• şənbə, 20 Aprel, 08:15
  • Baku Bakı 14°C

“Təyyarədən düşəndə burdakı qiymətlər məni şok etmişdi” – Xaricdə təhsil

25.01.19 15:00 2175
“Təyyarədən düşəndə burdakı qiymətlər məni şok  etmişdi” – Xaricdə təhsil
Deyir ki, xaricdə təhsil yalnız bilik səviyyəsinin deyil, düşüncə və əhatə dairəsinin də genişlənməsinə səbəb olur. Ən əsası, insana vətən, ailə sevgisini daha çox aşılayır. Uşaqlıqdan xaricdə təhsil almaq arzusunda olub. Asiya ölkələrinə olan xüsusi marağı isə onu Çinə aparıb çıxarıb. "Xaricdə təhsil” rubrikasının budəfəki qonağı hazırda Çinin Şanxay şəhərində yerləşən Donghua Universitetinin mexanika mühəndisliyi fakültəsində magistr təhsili alan Çinarə Xanbutaylıdır.
Çinarə Xanbutaylı 1994-cü il mayın 19-da Şabran rayonunda anadan olub. Orta təhsilini 7-ci sinfə qədər Şabranda, daha sonra Bakıda kimya-biologiya təmayüllü liseydə alıb. Məktəbin son illərində həkim olmaq arzusu ilə Azərbaycan Tibb Universitetinə qəbul olur, lakin bir müddət sonra fikrini dəyişir və tibb universitetindən imtina edir. Yenidən hazırlaşıb Azərbaycan Texniki Universitetinə daxil olur. Universiteti bitirdikdən sonra ixtisası üzrə çalışmağa başlayır.
- Nə zaman xaricdə təhsil almaq fikrinə gəldiniz?
- Əslində, xaricdə təhsil almaq arzusu uşaqlıqdan var idi və ailəm də hər zaman bu istəyimi dəstəkləyib. Məktəb illərindən ABŞ-ın "Sülh korpusu" humanitar təşkilatının təşkil etdiyi danışıq klublarına qatılırdım. Onlardan ilhamlanaraq düşünürdüm ki, nə vaxtsa, mən də xaricdə təhsil alacam.

- Xaricdə təhsil almaq hüququnu necə qazandınız? Yəni hansısa dövlət proqramına qoşuldunuz, ya öz hesabınıza getdiniz?
- Çində müxtəlif yollarla təhsil almaq mümkündür. Burada bir neçə təqaüd proqramı var. Mən hazırda oxuduğum universitetin təşkil etdiyi təqaüd proqramını qazanaraq bura gəldim.
- Bəs, nə üçün Çin?
- Xaricdə təhsil almaq üçün bir çox ölkələr var. Avropada yerləşən ölkələrə axın daha çox olsa da, son zamanlar Çinə, həmçinin, digər Asiya ölkələrinə də maraq artıb. Mən isə uşaqlıqdan Asiyada təhsil almağı düşünmüşəm. Bununla əlaqəli müəyyən araşdırmalar edirdim. İlk dövrlərdə Koreyanı düşünsəm də, daha sonra qərara gəldim ki, Çində təhsil almalıyam.
- Təqaüd proqramı ilə getdiyinizi deyirsiniz. Bu təqaüd nə qədər olur?
- Təqaüd şəhərdən asılı olaraq dəyişir. Yəni hər şəhərin yaşam səviyyəsinə uyğun olaraq hesablanır. Məsələn, Şanxay və Pekində normalda 2500, digər şəhərlərdə isə 1200-1500 yuan olur. Bir yuan isə təxminən 1.7 dollardır. Bundan başqa, universitet yataqxanada qalma və sığorta ödənişlərini də qarşılayır.

- Xaricdə təhsil insana nələri öyrədir?
- Xaricdə təhsil almaq yeni insanlarla tanışlıq, başqa mədəniyyətləri və dilləri öyrənmək şansı yaradır. Fərqli ölkədə fərqli yerlərdən gələn insanlarla əlaqədə olmaq inkişaf baxımından insana çox şey öyrədir. Yəni burada sadəcə çinlilər yoxdur, dünyanın müxtəlif qitələrindən olan insanlar var və bu, hər gün yeni nələrsə öyrənməyə şərait yaradır. Xaricdə təhsil yalnız bilik səviyyəmizin deyil, düşüncə və əhatə dairəmizin də genişlənməsinə səbəb olur. Ən əsası, insana vətən, ailə sevgisini daha çox aşılayır.
- Çində təhsil səviyyəsi necədir?
- Çox yaxşıdır, Çində hazırda bir çox sahədə təhsil alan azərbaycanlı gənclər var. Buradakı universitetlərin reytinqləri çox yüksəkdir. Pekin, Tsinxua və bu kimi bir sıra universitetlərin adını çəkə bilərəm ki, bunlar dünya reytinqdə İngiltərə və İsveçrə universitetlərini çıxmaqla, Avropanın digər universitetlərini belə keçib. Qeyd edim ki, Tsinxua Universiteti ilk iyirmilikdə olan universitetlərdəndir.
- Bizim təhsil sistemi ilə arada hansı fərqləri müşahidə etdiniz?
- Əlbəttə, iki təhsil sistemi arasında böyük fərq var. İlk növbədə praktikanın geniş tətbiq edilməsi ən əsas fərqdir. Mənim ixtisasım texnologiya ilə bağlıdır. Azərbaycanda oxuduğum müddətdə universitetimizdə texnopark var idi və orada müəyyən səviyyədə nələrsə öyrənirdim. Amma digər ixtisasların praktiki baxımından öyrənilməsində bəzi problemlər olurdu. Amma burada bütün ixtisasların təcrübi cəhətdən öyrənilməsi üçün hər cür şərait var. Yəni burada 1 ilə öyrənilənlərin 50 faizini orada 2 ilə öyrənmək mümkün deyil.

- Yaşadığınız ölkədə tələbə müəllim münasibəti necədir?
- İlk olaraq onu qeyd edim ki, burada hər şey elektronlaşmış formadadır. Yəni Azərbaycanda hansısa bir sənəd istəmək üçün dekanatlığa gedib saatlarla gözləyirsən, amma burda elə deyil. Bütün sənədlər, ərizələr elektron formadadır və istənilən sənədi bir neçə dəqiqəyə əldə etmək olur. Digər tərəfdən, bizim ölkəmizdə tələbələr müəllimdən qorxur, çəkinirlər. Amma burada elə deyil, tələbələr müəllimlərlə tam sərbəst şəkildə dialoqa girib öz fikirlərini deyirlər. Yəni qorxmurlar ki, müəllim onun balını kəsər, qiymətini aşağı yazar. Burada tələbənin tələb etmək və istədiyini öyrənmək hüququ daha genişdir.
- Bir az da çinlilərdən danışaq, necə xalqdır? İnsanları, xasiyyətləri, başqa millətlərdən olan insanlara münasibətləri necədir?
- Çinlilər çox mehriban, istiqanlı, həmişə kömək etməyi sevən xalqdır. Paylaşmağı sevirlər, siz hətta, çin dilini yaxşı bilməsəniz, 1-2 sözlə belə fikrinizi izah etsəniz belə, onlar sizi başa düşəcəklər. Bura rasizmin olmadığı ölkədir. Fərqli ölkələrdən olanlara normal yanaşırlar. Heç vaxt mənfi bir reaksiya görməmişəm.

- Çinlilər Azərbaycan haqqında nələr bilir?
- Bizim haqqımızda elə də çox informasiyaya sahib deyillər, amma əvvəlki illərlə müqayisədə son dövrlər burada həmyerlilərimizin sayının artması ilə müəyyən dərəcədə məlumatlanıblar. Bir dəfə yolla bağlı bir problemim yaranmışdı, təsadüfən bir nəfərdən kömək istədim. Təxminən 70-80 yaşlı bir kişi mənə kömək etdi. Onunla 5 dəqiqəlik söhbətimiz zamanı məndən haralı olduğumu, hansı universitetdə təhsil aldığımı soruşdu. Ona azərbaycanlı olduğumu deyəndə ölkəmizi tanıdığını bildirdi. Bizim neftlə zəngin, keçmiş sovet ölkəsi olmağımızla bağlı bəzi şeylər dedi. Yəni belə məlumatlı adamlar azdır. Etiraf edim ki, onlara Amerika, İngiltərə kimi böyük və özlərinə daha yaxın olan Yaponiya, Malayziya, Koreya, Tailand kimi ölkələr daha maraqlı gəlir.
- Siz bir azərbaycanlı olaraq ölkəmizi tanıtmaq üçün nə kimi işlər görürsünüz?
- İlk növbədə digər həmyerlilərimiz kimi mən də bura gələndə özümlə bayrağımızı və ölkəmizə xas bəzi əşyalar gətirmişdim. Bundan başqa, ölkənin tanıdılması üçün bəzi təqdimatlar olur. Bu zaman həm Çin dilində, həm də öz dilimizdə slayd-şou hazırlamışdım. Mənimlə yanaşı, burada təhsil alan digər gənclərimiz də canla-başla çalışır ki, ölkəmiz haqqında daha çox məlumat verək.

- Çinə getdiyiniz ilk dönəmlərdə hansı çətinlikləri yaşadınız?
- Təyyarədən düşəndə buradakı qiymətlər məni şok etmişdi (gülür). Azərbaycandakı qiymətlərdən təxminən 2,5 dəfə bahadır. Məsələn, ölkəmizdə adi suyun qiyməti 30 qəpikdirsə, burada 1 manatdır. Bakıdan dünyanın ən iri iqtisadi şəhəri olan Şanxaya gəlmək, əslində, izahı çətin olan bir situasiyadır. İlk dönəmlər saat fərqinə alışa bilmirdim. Amma indi hər şey yaxşıdır.
- Fərqli ölkə fərqli yeməklər deməkdir, siz nə yeyirsiniz orda, yeməkləri necədir?
- Yeməklərlə bağlı bir problemim olmadı. Çünki dediyim kimi, uşaqlıqdan Asiya ölkələrinə marağım olduğu üçün elə ölkəmizdə olanda da Çin mətbəxini dadırdım. Çinlilər xəmir, ət, xüsusilə də donuz ətindən çox istifadə edirlər. Amma mənim bununla bağlı bir narahatlığım yoxdur.
- Əgər mümkün olsaydı, çinlilərin hansı yeməyimizi dadmağını istəyərdiniz? Yən düşünürsünüz ki, həmin yeməyi mütləq onlar dadmalıdır?
- Çox istərdim plovumuzun, şəkərburamızın, qoğalımızın, qutabımızın, dovğamızın, yarpaq dolmamızın, kabablarımızın dadı ilə tanış olsunlar. Ölkəmiz haqqında təqdimat hazırlayanda plov növlərimizin çox olduğunu deyəndə, şoka düşmüşdülər. Hətta, bir müəllimimə qutabımız çox maraqlı gəlmişdi. Onunla bağlı suallar verirdi.

- Bəs, siz hansı yeməyimiz üçün darıxıbsınız?
- Anamın bişirdiyi bütün yeməklər üçün darıxmışam (gülür). Qrup yoldaşım olan azərbaycanlı tələbə ilə arada darıxdığımız yeməkləri hazırlamağa çalışırıq. Məsələn, keçən dəfə düşbərə bişirmişdik.
- Təhsil müddətiniz bitdikdən sonra ölkəmizə qayıdacaq, ya orada qalacaqsınız?
- Əlbəttə, qayıtmağı düşünürəm. Çox istəyirəm ki, qayıdıb öyrəndiklərimi ölkəmizdə tətbiq edim. Xüsusilə də təhsil sahəsində çalışmağı düşünürəm. Ola bilsin ki, mənim nələrisə öyrətdiyim tələbələr də başqalarını öyrətsin. Yəni bu, zəncirvarı şəkildə davam etsə, həm təhsil, həm də digər sahələrdə çox ciddi nailiyyətlər əldə etmək olar.
- Gələcəklə bağlı planlarınız nədir?
- Hazırda magistratura səviyyəsində təhsil alıram və bitirdikdən sonra doktorantura oxumağı düşünürəm. Bunun üçün başqa ölkələrə müraciət etməyi də planlayıram. Öz ixtisasımı sevdiyim üçün bu sahəni hərtərəfli öyrənib, yaxşı mexanika mühəndisi olmaq istəyirəm.
- Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi məsləhətləriniz var?
- Son zamanlar xaricdə təhsil almaq istəyən xanımlarımızla söhbət edən zaman, valideynlərinin buna razı olmadıqlarını deyirlər. Həmin gənclərə demək istərdim ki, bunu bacaracağınıza ilk növbədə özünüzü, sonra valideynlərinizi inandırmalısınız. Bu, həm karyera, həm də həyatınızın növbəti illərində qazanacağınız uğurlar üçün vacibdir.
Günel Azadə

banner

Oxşar Xəbərlər