 21-də Böyük Britaniyanın "The Guardian” nəşrində Azərbaycan Prezidentinin ailə üzvləri ilə bağlı verilmiş iftira və böhtan xarakterli material da bu qəbildəndir. Sözügedən məqalədə irəli sürülən iddialar heç bir əsası olmayan, Azərbaycana və onun dövlət başçısına qarşı yönələn qarayaxma xarakterli növbəti kampaniyadır. Diqqətli oxucular yaxşı bilirlər ki, bu tipli iftiralar müxtəlif xarici KİV-lər tərəfindən əvvəlki dövrlərdə, xüsusən ölkəmizdə mühüm ictimai-siyasi, beynəlxalq tədbirlər keçirilən ərəfələrdə də irəli sürülüb, lakin təsdiqini tapmayıb. Ekspertlər də hesab edirlər ki, bu kimi dezinformasiyalar Azərbaycanın və onun Prezidentinin beynəlxalq nüfuzuna, əldə etdiyimiz uğurlara kölgə salmaq niyyəti daşıyır.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı "Kaspi”yə bildirib ki, "The Guardian” qəzeti davamlı olaraq Azərbaycana qarşı kampaniya xarakterli yazılarla çıxış edir. Onun sözlərinə görə, buna səbəb Azərbaycanın heç bir gücə boyun əymədən regionda yürütdüyü müstəqil siyasət və qonşularla normal, ikitərəfli maraqlara hesablanan münasibətlərini davam etdirməsidir. Ekspert bildirib ki, ölkəmizə qarşı belə kampaniyaların aparılmasında digər mühüm amil Ermənistan faktorudur: "Bu nəşrin indiyə qədər Azərbaycan və Ermənistan barədə yaydığı materiallara diqqət yetirsək, bu qəzetin siyasətinin nədən ibarət olduğunu dərhal anlaya bilərik. "The Guardian” qondarma soyqırımına, onun tanıdılmasına öz səhifələrində ən çox yer ayıran media qurumlarından biridir. Bu qəzet Ermənistanda baş vermiş hər hansı hadisəni öz səhifələrində sevə-sevə dərc edir. Halbuki, Britaniya vətəndaşları, oxucuları üçün həmin hadisənin heç bir əhəmiyyəti yoxdur. Bu kimi bir çox faktlara diqqət yetirəndə, "The Guardian”ın Azərbaycan əleyhinə təbliğat aparmasının məqsədi üzə çıxır”.

E.Mirzəbəyli deyib ki, "The Guardian”ın jurnalistika prinsiplərinə hansı səviyyədə riayət etdiyi, qərəzliliyi, məqsədliliyi onun Ermənistanda baş tutan iki seçkiyə ayrı-ayrı münasibətində bir daha özünü göstərir: "Sözügedən qəzet Serj Sarkisyan hakimiyyəti dövründə keçirilən referendumu da, "Qarabağ klanı”nın rəhbərini hakimiyyətdən inqilab yolu ilə devirən, onun qeyri-legitimliyini bəyan edən Nikol Paşinyanı, səsləndirilən bəyanatları da müsbət fonda Britaniya cəmiyyətinə təqdim edir. Təkcə bu fakt "The Guardian”ın riyakarlığını, simasızlığını göz qabağına gətirir, qəzetin haradan və necə, hansı məqsədlər üçün idarə olunduğunu gün işığına çıxarır. "The Guardian”ın təsisçisi olan şirkətin korporativ maraqları var. Bu maraqlar Cənubi Qafqazda da hansısa formada mövcuddur. "The Guardian”ın əvvəlki baş redaktorunun Ermənistanla əlaqələrinin olması da heç kimə sirr deyil. Bütün bunların fonunda "The Guardian”ın Azərbaycan Prezidenti və ailə üzvləri haqqında dezinformasiya yayması, özü də bu iftira və böhtanı yaymaq üçün konkret zamanın seçilməsi məqsədlidir, qarayaxma niyyəti güdür. Avropa İttifaqı-Azərbaycan münasibətlərində son vaxtlar əldə olunan irəliləyişlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması da belə dezinformasiyaların yayılmasına səbəb ola bilər”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, "The Guardian”ın yaydığı məqalə indiyə qədər Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyalarından biridir. Onun fikrincə, birmənalı olaraq bu materiallar qeyri-obyektiv, heç bir əsası olmayan, əsasən Azərbaycanın və onun dövlət başçısının beynəlxalq nüfuzuna xələl gətirməyə hesablanmış növbəti çamur atmaq cəhdidir: "Beynəlxalq mediada Azərbaycan əleyhinə zaman-zaman aparılan bu kampaniyanın arxasında erməni diasporu, Azərbaycanda maraqları olan, lakin bu maraqları təmin edə bilməyən qüvvələr, mərkəzlər dayanır. Həmin mərkəzlərin sifarişi əsasında da belə yazılar ortaya çıxır. Bu iftiralar Azərbaycan cəmiyyətində Qərb, Avropa dəyərlərinə, beynəlxalq jurnalistika prinsiplərinə olan münasibəti sarsıdır. Biz görürük ki, jurnalistikanın qərəzsizlik, tərəfsizlik, obyektivlik kimi əsas prinsipləri Qərb mediası, Avropa mətbuatı üçün əslində bir heçdir. Biz bundan təəssüf hissi keçiririk”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bizimlə söhbətində qeyd edib ki, "The Guardian” və onun kimi bəzi beynəlxalq media qurumlarının son 3-4 il ərzində Azərbaycan əleyhinə apardıqları təbliğatı, qarayaxma kampaniyasını izləməklə, bu media qurumlarının hansı məqsədə xidmət etdiyini aydın təsəvvür etmək olar: "Azərbaycan regional və beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması istiqamətində işə başlayanda, yaxud həmin işləri yekunlaşdırmaq ərəfəsində olanda, eləcə də mühüm dünya miqyaslı tədbirlər keçirəndə bəzi beynəlxalq media qurumlarının səhifələrində Azərbaycan barədə böhtan xarakterli yazıların getdiyini müşahidə edirik. Təbii ki, bu, məqsədlidir, özündə Azərbaycana təzyiq və təsir etmək niyyəti güdür. Amma həmin beynəlxalq media qurumları və onların havadarları unudurlar ki, heç bir təzyiq və təsir Azərbaycanı öz yolundan, müstəqil siyasətindən döndərə bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasi kurs Azərbaycanın milli-dövlətçilik maraqlarına söykənməklə vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlib”.

Ekspertlərin fikirlərinə dəstək olaraq bir daha vurğulayaq ki, Qərb KİV-lərində zaman-zaman dərc olunan bəzi materiallar, o cümlədən "The Guardian” nəşrində verilən qərəzli məqalələr müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycana, onun region dövlətləri ilə günü-gündən inkişaf edən, qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əlaqələrinə təzyiq xarakteri daşıyır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər