AZE | RUS | ENG |

“The Guardian” qəzetinin redaksiyasında nələr gördüm? - fotolar

“The Guardian” qəzetinin redaksiyasında nələr gördüm? - fotolar
“Çap qəzetindən on-line və daha sonra mobil qəzetə keçmək mümkündür”


British Council və Paşa Bankın təşkilatçılığı ilə keçirilən “Biznes jurnalistikası” layihəsinə Böyük Britaniyanın Tomson Fondunda yekun vurulub. Layihə çərçivəsində jurnalistlər BB-nın “The Guardian” qəzeti redaksiyasında olublar.

“The Guardian” və “The Observer” qəzetlərinin idarəedici redaktoru Jan Thomson qəzetin fəaliyyəti ilə bağlı məlumat verərək, dünya jurnalistikasında gedən proseslərə də toxunub.

Çap mediasından mobil versiyaya

- «The Guardian» qəzeti dünya mediasında nüfuzunu necə müəyyənləşdirir?

- «The Guardian» qəzeti 1821-ci ildə John Edvard Taylor tərəfindən Mançesterdə təsis olunub. Qəzet əvvəlcə “The Manchester Guardian” adı ilə nəşr olunub. Rəhbərliyin ən böyük məqsədi qəzeti saxlamaq olub. 1997-ci ildə rəhbərlik «The Observer» qəzetini də təsis edir. Bu, bazar günü çıxan qəzet idi. «The Guardian» isə həftənin hər günü çıxırdı. Qəzet böyük məşhurluq qazanaraq yayımını davam etdirib.

1999-cu ildə «The Guardian» on-line qəzet kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda qəzetin çap versiyası, on-line versiyası və «The Observer» buraxılışı var. Qəzetdə 600 işçi çalışır. «The Guardian»ın şöbələri vaxtilə müxtəlif binalarda yerləşirdi. Biz böyük inteqrasiya proqramını həyata keçirməyi qərara aldıq və bütün şöbələri bir binada yerləşdirdik. Bundan əlavə, biz rəqəmsal mexanizmlərə fikir verməyə başladıq. Biz işimizi resursları rəqəmsal jurnalistikanın yaradılması istiqamətində qurduq. Təkcə internetdə və kağız üzərində deyil, həmçinin mobil versiyada da qəzeti inkişaf etdirməyə çalışdıq. Əvvəllər bizim jurnalistlər də bir bloknotla müsahibəyə və ya hər hansı tədbirə gedir, qeydlər edirdi. İndi isə konkret məqalələrdən başqa, onlar audio və internet materiallar da hazırlayırlar. Bu artıq kağız üzərində olmadığına görə onlar materialları gün ərzində işləyir və təzələyirlər. Çünki bu, rəqəmsal şəklindədir. Günün 24 saatı və həftənin 7 günü bizdə bu fəaliyyət davam edir. Qəzet təkcə Böyük Britaniyanı əhatə etmir. On-line olduğuna görə, bu, beynəlxalqdır. Oxucuların 3/1 Böyük Britaniyada, 3/1ABŞ-da, qalanları isə dünyanın hər yerindədir. Bütün dünyada olduğu kimi, bizdə də il ərzində tirajda 17 faiz azalma müşahidə olunur. Bu da onunla əlaqədardır ki, indi hər kəsin üzərində smart telefonlar var. İnsanlar həmçinin “Ayfon”, “İPad”-dən istifadə edərək informasiyaları on-line əldə edirlər. İnternet vasitəsilə informasiyalardan istifadə edənlərin sayını ölçmək üçün xüsusi cihazlar var. «The Guardian»a daxil olanlar 25-40 faiz təşkil edir.

- Tirajın azalması sizin gəlirlərinizə necə təsir edir? Yoxsa mobil və online versiya həmin zərəri ödəyə bilir?

- Bütün şirkətlərin 5 illik planı var. Həmin planda biz gələcəkdə görəcəyimiz işlərimizi planlaşdırırıq. Eyni zamanda, gəlirləri planlaşdırmağa çalışırıq. Biz rəqəmsal məhsuldan daha çox gəlir əldə edirik. Çap olunan versiyadan isə gəlir azalır. Bunu nəzərə alaraq inkişafla bağlı bütün fikrimizi rəqəmsal qəzet formatına yönəltməyə çalışırıq. Bizim strategiyamız «Digital First» adlanır.

- Qəzetə abunəçilik tələb olunurmu?

- Abunəçilik tələb olunmur. Qəzetin vebsaytı pulsuzdur. Mobil versiyası üçün isə bəzi proqramlar var. Biz o proqramları satırıq. Müxtəlif qəzetlərdə də vəziyyət müxtəlifdir. Rəqəmsal gələcəkdə uğur qazanmaq üçün biz də digər şirkətlər kimi öz strategiyamızı işləyib hazırlayırıq. Bütün şirkətlər də bu rəqəmsal aləmdə uğur qazanmaq üçün düzgün iqtisadi model yaratmağa çalışırlar. Bizim yanaşmamız belədir - abunəçilik haqqı tələb etməyək, reklam verən şirkətləri cəlb edək, oxucu dairəmizi genişləndirək və bununla qəzetimizi daha populyar edək. Hələlik bilinmir ki, hansı şirkətin yanaşması, strategiyası düzdür. Amma bizim yanaşmamız budur.

- Sizin gəlir sxeminiz necədir? Qəzetin sponsorları varmı?

- Biz qəzetin on-line versiyasını pulsuz etməklə oxucu dairəmizi genişləndirmək istəyirik. Bu rəqəmlər artdıqca biz həmin rəqəmləri reklam verən şirkətlərə təqdim edirik və onların diqqətini cəlb edirik. Buradan da bizə gəlir axını təmin olunur. Digər gəlir mənbəyimiz isə mobil qəzet üçün proqramları satmaqla əldə edilir. Biz bu cür müxtəlif gəlir mənbələrini konbinə etməyə çalışırıq. Bəzi şirkətlər təmin etdiyimiz jurnalistika modeli ilə maraqlanır və bizimlə əlaqə saxlamaq istəyirlər. Bunun da öz səbəbləri var. Onların maraqları olduqları üçün sponsorluq da edirlər. Buna görə də sponsorluq da mövcuddur.

Senzura yoxdur, ancaq qanunlar var

- İstər-istəməz bir sual yaranır: «Bu, gələcəkdə necə olacaq?» Bu mənada yaxın gələcək üçün proqnozlarınız necədir? Ümumiyyətlə, mobil versiya on-line mediyasını da üstələyə bilərmi?

- Ola bilsin ki, mobil versiya nə vaxtsa digər versiyaları sıradan çıxaracaq. Ancaq bunun nə vaxt olacağını hələ heç kim bilmir. Bu məqamda mobil və on-line versiya çap qəzetlərini bir növ dəstəkləyir. Məsələn, əgər Azərbaycanda «The Guardian» qəzetini oxumaq istəyənlərə biz bunu göndərə bilmirik. Ancaq elektron resurslar onlara bizim qəzetlə də tanış olmaq imkanı verir.

- Bəzən qəzetlər kiçik bir videomaterial yerləşdirməkdən başlayaraq televiziya yaratmağa doğru hərəkət edirlər. «The Guardian»nın belə bir planı varmı?

- Bu fikirlə razıyam ki, audio, video materiallar get-gedə qəzet səhifələrində də artmaqdadır. Bizim səhifələrimizdə də bu tip materiallar yer alır. Ancaq televiziya kanalları tamam başqa qanunlarla idarə olunur. Qəzet olaraq televiziyaya keçid almaq bir qədər çətindir. «The Guardian» tərəfindən idarə olunacaq hər hansı televiziya kanalı formatda on-line resurs olmayacaq. Bunun əvəzində biz YouTube-da çəkdiyimiz vidematerialların yayımını təşkil etmişik. Güman ki, belə də davam edəcək.

- Qəzetdə materialların çap olunması üçün hansısa senzura varmı?

- Senzura yoxdur, ancaq qanunlar var. Biz bilirik ki, hansı hərəkətlər qeyri-normaldır və onları işıqlandırmaq, onlara yer ayırmaq olmaz.

- Sizdə qəzetin həm çap forması, həm online, həm də mobil forması fəaliyyət göstərir. Əlinizdə olan materialların hansı versiyada yerləşdirilməsi haqqında necə qərar verirsiniz?

- Biz inteqrasiya – birləşdirmə proqramı çərçivəsində çalışırıq ki, materiallar hər üç formatda təqdim olunsun. Əlbəttə, biz çap versiyasında verdiyimiz materialdan daha çox material toplayırıq. Bizim jurnalistlər daha çox fəaliyyət göstərir və onların yazdıqlarının hamısını çap formasında təqdim etmək mümkün olmur. Bu səbəbdən on-line və mobil versiyalarda daha çox material yer alır. Fəaliyyətimiz 24 saat ərzində həyata keçirildiyinə görə bizim canlı bloqlarımız var. Gün ərzində baş verən ən səs-külü hadisələr haqqında məlumatları operativ surətdə yerləşdirir və gün ərzində onları yeniləşdiririk. Ona görə də gün ərzində onların verdiyi məlumat işlənməmiş məlumat olur. bundan sonra həmin məlumatlar ətrafında daha çox təhlillər və sair materiallar hazırlayıb əlavə edirlər.

- İnteqrasiya proqramını necə həyata keçirirsiniz? Məsələn, mobil versiyaya keçid ərəfəsində yeni işçiləri qəbul edir, yoxsa köhnə işçilərin bu sahədə təcrübəsini artırmağa çalışırsınız?

- Videomaterialların yaradılması ilə bağlı bizim mütəxəssislərdən ibarət işçilərimiz var. Mütəxəssislərdən əlavə olaraq bizdə xüsusi şöbə fəaliyyət göstərir. Eyni zamanda, belə düşünürük ki, jurnalistlər hər sahədə eyni əsaslar üzrə çalışmalıdırlar. Baza eyni olduğuna görə biz heyətdə olan jurnalistlərə yeni bacarıqları aşılamaq üçün treninqlər keçirik. Onsuz da onların jurnalistika bacarıqları var, sadəcə, yeni cihazlardan, vasitələrdən istifadə üçün treninqlər tətbiq olunur. Praktikamızda görünür ki, çap qəzetindən on-line və daha sonra mobil qəzetə keçmək mümkündür.

Cavabsız suallar

-«The Guardian»ın yeni layihələri varmı?

- Biz keçən həftə “The Guardian witness” adlı yeni layihələrə başlamışıq. Bu platformanı bizim rəqəmsal jurnalistika ilə maraqlanan həmin şirkətlərlə əlaqədar olaraq yaratmışıq. Bizim istifadəçilər tərəfindən hazırlanan məzmun bizə göndərilir. Onlar bizə özlərinin şahidi olduğu məlumat – video, audio məlumatlar, gülməli məqamlarla bağlı çəkilişlər və s. göndərə bilərlər. Biz bununla auditoriya ilə sıx əlaqə saxlamaq istəyirik. Bu yolla həm də onların istəklərini öyrənirik - yəni onlar nə barədə oxumaq istəyirlər, maraqları nədir və s. Biz buna «açıq jurnalistika» deyirik.

- Siz digər qəzetlərə – mobil jurnalistikadan yararlanmaq istəyən qəzetlərə hansı mənbədən başlamağı tövsiyə edərdiniz?

- Düzü, bir şirkət üçün taktika, strategiya digər şirkət üçün yararlı olmaya bilər. Bununla belə, verəcəyimiz məsləhətlər ondan ibarətdir ki, onlar öncə öz mövqelərini, harada durduqlarını, nə etmək istədiklərini, məqsədlərini özləri üçün aydın etsinlər. Digər tərəfdən, on-line, yoxsa mobil populyarlıq qazanmaq istəklərini aydınlaşdırsınlar. Biz populyarlığı daha çox Qərbdən əldə etməyə çalışırıq. Siz isə daha çox Asiya tərəfdən. Olsun ki, sizin daha çox diqqət yönəltdiyiniz sahə o olacaq ki, hansısa şirkətləri cəlb etmək istəyəcəksiniz, ya da auditoriyanı genişləndirərək bu yolla gəlir əldə etmək istəyəcəksiniz. Bu kimi sualların öncə özünüz cavablarını tapmalısınız.

Təranə Məhərrəmova
Bakı-London
fotolar"> fotolar"> fotolar">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933