• çərşənbə, 24 Aprel, 11:44
  • Baku Bakı 13°C

9 yaşından hərbi marş yazan İlahə Qismət: “Tez tanınıb, tez də yox olmağı istəmirəm”

30.11.18 15:00 1908
9 yaşından hərbi marş yazan İlahə Qismət: “Tez tanınıb, tez də yox olmağı istəmirəm”
Musiqi ruhun qidasıdır. Bu qida nə din, nə irq, nə də sərhəd tanıyır. Bu gün gənclərimizin musiqi sahəsində əldə etdiyi uğurları gördükdə isə, fərəh hissi keçirməmək olmur. Sizlərə təqdim edəcəyimiz müsahibimiz İlahə Qismət də belə gənclərimizdəndir. O, bəstəkar, dirijor, musiqi tədqiqatçısıdır. 25 yaşı olmasına baxmayaraq, bu günə qədər musiqi sahəsində xeyli yol qət edib.
Müsahibimiz Qara Qarayev təqaüdçüsü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və əməkdaşıdır. Eyni zamanda fəal gənc olaraq "Mədəni Əlaqələrin İnkişafına Dəstək” təşkilatının sədridir. Bəstəkarlar İttifaqının ən gənc üzvü hesab edilir.

Həmçinin Dövlət Neft Şirkəti, Mədəniyyət və Turizm Nazirliyi, İctimai Televiziyanın birgə layihəsi olan, "Əsrin müqaviləsinin” 20 illik yubileyinə həsr olunmuş "20 şanlı il” mövzusunda keçirilən ən yaxşı vokal əsər müsabiqəsində I yerə layiq görülüb. Onun əsəri SOCAR-ın himni seçilərək, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bəstəkarlıqla yanaşı 2014-cü ildən etibarən Bakı Musiqi Akademiyasında çalışır. Müsahibimiz elmi fəaliyyətlə də məşğuldur. O, araşdırma, elmi məqalələr yazır, zaman-zaman mətbuatda dərc olunur. İctimai fəaliyyətində aktivliyi ilə seçilən İlahə Qismət 2014-cü il üçün keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı Qrant müsabiqəsində "Muğamatım bir dəryadır” adlı layihəsi ilə qalib olub. 8-ci qrant müsabiqəsində "Mən vətən torpağının vətəndaşıyam”, 2018-ci ildə Elm və musiqi layihəsində "Yeddi səsdən doğan sərvət” əsərləri ilə qalib olub.

- İlahə xanım, incəsənətə gedən yolunuz "Cücələrim” rəqs ansamblından keçib.
- İncəsənət ailəsində dünyaya gəlmişəm. Xalq artisti Zümrüd Məmmədovanın qızıyam. Uşaq yaşlarımdan səhnəni, kulisi, yaradıcı ortamı görərək böyümüşəm. "Cücələrim” rəqs ansamblına gəlməyim də elə bu konsertlərin birində baş tutub. Belə ki, konsertlərin birində "Cücələrim” rəqs ansamblı səhnədə idi, mən də onlara baxıb, hərəkətlərini təkrarlayırdım. Ordan məni görüb, anama israrla o ansambla üzv olmağımı, balaca cücə olmağımı istəyiblər (gülürük). Bu ansambla uşaqları 6 yaşından qəbul edirdilərsə, məni 3 yaşımdan götürüblər.
- Bəs nə vaxtdan hiss etdiniz ki, sizin istiqamətiniz tamamilə fərqlidir?
- Çox az yaşlarımdan həyatdan nə istədiyimi bilirdim. 4 yaşımdan pianino öyrənməyə başlamışdım. 5 yaşımda isə artıq birinci sinfə gedirdim. Anam məni muğam sinfinə yazdırmışdı. Bülbül adına orta ixatisas musiqi məktəbində 3 fakültə oxuyurdum - fortepiano, bəstəkarlıq və muğam. Düşünürdüm ki, bəstəkar muğamları bilməlidir ki, öz milli ruhunda əsərlər yarada bilsin. Orada fortepianoda Gülnarə Mirzoyevanın, bəstəkarlıqda Nərgiz Şəfiyevanın, xanəndəlikdə isə Qəzənfər Abbasovun sinfində təhsil alırdım.

4-cü sinifdə oxuyanda Nərgiz Şəfiyeva dedi ki, güldən, böcəkdən, çiçəkdən - nə istəsən yeni bir mahnı yazıb gətirərsən. Mən də "Müqəddəs Vətən” şeirinə musiqi bəstələdim. Bu, hərbi bir marş idi. Nərgiz xanım marşı dinlədikdə təəccübləndi. Həmin əsəri Müdafiə Nazirliyinə apardıq. Hazırda bu əsər Müdafiə NazirliyininƏlahiddə Nümunəvi HərbiOrkestrinin repertuarındadır. 9 yaşımda yazdığım bu marş mənim ilk əsərim idi.

- Bəs bu marş geniş auditoriya ilə necə görüşdü? Və ilk bəstənizi səhnədən, böyük bir orkestrin ifasında eşitdikdə, hansı hissləri yaşadınız?
- Bu marşa general Yusif Axundzadə dirijorluq edirdi, 80 nəfərlik hərbi nəfəs alətləri orkestrinin müşayiəti ilə Zümrüd xanım ifa edirdi. Səhnədə mənim əsərim səslənirdi. Bu, möhtəşəm bir hiss idi. Yusif müəllim sonda bildirdi ki, bu gün tədbirdə əsərin bəstəkarı da iştirak edir. Mən də qapının ağzında dayanmışdım. Əynimdə çəhrayı gödəkcə və ağ papağım vardı. Hər kəs dönüb qapıya baxdı və heç kim mənə reaksiya vermədi. Yusif müəllim yenidən bildirdi ki, bu marşın bəstəkarı məhz o 9 yaşlı uşaqdır. Ondan sonra bütün zal məni alqışladı. Bunlar mənim ilk alqışlarım idi. Həmin andan etibarən özümə söz verdim ki, bəstəkar olacağam. Təsəvvür edin ki, böyük bir orkestr yığışıb sənin əsərini ifa edir və səhnədə sənin içindən gələn musiqi eşidilir. Ancaq 4-cü sinifdən öz yönümü və istiqamətimi müəyyənləşdirmişdim. Hazırda elə bəstəkarlarımız var ki, çox uzun təhsil yolu keçsələr də, əsərləri hələ orkestr görməyib.
- Zümrüd Məmmədovanın qızı olmaq yaradıcılıq və təhsil baxımından üzünüzə hansı qapıları açıb?
- Çox qapı açdığı kimi, bağladığı qapılar da olub. Ancaq mən bacardığım qədər o qapılardan istifadə etməmişəm. Bakı Musiqi Akademiyasında oxuyurdum və demək olar ki, hər kəs orada anamı tanıyırdı. Müəllimim - SSRİ xalq artisti, professor Arif Məlikov mən Akademiyanı bitirənə kimi bilmədi ki, mən Zümrüd xanımın qızıyam. Heç vaxt razı olmaram ki, kimsə mənə anama görə qiymət yazsın. Hətta Arif müəllim təsadüf nəticəsində Zümrüd xanımın mənim anam olduğunu öyrənmişdi.

- Bəs dirijor kimi hansı nailiyyətləriniz olub? Ümumiyyətlə bəstəkar olmaq üçün dirijorluq ixtisasına yiyələnmək şərtdirmi?
- Dirijorluq mənim üçün ixtisasım üçün daha bir dəstəkləyici qüvvədir. Orkestr dirijorluğu bəstəkar üçün vacib olan ixtisaslardan biridir. İnsanda müəyyən qədər istedad varsa, o istənilən sahədə özünü göstərəcək. Dirijorluğu ikinci ixtisas kimi Əyyub Quliyevdən öyrəndim. Hazırda bu sənəti mütəmadi olaraq davam etdirmirəm. Orkestrdə dirijor kimi səhnəyə çıxmaq mənim üçün vacib amil idi. Əsərlərimə dirijorluq etmək məqsədi ilə bu sahəni özümdə inkişaf etdirmişəm. Bəstəkarlıq mənim həyatımın mərkəzidir. Mən onu daha da inkişaf etdirməyə və kamilləşdirməyə çalışıram.
- Əsər yazarkən ananız sizə hər hansı istiqamət göstərirmi?
- Heç vaxt. Zümrüd xanım hər zaman mənim yaradıcılığımdan uzaq gəzib və mənə sərbəstlik verib.
- Adətən gənclər xaricdə təhsil almağa üstünlük verdiyi halda, siz doktorantura təhsilinizi Azərbaycanda alırsınız.
- Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında doktorantura pilləsində təhsil alıram. Bakalavr və magistr təhsilimi qırmızı diplomla bitirmişəm. Artıq tədqiqatçı kimi fəaliyyət göstərirəm. Magistr üçün Macarıstanın Listz Musiqi Akademiyasına müraciət etdim. Onlar məni təqaüdlü olaraq Macarıstanda oxumağa dəvət etdilər. Ancaq bu mövzuda Zümrüd xanımla fikirlərimiz kəsişdi. Bu səbəbdən mənim xaricdə təhsil almaq istəyim həyata keçmədi.

Ancaq düşünmürəm ki, Azərbaycanda xaricdən aşağı səviyyədə təhsil sistemi aparılır. Azərbaycanda Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov və digər dahi bəstəkarlarımız olub və var. Mən də Arif müəllimin tələbəsi olduğum üçün o nəslin davamçılarındanam. İnsan istəsə, elə öz ölkəsindən də xarici pedaqoqlardan dərs ala, xaricdəki təcrübəni öyrənə bilər. İndi müasir dövrdür, internet üzərindən hər şey öyrənmək mümkündür. Yetər ki, istək olsun.
- Bu qədər nailiyyət əldə etdikdən sonra həmyaşıdlarınıza nələri məsləhət görərdiniz? Fəallıq, yoxsa istedad - sizcə, tərəzinin gözündə hansı daha ağır gəlməlidir?
- Tərəzini insan özünə görə təyin etməlidir. İnsan gərək ağırlığı hər iki tərəfdə tapa bilsin. Mən gözləmirəm ki, kimsə gəlib mənə dəstək olsun. Hazırda "Mədəni Əlaqələrin İnkişafına Dəstək” təşkilatının sədriyəm. Bu yaxınlarda Qara Qarayevin 100 illiyi ilə bağlı tədbir təşkil etdik və bu tədbirə istedadlı gənclərimizi dəvət etdim. Fəallıq çox önəmli məsələdir. Hesab edirəm ki, gördüyün işi əgər nümayiş etdirməyəcəksənsə, onu görməyin bir mənası yoxdur. Bu işdə fəallıq böyük rol oynayır. Əgər mahnı bəstələyib onu heç kimə təqdim etməyəcəksənsə, o, rəfdə qalacaqsa, yazılmamış kimi bir şeydir. Bunun üçün hər ikisini önəmli nüans hesab edirəm.
- Azərbaycan Dövlət Opera və Balet Teatrında yalnız klassik tamaşalar nümayiş olunur və hər dəfə də deyirlər ki, bizə gənc bəstəkarlar müraciət etmir.
- Bu gün gənc bəstəkarların əsərləri kifayət qədərdir, ancaq o əsərlərin səhnədə öz həllini tapması üçün kifayət qədər vəsait lazımdır.
"Dədə Qorqud” dastanının motivləri əsasında yazdığım eyniadlı baletimi yeni bitirmişəm. Bu, türk dünyası üçün mühüm bir mövzudur. Artıq bu baleti səhnələşdirmək üçün xaricdən təkliflər almışam. Türkiyənin özündən təklif gəlib. Niyə öz ölkəmdə deyil, başqa ölkələrdə əsərlərim səhnələşdirilsin? Mövzu köhnə və qədimi olsa da, baxış gənc və yeni baxışdır. İnsanlar müəyyən yaş həddinə gəlib çatdıqdan sonra operaya müraciət edirlər. Ancaq mən 24 yaşımdan opera yazmağa başlamışam. 19 yaşımdan qarşıma məqsəd qoydum ki, mən bu baleti yazacam. Hissə-hissə, onu hiss edə-edə bu baleti yazdım. Özümü hazır hiss etdikcə, parça-parça səhnələrini yazdım.

- Hədəfləriniz nələrdir?
- Hədəfim Azərbaycan musiqisini bir gənc kimi irəli aparmaq, bizə miras qoyulan musiqini layiqli şəkildə davam etdirməkdir. Biz heç nə etməsək, bir xalqın mədəniyyəti, tarixi yox ola bilər. Hazırda hər kəs bilir ki, klassik musiqi böhrana gedir. Mən heç vaxt ucuz musiqinin tərəfdarı olmamışam. Misal üçün, gedib bir mahnı bəstələyib, ondan pul qazana bilərəm. Bilirəm ki, operanın səhnə həlli böyük bir problemidir. Əsərlərimi hazırladıqdan sonra hara lazımdı, gedib müraciət edirəm. Əsəri yazdıqdan sonra onu kənara qoymuram. Heç kim gəlib məndən soruşmayacaq ki, "İlahə, nə yazmısan?”
- Bu günün gəncləri tez məşhurlaşmaq üçün aktyorluğa, müğənniliyə can atır, sosial şəbəkə üzərindən "cover”-lər paylaşaraq tanınmağa çalışırlar. Sizsə bunun əksini seçirsiniz. Əsəriniz səhnədə ifa olunur, ancaq simanız görünmür.
- Dediyiniz həmin məşhurluq müvəqqəti parlaqlıqdır. Musiqi elə bir şeydir ki, dinlədikdən sonra maraqlı gəlir ki, görəsən onun bəstəkarı kimdir və o musiqini unutmaq artıq mümkün olmur. Heç zaman arzulamaram ki, tez bir zamanda tanınım və sonra da yox olum. Ancaq musiqi ölümsüzdür.

- Bildiyimiz qədər, xaricdə bir sıra layihələriniz də həyata keçib.
- Bəli, 2015-ci ildə İsrail dövləti tərəfindən təklif almışdım. Belə ki, "İsrail-Azərbaycan dostluğu” adlı ilə layihə həyata keçirdim. Eyni kompozisiya ilə layihənin musiqili hissəsini uğurla tamamladım. Həmçinin layihə çərçivəsində əsərin klipi də çəkilərək İsraildə keçirilən təqdimatla işıq üzü gördü. Əsərin sözləri şairə Nəzmiyyə Hicranındır, layihə rəhbəri və rejissoru Səadət Şükürova idi. "Dostluğumuz əbədidir: İsrail-Azərbaycan” adlı bəstəmə görə "Turana doğru” qəzetinin Fəxri Diplomuna layiq görüldüm. Bu yayın iyul ayında Türkiyədə keçirilən "Caspi-art Uluslararası Sanat Yarışması”da laureat adına layiq görüldüm. Xaricdə konfranslarda da iştirak edirəm. Bu yaxınlarda Kiprdə, Bodrumda beynəlxalq konfransda çıxışlarım dinlənildi. Qarşıda bir sıra xarici layihələr də var. Yaşayarıq, görərik...

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər